14 Noyabr 2024

Cümə axşamı, 18:20

NƏQLİYYATIN RƏQƏMSALLAŞMASI

Azərbaycanın “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı təşəbbüsü Çin, Aİ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənib

Müəllif:

01.10.2024

Regional nəqliyyat-logistika marşrutlarının kəsişmə mərkəzi olan Azərbaycan son üç ildə Orta Dəhlizə beynəlxalq daşıyıcıları cəlb etmək və yük həcmini artırmaq üçün Mərkəzi Asiya ölkələri, Türkiyə, Avropa İttifaqı (Aİ) və Çindəki tərəfdaşları ilə əməkdaşlığı gücləndirib. Bu siyasətin effektivliyi Bakıda keçirilən “Qara Dəniz-Xəzər Logistika Forumu 2024: dəhlizlər, yüklər, infrastruktur” adlı beynəlxalq konfransda aparılan danışıqlar zamanı da öz təsdiqini tapıb. Dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsi bu istiqamətdə atılan ən mühüm addım olub.

 

Məqsəd dəhlizin genişləndirilməsidir

Rusiya ilə Qərb bloku arasında sanksiya qarşıdurmasına səbəb olan mürəkkəb geosiyasi proseslər fonunda geniş Avrasiya regionunda Şimal Dəhlizi vasitəsilə yük daşımaları ciddi şəkildə azalıb. Üstəlik, keçən ilin payızından kəskinləşən Yaxın Şərqdəki münaqişələr Süveyş kanalı ətrafında gəmiçilik üçün risklər yaradır. Bütün bunlar Orta Dəhliz vasitəsilə yük daşımalarına tələbatın artmasına səbəb olub. Onun cəlbediciliyi həm coğrafi amillərlə, həm də təhlükəsizliklə bağlıdır. Qatarlar Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda təxminən 20-25 gün yolda olur. Bu, Çin və Cənub-Şərqi Asiyadakı dəniz limanlarından Afrika qitəsindən yan keçməklə və ya Süveyş kanalı vasitəsilə həyata keçirilən dəniz daşımalarından iki dəfə azdır. Əlverişli coğrafi mövqe Azərbaycanı Orta Dəhlizin, demək olar ki, bütün birləşmiş dəmir yolu-dəniz marşrutları üçün əsas tranzit haba çevirir. Söhbət Böyük İpək Yolunun bir neçə marşrutundan, o cümlədən Aİ-nin təşəbbüsü olan TRACECA (Avropa-Qafqaz-Asiya), Çinin “Bir kəmər, bir yol” təşəbbüsü, Türkmənistan və Əfqanıstanın birgə təşəbbüsü olan Lapis Lazuli layihəsindən gedir. Ən yüklənmiş və perspektivli istiqamət Bakının Astana, Tbilisi və Ankara ilə tərəfdaşlıqda həyata keçirdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (TBNM). Buraya həmçinin modernləşdirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yüklərin daşınması da daxildir. Hazırda Azərbaycan və Mərkəzi Asiyanın dəmir yolu strukturları “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” (CASCA+) beynəlxalq multimodal nəqliyyat marşrutuna inteqrasiya olunur. TBNM üzrə əsas tərəfdaşlar - Bakı və Astana artıq bir neçə ildir ki, bu marşrutun liman və dəmir yolu infrastrukturlarının modernləşdirilməsi üzrə genişmiqyaslı işlər aparırlar. Xüsusilə 2022-2027-ci illər üçün Orta Dəhlizin darboğazların sinxron şəkildə aradan qaldırılması və inkişafı üzrə Yol Xəritəsi həyata keçirilir. Aktau limanında dəniz habının və Ələtdə konteyner terminalının modernləşdirilməsi 300 mindən çox, uzaq perspektivdə isə 600 min konteyner daşımağa imkan verəcək. BTQ-nin buraxılış qabiliyyəti 1 milyon tondan 5 milyon tona, Ələtdəki beynəlxalq ticarət limanının gücü 15 milyon tondan 25 milyon tona çatdırılır. Bu limanda gübrə terminalı istifadəyə verilib, konteyner terminalının genişləndirilməsi işləri aparılır, perspektivdə isə taxıl anbarlarının yaradılması planlaşdırılır. Bütün bu işlər artıq 2023-cü ildə Orta Dəhliz üzrə yük daşımalarının həcminin 65% və ya təxminən 3 milyon tona qədər artmasına səbəb olub, 2024-cü ilin yekunlarına görə isə bu göstərici 4,2 milyon tonu keçə bilər.

“2025-ci ildə Orta Dəhlizin inkişafı üzrə birgə iş aktivləşdiriləcək: ən vacib məqsəd iyuna qədər institusional inkişaf elementlərinin əlavə edilməsi daxil olmaqla, dəhlizin genişləndirilməsinin yeni dalğasını başlatmaqdır. Söhbət yeni obyektlərin təşkilindən, əməliyyat səmərəliliyinin artırılmasından, çatdırılma müddətləri üzrə etibarlı və şəffaf siyasətin tətbiqindən gedir - bütün bu vəzifələr bu ambisiyalı layihə çərçivəsində yerinə yetiriləcək”, - Bakıda keçirilən “Qara Dəniz-Xəzər Logistika Forumu 2024: dəhlizlər, yüklər, infrastruktur” adlı Beynəlxalq Konfransında Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Emil Məmmədov bildirib.

Onun sözlərinə görə, logistika zəncirində strateji rol oynayan liman terminallarının inkişafına xüsusi diqqət yetiriləcək. Həmçinin dəmir yollarının buraxılış qabiliyyətini artırmaq, Orta Dəhlizin nəqliyyat arteriyaları boyunca iri multimodal logistika mərkəzləri inşa etmək lazımdır.

 

Rəqəmsal formata keçid

Eyni zamanda nəqliyyat sahəsində standartların uyğunlaşdırılması, çevik tarif və gömrük siyasətinin tətbiqinə başlanılması, transsərhəd və logistik prosedurların sadələşdirilməsi, həmçinin avtomobil daşıyıcıları üçün elektron vizaların və digər sənədlərin verilməsi prosesinə başlanılması lazımdır.

Bu məqsədlə Azərbaycan və Qazaxıstan 2022-2027-ci illər üçün “darboğazlar”ın sinxron aradan qaldırılması və Orta Dəhlizin inkişafı üzrə Yol Xəritəsinin icrasının fəallaşdırılması barədə razılığa gəliblər. Söhbət digər məsələlərlə yanaşı, TBNM ilə bağlı logistikanın rəqəmsallaşdırılması və yüklərin daşınması üçün vahid statistik bazanın formalaşdırılması üzrə birgə səylərdən gedir.

2021-ci ilin iyun ayında təqdim edilən, blokçeyn texnologiyasına əsaslanan və

universal həll olan “Qlobal Tranzit Sənədi Konseptləri” (GTrD) layihəsi vasitəsilə dəhliz boyunca bu vəzifələrin təmin edilməsi planlaşdırılırdı. Bakı, Astana və Tbilisi rəqəmsallaşmanın müəyyən sahələrində müəyyən irəliləyiş əldə ediblər. Azərbaycan və Qazaxıstan dəmir yollarının informasiya sistemləri artıq DTC (“Digital Trade Corridor”) platformasının gömrük modulu - “Tez Customs” ilə inteqrasiya olunub. Gürcüstan dəmir yolları da bu proseslərə qoşulmağa ümid bəsləyir. Bu məqsədlərə, həmçinin Bakı və Aşqabadın e-CMR-yə (beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) dair BMT-nin protokoluna qoşulması yardım göstərir. Öz növbəsində Özbəkistan və Türkiyə Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi ölkələrlə E-PERMIT elektron sistemindən və E-TIR layihəsindən istifadə edirlər. Özbəkistan və Azərbaycan arasında E-TIR sistemindən istifadə etməklə avtomobil nəqliyyatı ilə ilk yük daşımaları hələ 2022-ci ilin dekabrında həyata keçirilib.

Bununla belə, ümumilikdə, TBNM marşrutunda iştirak edən ölkələr və onların tərəfdaşları multimodal qatarların və nəqliyyat vasitələrinin hərəkəti üçün vahid elektron mexanizmləri, logistika prosesinin optimallaşdırılması üçün vahid rəqəmsal həlləri hələ də tətbiq etməyiblər. “Orta Dəhlizin tez bir zamanda rəqəmsallaşdırılması onun fəaliyyətinin ən aktual məsələlərindən biridir. Hələ də tam fərqli rəqəmsallaşma səviyyələrinə malik bu marşrutda iştirak edən ölkələrin sistemlərinin inteqrasiyası üçün son dərəcə zəruri olan vahid rəqəmsal TBNM platforması hələ yaradılmayıb. Bu isə məlumat mübadiləsi və yüklərin izlənilməsinə dair vahid sistemin tətbiqini çətinləşdirir”, - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev bildirib.

2025-ci ildə bütün marşrut üzrə sənəd dövriyyəsini, gömrük rəsmiləşdirilməsini və yüklərin izlənilməsini birləşdirən müxtəlif elektron sistemləri vahid ekoplatformada birləşdirə biləcək vahid “Blok Rəqəmsal Dəhliz” platformasının istifadəyə veriləcəyi gözlənilir.

 

Yeni assosiasiya

Azərbaycanın, o cümlədən Mərkəzi Asiya dövlətlərinin Avropa və Çindəki tərəfdaşları liman və dəmir yolu infrastrukturlarının optimallaşdırılmasında, vahid rəqəmsal həllərin tez bir zamanda tətbiq edilməsində və Trans-Xəzər marşrutu boyunca “dar boğazlar”ın aradan qaldırılmasında maraqlıdırlar. Xüsusilə, Belçikanın “Camco Technology” şirkəti Mərkəzi Asiya ölkələri ilə limanlarda konteyner əməliyyatlarının avtomatlaşdırılması layihələri üzrə danışıqlar aparır.

“Konteyner terminallarının rəqəmsallaşdırılması gələcəyin tələbidir və “Camco Technology” həllərinin Azərbaycanın Hövsan limanında da tətbiqi imkanını nəzərdən keçirir”, - Bakıda keçirilən konfransda iştirak edən Belçika şirkətinin nümayəndəsi Verner Peeters bildirib.

Almaniyanın “TOUAX Rail” şirkətinin regional meneceri Stefan Blaas hesab edir ki, Orta Dəhliz boyunca yük daşımalarının həcmini artırmaq üçün limanlarda işi sürətləndirmək və gəmilərin sayını artırmaq lazımdır: “Son bir ildə şirkətimiz Orta Dəhlizlə yükdaşımanın həcmini təxminən 50% artırıb, bu da Qazaxıstan və Özbəkistandan Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə daşınan yüklərin hesabına olub. Biz əsasən kənd təsərrüfatı texnikası daşıyırıq və Azərbaycan və Gürcüstanın dəniz limanlarından istifadə edirik, lakin limanlarda gəmi çatışmazlığı hiss olunur və onlar mövcud yük axınını qarşılaya bilmirlər”.

Şübhəsiz ki, Orta Dəhlizin ötürücülük qabiliyyətinin artmasında ən maraqlı ölkə Çindir. 2019-cu ildə ilk konteyner qatarının istifadəyə verilməsindən sonra Çinin konteyner multimodal tranziti hazırda yüklərin nomenklaturu və qatarların göndərildiyi Çin şəhərlərinin coğrafiyası baxımından xeyli genişlənib. 2022-ci ilin aprelindən Çin Sian limanından Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, Macarıstan, Slovakiya və Çexiya üzərindən Almaniyaya qədər yük qatarları göndərməyə başlayıb.

Bu arada, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanq dəmir yolları sahəsində - Orta Dəhliz boyunca multimodal daşımalar üzrə əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər. Qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında tranzit daşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 275% artıb. Çinli tərəfdaşlar Orta Dəhlizin Cənub marşrutunun inkişafında iştirak etməkdə və Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə iştirakı ilə yaradılmış “Middle Corridor Multimodal” şirkətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.

“Bu ilin mart ayında Çinin Sian limanından Bakıya ilk konteyner qatarı cəmi 11 günə çatdırılıb. Orta hesabla, blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstan limanlarına isə 12 gün ərzində çatdırılır. Ümumilikdə bu ilin yanvar-avqust aylarında Çindən Orta Dəhliz vasitəsilə 212 blok qatar göndərilib ki, bu da 420 min ton yükə bərabərdir və bu ilin sonuna qədər təxminən 300 konteyner qatarının yüklənməsi planlaşdırılır. Bu marşrutun potensialı çox yüksəkdir və Çindən Orta Dəhliz vasitəsilə ildə 1000-ə qədər konteyner qatarı göndərilə bilər”, - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

Qeyd edək ki, sentyabrın 20-də Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsi üzrə dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib. Onun vəzifələrinə Avstriya və Çini bu proseslərə cəlb etmək yolu ilə Mərkəzi Asiya regionunda, Azərbaycan, Türkiyədə beynəlxalq daşımaların koordinasiyasının təkmilləşdirilməsi daxildir.

Avropa İttifaqı da “Avrasiya Nəqliyyat Marşrutu”nu dəstəkləməkdə maraqlıdır. Söhbət multimodal daşımaların artırılması üçün cənub-şərq oxunun yaradılması ilə Qara dəniz-Xəzər regionu dövlətlərinin Trans-Avropa nəqliyyat şəbəkəsinə (TENs) inteqrasiyası planlarından gedir. Şərq istiqamətində TENs şəbəkəsinin TRACECA və TBNM-nin infrastruktur potensialı ilə konvergensiyası nəzərdə tutulur. Bu baxımdan Bakı və Xəzər regionu ölkələrinin tərəfdaşı kimi “Avstriya Federal Dəmir Yolları” çıxış etməyə hazırdır. Avstriya Federal Dəmir Yollarının Avrasiya-Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri Eniko Györfl vurğulayıb ki, qlobal geosiyasi landşaftda sürətli dəyişiklikləri nəzərə alaraq nəqliyyat və logistika sahəsində əməkdaşlığı gücləndirmək lazımdır və buna görə də, “Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması kimi təşəbbüslər son dərəcə vacibdir.



MƏSLƏHƏT GÖR:

38