Müəllif: Kənan RÖVŞƏNOĞLU
On il əvvəl - 2014-cü ilin sentyabrında Yəməndə hakimiyyət döyüşkən xasiyyətləri ilə dünya ictimaiyyətinə az tanınan “Ənsarullah” silahlı qruplaşmasının üzvləri olan husilər tərəfindən ələ keçirilib. Onları “sakitləşdirmək” və o vaxta qədər vətəndaş müharibəsi aparan ölkənin paytaxtı Sənanı nəzarətdə saxlayan qrupu məğlub etmək üçün tələsik yaradılmış ərəb koalisiyasının hərbi müdaxiləsi belə uğursuz olub. Bu gün husilər Qırmızı dənizdə İsrail və Qərb gəmilərinin keçidinə mane olur, ABŞ və onun müttəfiqlərinə meydan oxuyur, vaxtaşırı İsrailə raket zərbələri endirirlər.
Sentyabrın 15-də husilərin atdığı raketlər ilk dəfə İsrailin mərkəzinə düşməklə dünyanın diqqətini öz üzərinə çəkib. Husilərin ABŞ, Avropa və İsrail radarlarının diqqətindən yayınaraq 2 min kilometr məsafə qət edə bilən raketlər istehsal etməsi inanılmaz görünür. Amma bu, fakt olaraq qalır. İyulda isə onların raketləri və pilotsuz uçuş aparatları (PUA) İsrailin Eylat limanını vurub.
Husilərlə bağlı vəziyyətin daha bir dramatik tərəfi isə bu ilin yanvarında ABŞ və Avropa İttifaqının (Aİ) Qırmızı dənizə hərbi dəniz qüvvələri göndərməsi və husilərə qarşı beynəlxalq koalisiya yaratması olub. Koalisiya İsrail Hərbi Hava Qüvvələri ilə birlikdə husilərin hərbi hissələrinə, o cümlədən Səna və ölkənin əsas liman şəhəri olan Hudeydada yerləşən hissələrə bir neçə, demək olar ki, nəticəsiz bomba zərbələri endirib. Bu arada husilərin təhdidləri artır – “Ənsarullah” İsrailin daxili ərazilərinə zərbələr endirir, İsrailə və onun müttəfiqlərinə gedən gəmiləri atəşə tutur və yandırır, hətta ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini atəşə tutmaqdan belə çəkinmir.
Qırmızı dənizin hakimləri
2023-cü ilin oktyabrın sonunda husilər bəyan etdilər ki, Qəzzaya hücumla əlaqədar müharibənin sonuna qədər İsraillə bağlı hər hansı yük gəmilərinin keçməsinə mane olacaq və onları Qırmızı dənizdən buraxmayacaqlar. Ümumiyyətlə, belə də oldu. Ötən dövr ərzində Qırmızı dənizdə 83 gəmi hücuma məruz qalıb və ya ələ keçirilib ki, onlardan 56-sı Avropa İttifaqına, təxminən 40%-i isə Yunanıstana məxsusdur.
Buna görə də, Qırmızı dənizdən gəmilərin keçidi, demək olar ki, iki dəfə azalıb. Əgər 2023-cü ilin noyabrında husilərin aktiv müdaxiləsinə qədər Qırmızı dənizdən gündə orta hesabla 368 gəmi keçirdisə, indi bu rəqəm 200-dən bir qədər çoxdur. Onların böyük hissəsi Ümid burnunu dövrə vurmağa məcbur olur. Bu da səfər müddətini 25 gündən 34 günə qədər, yükdaşımalarının qiymətini dörd dəfə artırır (2023-cü ildəki 1289 dollarla müqayisədə konteyner üçün 5182 dollar). Xüsusilə, Qırmızı dənizə mayeləşdirilmiş qaz və avtomobil daşıyan gəmilər daxil olmur.
İqtisadi baxımdan ən böyük zərər Misirə dəyir - dünya ticarət gəmilərinin 15%-i Qırmızı dənizdən və Süveyş kanalından keçir, bunun nəticəsində hər il Misir büdcəsinə 10 milyard dollar daxil olur. Hazırda Misirin Süveyş kanalından gəlirləri yarıya enib.
Maraqlıdır ki, İsrail, ABŞ və Avropa gəmilərindən fərqli olaraq Türkiyə, Rusiya və Çin gəmiləri heç bir problem olmadan Qırmızı dənizdə səfərlərini davam etdirir.
Ekspertlər Misirin susqunluğunu bir neçə amillə əlaqələndirirlər: birincisi, BRICS ölkələri ilə yaxınlaşma sayəsində Süveyş kanalından əldə etdiyi gəlirin bir hissəsini kompensasiya edə bilər. İkinci amil siyasidir. Husilər bəyan ediblər ki, fələstinlilərlə həmrəylik əlaməti olaraq İsrailə yük daşıyan gəmilər üçün Qırmızı dənizi blokadaya alıblar. Belə olan halda Misirin husilərə qarşı atacağı hər bir addım Fələstinə qarşı atılmış addım sayılacaq. Buna görə də, rəsmi Qahirə onlarla qarşıdurmadan çəkinir.
Nəhayət, üçüncü amil ABŞ-nin təşəbbüsü ilə həyata keçirilən, Hindistandan Avropaya qədər uzanacaq məşhur nəqliyyat dəhlizi layihəsi - IMEC ilə bağlıdır. Bununla bağlı HƏMAS-ın İsrailə hücumundan bir neçə həftə əvvəl BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail arasında razılaşma əldə olunub. Bu dəhliz alternativ olaraq planlaşdırılmışdı və bu mənada Misir Süveyş kanalı üzərində yaxınlaşan təhlükəni anlayır.
Ərəb ictimai rəyinin qınağından çəkinən Səudiyyə Ərəbistanı və BƏƏ də husilərə qarşı ABŞ koalisiyasına qoşulmayıb. Bu da husilər üçün əlavə üstünlük yaradıb
Husilər - İsrailin baş ağrısı
Husilərin sentyabrda yəhudi dövlətinin dərinliklərinə hipersəs raketlə zərbəsinin raketin uçuş məsafəsi (2000 km), hədəfə çatma sürəti (11 dəq.) və Qırmızı dənizdəki koalisiya qüvvələrinin radiolokasiya gəmilərinin onu vura bilməməsini nəzərə alsaq, böyük rezonans doğurduğunu söyləyə bilərik. Və bu müddətdə Qırmızı dənizdəki ABŞ, Böyük Britaniya radar gəmiləri, Səudiyyə Ərəbistanı, İordaniya HHM sistemləri bu raketi vura bilmədi, nəhayət, İsrailin raketdən müdafiə qurğularından yayınaraq İsrail ərazisinə düşdü.
Bu hadisəni Qəzza müharibəsinin yeni regional mərhələyə keçməsinin əlaməti hesab etmək olar. Bundan başqa, o göstərir ki, husilər ciddi xarici hərbi-texniki dəstəkdən istifadə edirlər. Çünki on ildən çox davam edən sanksiyalar və faktiki dəniz blokadası şəraitində onların bu səviyyədə müasir silah istehsal etmək qabiliyyəti az ehtimal olunur. Görünür ki, Yəmənin Hind okeanı və Qırmızı dənizə çıxışı olan bir ölkə kimi strateji əhəmiyyətini nəzərə alsaq, onların İrandan başqa Yaxın Şərqdə digər himayədarlarının olduğunu söyləyə bilərik.
Husilərin beynəlxalq embarqo və qadağalara məruz qalmaması və ABŞ və NATO kimi dünya dövlətlərinə meydan oxuyan raketlər əldə etməsi faktı Yaxın Şərq münaqişəsinin yeni mərhələsinin başlandığını göstərir.
İsrail və HƏMAS arasında müharibənin Livan və İordaniya çayının Qərb sahili ərazisinə yayılması ilə davam etməsi ağır regional müharibəyə səbəb ola bilər. Onun gedişatına həm husilərin raket hücumları, həm də onların döyüş zonasına döyüşçü göndərməsi təsir edə bilər. İyulda Təl-Əvivə son raket hücumu və PUA ilə zərbə nəticədə bir nəfərin ölməsi və on nəfərin yaralanması göstərir ki, husilər İsrailin ciddi narahatlığına səbəb ola biləcək silahlara malikdirlər. Bu barədə Yəmən ordusunun rəsmi nümayəndəsi general Yəhya Sari də bildirib.
Bundan başqa, Yəmənin münaqişəyə bərabərhüquqlu iştirakçı kimi qoşulması halında – o, Fələstini fəal şəkildə dəstəkləyir – bu, bütün ərəb dünyası boyunca anti-İsrail cəbhəsini genişləndirə və səfərbər edə bilər.
Qeyd edildiyi kimi, husilərin İsrailə hücumları onlara legitimlik verir. Belə bir vəziyyətdə ərəb ölkələrinə onların siyasi mahiyyətini tanımaq qalır. Bu isə artıq Yaxın Şərqin siyasi xəritəsinin dəyişməsi deməkdir.
Bundan başqa, Fələstin-İsrail müharibəsi zamanı husilərin İsrailə və onun Qırmızı dənizdəki müttəfiqlərinə vurduğu əhəmiyyətli iqtisadi ziyanı da nəzərə almaq lazımdır.
“Ənsarullah” hərəkatının son bəyanatını nəzərə alaraq demək olar ki, ümumilikdə husilər Qırmızı dənizin blokadasının dayandırılmasını Yaxın Şərqdə yeni hərbi-siyasi reallıqların yaranmasına səbəb olan Fələstindəki müharibənin nəticəsi ilə əlaqələndirirlər. Baş verənlərin nəticələri yaxın gələcəkdə daha aydın olacaq.
MƏSLƏHƏT GÖR: