11 Dekabr 2024

Çərşənbə, 03:18

İBLİS RUHLU İNSAN VƏ...

Mehriban Ələkbərzadənin Sankt-Peterburq səhnəsini “fəth” edən tamaşası Azərbaycanda ondan da böyük uğurla təqdim olunub

Müəllif:

15.10.2024

Sankt-Peterburqda səs-küyə səbəb olan “İblis və...” tamaşasının doğma səhnədə uzun müddətdir gözlənilən premyerası baş tutub. Qeyd etmək lazımdır ki, azərbaycanlı rejissor Mehriban Ələkbərzadənin bu tamaşası XV Beynəlxalq “Aleksandrinski” Festivalı çərçivəsində Rusiyanın şimal paytaxtındakı Aleksandrinski Teatrının səhnəsində böyük uğur qazanıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşası haqqında Rusiya mediasında yazılar dərc edilib. Məqalələrdə bildirilir ki, Bakıdan olan dram teatrının tamaşası Şimal paytaxtının teatr həvəskarlarını təkcə rejissorun quruluş konsepsiyası ilə deyil, həm də aktyorların yüksək peşəkarlığı ilə heyrətləndirib! Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin tamaşası Hüseyn Cavidin “İblis” faciəsi əsasında fəlsəfi-dekonstruktiv metadrama janrında səhnələşdirilib.

Mətbuat konfransında Aleksandrinski Teatrının prezidenti Valeri Fokin qeyd edib ki, bu, Azərbaycan teatrının bu festivalda ilk iştirakıdır və onun “milli” statusu belə bir tədbir üçün mühüm əhəmiyyət kəsb edir. O, media nümayəndələrinin diqqətinə çatdırıb ki, xeyli müddət davam edən danışıqlar qarşılıqlı qastrol səfərləri barədə razılaşma ilə nəticələnib. Dram Teatrının direktoru İlham Əsgərovun Sankt-Peterburqun media nümayəndələrinə müraciətində əsas fikir Azərbaycan və Rusiya Mədəniyyət nazirliklərinin fəal dəstəyi ilə mümkün olan yaradıcı və peşəkar əməkdaşlığın tarixi anının əhəmiyyəti barədə idi. Aleksandrinski Teatrının məşhur tarixi səhnəsində keçirilən premyera kollektiv üçün təkcə sevinc deyil, həm də böyük məsuliyyət idi. Festivalda yerli dram teatrının tarixi və müasir dövrünə həsr olunmuş sərgi də keçirilib.

 

“Aleksandrinski” Festivalı haqqında

Festivalın iştirakçıları Aleksandrinski Dövlət Dram Teatrı, Azərbaycan Dram Teatrı, Serb Respublikasının Milli Teatrı, “Setor de Areas Isoladas” teatr şirkəti (Braziliya), A.S.Puşkin adına Pskov Akademik Dram Teatrı və Ankara Dövlət Teatrı (Türkiyə) olub. Müxbirimiz quruluşçu rejissor Mehriban Ələkbərzadə ilə görüşüb və söhbətləşib.

- Mehriban xanım, quruluşçu rejissor olduğunuz tamaşa təkcə Milli Dram Teatrı haqqında deyil, ümumilikdə ölkəmizin teatr sənəti haqqında çox yaxşı təəssürat yaradıb. Bu barədə nə düşünürsünüz?

- Daha çox və yaxşı işləmək lazımdır. Peşəkarlıq səviyyəsini aşağı salmağa haqqımız yoxdur, amma onu daha da yüksəltmək üçün hüquq və imkanımız var.

- Rusiyalılara Hüseyn Cavidi və onun “İblis”ini təqdim etmək ideyası necə yaranıb? Teatr onun ilk premyerasını məhz Aleksandrinski səhnəsində edib?

- Əvvəlcə biz Çingiz Aytmatovun romanı əsasında səhnələşdirilən “Gün var əsrə bərabər” tamaşasını göstərmək imkanını nəzərdən keçirirdik. Amma sonra düşündüm ki, milli klassikamızı göstərmək daha yaxşı, maraqlı və vacibdir. Yola düşməyə az vaxt qalmışdı. Məşqlər çox intensiv gedirdi. Doğma səhnəmizdə tamaşa ilə bağlı premyeradan əvvəlki çıxışı həyata keçirməyə macal tapdıq. İlk premyera isə Aleksandrinski teatrının əsas səhnəsində baş tutub.

- Bəs niyə tamaşanı “İblis və...” adlandırdınız?

- Öncə tamaşaya baxın və bundan sonra bu haqda danışarıq.

- Yaxşı. Həmişə olmasa da, uzun müddət xatırlayacağınız, özünüzlə apardığınız ən parlaq təəssüratlar hansılardır?

- Məndə bununla bağlı iki təəssürat yaranıb. Birincisi, teatrla bağlı təəssüratdır. Söhbət onun səhnəsi, memarlığı, tamaşa zalı və heyrətamiz enerjisindən gedir. Bu ab-hava təkcə nəsillər boyu burada çalışan aktyorlar sayəsində deyil, həm də tamaşaçılar tərəfindən yaradılıb. Onlar teatrı xüsusi sənət növü kimi qiymətləndirməyi, sevməyi və başa düşməyi bacarırlar...

- Bəs ikincisi?

- Bu, Valeri Fokinlə söhbətdir. Onunla tamaşaya baxdıqdan sonra bir neçə saat söhbətləşdik. O, tamaşanın gedişatına və aktyorların işinə yüksək qiymət verdikdən sonra dramaturgiya və dramaturq mövzusuna keçdi. Hüseyn Cavidin yaradıcılığı onu o qədər maraqlandırdı ki, onun haqqında rus dilində olan hər şeyi oxumaq istəyirdi.

- Bəlkə də səhnələşdirər?

- Yaxşı olardı...

- Bu yaxınlarda bizim Milli Dram Teatrının səhnəsində oynanılan, Qoqolun pyesi əsasında səhnələşdirilən Fokinin “Evlənmə” tamaşasını “akademik milli” statusuna malik olan iki dövlət teatrı arasında uzunmüddətli və davamlı yaradıcı və dostluq münasibətlərinin başlanğıcı kimi qiymətləndirmək olarmı?

- Gəlin, hələ tələsməyək və qabaqcadan danışmayaq. Sadəcə deyək ki, teatrlarımız arasında teatr mədəniyyətləri dialoqu indi formalaşma və inkişaf mərhələsindədir. Bəs siz Valeri Fokinin tamaşasına baxdınız?

- Bəli!

 

Aleksandrinski Teatrı. “Evlənmə”

Adama elə gələ bilər ki, məktəb illərindən mənimsədiyimiz və bildiyimiz bu pyesdə yeni nə kəşf edə bilərik? Milli Dram Teatrımızın tamaşaçılarla dolu olan zalı tamaşanın başlamasını səbirsizliklə gözləyirdi. Niyə? Çünki yaşlı gəlin Aqafya Tixonovna, onun xalası, elçi, cehizinə göz dikən adaxlılar və iki dost - Koçkaryov və Podkolesin haqqında süjet, 1842-ci ildə Aleksandrinski Teatrında ilk tamaşadan başlayaraq o qədər versiyalara məruz qalıb ki, orijinal bir şey təsəvvür etmək və gözləmək çətin idi. Etiraf edim ki, tamaşa başlayan kimi darıxdırıcılıq hissi yarandı. Bekarçılıqdan çarpayıda uzanan Podkolesində olduğu kimi eyni darıxdırıcılıq. Elə təəssürat yarandı ki, bu hekayənin bütün personajları mexaniki olaraq, demək olar ki, avtomatik şəkildə bütün həyati vacib hərəkətləri yerinə yetirərək qurulmuş mexanizmlər kimi yaşayırlar. İnsan deyil, insan rolunu oynayan mexaniki kuklalar, buna görə də bu həyatın səthində sonsuz sürüşürlər: insanların, həyatın və hətta özlərinin yanından! Fokin aktyorlarını konkiyə qoyur və onların personajlarını bütün hərəkət boyunca konkisürənlərin həyatını yaşamağa məcbur edir. Mexaniki nəzakətli təbəssümlər, mexaniki tələffüz edilən sözlər, mexaniki sürüşən hərəkətlər... Hətta qəhrəmanların maraqlarının maddi tərkib hissəsinə olan tamahkar maraq ehtirası da mexaniki görünür. Bu dünyada artıq nə canlı insan hisslərinə, nə də mənəviyyata yer var: dünyaya pul hökm edir! Maddi olan məsələlər mənəvi dəyərləri sıxışdırıb çıxarıb... “İblis və...” tamaşasında rejissor və aktyorlar da eyni problemi nəzərdən keçirirlər.

 

“İblis və...”

Azərbaycanda uzun müddətdir ki, gözlənilən "İblis və...” tamaşasının premyerası. Tamaşaçı nəfəsini tutaraq qəhrəmanların hər bir sözünü, emosiyalarını və fikirlərini dinləyir. 1918-ci ildə öz “İblisi”ini yaradan Hüseyn Cavidin fəlsəfi düşüncələri rejissor tərəfindən tamaşaçılarla sərt və kompromissiz ifşaedici dialoqa çevrilir. Bununla təkcə Ruhunu və İnsanlığını itirmiş İnsanı göstərmir, həm də bunu ifşa edir. Maddi nemətlər və zövqlər dalınca qaçarkən İnsan yalan, xəyanət, şəhvət və hədsiz əxlaqsızlığın saysız-hesabsız günahlarına batıb. İldən-ilə, əsrdən-əsrə İnsan öz ilahiliyini itirib, İşığa xəyanət edərək Qaranlığı seçib. Və özü də hiss etməyib ki, necə İnsandan onun yazıq bənzərinə çevrilib: in-san-cı-ğa!

İlahi İşıqdan uzaqlaşan insancıq Şərin mərkəzinə və Günahların daşıyıcısına çevrilib. Özü də o, mənəviyyatsızlıq və əxlaqi çirkabın hüququnu o dərəcədə ələ keçirib və qəsb edib ki, hətta İblis (Əməkdar artist Ayşad Məmmədov) bu faktdan sarsılıb. Və “insan özü artıq iblisə çevrilib” sözləri ilə Yeri tərk edir. Buna görə də ona - əsl İblisə - burada artıq edəcək bir şey qalmayıb: İnsanı yoldan çıxarmaq işi başa çatıb. Lakin şəhvət, paxıllıq, qəzəb və nifrətlə hərəkət edən doğma qardaşlar Arif (Murad İsmayılov) və Vasif (Elsevər Rəhimov) bir-birlərini məhv etməyə davam edirlər. XXI əsr insanlarının yaratdığı dünya qana bulaşıb.

İnsanlığın həqiqi dəyərlərinin saxta dəyərlərlə əvəz edilməsi düşünməyə vadar edir: bu gün biz hamımız necə yaşayırıq? Niyə və kimin xatirinə müharibələrə başlamaqla özümüzü fiziki cəhətdən məhv edirik? Necə olub ki  və niyə əxlaqsızlıq, mənəviyyatsızlıq dünyası insanlığın qəlbində və şüurunda möhkəm mövqe tutub? Niyə biz İşığı Qaranlıqdan ayırd etməyi dayandırdıq? Yoxsa sadəcə belə yaşamaq bizə daha rahat olduğu üçün fərqi görmürmüş kimi davranırıq?

Üç gün dalbadal anşlaq olub. Artıq kassalarda dördüncü “İblis və...” tamaşasına bilet yoxdur. Bu o deməkdir ki, quruluşçu rejissor tamaşaçı ilə dialoqu qurmağa nail olub! Teatrlarımızın (istisnasız hamısının!) bu gün buna çox ehtiyacı var. Axı, nə qədər əyləndirmədən əyləndirmək, güldürmədən güldürmək üçün çalışmaq olar? Nə qədər tamaşaçıya incəsənət əvəzinə əziyyətlə hazırlanmış saxta surroqat təqdim etmək olar? Amma budur, bizdə tamaşaçı ilə dilxoşluq etmədən onunla ciddi söhbət aparan rejissor var. Əcdadlarımızın əxlaq qanunu və hər birimizin daxilindəki əxlaq qanunu ilə bağlı olan hər şeyi başa düşməyi və sevməyi hələ itirməyən hər kəs üçün ən vacib şey haqqında. Çünki manqurda və ya iblisə çevrilmək olmaz...



MƏSLƏHƏT GÖR:

56