21 Noyabr 2024

Cümə axşamı, 14:03

TAM HAZIRLIQ

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə liderliyi öz üzərinə götürür: Pre-COP29-un nəticələri

Müəllif:

15.10.2024

Noyabrda Azərbaycanın paytaxtında keçiriləcək və həm əhatə etdiyi ölkələrin miqyasına, iştirakçıların sayına, həm də gündəliyinə görə, həqiqətən də, ən möhtəşəm tədbirlərdən biri olacaq ən böyük beynəlxalq iqlim konfransının - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlamasına çox az vaxt qalıb. Bu hadisəyə hazırlıq işlərinin gedişini, demək olar ki, bütün dünya mediası işıqlandırır, yekun qərarlar və sənədlərlə bağlı ən yüksək səviyyələrdə müzakirələr, mübahisələr aparılır.

Oktyabrın 11-də isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) keçirilib. Onun çərçivəsində, həmçinin iqlim və inkişaf üzrə nazirlərin görüşü (C&DM) baş tutub. Bu tədbirlər iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal razılaşmaya doğru gedən yolda mühüm mərhələ olub və Azərbaycanın liderlik ambisiyalarını nümayiş etdirib.

 

Əsas mövzular və nailiyyətlər

Konfrans iştirakçıları istixana qazı emissiyalarının azaldılması və “təmiz enerji”yə keçid üzrə ambisiyaların gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bərpa olunan enerji mənbələrinin əhəmiyyətli potensialına malik olan Azərbaycan “yaşıl iqtisadiyyat”ın inkişafı üzrə planlarını təqdim edib. Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində vurğulayıb ki, qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1% təşkil etdiyi Azərbaycan daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirir. Bu bəyanat ölkənin “yaşıl enerji” sahəsindəki məqsədlərimizi vurğulayır və digər dövlətlər üçün ilham mənbəyi rolunu oynayır.

Dövlət başçısı qeyd edib ki, “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpa olunan enerji mənbələrinə malikdir.

Azərbaycan azad edilmiş ərazilərin nümunəsində dünyaya iqlim məsələlərinin həlli üçün təbii resurslardan necə səmərəli istifadə etməyi göstərir. Bu təşəbbüs bərpa olunan enerji mənbələrinə keçməyə çalışan digər regionlar üçün model ola bilər.

Azərbaycan həmçinin ənənəvi enerji sektorlarından əldə edilən gəlirlərin “yaşıl texnologiyalar”ın inkişafına necə yönəldilə biləcəyini nümayiş etdirir. Bu, neft və qazla zəngin ölkələrin iqtisadiyyatlarını necə şaxələndirə və davamlı inkişafda lider ola biləcəyinin əsas nümunəsidir.

Konfransda, xüsusilə iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyəsi məsələsi müzakirə olunub. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın və maliyyə vəsaitlərinin cəlb edilməsinin vacibliyini qeyd edib, ölkənin aktiv qlobal fəaliyyətlər üçün platforma yaratmaqda lider olduğunu vurğulayıb.

COP28-in prezidenti Sultan Əl-Cabir bildirib ki, maliyyələşdirmə iqlim layihələrinin həyata keçirilməsi üçün əsas amildir və söhbət xüsusilə də inkişaf etməkdə olan ölkələrdən və kiçik ada dövlətlərindən gedir. Onun fikrincə, iqlim fəaliyyətlərinə ehtiyacı olan bir çox ölkələr onların həyata keçirilməsi üçün kifayət qədər resurslara malik deyil.

Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkarti də hesab edir ki, iqlim fəaliyyətlərinin səmərəliliyi maliyyə resursları ilə təmin olunmadan asılıdır: “İnkişaf etməkdə olan ölkələr və kiçik ada dövlətləri iqlim dəyişikliyinin nəticələrindən ən çox təsirlənənlər sırasındadırlar və buna görə ən az məsuliyyət daşıyırlar”. Onun sözlərinə görə, 2017-2021-ci illərdə iqlimin maliyyələşdirilməsinin həcmi orta hesabla ildə cəmi 7 milyard ABŞ dolları təşkil edib.

Yaşıl İqlim Fondunun investisiyalar üzrə direktoru Henri Qonzales xatırladıb ki, Vaşinqtonda uyğunlaşmanın maliyyələşdirilməsi ilə bağlı nazirlərin görüşü təşkil olunacaq: “Ümid edirik ki, COP29-da iştirakçı ölkələrin maliyyə nazirləri ilə görüşmək və maliyyə vəsaitlərinin bölüşdürülməsi kimi mühüm məsələləri müzakirə etmək imkanımız olacaq”. O hesab edir ki, özəl sektor iqlim maliyyəsi məsələlərində daha fəal iştirak etməlidir.

 

Ölkələr təklif edir

ABŞ öz Fövqəladə Uyğunlaşma və Dayanıqlılıq Planı çərçivəsində zəruri tədbirlərin maliyyələşdirilməsini artırmaq öhdəliyini götürüb. Bu plan iqlim cəhətdən həssas tərəfdaş ölkələrdə yarım milyard insana kömək etməyə, onların iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmaq və onları idarə etmək qabiliyyətini yaxşılaşdırmağa yönəlib. Bunu ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş məsləhətçisi Con Podesta bildirib və əlavə edib ki, 2024-cü il bütün dünyada dağıntılarla müşayiət olunan iqlim böhranı ili kimi müəyyən edilib. Buna görə də emissiyaları azaltmaq, iqlim fəlakətlərinə reaksiyanı gücləndirmək və gələcək ekstremal hava hadisələrinə dayanıqlılıq yaratmaq üçün təcili addımlar atılmalıdır. “Maliyyə dəstəyi iqlim fəaliyyətində həlledici amildir. Buraya beynəlxalq dövlət dəstəyi də daxildir ki, bu, uyğunlaşma və borcun dayanıqlılığının, eləcə də maliyyə məkanının yaxşılaşdırılması istiqamətində iş üçün xüsusilə vacibdir”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu səylərin davamı olaraq prezident Cozef Bayden 2021-ci ildə ABŞ-nin beynəlxalq dövlət maliyyələşdirməsini 6 dəfə artıraraq 2024-cü ilə qədər ildə 3 milyard ABŞ dollarına çatdırmağı öhdəsinə götürüb: “Buraya inkişaf etməkdə olan ölkələr üçün əlçatan olan erkən xəbərdarlıq alətlərinin yaradılması daxildir. Bu da ekstremal hava hadisələrinin dəyərini əhəmiyyətli dərəcədə azalda bilər”.

Fransanın energetika naziri Olqa Jivernə isə bildirib ki, yeni kollektiv məqsədlər üzrə danışıqların yerli ehtiyaclara uyğunlaşdırılmış və biomüxtəlifliyə, ətraf mühitin çirklənməsinə mənfi təsiri azaltmağa kömək edən səmərəli iqlim maliyyələşdirmə mexanizminin formalaşmasına gətirib çıxaracağına ümid edir: “Buna görə də Fransa üçün G20 ölkələrinin uyğunlaşma ilə bağlı maliyyələşdirməsinin artırılması yollarını araşdırmaq zərurətini qəbul etməsi vacib idi. Fransa bütün dünyada ən böyük iqlim donorlarından biridir və hər il iqlim maliyyələşdirməsinə azı 6 milyard avro ayırır, bu vəsaitin üçdə biri uyğunlaşmaya yönəldilir”.

O qeyd edib ki, xüsusi mexanizm vasitəsilə təmin edilən maliyyə vəsaitləri ən həssas ölkələrə öz milli uyğunlaşma planlarını hazırlamalarına texniki yardım göstərilməsinə istifadə olunur: “2017-ci ildə işə salındığı vaxtdan bu mexanizm təxminən 700 milyon avro davamlı investisiya cəlb edib”. Xüsusilə Fransa Banqladeşlə 1 milyard avro məbləğində adaptasiya paktı barədə razılığa gəlib.

“Birlikdə çalışıb uyğunlaşmanı səmərəli şəkildə maliyyələşdirməyin yeganə yolunun yerli ehtiyaclara əsaslanan və mümkün olduqda bioloji müxtəliflik, eləcə də ətraf mühitin çirklənməsi üzrə müsbət faydalar yaradan həllərlə adaptasiyanın hazırlanması olduğunu anladıq. Uyğunlaşma üçün lazım olan investisiyaların miqyası bütün resursların səfərbər edilməsini tələb etdiyinə əmin olduq”, - fransalı nazir vurğulayıb. Onun sözlərinə görə, məhz buna görə innovativ maliyyə alətləri və mexanizmləri yaratmaq üçün çoxtərəfli inkişaf banklarına, həmçinin özəl institusional investisiyalara və xeyriyyə fondlarına müraciət etmək lazımdır.

Dünya Bankı Qrupunun iqlim dəyişikliyi üzrə qlobal direktoru Cennifer Sara deyib ki, bank  2023-cü ildə iqlimlə bağlı proqramların maliyyələşdirilməsinə rekord məbləğdə - 42,6 milyard ABŞ dolları ayırıb. DB aşağı gəlirli ölkələrə Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) vasitəsilə iqlim dəyişikliyinə qarşı dayanıqlılığın artırılması üçün resursların səfərbər olunduğu ciddi dəstək göstərməyə davam edir. C.Sara vurğulayıb ki, DB bu il illik maliyyəsinin 45 %-nin iqlim dəyişikliyi ilə mübarizəyə ayrılması ilə bağlı iddialı plan həyata keçirir və bu vəsait iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və uyğunlaşma arasında bərabər şəkildə bölüşdürüləcək.

O əlavə edib ki, IDA-nın maliyyə potensialı bu il və gələn il 30 milyard ABŞ dolları səviyyəsində qalacaq: “IDA-ya daxil olan hər bir dollar üç-dörd dəfə çoxalır ki, bu da onu aşağı gəlirli ölkələrdə uyğunlaşma və dayanıqlılığın artırılması üçün ən böyük maliyyə təminatçısı edir. Bundan başqa, IDA inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi razılaşmalara malikdir”.

BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd dünya ictimaiyyətini fəal şəkildə addımlar atmağa çağırıb və vurğulayıb ki, dünya artıq qlobal temperaturun 1,5 dərəcədən yuxarı artmasının astanasındadır. O, ümidvar olduğunu bildirib ki, COP29 konfransı impulsu gücləndirəcək və iqlim böhranının ön cəbhəsində olanları qorumağa yönəlmiş ambisiyalı məqsədləri real hərəkətlərə çevirməyə kömək edəcək.

 

Yeni təşəbbüslər

COP29 çərçivəsində “İnsan İnkişafı Günü”nün qeyd edilməsi iqlim gündəmini insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və sosial bərabərsizliklərin azaldılması ilə əlaqələndirməyin vacibliyini vurğulayaraq müzakirələrə humanitar diqqət gətirir.

Bakıda keçiriləcək konfransda 60 qərarın qəbul edilməsi gözlənilir ki, bunların arasında iqlim maliyyəsi və karbon bazarlarının yaradılması məsələləri əsas olacaq. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bu addımları potensial tarixi nailiyyətlər adlandırıb və xatırladıb ki, Azərbaycan COP29-un sədri kimi konfrans prosesinə yenilik gətirməyə çağıran 14 təşəbbüs irəli sürüb. Bunların arasında İqlim Maliyyələşdirməsi üzrə Fəaliyyət Fondunun yaradılması və unikal “Qlobal Atəşkəs Çağırışı” təşəbbüsü var. COP tarixində ilk dəfə olaraq hərbi əməliyyatların iqlimə zərər verən və atmosferə emissiyalara səbəb olan fəaliyyət kimi rəsmi tanınması təklif olunacaq. Bu təşəbbüs artıq 127 ölkədən 1100-dən çox qeyri-hökumət təşkilatı nümayəndəsi, dini lider və tanınmış şəxsiyyət tərəfindən dəstəklənib ki, bu da onun geosiyasi kontekstdə əhəmiyyətini göstərir.

Y.Rəfiyevin sözlərinə görə, COP29-da həmçinin Azərbaycan sədrliyi tərəfindən irəli sürülən təkliflərə əsaslanan müxtəlif Bakı bəyannamələri və sənədlərin imzalanması planlaşdırılır. Ümumilikdə səkkiz bəyannamə və öhdəliyin imzalanması gözlənilir ki, bunların adlarında Bakı qeyd olunacaq və bu da konfransın beynəlxalq iqlim dialoqu üçün əhəmiyyətini vurğulayır.

Con Podesta isə bildirib ki, ABŞ-nin COP29 çərçivəsində tədbirin ilk günlərində Çin və Azərbaycanla metan və qeyri-CO2 qazları üzrə sammitin keçirilməsinə dair razılaşması var. Onun sözlərinə görə, metan, azot oksidi və hidroflüorokarbonlar kimi qazlar qlobal istiləşməyə ciddi təsir göstərsə də, bu məsələyə kifayət qədər diqqət yetirilmir və sammitin məqsədi bu qazların emissiyalarının azaldılması üçün yeni öhdəliklər hazırlamaq olacaq.

O, həmçinin vurğulayıb ki, COP29-un ən vacib məsələlərindən biri “Paris Sazişi”nin 6-cı maddəsi üzrə işlərin tamamlanması olacaq ki, bu da karbon bazarlarının fəaliyyəti və ölkələr arasında ticarət əməliyyatlarının düzgün uçotunun təmin edilməsinə aiddir. Artıq bu mövzuda əhəmiyyətli irəliləyiş əldə edilib ki, bu da emissiyaların azaldılmasına, davamlı inkişafa və təbiətin qorunmasına investisiyaların cəlb edilməsinə kömək edən karbon emissiyalarının azaldılması ilə ticarətin effektiv mexanizmini yaratmağa imkan verir.

Aİ-nin iqlimin qorunması üzrə komissarı Vopke Hukstra əlavə edib ki, Azərbaycanın COP29-a uğurlu sədrliyi qlobal iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli töhfə olacaq. O, dövlət və özəl sektorlar tərəfindən şəffaflığın təmin edilməsinin və maliyyələşdirmənin artırılmasının vacibliyini qeyd edib.

Bir sözlə, COP29 iqlim maliyyəsi, karbon bazarları və emissiyaların azaldılması strategiyaları ilə bağlı əsas məsələlər üzrə mühüm qərarların qəbul ediləcəyi vacib hadisə olmağı vəd edir. Bakıda keçirilən Pre-COP29 konfransı göstərib ki, dünya ictimaiyyəti iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyətə hazırdır.



MƏSLƏHƏT GÖR:

44