19 Dekabr 2024

Cümə axşamı, 11:55

RAZILAŞMAYA APARAN SAMMİT?

Azərbaycan sülh yaradır, Ermənistan isə yalnız danışır

Müəllif:

15.10.2024

Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin növbəti sammitində iştirakı həm də ona görə diqqət çəkib ki, toplantı Bakı-Vaşinqton münasibətlərində son illərdə, bəlkə də ümumilikdə tarix boyu görünməmiş böhran dövrünə təsadüf edib. Bundan başqa, İlham Əliyevin Rusiyaya səfərinin başlanğıcı Rusiyanın dövlət başçısı Vladimir Putinin ad günü ilə eyni vaxta düşüb ki, bu da Azərbaycanla Qərb arasında münasibətlərin tam pozulduğuna dair fikirlərin yaranmasına yol açıb.

 

MDB prioritet kimi

Təcrübə göstərir ki, Azərbaycan üçün qonşularla münasibət hər zaman ön plandadır. Burada bu münasibətlərin qeyri-region dövlətləri ilə hansı formada inkişaf etdiyinin fərqi yoxdur. MDB dövlətləri, ilk növbədə Rusiya isə Bakının tarixən sıx münasibətlərdə olduğu qonşulardandır. Azərbaycanın dörd institusional müttəfiqinin üçü MDB üzvüdür. Türk Dövlətləri Təşkilatının beş üzvü həm də MDB-də yer alır. Eyni sözlər Xəzər formatında iştirak edən beş ölkənin dördünə də aiddir.

Bütün bu amillər Bakının bu ölkələrlə fəal dialoq aparmasını şərtləndirir. Üstəlik, MDB sammitinin gündəliyində təhlükəsizliyin təmini, yüksək texnologiyalar, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlıq kimi vacib məsələlər prioritet elan olunub. Qeyd edilməlidir ki, Cənubi Qafqaz ölkələri üçün təhlükəsizlik mövzusu xüsusilə aktualdır. Azərbaycanla Ermənistan arasında həllini tapmayan məsələlər bu mənada həm də MDB gündəliyinin bir hissəsidir. Çünki onların hər ikisi bu birlikdə yer alır. Budəfəki sammitdə Ermənistanın baş naziri Nikol Paşinyan da qatılmışdı ki, bu, çox da tez-tez rast gəlinən hal deyil. Bu, iştirakçıların əksəriyyətini narahat edən mövzuların müzakirəsi üçün əlavə imkan yaradırdı.

Davamlı şəkildə Qərbə doğru «dreyf» edən Ermənistan hazırda KTMT və Aİİ-dəki formal müttəfiqlərinə az çətinlik yaratmır. Bu müttəfiqlər isə həm də MDB üzvləridirlər. Yaranmış vəziyyətdən Moskva xüsusilə narahatdır, çünki İrəvanın bu davranışı onun maraqlarına ciddi risklər yaradır. Bununla yanaşı, İrəvan-Minsk münasibətlərindəki böhranı da unutmaq olmaz. Bunun səbəbi də Ermənistanın davranışlarıdır və yaranmış bu vəziyyət ümumilikdə MDB-nin fəaliyyətinə mənfi təsir göstərir.

 

Təhlükəsizlik gündəlikdə duran əsas mövzudur

Xatırladaq ki, sammit ərəfəsində MDB dövlətlərinin xarici işlər nazirlərinin toplantısı keçirilib. Onun yekununda «Avrasiyada təhlükəsizliyin təmini prinsipləri» və «Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi» haqda bəyanatlar qəbul edilsə də, Ermənistan onlara qoşulmayıb. Bu, İrəvanın mövqeyini açıq şəkildə ortaya qoyur – o, digər dövlətlərlə ümumi təhlükəsizlik platformasında yer almaq istəmir. Burada Ermənistanın Qərbdən olan tərəfdaşlarının ona təsiri hiss olunmaqdadır. Artıq bir müddətdir ki, İrəvanın formal müttəfiqləri, ilk növbədə isə Rusiya ilə münasibətləri bu tərəfdaşlar tərəfindən diqqətlə izlənilir və onlar Ermənistanla münasibətlərini Moskvanın fəallığının xarakterinə uyğun qururlar. Cənubi Qafqazda 44 günlük müharibədən sonra postmünaqişə gündəliyinin formalaşmasında məhz onun fəal rol oynaması Qərb ölkələrini daha inadkar olmağa, keçmiş münaqişə tərəflərinə onların baxışına görə effektiv həll yolları təklif etmələrinə yol açıb. Müəyyən mərhələdə Qərb Avropa İttifaqı və ABŞ-nin simasında bir sıra problemli məsələlərdə irəliləyişə nail olunmasında rol oynayıb. Bu, ilk növbədə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Lakin sonradan Qərb daha qərəzli və ermənipərəst mövqe tutmağa başlayıb. Bu, bir tərəfdən Azərbaycanı qıcıqlandırır, digər yandan Rusiyanı narahat edir – Moskva bu əməllərdə öz maraqlarına təhdid görür.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov regiondakı münaqişədən sonra sülhün yaradılması prosesində Qərbin rolundan danışarkən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün bütün «qaralama işləri»nin Moskvada aşıldığını əbəs yerə xatırlatmayıb. Uşakov bildirib ki, ABB və bəzi Qərb dövlətləri danışıqlar prosesinə müdaxilə etməyə çalışır və burada məqsəd «regional məsələlərə və regionun özünə soxulmaqdır». Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətini arzulanmaz adlandıran Uşakov deyib ki, «danışıqlar prosesinə bu cür soxulmaq cəhdlərini» danışıqların heç də bütün iştirakçıları alqışlamır.

Bu gün Cənubi Qafqazda Moskvanın əsas tərəfdaşı və müttəfiqi məhz Azərbaycandır. Məsələ ondadır ki, tərəflərin mövcud gündəliklə bağlı prinsipial məsələlərə yanaşması əsasən üst-üstə düşür. Söhbət, ilk növbədə, regional təhlükəsizliyin region dövlətlərinin özləri tərəfindən təmin olunmasından gedir.

 

İlham Əliyevin aksenti

Aydındır ki, Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin formalaşdırılması prosesinə fəal kənar müdaxilələr şəraitində region ölkələri fəaliyyətin koordinasiyasına ehtiyac duyur. Görünən odur ki, bu məsələ Rusiya Prezidentinin azərbaycanlı və ermənistanlı həmkarları ilə ayrılıqda keçirdiyi görüşlərdə də müzakirə edilib və bu zaman əsas diqqət ikitərəfli dinamikaya yönəlib. İlham Əliyev Vladimir Putin ilə görüşündə bildirib ki, Rusiya liderinin Azərbaycana rəsmi səfəri zamanı ifadə olunan hədəflər, qarşıya qoyulan vəzifələr xüsusi diqqət istəyir, çünki onların reallaşdırılması bu günün tələbidir. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunmasına da toxunan dövlət başçısı deyib: «Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb».

Bu qərar faktiki, Ermənistan da daxil olmaqla, MDB ölkələrinin İkinci Qarabağ müharibəsi və Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirlərinin nəticələrini formal olaraq tanıması, «Qarabağ Azərbaycandır!» prinsipinin qəbul edilməsidir.

MDB Dövlət Başçıları Şurasının digər qərarı ilə daha bir Azərbaycan şəhəri – Gəncə – MDB-nin idman paytaxtı seçilib. Növbəti MDB Oyunları məhz bu şəhərdə keçiriləcək.

Azərbaycan Prezidenti çıxışında uzun illərdən sonra ilk dəfə Ermənistanla münasibətlərdə münaqişəli mövzulardan danışmayıb. Onun çıxışının böyük hissəsi Azərbaycanın 1941-1945-ci illərdə faşizm üzərində qələbəyə verdiyi töhfələrə həsr edilmişdi.

 

Paşinyan: ağrılı başla…

Ermənistanın baş naziri Nikol Paşinyan isə əksinə, çıxışında Azərbaycanla sülh parametrlərinin razılaşdırılması mövzusuna daha çox yer verib. O, bildirib ki, sülh müqaviləsi «günü sabah» imzalana bilər. Baş nazir hesab edir ki, bunun üçün qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımaq, ərazi iddiaları ilə çıxış etməmək, gələcəkdə də belə iddiaların irəli sürülməyəcəyinə dair öhdəlik götürmək kifayətdir.

Belə təəssürat yaranır ki, Ermənistanın baş naziri MDB sammitində növbəti təşəbbüslərlə çıxış etmək, guya sülh gündəliyinə dair bütün aktual məsələlərin həllinə hazır olduğunu göstərmək üçün istifadə edib. Amma o, bunu da özünəxas ziddiyyətli əda ilə edib. Paşinyan yenə də hesab edir ki, əvvəlcə yarımçıq sülh müqaviləsi imzalanmalı, qalan problemlərin həlli haqda razılığa sonradan gəlinməlidir.

Bu bəyanat iştirakçılarda xüsusi bir təəssürat yaratmayıb. Əslində, Paşinyanın mövqeyindən bir daha aydın olur ki, yaxın vaxtlarda sülh gündəliyinin reallaşdırılması istiqamətində hər hansı ciddi irəliləyişin olacağını gözləməyə dəyməz. İrəvan göstərir ki, o, Azərbaycanla danışıqlarda mövqeyini dəyişmək fikrində deyil, yəni regionda hər şey hələ ki, olduğu kimi qalacaq.

Qeyd oluna biləcək yeganə məsələ İrəvanla-Moskva arasında Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin fəaliyyətinə son qoyulması və onların funksiyalarının Ermənistan tərəfinə ötürülməsi haqda razılaşmadır. Razılaşma 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məlum olduğu kimi, rusiyalı sərhədçilər artıq iyulun 31-dən «Zvartnots» aeroportundakı fəaliyyətlərini dayandırıblar. Bu tələbi hələ mart ayında Ermənistanın Təhlükəsizlik Şurası irəli sürmüşdü. Bəs bu kontekstdə Ermənistanın suverenliyinin gücləndiyindən danışmaq olarmı? Yoxsa söhbət, sadəcə, daha ciddi razılaşmalar müqabilində Moskvanın güzəştindən gedir? Bunu təxmin etmək olar.

Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması qərarına baxmayaraq, Moskva kommunikasiyaların açılması məsələsinə yanaşmasının dəyişmədiyini göstərir. Bunu Baş nazirin müavini, sözügedən sahənin kurasiyası ilə məşğul olan Aleksey Overçukun fikirləri də təsdiqləyir. O, bildirib ki, «regionda iqtisadi və nəqliyyat dəhlizləri yalnız Rusiyanın iştirakı ilə açıla bilər». Baş nazirin müavini prosesdə Rusiya Dəmir Yolları İdarəsinin və ya təhlükəsizlik qüvvələrinin iştirakınımı nəzərdə tutur? Hər halda, Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən 9/10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyannamənin 9-cu maddəsində məhz bundan danışılır. Yəqin ki, bu suala bir müddət sonra aydınlıq gələcək.

Sammitdə müzakirə olunmuş mövzular arasında bir önəmli məsələ də var – “Əmək şöhrəti şəhəri. 1941-1945-ci illər” fəxri adı təsis edən sənədin qəbuluna mühüm yer verilmişdi. Bu ada MDB-nin Böyük Vətən müharibəsi illərində arxa cəbhədə təchizata böyük töhfələr vermiş ölkələri layiq görüləcək. Onların arasında Bakının da olacağı şübhə doğurmur. Azərbaycanın faşizm üzərində ümumi qələbənin əldə edilməsindəki xidmətlərini Prezident İlham Əliyev sammitdəki çıxışı zamanı dilə gətirib. Bu xidmətlər 1941-1945-ci il müharibəsi haqda azca təsəvvürə malik olan hər kəsə yaxşı məlumdur.



MƏSLƏHƏT GÖR:

66