Müəllif: Elçin HÜSEYNOV
Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayıb. Azərbaycanın paytaxtı bir neçə günlüyə dünyanın mərkəzinə, dünya əhəmiyyətli vacib hadisənin yaşandığı məkana çevrilib. Həqiqətən də, zarafat deyil – forumda iştirak üçün dünyanın 196 ölkəsindən 72 min nəfər qeydiyyatdan keçib. Onların arasında 80 prezident, vitse-prezident və hökumət başçısı da var. Qlobal iqlim dəyişiklikləri probleminin müzakirəsində ənənəyə çevrilmiş bu forum planetin gələcək nəsillər üçün qorunub saxlanmasına hesablanmış birgə qərarların hazırlanması üçün nadir platformadır.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. Azərbaycan iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürüb. İqlim maliyyəsinin yaradılması isə fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Qlobal iqlim təhdidi və Bakı
Niyə məhz Bakı? Qlobal iqlim gündəliyi kontekstində dünya xəritəsində nədən məhz bu şəhər, bu ölkə belə önəm qazanıb? Bu sualların cavabları bu hadisənin nəinki ekoloji, həm də geosiyasi, iqtisadi və sosial əhəmiyyətini ortaya çıxarır.
İqlim dəyişikliyi artıq bəşəriyyətin gələcəkdə qarşılaşa biləcəyi nəzəri təhdid deyil. Biz onun nəticələrini artıq bu gün görməkdəyik: ekstremal hava şəraiti, daşqınlar, quraqlıqlar, buzlaqların əriməsi və dənizlərdə suyun səviyyəsinin yüksəlməsi. Bütün bunlar, əlbəttə ki, insanların həyatına, ekosistemə və iqtisadiyyata ciddi təhdiddir. İqlim dəyişikliyi prosesinin sürətlənməsi isə bütün dünyada sabitlik və təhlükəsizliyə təhdid yaradır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) məlumatına görə, dünya birliyi atmosferə zəhərli qazların buraxılmasını önləmək, dəyişən şərtlərə uyğunlaşmaq üçün təcili tədbirlər görməzsə, planet üçün baş verənlərin fəsadları dəhşətli olacaq. Odur ki, Bakıda keçirilən COP29 konfransı bu danışıqlarda vacib mərhələyə çevrilmək potensialı ilə sadəcə siyasətçilərin görüş yeri yox, daha dərin əhəmiyyətə malik tədbirdir.
Azərbaycan ənənəvi və yeni enerji çağırışlarının kəsişdiyi nadir nümunədir. Ölkənin zəngin neft və qaz ehtiyatları uzun müddət onun iqtisadiyyatının əsasını təşkil edib. Son illərdə isə Azərbaycan yaşıl enerjini fəal şəkildə inkişaf etdirir, külək, günəş enerjisi mənbələrinin yaradılmasına investisiya yatırır, həmçinin atmosferə zəhərli qazların buraxılmasının qarşısının alınması ilə bağlı beynəlxalq təşəbbüslərdə iştirak edir. 2021-ci ildə o, dekarbonlaşdırma təşəbbüslərinə də qoşulub və 2030-cu ilə bu sahədə ciddi nəticəyə nail olmaq niyyətini elan edib.
Bərpa olunan enerji mənbələrinin inkişafı və ekoloji dayanıqlılığa cəhdlər bu gün Azərbaycanı qlobal iqlim dialoqunun vacib iştirakçısına çevirir. COP29-un Bakıda keçirilməsi də sadəcə Azərbaycanın iqlimə təsirin azaldılması cəhdlərinin göstəricisi deyil. O, ölkəni qlobal səviyyədə enerji transformasiyası müzakirələrinin mərkəzinə çevirir. Bu, dünyaya vacib siqnaldır: enerji keçidi iqtisadiyyatında ənənəvi karbohidrogenlərin mərkəzi rol oynadığı ölkələrdə də mümkündür.
Bakının Şərqlə Qərb arasında körpü rolu
Azərbaycan strateji əhəmiyyətli regionda, Avropa, Asiya və Yaxış Şərqin arasında yerləşir. Bu coğrafi amil Bakıya beynəlxalq danışıqlarda körpü rolu oynamaq imkanı verir. O, Avropa İttifaqı, Rusiya, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq edir, Aİ-nin «Yaşıl sövdələşmə», «Bərpa olunan enerji üzrə qlobal tərəfdaşlıq» kimi qlobal təşəbbüslərin iştirakçısıdır. Bakı bir meydança olaraq yalnız öz maraqlarının təmin etmək potensialına malik deyil. O, həm də dünyanın müxtəlif regionları arasında geniş əməkdaşlıq üçün imkandır. Məhz bu üzdən, COP29-un Bakıda keçirilməsi böyük karbohidrogen istehsalçısı olan və fəal şəkildə ekoloji təşəbbüslərlə çıxış edən ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamət ində də vacib addım ola bilər. Bu, iqtisadi və ekoloji maraqları birləşdirəcək birgə qərarların hazınlanması üçün yeni imkanlar açır. Bakıda noyabrın 12-də keçirilən COP29-un Liderlər Sammiti də bu və digər vacib problemlərin həllinə həsr olunmuşdu.
«Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük», - deyə Prezident İlham Əliyev forumda bildirib: «Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib».
Dövlət başçısı deyib ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək: «Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik».
Prezident çıxışında enerji təhlükəsizliyi aspektində neft və qaz amilinə də diqqət çəkib. O, dünyada sənaye üsulu ilə ilk neft quyusunun 1846-cı ildə Bakıda qazıldığını, XIX əsrdə isə qlobal neft hasilatının yarısının Azərbaycanın payına düşdüyünü xatırladıb. «Lakin bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir», - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı bəzi siyasətçilərin riyakarlığından, ikili standartlarından, bəzi Qərb ölkələrində saxta xəbərlərin yayılmasından, həmçinin müəyyən dairələrin COP29-u boykot etməsindən təəssüflənləndiyini deyib və fikrini belə tamamlayıb: «Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!»
Sammitdə çıxış edən BMT-nin baş katibi Antoniu Quterreş isə Azərbaycanın səylərinə dəstəyini ifadə edib: «Prezidentlər bizim əməkdaşlığa etibar edə bilərlər. Həqiqətən də, sizin səyiniz nəticəsində uğurlu bir COP-a imza atacağıq». Baş katib bildirib ki, indi üç prioritetə köklənməyin, həmin istiqamətlərdə işləməyin vaxtıdır. Birincisi, qlobal temperaturun azaldılması və 2,5 Selsiyə çatdırılması üçün qlobal emissiya hər il 9 faiz azalmalıdır. O, 2030-cu ilə qədər 2019-cu illə müqayisədə 43 faiz azalmalıdır. «İkincisi, siz öz xalqlarınızı, insanlarınızı iqlim dəyişmələrinin və iqlim böhranlarının fəsadlarından müdafiə etməlisiniz. Eyni zamanda adaptasiya ehtiyacları ilə maliyyə arasında olan boşluq 2030-cu ilədək milyardlarla dollara bərabər və ya 300 milyarddan yuxarı olacaq. İnkişaf etmiş ölkələr 2025-ci ilədək adaptasiya ehtiyaclarının ödənilməsi üçün maliyyələşmə səviyyəsini ən azı ildə 40 milyard dollara çatdırmaq üçün tələsməlidirlər», - deyə o, qeyd edib. Üçüncü prioritet maliyyədir: «COP29 iqlimin maliyyələşdirilməsi yolundakı bütün maneələri aradan qaldırmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını əliboş tərk etməməlidirlər. Razılaşma vacibdir. Bizim indiki dövrə uyğun yeni maliyyə hədəfimiz olmalıdır».
Sammitin vacib tərkib hissəsi
Azərbaycan Prezidenti COP29 çərçivəsində sammitdə iştirak edən dövlətlərin birinci şəxslərilə onlarla ikitərəfli görüş keçirib. Onların arasında Finlandiya, Çexiya, Polşa, Pakistan, Türkiyə, İspaniya, Böyük Britaniya, Bolqarıstan, Macarıstan, Albaniya, İordaniya, Belarus liderləri, Avropa İttifaqının, Avropa Yenidənqurma və İnkişaf Bankının, FİFA və bir sıra digər qurumların rəhbərləri var.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşdə Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. İqlim dəyişiklikləri mövzusunun Aİ-nin gündəliyində də prioritet, vacib məsələlərdən biri olduğunu deyən Mişel bildirib ki, o, COP29-da iqlim dəyişiklikləri ilə bağlı vacib qərarların qəbul olunacağına ümid edir. İlham Əliyev isə öz növbəsində, Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasındakı danışıqlar prosesindəki rolunu yüksək qiymətləndirib, iki ölkə arasında danışıqlar prosesinin strukturunun, həmçinin vacib istiqamətlər üzrə gündəliyin məhz onun vasitəçiliyi dövründə formalaşdığını vurğulayıb.
BMT-nin baş katibi Antoniu Quterreş ilə görüşdə isə dövlət başçısı İlham Əliyev bildirib ki, Azərbaycan müxtəlif dövlətlər arasında konsensusa nail olunması, həmrəyliyin təmini istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Görüşdə qlobal iqlim dəyişiklikləri mövzusunun əhəmiyyəti vurğulanıb, bildirilib ki, o, «Gələcəyin sammiti» və BMT sənədlərində xüsusi prioritetlər sırasındadır. Quterreş isə BMT-nin Azərbaycanın sammitə uğurla sədrlik etməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu söyləyib.
İlham Əliyev COP29 çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşüb. Bakını sammitin uğurlu təşkilinə görə təbrik edən Ərdoğan deyib ki, belə qısa müddətdə bu qədər miqyaslı tədbirə hazırlığın görülməsi yüksək qiymətləndirilməlidir. İlham Əliyev isə forumun keçirildiyi məkanın 8 aya hazırlandığını, bu zaman yüksək ekoloji standartlara, dayanıqlılıq prinsiplərinə əsaslanıldığını bildirib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri haqda da fikir mübadiləsi aparılıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Prezident İlham Əliyev ilə görüşündə Azərbaycanı COP29-un keçirilməsi və bu sammitə sədrliyi münasibətilə təbrik edib. İqlim dəyişikliyi məsələsinin Böyük Britaniya üçün vacib, prioritet mövzulardan olduğunu deyən Starmer bildirib ki, Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizəsi tərifəlayiqdir. İlham Əliyev isə danışıqlar prosesində artıq irəliləyişlərin olduğunu vurğulayıb, bu kontekstdə Paris İqlim sazişinin 6-cı maddəsi üzrə əldə olunmuş irəliləyişi müsbət addım kimi qiymətləndirib.
Azərbaycan, Qazaxıstan və Özbəkistan liderlərinin üçtərəfli görüşü isə vacib nəticə ilə bitib. Prezidentlər «Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»i imzalayıblar. Daha sonra üç liderin iştirakı ilə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında «Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə İcra Proqramı» imzalanıb.
Azərbaycanla Özbəkistan prezidentləri arasında ayrılıqda keçirilmiş görüş də maraqlı nəticə ilə yadda qalıb. Onların iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi olub. Fabrikin inşası iki ölkə prezidentlərinin Azərbaycanla Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşməsinə yönəlmiş tapşırığı ilə həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manatdır. O, həm yerli, həm də Özbəkistan xammalı ilə işləyəcək. Fabrikdə istehsal olunacaq məhsulun 80%-i müxtəlif ölkələrə ixrac ediləcək, bu isə regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək. 1,2 hektar ərazisi olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulu buraxılacaq. Orada işğaldan azad edilmiş rayonlara qayıtmış və ətrafdakı rayonlarda yaşayan insanların işə düzəlməsinə xüsusi diqqət ayrılıb.
Azərbaycan və Bolqarıstan prezidentləri İlham Əliyev ilə Rumen Radevin görüşünün sonunda isə «SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi» imzalanıb.
Noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Onun işində həmin dövlətlərin liderləri iştirak və çıxış ediblər. Çıxışlarda günümüzün aktual məsələləri qaldırılıb, xüsusilə müstəmləkəçi keçmişə malik inkişaf etmiş ölkələr kiçik ada dövlətlərinə yardımlar göstərməyə çağrılıb.
«Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir», - deyə Prezident İlham Əliyev bu toplantıdakı çıxışında bildirib. O, Azərbaycanın təbii fəlakətlərdən, qaçırğalardan, zəlzələlərdən, daşqınlardan əziyyət çəkən kiçik ada dövlətlərinə ciddi dəstək göstərdiyini deyib, onların ərzaq təhlükəsizliyinin təmini, mədəni irsinin qorunmasına da köməklik etdiyini vurğulayıb. Məsələn, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə 80-dən artıq dövlətə, o cümlədən 20 kiçik ada dövlətinə yardım göstərib.
İlham Əliyev, eyni zamanda deyib ki, bu gün Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Bu ərazilərin iqlim dəyişikliklərinin fəsadlarını daha çox hiss etdiklərini vurğulayan dövlət başçısı fikrini belə davam etdirib: «Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur».
COP29-un Yaşıl zonasında (Mavi zonada sessiyalar və rəsmi danışıqlar keçirilir) iqlim dəyişikliklərilə bağlı müxtəlif sərgilər, seminarlar və mədəniyyət tədbirləri təşkil olunur. Bu mənada medianın diqqətini çəkən tədbirlərdən biri COP29-da iştirak etmək üçün Bakıya gəlmiş birinci xanımların və BMT qurumlarının yüksək rütbəli nümayəndələrinin də qatıldığı «Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində» adlı konfrans olub. Konfransda Özbəkistan, Qırğızıstan və Türkiyənin birinci xanımları çıxış ediblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə öz çıxışında bildirib ki, o, COP29 çərçivəsində gənc nəsillərin əməkdaşlığı, təcrübə mübadiləsi, birgə layihələrlə çıxış etməsinə imkan verəcək platformanın yaradılacağına ümidlidir. «Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik. Biz, həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər «xalis sıfır atılmalar zonası»nın yaradılmasına diqqət yetiririk. Əsasən Günəş və külək enerjisi layihələri ilə bağlı artıq fəal iş aparılır. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir», - deyə Mehriban Əliyeva qeyd edib.
Daha sonra konfransda 2024-2030-cu illər üçün nəzərdə tutulan «Mədəni inkişafın təşviqi və uşaqların, gənclərin iqlim gündəliyinə cəlb edilməsi üzrə Beynəlxalq Strategiya»nın imzalanması mərasimi olub.
Bakının əks-sədası
Dünyanın aparıcı media orqanları Bakıda keçirilən COP29-u geniş şəkildə işıqlandırmaqdadır. Məsələn, «Financial Times» sammitin artıq birinci gücü böyük nailiyyətin əldə edildiyinə diqqət çəkib. Söhbət karbon kreditlərinin yaradılması üçün standartlar üzrə konsensusa nail olmaqdan gedir. «COP29 iqlim sammitində BMT-nin tullantılar qaydaları ilə tənzimlənən çoxmilyardlıq karbon bazarlarının işə salınması razılaşdırılıb. Ötən həftə Donald Trampın ABŞ Prezidenti seçilməsinə baxmayaraq, ölkələr iqlim dəyişiklikləri ilə mübarizənin gələcəkdə də davam etdiriləcəyini göstərməyə çalışırlar. İlk danışıqlarda uğur qazanılması COP29-u karbona həssas ticarət alətləri üçün qlobal bazarlarda qaydalar qəbul etməyə sövq etdi.
Karbon tullantıları ilə ticarət başqa maliyyələşdirmə formalarına dair sərt danışıqların astanasında COP29-a ev sahibliyi edən Azərbaycanın qələbəsi olacaq. Bu, atmosferi ən çox çirkləndirən ölkələrin tullantıların həcmini azalmasına və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinin nəticələrinə uyğunlaşması üçün tələb edilən vəsaitin bir hissəsinin yığılmasına kömək edəcək».
«Bloomberg» isə yazır ki, iqlim danışıqlarının iştirakçıları irəliləyişə nail olaraq, BMT-nin idarə edəcəyi qlobal karbon bazarının qaydalarını razılaşdırıblar. Məqalədə deyilir: «Bu razılaşmanın tərəfdarları iddia edirlər ki, yeni bazar tullantı ticarəti üçün «qızıl standart» olacaq, inkişaf etməkdə olan dünyada tullantıların azaldılmasına dair layrhələrin maliyyələşdirilməsi üçün milyardlarla dollar qazandıracaq. Xüsusilə zəngin dövlətlərdən olacaq alıcılar çirkələnmənin azaldılmasına yönəldilmiş layihələrdən kredit əldə edərək, iqlimlə bağlı hədəflərinə çata bilərlər».
«Reuters» Bakıdan xəbər verir ki, qlobal karbon bazarlarını dəstəkləyən işçi qrup – Beynəlxalq Tullantı Ticarəti Assosiasiyasında BMT-nin dəstəklədiyi bazarda 2030-cu ilədək ticarətin ümumi həcminin 250 milyard dollar təşkil edə biləcəyini deyirlər. Qurumda hesab edirlər ki, bu, hər il karbon istehsalını 5 milyard metrik ton azalda bilər.
«The Guardian» isə COP29-un prezidenti Muxtar Babayevin bu vacib razılaşma ilə bağlı məqaləsindəki fikirlərinə yer verib: «Biz bu müsbət məqamı alqışlayırıq. Bu, Bakıda bizim bütün müzakirələrimizin uğurlu olması üçün kompromis ruhudur».
Bakıda keçirilən COP29 konfransı bəşəriyyətin ən aktual problemlərindən olan iqlim dəyişikliyi ilə bağlı effektiv, ədalətləi qərarların qəbulu üçün yeni imkanlar açır. Bu forum iqlim öhdəliklərinin yerinə yetirilməsində, həmçinin insanların və təbiətin daha harmonik, dayanıqlı olmaçı üçün yolların axtarılmasında vacib mərhələyə çevrilə bilər.
MƏSLƏHƏT GÖR: