14 Mart 2025

Cümə, 22:35

ƏSAS MƏSƏLƏ - PROQRAMI TƏSDİQ ETMƏKDİR

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin “R+”a müsahibəsi

Müəllif:

16.07.2013

Azərbaycan artıq rəsmən I Avropa Olimpiya Oyunlarının hazırlıq işlərinə start verib. İdman növləri dəqiqləşəndən sonra yarışların keçiriləcəyi məkanlar və qonaqların yerləşdirilməsi məsələsi öz həllini tapıb. İlk dəfə baş tutacaq turnirdə təhlükəsizlik və nəqliyyat məsələləri də yaddan çıxmayıb.

Hazırda bütün bu məsələlər ətrafında Avropa Olimpiya Komitəsi ilə danışıqlar gedir. Bəzi idman növlərinin yarış qaydaları və idmançıların seçim prosedurları da müzakirə olunan məsələlər sırasındadır. Azərbaycan Milli Olimpiya Komitəsi bəzi idman növləri üzrə 2016-cı ildə Rio de Janeyroda baş tutacaq Olimpiadaya lisenziya verilməsini təklif edib. Hazırda bu məsələ Beynəlxalq Olimpiya Komitəsi  ilə dəqiqləşdirilir.

Avropa oyunlarına hazırlığın gedişatı ilə bağlı suallarımızı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə cavablandırıb.

- Avropa Oyunlarının proqramı nə vaxt təsdiqlənəcək?

- Mötəbər yarışın proqramı bütövlükdə dəqiqləşib. Sadəcə, bəzi federasiyalarla son danışıqlar aparılır. Bildiyiniz kimi, beynəlxalq qurumlar öz fəaliyyət planını bir neçə il əvvəldən tərtib edir. Ona görə Avropa Olimpiya Oyunlarının keçirilməsi onlar üçün sürpriz oldu. Təqvimdə yer tapmaq bir qədər çətinlik yaratdı. Bu mənada artıq irəliləyiş var. Əvvəl bəzi federasiyalar oyunlarda iştirak edə bilməyəcəyini söyləyirdi. Amma sonradan fikirlərindən daşındılar. Hazırda bir neçə beynəlxalq federasiya bu və ya digər idman növünün Avropa Olimpiya Oyunlarına daxil edilməsi üçün bizdən razılıq gözləyir.

- Avropa Oyunları və Yay Olimpiya Oyunları. Bu yarışlar bir-birindən nə ilə fərqlənəcək?

- Hər iki yarış oxşar olduğu qədər həm də fərqlidir. Avropa oyunlarında reqlament və iştirakçı sayı kəskin şəkildə fərqlənəcək. Bəzi idman növlərində qaliblər Yay Olimpiya Oyunlarına lisenziya qazana biləcək. Bütövlükdə Avropa oyunları qitənin ən güclü idmançılarını bir yerə toplayacaq. Burda Avropa ən güclülərini müəyyənləşdirəcək.

- İdman növlərinin sayı nə vaxt dəqiqləşəcək?

- Yaxın aylarda artıq bu məsələ həll olunmalıdır. İndidən söyləmək olar ki, turnirdə həndbol, futbol, basketbol, su idman növləri və yüngül atletika təmsil olunacaq. Futbolda söhbət çimərlik futbolundan gedir. Basketbolda 3x3 qaydası tətbiq olunacaq (hər komandada 3 nəfər çıxış edir). Üzgüçülükdə, yəqin ki, gənclər arasında mübarizə olacaq. Payızın ilk ayında bütün suallar həll olunacaq.

- Yay Olimpiya Oyunlarında iştirakçılar lisenziyaya əsasən seçilir. Bəs, Avropa oyunlarında seçim necə olacaq?

- Bu məsələ idman növlərinin federasiyalarından asılıdır. Ya oyunlara istənilən idmançını dəvət etmək olar, ya da seçmə turnirlər əsasında iştirakçıları müəyyənləşdirmək mümkündür. Bəzi federasiyalar Avropa oyunlarına qitə birinciliyi statusu vermək istəyir. Məsələn, dzü-do və güləşdə turnir həm də Avropa Çempionatı sayıla bilər. Digərləri oyunların lisenziya xarakteri daşımasını təklif edir. Yəni qalib idmançılar 2016-cı ildə Yay Olimpiya Oyunlarına vəsiqə qazansın. Müzakirələr bütün istiqamətlərdə davam edir. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi, təxminən, yeddi ay əvvəl təsdiqləndi. Bu vaxt ərzində çoxlu sayda məsələ öz həllini tapdı. Digər işləri qaydasına salmaq üçün müəyyən müddət lazımdır. Əsas məsələ Avropa oyunlarının proqramının tərtib olunmasıdır. Proqram bizə ona görə lazım idi ki, yarışların keçiriləcəyi məkanları hazır edək. 

- Tikiləcək arenalar nə vaxta hazır olacaq?

- Biz planlaşdırmışıq ki, 2015-ci ilin əvvəlinə qədər hər şey hazır olsun. Avropa Olimpiya Oyunları Bakıda keçirilməsəydi belə nəzərdə tutulan arenaların çoxu tikiləcəkdi. Olimpiya stadionu, Gimnastika Mərkəzi, su idman növləri sarayı istənilən halda inşa olunacaqdı. Çünki MOK və AGİN bu arenalara ehtiyac görürdü. Sadəcə olaraq, onların inşası bu yarışla üst-üstə düşdü. Eyni zamanda Avropa Olimpiya Oyunları üçün müvəqqəti xarakter daşıyan komplekslər də olacaq. Ona görə hazırda Bakıya gələcək idmançı və rəsmi şəxslərin sayı dəqiqləşdirilməlidir. Olimpiya kəndi konkret olaraq dəqiq sayla hazırlanır. Biz bilməliyik ki, həmin məkanda neçə nəfər yaşayacaq.

- Oyunların lisenziya xarakteri daşıması turnirə marağı artıracaq, idmançılar daha səylə hazırlaşacaqlar...

- Düzdür, lisenziya xarakterli olsa, turnirin önəmi artacaq. Yüngül atletika və üzgüçülükdə normativləri yerinə yetirmək lazım olacaq. Bu halda idmançı Rio De Janeyroya vəsiqə qazana bilər. Avropada isə seçim reytinq xalları ilə ola bilər. Dzü-doda, adətən, reytinq xalları toplanır və sonda Yay Olimpiya Oyunlarına lisenziya verilir. Yəni dzü-doçularımız uğurlu çıxış etməklə lisenziya xallarını artıra bilər.

- Hansı idman növlərində müvəqqəti idman qurğuları düzəldiləcək...

- Avropa Olimpiya Komitəsi maraqlıdır ki, istifadə ediləcək obyektlərin yarısı müvəqqəti düzəldilsin. Sonradan boş qalmaması üçün. Çimərlik voleybolu, su polosu və bir sıra idman növləri üçün hazırlanacaq obyektlər sonradan söküləcək. Su idman növləri sarayında su polosu üzrə yarışları keçirmək mümkün olmayacaq. Çünki su polosu uzun müddət davam edir. Həmin günlərdə isə sarayda başqa növlər üzrə yarışlar olacaq. Su polosu üçün xüsusi hovuz hazırlanacaq. Lazım olacağı təqdirdə, hovuzu yarışdan sonra başqa yerə köçürmək olar. Ölkənin elə yerləri var ki, orada hovuza böyük ehtiyac var. Artıq bütün müvəqqəti obyektlərin yerləri də dəqiqləşdirilib.

- İştirakçıların sayı nə vaxt dəqiqləşəcək?

- İlin sonuna qədər bütün məsələlər həllini tapacaq. İdman növləri dəqiqləşən kimi qitə federasiyalarıyla görüşümüz olacaq. Orada seçim və yarışla bağlı müzakirələr aparılacaq. Noyabrda Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısı keçiriləcək. O vaxta qədər bu məsələlər həllini tapmalıdır. Çünki həmin mərasimdə I Avropa Olimpiya Oyunlarıyla bağlı hesabat xarakterli çıxışımız ola bilər. Azərbaycan artıq mötəbər yarışın keçirilməsi istiqamətində əməli işə başlayıb. Məqsəd Avropa Olimpiya Oyunlarını yüksək səviyyədə keçirməkdir. İnanıram ki, biz yenidən Avropanı təəccübləndirə biləcəyik.


MƏSLƏHƏT GÖR:

678