15 Mart 2025

Şənbə, 00:38

Məmmədyarov iddiaçılar turnirinin bir addımlığında

Şahmatçımız Pekin Qran-prisinin qalibi oldu

Müəllif:

23.07.2013

Son aylar inamlı oyun göstərən Şəhriyar Məmmədyarov dünya şahmatçılarının FİDE reytinq cədvəlində irəliləməkdə davam edir. Sürətli şahmat üzrə dünya çempionatında qızıl medal qazanan həmyerlimizin növbəti uğuru Çində qeydə alındı. Şəhriyar Çinin paytaxtı Pekində keçirilən kişilər arasında Qran-pri silsiləsinin beşinci mərhələsini qalib kimi başa vurdu.

Şahmatçımız dünyanın 12 güclü beynəlxalq qrossmeysterinin iştirak etdiyi turnirdə 7 xal toplamaqla həmkarlarını arxada qoydu. 11 turdan sonra Şəhriyar Məmmədyarov 7 xal topladı. Bu isə şahmatçımızın Qran-prinin 5-ci mərhələsində vacib reytinq xallar qazanması demək idi. Pekindəki qələbə sayəsində Şəhriyar 170 xal qazandı və yekun cədvəldə 2-ci mövqedə qərarlaşdı.

Bu arada onun dünya çempionluğuna iddiaçıların turnirinə yollanması Parisdə baş tutacaq son mərhələdən sonra təsdiqlənə bilər. Şəhriyar Fransadakı yarışda iştirak etməyəcək. Çünki FİDE qaydalarına əsasən, şahmatçı Qran-prinin 6 mərhələsindən yalnız 4-də mübarizə apara bilər. Məmmədyarov artıq limitini başa vurub. Parisdə əsas mübarizə Aleksandr Qrişukla Fabiano Karuana arasında olacaq. Məhz bu iki şahmatçı Şəhriyarın topladığı 390 xala çata bilər. Qran-pri reytinqində ilk pilləni bolqar Veselin Topalov tutur.

Praktika göstərir ki, Şəhriyar uğur zolağına düşəndən sonra, qələbə seriyasını davam etdirən idmançılara aiddir. Son aylardakı uğurlu çıxışını nəzərə alaraq, onun ilin sonundakı turnirlərdə də yaxşı oyun göstərəcəyini söyləmək olar. Xantı-Mansiyskdəki dünya çempionatında qələbədən sonra Mixail Talın xatirə turnirində ilk üçlüyə daxil olan şahmatçı ardınca Cenevrədki yarışın qalibi oldu. Pekində isə Şəhriyar yüksək ustalıq nümayiş etdirməklə, rəqiblərinə nəfəs almağa imkan vermədi. Qazanılan 5 qələbə onun hər görüşə maksimum nəticə əldə etmək həvəsiylə çıxdığını göstərir. Hətta məğlub olduğu partiyalarda belə Məmmədyarov təəssüflənməyib, əksinə, növbəti gün daha yaxşı oyun nümayiş etdirib. Son tur ərəfəsində Aleksandr Morozeviçə məğlub olan Şəhriyarın acazıq bəxti də gətirdi. Onun ən yaxın izləyicisi Aleksandr Qrişukun Boris Gelfanda uduzması həmyerlimizin liderliyini qorudu. Son turda Gelfanda qarşı oynayan Məmmədyarov müdafiə taktikası seçsə də, hücum etməyi də unutmurdu. Nəticədə, fiqurların düzülüşü baxımından üstünlüyə malik Şəhriyar 29-cu gedişdə Gelfanda heç-heçə təklif edərək istəyinə nail oldu. Qazanılan yarım xal Məmmədyarovu Pekin turnirinin qalibi etdi.

Pekin Qran-prisindəki çıxışı barədə danışan Şəhriyar Məmmədyarov iddiaçılar turnirinə vəsiqə almaq şanslarını dəyərləndirdi: "Pekin Qran-prisinə xüsusi hazırlaşmışdım. Fikrimcə, daha yaxşı çıxış edə bilərdim. Yəni qələbələrimin sayı çıx ola bilərdi. Amma belə güclü şahmatçıların yarışdığı turnirdə 5 qələbə böyük nəticə hesab edilir. Məqsədim xal ehti-yatımı artırmaq və iddiaçıların turnirinə vəsiqə qazanmaq idi. Hazırkı vəziyyətdə 2-ci pillədəyəm. Amma Qrişukla Karuananın məni qabaqlamaq imkanı var".

Bu arada Qran-prinin sponsorlarından olan rusiyalı biznesmen Oleq Skvortsov maraqlı təkliflə çıxış edib. O, Qran-prinin son mərhələsini təxirə salmağı, əvəzində Məmmədyarov, Qrişuk və Karuana arasında kiçik turnir keçirmək təklifini irəli sürüb. Skvortsov fikrini belə izah edib: Qran-prinin qalan mərhələsi indiki halda heç bir əhəmiyyət daşımır. Namizədlərin oyununa vəsiqə isə şahmat dünyasına daha çox maraqlı olacaq. Belə matç keçirilsə, FİDE-yə hazırda 2-ci mövqedə olan Şəhriyar Məmmədyarova iştirak etməyi təklif edərdim. Turnirin harda keçirilməsindən asılı olmayaraq, Şəhriyar təşkilatçıları təmsil etsin. 3 şahmatçının iştirakıyla kiçik turnir təşkil etmək olar. Və ya Qrişukla Karuana yarışsın. İstənilən halda Şəhriyarın iddiaçıların turnirində iştirakı düzgün qərar olar."

İş adamı turnirin Çində keçirilən 5-ci mərhələsinin qalibi olan Şəhriyar Məmmədyarovun iddiaçıların turnirinə vəsiqə verən turnirə qatılmasını istəyir: "Əgər Məmmədyarova wild-card verilməsi mümkün olmasa, onda ehtiyat variant kimi bunu təklif etmək olar: Şəhriyar, Aleksandr Qrişuk və Fabian Karuan arasında matç-turnir keçirilsin. Bu, Məmmədyarov üçün də məna kəsb edir. Axı ya Qrişuk, ya da Karuanın Qran-prinin həlledici mərhələsində 1-ci yeri tutmaq şansı yetərincə çoxdur. Bunda digər iştirakçıların iddialarının tam olmadığını nəzərə almalıyıq".

Hələliksə, Şəhriyar Məmmədyarov 45 günlük səfərdən sonra doğma Azərbaycana qayıdır. Bir müddət istirahətdən sonra şahmatçını növbəti yarışlar gözləyir. Qrossmeyster oktyabrda SOCAR klubunun heyətində Avropa Kuboku, noyabrda isə yığmayla birlikdə Avropa çempionluğu uğrunda mübarizə aparacaq. İddiaçılar turnirində iştirakçıların adları isə ilin sonunda dəqiqləşəcək.


MƏSLƏHƏT GÖR:

618