
YAXŞI Kİ "QARABAĞ" VAR
Ağdamı təmsil edən klub Azərbaycan komandalarının avrokuboklarda uğursuz çıxışını unutdurdu
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Ötən həftə 4 futbol klubumuz avrokuboklarda meydana çıxsa da, onlardan üçü ümidləri doğrultmadı. "Neftçi"nin Albaniyada, "Xəzər-Lənkəran"la "İnter"in doğma meydanda məğlubiyyəti azarkeşlərimizin halını korladı. Xüsusilə cənubluların evdə acınacaqlı rəzaləti Azərbaycan futbolu üçün qanqaraldıcı məqam kimi yadda qaldı.
Lənkəranda rəzalət
İsraildə Hayfa şəhərinin təmsilçisi "Makkabi"yə 0-2 hesabıyla uduzan "Xəzər-Lənkəran"dan doğma meydanda ləyaqətli oyun gözləyirdik. Düzünü desəm, heç kim cənubluların bu mərhələni keçəcəyinə inanmırdı. Sadəcə komandadan mübariz oyun tələb olunurdu. Amma Con Toşakın komandası Lənkəranda "açıq qapılar günü" elan etdi. İlk 13 dəqiqəyə qapısından 3 qol buraxanda futbol "faciə"sinin yaxınlaşdığı hiss olundu. "Makkabi" futbolçuları matç ərzində meydanda istədiklərini elədi. Toni Doblasın qapısına istənilən məsafədən zərbə endirildi, istənilən zövqlü qol vuruldu. Lakin "Xəzər-Lənkəran"da rəqibə layiqli cavab verən futbolçu olmadı. "Makkabi" futbolçuları "Xəzər-Lənkəran"la sanki məşqdə olduqları kimi rəftar etdi, onların məhəllə komandasından fərqlənmədiyini göstərdi. 90 dəqiqə ərzində "Xəzər-Lənkəran"a 8 cavabsız qol vuruldu. Maraqlıdır ki, "Qafqazın Çelsi"si adlandırılan komandanın heyətində cəmi 4 azərbaycanlı futbolçu meydana çıxdı. Legionerlər bizimkilərdən də zəif oynadı. Əgər Toni Doblas 45 dəqiqəyə 6 top buraxırsa, nəyə görə onu komandada saxlayırıq. Radomir Todorov, Adrian Skarlatake, Zohair Benuahi, Adrian Pit, Marin Orsuliç və Junior Nildo hansı əməyinə görə yüz minlərlə məvacib alır. Bu futbolçular sadiq Lənkəran azarkeşlərinin əsəbləriylə oynadı və sübut etdi ki, futbol oynamırlar.
Oyundan sonra baş məşqçi Con Toşak istefa versə də, rəhbərlik onun işini davam etdirməsini istəyib. Komandamızın bir həftə öncə səfər meydanında 0:2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşlərimizin qarşısında böyük hesabla məğlub olması bəzi futbolçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klubdaxili ab-havanı pozduqları müəyyən olunub. Bunu əsas götürən "Xəzər-Lənkəran" 4 futbolçunu əsas komandadan göndərib. Belə ki, braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblas əsas komandadan uzaqlaşdırılıb. Göndərilən digər futbolçular isə yarımmüdafiəçilər - xorvatiyalı Marin Orsuliç və rumıniyalı Adrian Pitdir.
Maraqlıdır ki, Azərbaycan klublarının avrokuboklarda iştirak tarixinə çoxlu böyükhesablı məğlubiyyətlər düşsə də, evdə 0-8 heç vaxt qeydə alınmayıb. Ümumiyyətlə, sonuncu belə böyükhesablı məğlubiyyətin üstündən 16 il keçib. İndiyə qədər bu müsibəti "Neftçi" ("Vidzev"ə evdə 0-2, səfərdə 0-8) və "Qarabağ" ("Kopenhagen"ə səfərdə 0-6, evdə 0-4) da yaşayıb.
"Neftçi" uduzdu, Böyükağa Hacıyev istefa verdi
Artıq bir neçə gündür Albaniyada bayram yaşanır. 80 minlik əhalisi olan Korça şəhəri "Neftçi" üzərində qələbəni qeyd edir. 210 dəqiqə ərzində (2 oyun, üstəlik, əlavə olunan 30 dəqiqə) "Şkenderbeu"nun qapısına yol tapa bilməyən "ağ-qaralardan" meydanda əsər-əlamət yox idi. Bakılılar meydanda çox arxayın görünürdü, rəqibə yuxarıdan aşağı baxırdı. Albanlar "Neftçi"nin zəif nöqtəsindən istifadə edərək növbəti mərhələyə adladı. "Şkenderbeu" qarşısında kollektiv, birlik nümayiş etdirən komanda görmədik. Rəhbərliyin hər dəfə bəh-bəhlə təriflədiyi oyun nizamı, hücum futbolu olmadı. Matç ərzində futbolçuların yorğunluğu da diqqətdən yayınmadı. Səfərdə əlavə vaxtda qapısında qol buraxan flaqman bununla Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandırdı. Qrup mərhələsinə düşmək istəyən komanda zəif "Şkenderbeu"ya uduzmaqla azarkeşlərin ümidini puç elədi. Məğlubiyyətə əsas səbəb baş məşqçinin yanlış taktika seçimi və futbolçuların oyuna ciddi yanaşmamasıdır. Səfərdə 4-5-1 taktiki sxeminə üstünlük verən Böyükağa Hacıyev hücuma daha böyük diqqət ayırmalıydı. Belə komandayla səfərdə 2 hücumçuyla oynamaq olardı. Amma Hacıyev bunu etmədi və nəticədə, yeganə forvard Platyeyə top çatmırdı. Futbolçu buna görə tez-tez top dalınca mərkəzə qayıdırdı. Halbuki bu işi yarımmüdafiəçilər görməliydi. Digər günahkar 90 dəqiqə dəqiq ötürmə verə bilməyən, topu hardan gəldi qapıya vuran futbolçulardır. Axı, məşqçi meydana çıxıb mübarizə apara bilmir. Bu işi oyunçular etməlidir. Albaniyadakı görüşdə "Neftçi"nin futbolçuları da zəif təsir bağışladı. Legionerlər səviyyələrindən aşağı çıxış etdilər.
"Neftçi"nin avrokuboklarla vidalaşması baş məşqçinin istefasıyla nəticələndi. Məşqçinin istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
"İnter"dən faydasız qələbə
"İnter" doğma azarkeşlər qarşısında "Tromse"dən revanş almağı bacarmadı. Bankirlər Norveçdə qapısından buraxdıqları 2 cavabsız topun əvəzini çıxmağa çalışsa da istəyinə nail olmadı. Kaxaber Sxadadzenin yetirmələri vəzifənin yalnız yarısının öhdəsindən gəldi. Baş məşqçinin oğlu Baçananın vurduğu top bakılılara minimal hesablı qələbə qazandırdı. Əslində, hələ səfərdə qapısından 2 qol buraxanda duelin böyük ölçüdə rəqibin xeyrinə həll olunduğu məlum oldu. Evdə 2 qol vurmaq istənilən komanda üçün real olsa da, "İnter"in hücum xəttində problemin olması inamı azaldırdı. Vaqif Cavadovun ideal formadan uzaq olması, 35 yaşlı Aleksandr İaşvilinin zəif oyunu "İnter"dən qol gözləyənləri uzun müddət intizarda saxladı. Faydasız qələbədən sonra "İnter" Avropa Liqasıyla vidalaşdı. Təmsilçimiz yalnız reytinq xalı qazandı.
Yenə "Qarabağ", yenə polşalılar
Nə yaxşı ki, "Qarabağ" klubu var, nə yaxşı ki Qurban Qurbanov var. Ağdam təmsilçisi, sözün əsl mənasında, azarkeşlərimizi sevindirən yeganə komanda olaraq qalır. Polşada kişi kimi mübarizə aparan futbolçularımız Avropa Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazandı.
Bakıda Polşanın "Piast" komandasına 2-1 hesabıyla qalib gələn "Qarabağ" səfərdə də sona qədər mübarizə apararaq Azərbaycan azarkeşinə sevinc bəxş etdi. Qurban Qurbanovun komandası erkən qol vurmaqla rəqibə şok yaşatdı. Amma hələ birinci hissədə polşalılar 2 qol vurdu. Bundan sonra "Piast"ın üçüncü qolu vurmaq üçün də şansları oldu. Bu məqamda rəqibin azarkeşləri təxribata da əl atdı. Onlar stadionda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını açmaqla futbolçulara təsir etməyə çalışdılar. Cavab matçı da ilk oyunda olduğunu 2-1 hesabıyla başa çatdığı üçün əlavə vaxt oynanıldı. Burada Qurban Qurbanov meydana yeni transfer Ulrix Kapolonqonu buraxdı. Məşqçinin dəyişikliyi 20 dəqiqə sonra özünü doğrultdu. Kapolonqo gözəl keçidlərdən sonra topu Polşa komandasının qapısına göndərdi. Bu qoldan sonra "Piast" azarkeşləri bayrağı yığışdırmağa məcbur oldu.
Bununla da, görüş 2-2 hesabıyla yekunlaşdı və "Qarabağ" 3-cü mərhələyə adladı. Növbəti rəqib İsveçin "Gefle" klubu olacaq.
MƏSLƏHƏT GÖR: