15 Mart 2025

Şənbə, 00:33

FOQTS DÖVRÜ BİTDİ

Tanınmış alman məşqçidən sonra futbol üzrə Azərbaycan millisinə kim rəhbərlik edəcək?

Müəllif:

06.08.2013

Ardıcıl altıncı il futbol üzrə Azərbaycan millisinə rəhbərlik edəcək Berti Foqts, deyəsən, artıq vətənə qayıtmaq barədə düşünür. Alman mediasına son müsahibələrində yerli məşqçilərlə münasibətlərinin korlandığını deyən veteran futbolçu ilin sonunda komandadan ayrılma ehtimalının çox olduğunu söyləyib. Almaniya yığmasının keçmiş çalışdırıcısı son müsahibəsində ölkəmizdəki işindən belə danışıb: "Azərbaycandakı klub məşqçiləri ilə münasibətlərim pisdir. Klubda çalışan həmkarlarımla son görüşüm zamanı onlar mənə iradlarını bildirdilər. Məni alman rəhmsizliyi ilə çalışmaqda ittiham etdilər. Bu səbəbdən, yığıncağı tərk etdim".

Buna qədər isə AFFA-nın baş katibi Elxan Məmmədov baş məşqçi Berti Foqtsla yeni müqavilə imzalanmayacağını bildirib. Onun sözlərinə görə ilin sonuna qədər 3 rəsmi oyun qalıb. Seçmə mərhələnin görüşləri başa çatandan sonra İcraiyyə Komitəsinin üzvləri baş məşqçi postuna yeni namizədləri müzakirə edəcək.

Foqts ilin sonunda başa çatacaq müqaviləsinin uzadılmamağının əsas səbəbi kimi günahı klubların uğur qazana bilməməsində görür. Çünki klublar qitə kuboklarında zəif çıxış edirlər: "İnsanlar televiziya ilə Çempionlar Liqasına baxır və orada oynamağın çətin olmadığını düşünür. Klublar uğursuz çıxış etdiyi halda, yığmada nəyəsə nail olmaq çətindir. Hazırda yalnız bir Azərbaycan klubu avrokuboklarda mübarizəni davam etdirir. Portuqaliya ilə qarşılaşmada 0:2 hesabı ilə uduzduğumuz üçün üzr istəməliyəm ki? Ümid edirəm ki, növbəti matçlarda da bundan böyük hesabla uduzmayacağıq. Gündəlik 1 saat məşq etməklə, heç nəyə nail olmaq mümkün deyil".  

AFFA artıq Foqtsun futbolumuza xeyri dəymədiyini anlayır və onu dəyişmək  barədə  düşünür. Almandan sonra yenidən milliyə əcnəbi gətirilməsi o qədər inandırıcı görünmür. Çünki indiyə qədər yığmaya rəhbərlik edən braziliyalı Karlos Alberto Torres və ya alman Berti Foqts ciddi nəticəylə yadda qalmayıb. Azərbaycanda kifayət qədər məşqçi olsa da onların hamısına namizəd kimi baxmaq mümkün deyil. Çünki əksəriyyət yığmada çalışıb və ona olan etimadı doğrultmayıb. Belədə Azərbaycan millisində baş məşqçi postuna ən real 3 namizədi sizlərə təqdim etmək qərarına gəldik.

 

Qurban Qurbanov - ən real namizəd

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisində baş məşqçi postuna ən real namizəd sayılır. Uzun müddət yığmanın lideri olan və millidə vurduğu qollarla hələ də bombardirliyi qoruyan veteran futbolçumuz hazırda Ağdam təmsilçisində çalışır. Onun layiqli namizəd olmasını bir neçə faktla sübut etmək olar. Məşqçilik karyerasına başlayan mövsüm "Neftçi" ilə Azərbaycan çempionatının gümüş medalını qazanan Qurban sonradan "Qarabağ"ın sükanı arxasına keçdi. Ağdamlıların heyətində ən böyük uğuru sözsüz ki, avrokuboklarda qələbələri sıralamasıdır. İlk dəfə məhz Qurbanovun rəhbərlik etdiyi "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə qədər irəlilədi və ilk mövsüm güclü "Tvente", sonra isə Dortmund "Borussiya"sına uduzdu. Onun rəhbərliyi altında "Qarabağ"da Maksim Medvedev, Əfran İsmayılov, Rauf Əliyev, Qara Qarayev kimi gənclər peşəkar futbolçuya çevrilib.

"Qarabağ"ın o qədər də çox olmayan büdcəylə uğur qazanmasında Qurban Qurbanovun rolu danılmazdı. Ağdamlıların sona qədər mübarizə aparması və məğlub vəziyyətdə belə təslim olmaması məşqçinin uğurlu taktika seçiminin bəhrəsidir. Qurban Qurbanovun millidə baş məşqçi olacağı təqdirdə, həm də "Qarabağ"da çalışması real görünür. Bu halda daha yaxşı olar ki, "Qarabağ" yığmanın baza klubu olsun. Millinin əsas oyunçuları məhz bu klubda cəmləşsin. 

 

Böyükağa Hacıyevlə milli hücum futbolu göstərər

"Neftçi"nin sabiq çalışdırıcısı hazırda işsizdir. Amma onun uzun müddət bekar qalacağı inandırıcı görünmür. Vaxtilə "Bakı"nı çempion edən Hacıyevin karyerasının ən yaxşı dövrü "Neftçi" ilə bağlıdır. Ardıcıl 2 mövsüm Azərbaycan çempionu olan Böyükağa Hacıyev ağ-qaralarla ölkə kubokunu da qazandı. Onu məşqçi kimi tanıdan isə Avropada yazılan tarix oldu. Zarafat deyil, Hacıyevin rəhbərliyi altında "Neftçi" çoxları üçün yuxu kimi görünən Avropa Liqasının qrup mərhələsinə adladı. Xaraktercə çılğın, sözü üzə deyən məşqçi jurnalistlərin sevimlisidir. Çünki onun hər açıqlamasında, hər müsahibəsində maraqlı fikirlərə rast gəlmək mümkündür. Hacıyev mütəxəssisin bilik və bacarığıyla yanaşı, cəsarətə də sahib olmasını vacib hesab edir. Onun gedişi də açıqlamasıyla əlaqədar oldu."Şkenderbeunu keçə bilməsək, istefa verəcəm", - deyən Böyükağa Hacıyev vədinə xilaf çıxmadı.

Məhz onun dövründə "Neftçi" "qorxaq" futboldan imtina etdi və hücum futbolu nümayiş etdirməyə başladı. Əvvəlcə Bahodir Nəsimov, sonra Nikolas Kanales çempionatın ən sərrast futbolçusu seçildi. Böyükağa Hacıyev komandasını rəqibdən çəkinməməyə və daim çox hücum etməyə çağırırdı. Heç kimə sirr deyil ki, "Neftçi" üçün "Xəzər-Lənkəran"la oyunlar xüsusilə önəmlidir. Medianın "böyük oyun" adlandırdığı görüşlər Hacıyevin dönəmində daha ajiotajlı oldu. Böyükağa Hacıyevin vaxtında "Neftçi" "Xəzər-Lənkəran" üzərində 5-0 hesablı tarixi qələbə qazandı. Fikrimizcə, Böyükağa Hacıyevli yığma tez bir zamanda simasını dəyişər. Komanda Foqtsun müdafiə futbolundan imtina edərək hücum futbolu göstərər.

 

Nazim Süleymanovla komanda sona qədər mübarizə aparacaq

Əslində, Nazim Süleymanov hazırda yığmada çalışır - Berti Foqtsun köməkçisi vəzifəsində. Süleymanov bütün MDB məkanında tanınan azsaylı istedadlı futbolçularımızdan olub. Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə "Alaniya" ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşüb. Bu unudulmaz futbolçunun karyerasında "Spartak" (Moskva) "Jemçujina" (Soci) kimi klubların da adı var. Süleymanov kiçik büdcəsi olan "AzAL" klubunda uğurla çalışdı və komandasının avrokuboklara vəsiqə almasına nail oldu. 2 ay əvvəl AFFA tələm-tələsik hərbçilərin futbol yığmasını yaratdı və Nazim Süleymanovu ora baş məşqçi təyin etdi. Komandaya cəmi 10 məşq keçən Süleymanov kollektivlə yaxşı münasibət yaratdı. Nəticədə komandamız hərbçilərin dünya çempionatında 4-cü yeri tutdu. Gözəl insani keyfiyyətlərə malik Nazim Süleymanov futbolçular arasında da böyük nüfuz sahibidir. Yığmaya rəhbərlik edəcəyi halda öz oyun üslubunu aşılayacağı və komandanın sona qədər mübarizə aparacağını gözləmək olar.

Əslində, Azərbaycan millisinə təyin olunmağa layiq məşqçilərimizin sayı çoxdur. Sadəcə bəzilərinin federasiya ilə "soyuq" münasibətinin olması, bəzilərinin vaxtilə yığmada heç bir nəticəyə nail olmamasını nəzərə alaraq onların adını siyahıya daxil etmədik.  Qeyd edək ki, Berti Foqtsun müqaviləsi dekabrın 30-da başa çatır. Yeni məşqçi yanvarda öz işinə başlamalıdır.


MƏSLƏHƏT GÖR:

590