15 Mart 2025

Şənbə, 00:37

"ALMAN MAŞINI" "QARABAĞ"I DAYANDIRDI

Ev oyununda "Ayntraxt"a uduzan Ağdam klubu, Avropa Liqasının qrup mərhələsinə çıxmaq şanslarını itirib

Müəllif:

27.08.2013

Son 5 ildə 3-cü dəfə Avropa Liqasının pley-off mərhələsinə çıxan "Qarabağ"ın Bakıda "Ayntraxt"la görüşdə sürpriz etməyə imkanı olmadı. 30 mindən çox azarkeşin gözü önündə Ağdam klubu nə qədər çalışsa da, məğlubiyyətdən qaça bilmədi. Cari mövsüm avrokuboklarda xalqımızı sevindirən yeganə komanda qrup mərhələsinin bir addımlığında uğursuzluğa düçar oldu.

Azarkeşlər ardıcıl 3 mərhələ keçən, 6 görüşdə məğlub olmayan Ağdam təmsilçisindən növbəti qəhrəmanlıq gözləməkdə haqlı idi. Amma "Qarabağ"ın qarşısında "Piast" və ya "Gefle"nin olmadığı, güclü Almaniya çempionatının təmsilçisi olduğu yaddan çıxmışdı. Etiraf edək ki, Qurban Qurbanovun komandasında həyəcan aşkar sezilirdi. Futbolçularımız sanki döyüş başlamamışdan qələbə qazana bilməyəcəklərini dərk etmişdilər.  Bir tərəfədən, güclü Bundesliqa klubu, digər tərəfdən isə alışmadığı 30 minlik azarkeş izdihamı Ağdam klubunu həyəcana saldı. Məhz bunun məntiqi nəticəsi olaraq, "Qarabağ" matçın startında öz oyununu tapa bilmədi. Bu gedişat 6-cı dəqiqədə qapımızdan buraxılan erkən qolla nəticələndi. Adi bir hücum zamanı müdafiəçilərin gözdən qaçırdığı Meyer dəqiq zərbə ilə toru silkələdi.

Ümumiyyətlə, ilk hissədə "Qarabağ" gözləniləndən aşağı səviyyədə çıxış etdi və fasiləyə qədər rəqib qapısına istiqamətlənən bir zərbə belə vura bilmədi.

Fasilədən sonra hiss olundu ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 15 dəqiqəlik fasilədən istifadə edərək, futbolçularını "silkələyə" bilib. "Qarabağ" fasilədən sonra daha ürəkli futbol oynadı.

Fasilədən sonra Ağdam klubu da təhlükəli hücumlar həyata keçirməyə başladı. Təxminən, 15-20 dəqiqəlik hissə oldu ki, "Qarabağ" "Ayntraxt"ı açıq-aşkar üstələdi. Topa nəzarəti ələ keçirən ağdamlılar rəqibi qapısı qarşısına sıxışdırdı. Bununla belə, ya son ötürmələrdə dəqiqlik çatışmır, ya da "Ayntraxt"ın müdafiəçiləri soyuqqanlı davranaraq, təhlükəni vaxtından əvvəl sovuşdururdu. Azarkeşlərin "Qarabağ"dan qol tələb etdiyi vaxtda stadiona gözlənilmədən sükut çökdü. Əks-hücum zamanı Maksim Medvedevi zərərsizləşdirən Meyer topu ustalıqla uzaq küncə göndərdi.

Bu qol "Qarabağ" futbolçularını "sındırmadı". Doğma meydançada heç olmasa, bir qol vurmağı hədəfləyən "Qarabağ" oyunun son dəqiqələrində yenidən irəli atıldı. Meydançaya sonradan daxil olan Vüqar Nadirov, az qala sükutu pozacaqdı. Ancaq onun qüvvətli zərbəsi qapı tirinə tuş gələrək, sevinməyimizə imkan vermədi. Belə olan halda, hakimin final fiti "Qarabağ"ın 0:2 hesabla məğlubiyyətini rəsmiləşdirdi.

Məğlubiyyətin səbəbi barədə danışarkən baş məşqçi Qurban Qurbanovun işində nöqsan olmadığı qeyd olunmalıdır. Çalışdırıcı çempionat oyunlarını da nəzərə alsaq çox gərgin qrafiklə işləyir. "Qarabağ" son həftələr 3 gündən bir meydana çıxır, özü də layiqli mübarizə sərgiləyir. Uduzmaqda başlıca səbəb rəqibin səviyyəcə bizdən güclü olmasıdır. Azərbaycan çempionatını Almaniya Bundesliqasıyla müqayisə etmək sadəcə gülüncdür. Rəqibin bütün futbolçularının toplam transfer qiyməti 75 milyon avro olduğu zaman, "Qarabağ" oyunçularının dəyəri 7 milyona bərabərdir. Ən əsası, futbolçuların fərdi ustalığını unutmaq olmaz. Bəziləri deyir ki, "Qarabağ" əvvəlki kimi yaxşı oynamadı. Amma əslində rəqib əvvəlki görüşlərdə olduğu kimi deyildi. Sürətli futbolu sevən alman futbolçularının ucaboylu olması, topla yüksək davranışı bizim şansları azaltdı.

Məğlub olsa da, "Qarabağ"a əzmkarlığa və döyüşkənliyə görə alqış düşür. Ağdam klubunun Avropa Liqasında builki çıxışı - "Metallurq", "Piats" və "Gefle" üzərindəki qələbələrə görə Qurban Qurbanova, eləcə də "Qarabağ"lı futbolçulara təşəkkür düşür!

Qurban Qurbanov oyunun nəticəsinə görə bildirib ki, komandanın ciddi səhvləri olmayıb. "Maksimum gücümüzü sərf etdik ki, azarkeşləri sevindirək. Ancaq düşünmək lazımdır ki, çox güclü komandaya qarşı oynayırdıq. Ən azından, belə komandaların Azərbaycana gəlməsi yaxşıdır. Bu da bizim üçün böyük təcrübədir. İlk dəqiqələrdən məsuliyyətsizlik etdik. Rəqib elə epizoddan qol vurdu ki, hansı ki, bunun üzərində çox çalışmışdıq. Təəssüf ki, uduzduq. Heç vaxt belə məyus olmamışdım. Azərbaycan çempionatı ilə Bundesliqanı yanaşı qoysaq, hər şey məlum olur. Onlar hər oyunu 60-70 min azarkeş qarşısında oynayır", - deyə "Qarabağ"ın məşqçisi bildirib.

"Ayntraxt"ın baş məşqçisi Armin Fe "Qarabağ"ın və azarkeşlərin ünvanına xoş sözlərini əsirgəmirdi. "Yaxşı hazırlıqlı komandaya qarşı oynadıq. "Qarabağ"ın da çoxlu qol imkanları oldu. Oyuna çox ciddi yanaşmışdıq. Tez qol vurmağımız işimizə yaradı. Cavab oyununda da hücumlara üstünlük verəcəyik. Rəşad Sadıqovun oyununa mane ola bildik. Onun yaxşı formada oyun göstərməsinə imkan vermədik. Azarkeşlər "Qarabağ"a çox yaxşı şəkildə dəstək verdilər. İkinci hissədə elə təəssürat yarandı ki, sanki meydançaya təyyarə enir", - deyə A.Fe bildirib.

Alman klubunun prezidenti Peter Fişer maraqlı açıqlamaları ilə yadda qaldı: "Bu mənim Azərbaycana artıq üçüncü səfərimdir. İlk dəfə 2006-cı ildə Bakıda olmuşam. Dünyanın bir çox ölkələrinə səyahət edirəm, amma qısa zaman ərzində bu qədər inkişaf edən, gözəlləşən şəhər görməmişəm. Bilirəm ki, "Qarabağ" Ağdam rayonunu təmsil edir. Əslində, bu qarşılaşma onların əsl ev oyunu olmalı idi. Yəni oyun Bakıda yox, Qarabağda keçirilməliydi. Amma Qarabağ erməni işğalı altındadır. Deməliyəm ki, bu, işğalçı bir siyasətin nəticəsidir. Bu siyasət rəqibimizə qarşılaşacağı komandanı öz evində qəbul etməyə imkan vermir. Təbii ki, bu, arzuolunmaz vəziyyətdir"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov isə məğlubiyyətin səbəblərini topa nəzarətin itirilməsində görür: "Biz topla oynayan komandayıq. Top olmadıqda oyunumuz alınmır. Rəqib güclü pressinq tətbiq etdi və topu özlərində saxlamaqla bizim oyun planımızı çökdürdü. "Ayntraxt" öz gücünü göstərdi. Etiraf etməliyik ki, səviyyə fərqi var. Onların çempionatı güclüdür".


MƏSLƏHƏT GÖR:

609