6 Fevral 2026

Cümə, 19:43

LAYİQLİ DAVAMÇILAR

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilyevanın "R+"a müsahibəsi

Müəllif:

10.09.2013

Ukraynanın paytaxtı Ki-yevdə planetin ən yaxşı gimnastlarının iştirak etdiyi Dünya Çempionatı başa çatdı. Ötən il Londonda keçirilən Yay Olimpiya Oyunlarından sonra hər komanda da olduğu kimi, Azərbaycan millisində də nəsildəyişmə baş verdi. Bu mənada Dünya Çempionatı komandamız üçün ciddi sınaq oldu. Birincilik bizim səkkiz idmançıdan yeddisi üçün ilk böyük turnir oldu. Amma buna baxmayaraq, zərif cinsin nümayəndələri ümidləri doğrultdu. Azərbaycan gimnastları nəinki favoritlərin kölgəsində qalması, əksinə, hətta yaxşı mənada onları təəccübləndirdi. Marina Durunda lentlə tapşırıqlarda beşinci pilləni tutdu və Lalə Yusifova ilə birgə çoxnövçülük üzrə yarışların finalına vəsiqə qazandı. Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Bağı-yeva, Səbinə Qaratova, Siyanə Vasilyeva və Aliyə Paşayevadan ibarət Azərbaycanın qrup komandası üç top və iki lentlə olan tapşırıqlarda altıncı nəticəni göstərərək, çoxnövlülük üzrə yarışlarda yeddinci oldu. Mötəbər yarışda medal qazana bilməsək də, yekun nəticələr gələcəyə nikbin baxmağa imkan verdi. Unutmaq olmaz ki, bu, yeniyetmə yaşından yenicə çıxan gimnastlarımız üçün ilk birincilikdir. İdmançılarımızın çoxnövçülük üzrə yarışlarda güclülər arasına çıxması faktı çox şeydən xəbər verir. Müqayisə üçün qeyd edək ki, ötən Dünya Çempionatında Azərbaycanı yalnız Aliyə Qarayeva çoxnövçülük üzrə yarışların finalında təmsil edib ki, bu da ona Olimpiadada iştirak üçün vəsiqə qazandırıb. Olimpiadaya seçim Kiyevdə keçirilsəydi, onda Durunda və Yusifova oyunlara vəsiqə qazanardı.

Azərbaycanın qrup komandası çoxnövçülük üzrə yarışlarda özünü çox yaxşı göstərdi. Komandamızın 7-ci yerə sahib çıxması böyük potensialdan xəbər verir. Turnir cədvəlində millimiz Olimpiadada iştirak edən Ukrayna, Yaponiya, Almaniya və Yunanıstan kollektivlərini qabaqlayıb. Bununla da həm qrup millimiz, həm də fərdi idmançılarımız ötən il on üçüncü olduqları Dünya Çempionatı ilə müqayisədə nəticələrini yaxşılaşdırıblar. Onlar üç top və iki lent üzrə tapşırıqlarda final mərhələsinə çıxıblar.

Milli komandanın Dünya Çempionatındakı çıxışı barədə yığmanın baş məşqçisi Mariana Vasilyeva öz fikirlari ilə "R+"la bölüşdü. Gənc qızların nəticələrindən razı qalan mütəxəssis onlara böyük ümid bəslədiyini gizlətmədi.

- Kiyevdəki mübarizə əksər gimnastlarımız üçün ilk belə böyük yarışma oldu. Yeniyetmə qızların çıxışı sizi razı saldımı?

- Gimnastlarımız Kiyevdə layiqli çıxış etdi. Olimpiya təsnifat mərhələsinin hələ başlanmadığını nəzərə alsaq, komandamız ümidləri doğrultdu. Əgər Ukraynada 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya oynanılsaydı, şübhəsiz, Durunda, Yusifova və qrup hərəkətləri üzrə yığmamız vəsiqə qazanacaqdı. Gərgin məşqlərdən sonra idmançılarımızın belə nəticələri bizi sevindirməyə bilməz. Qrup hərəkətləri üzrə yığmamıza gəlincə, çoxnövçülükdə 7-ci yeri tutmaq yaxşı göstərici sayılmalıdır. Çünki bu nəticəylə Olimpiadada iştirak edən bir sıra komandaları arxada qoydular. Üstəlik, 3 top və 2 lentlə çıxışda yarışın final mərhələsinə vəsiqə qazandılar. Fərdi kompozisiyalara gəlincə, Durunda və Yusifova çoxnövçülükdə finala adladı. Marina isə lentlə mübarizədə finala çıxdı və həlledici mərhələdə 5-ci yerə layiq görüldü.

- Əsas komandanın formalaşdırılması başa çatır, yoxsa bir müddət davam edəcək...

- Yeniyetmələrin yarışında çıxış edən Durunda və Yusifova indi böyüklərin mübarizəsində çalışır. Amma onlar başa düşür ki, gələn ildən rəqabər artacaq. Çünki perspektivli idmançılar arasında Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Ayşan Bayramova da onlara qoşulacaq. Güclü rəqabət qızların peşəkar inkişafına kömək olacaq. Qrup hərəkətləri üzrə komanda da yeni adlar əlavə olunacaq. Yeni ildən əsas və əvəzedici heyətimiz rəqabət aparacaq. Bu mənada hər iki komandanın rəqabəti əsas komandanın daha güclü şəkildə formalaşmasına yardım edəcək.

- Kiyevdəki Dünya Çempionatı zamanı hakimlərlə bağlı çoxlu sayda narazılıq oldu. Bəzi komandalar nəticələrə görə protest verdi. Hakimliklə bağlı fikrinizi bilmək maraqlı olardı?

- Bütün ölkələrin hakimlər briqadasında təmsilçisi yox idi. Bu mənada bu, ilk Dünya Çempionatı oldu. Təəssüf ki, bu hal Azərbaycana da aid oldu. Natalya Bulanova kimi beynəlxalq dərəcəli hakimimiz olsa belə, Dünya Çempionatında təmsilçimiz yox idi. İstənilən halda gimnastlarımız Monpelyedə keçirilən son mundialdakı nəticələri yaxşılaşdırdı. Beynəlxalq Federasiyanın hansı meyarlarla hakim seçməsi mənə məlum deyil. Bəzi ölkələrin 2-3 hakimi iş başında oldu, bəziləri isə ədalət təmsilçiləri arasında təmsil olunmadı.

- Ümumi qalibləri nəzərə alsaq, gözləntiləriniz doğruldu?

- Demək olar ki, layiq olan idmançılar qələbə qazandı. Nəticələr gimnastikanın inkişaf etdiyini və rəqabətin artdığını göstərdi. Bir sıra ölkələr gimnastikaya xüsusi yer ayırır. Ona görə qarşıdakı yarışların daha çətin olacağını söyləmək olar.

- Gimnastlara istirahət verəcəksiniz, yoxsa məşqlərdə fasilə olmayacaq...

- 10 gün istirahət olacaq. Sonra yenidən məşqlər bərpa olunacaq. Yeni ildən bir sıra vacib yarışlar var. Yeniyetmətlərdən ibarət qrup hərəkətləri üzrə komandayla çox işləməliyik. Son Dünya Çempionatı doğru yolda olduğumuzu göstərdi. Azərbaycan Gimnastika Federasiyası bütün idmançılara məşq üçün yüksək səviyyədə şərait yaradıb. Məhz belə şəraitin nəticəsində Azərbaycanda gimnastika inkişaf edir. Yaxın gələcəkdə gimnastlar üçün nəzərdə tutulan yeni arena istifadəyə veriləcək. Ölkədə gimnastikaya olan marağın artması müsbət haldı. Çoxlu sayda ailələr qızlarını idmanın bu növündə məşq keçməsini istəyir. Gələcəkdə gimnastlarımızın əldə edəcəyi uğur azarkeşləri daha çox sevindirəcək. Yeniyetmə gimnastlarımızın Dünya Çempionatı kimi mötəbər turnirdə belə gözəl çıxışı seçimin düzgün aparıldığını göstərir. Bu komandayla işləməyi davam etdirməliyik.



MƏSLƏHƏT GÖR:

806