
"MİN CAVANA DƏYƏN QOCA"
Elxan Məmmədov Azərbaycanın cüdo üzrə ilk dünya çempionu oldu
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Braziliyada keçirilən cüdo üzrə Dünya Çempionatında qazanılan nəticə Azərbaycan idman tarixinə qızıl hərflərlə yazıldı. Mundialda 8 idmançıyla çıxış edən millimiz 1 qızıl və 1 bürünc medal qazanmaqla yüksək nəticə göstərdi. Tatami ustalarımız komanda hesabında 7-ci olmaqla cüdoda yeni səhifənin açılmasına səbəb oldu.
Bu nəticə milli komandanın yeni baş məşqçisi Peter Zayzenbaherin ilk uğurudur.
2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarında cüdoçularımızın bir medal bela qazana bilməməsi baş məşqçi Ağayar Axundzadənin istefası ilə nəticələndı, milli komanda isə əcnəbi mütəxəssis Peter Zayzenbaherə tapşırıldı.
Təxminən, 1 il ərzində cüdoçularımız müxtəlif turnirlərdə uğur qazanmadı. Avropa Çempionatı və dünya Qran-Prisində müəyyən nəticələr olsa da, əldə olunan medallar federasiya rəhbərliyini razı salmadı. Çünki əsas nəticə Dünya Çempionatı və Olimpiadada əldə olunan medalla ölçülür. Zayzenbaherin fəaliyyətinin nə dərəcədə səmərəli olacağı Braziliyadakı Dünya Çempionatında bilinəcəkdi.
Turnirin ilk günündə Orxan Səfərovun medal qazanması böyük əksəriyyət üçün gözlənilməz oldu. Çünki 60 kq çəkidə əsas söz sahibi İlqar Müşkiyev idi. Amma inamlı çıxış edən Orxan bir il əvvəl gənclər arasında əldə etdiyi nailiyyəti böyüklərlə mübarizədə də təkrarladı. Olimpiya çempionu Elnur Məmmədlinin yoxluğunda məşqçilər hansı idmançının medal qazana biləcəyini proqnozlaşdırmaqda çətinlik çəkirdi. Bütün Azərbaycanı sevindirən qələbə yarışın son günü qazanıldı. Elxan Məmmədov qarşılaşdığı bütün rəqiblərinə qalib gələrək, kürsünün qızıl pilləsinə yüksəldi və cüdoda dünya çempionu adını qazanan ilk azərbaycanlı kimi idman tariximizə düşdü. Təcrübəli idmançı uzun müddət 90 kq.-da çıxış edib. Baş məşqçinin təkidiylə çəkisini 100 kq da qaldırdı. Yaşının çox olmasına görə, hətta bir müddət yığmadan kənarda da qaldı. Son anda özündə güc taparaq, Dünya Çempionatına yollanan komandaya qoşuldu. Rio-de-Janeyroda Elxan təmkinli və soyuqqanlılığı ilə finaladək irəlilədi. Həlledici döyüşdə rəqibi isə bizə yaxşı tanış idi - hollandiyalı Henk Krol. O, "World Masters" turnirinin final döyüşündə Elxana qalib gəlmişdi. Elxan final görüşünü yüksək səviyyədə keçirərək, illərdir həsrətini çəkdiyimiz, arzusunda olduğumuz dünya çempionluğunu rəsmiləşdirdi.
Vətəndə böyük coşğuyla qarşılanan Elxan Məmmədovu təbrik etmək üçün yaşadığı ünvana yollandıq. Cüdoçunun yaşadığı mənzildə bizi atası Əbülfəz Məmmədov qarşıladı. Onun sözlərinə görə, oğlunu yarışa yola salanda onun çempion olacağına inanırdı: "Gedəndə demişdim ki, çempion kimi qayıt. İndi fəxr edirəm ki, dünya çempionunun atasıyam. Elxan bir müddət yığmadan kənarda qaldı. Yaşının 31 olması bəzilərinin ona inanmasına imkan vermirdi. Deyirdilər, Elxanın karyerası artıq bitib. Amma oğlum sübut etdi ki, hələ son sözünü deməyib. Dünya Çempionatındakı uğurlu çıxışdan sonra arxayınlaşmaq olmaz. Gərək 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarında da qələbə qazansın. Ondan sonra istərə, karyerasını başa da vura bilər".
Atasıyla söhbətləşəndən sonra dünya çempionunun özüylə danışmaq istəyimiz baş tutdu. Elxan Məmmədov "R+"un suallarına səmimi cavab verdi.
- Braziliyaya yola düşəndə özünüzə inam var idi. Hər halda, adınız favoritlər arasında yox idi...
- Əlbəttə, çox istəyirdim, dünya çempionu olum. Azərbaycanda cüdo üzrə dünya çempionu yox idi. Məhz buna görə də məqsədim yalnız qızıl medal qazanmaq idi. Sözsüz, çətin oldu. Hələ yorğunluqdan çıxmamışam. Yorğun olduğumdan çox danışa bilmirəm. Bir müddət sonra düşünəcəm və çempionatdakı çıxışımı analiz edəcəm. Bu qələbə təkcə mənim deyil, bütün xalqımızın uğurudur. Azərbaycan Cüdo Federasiyasının uğurudur.
- İlk görüşünüz çətin alındı. Bu mənada hansı mərhələdə çempion olacağınıza ümidiniz artdı?
- Yarış çox çətin başladı. İlk görüş olduqca çətin oldu. Rəqib mənə 2 dəfə "yuko" fəndi işlətdi. Amma yaxşı ki, sonda qələbə mənim oldu. Bilirsiniz, getdikcə döyüşlər daha çətinləşir, amma qələbə həvəsi artırdı. Finaldakı rəqibim holland cüdoçusu çox təcrübəli idi. İlk dəqiqələrdən çox diqqətli idim. Fikirləşirdim, bura qədər gəlmişəm, gərək qızıl medal mənim olsun. Şükürlər olsun, çempion oldum.
- 31 yaşlı Elxan Məmmədov üçün çempionluq nə deməkdir?
- Karyeramın ən böyük uğuruna imza atdım. Zəhmətimin bəhrəsini gördüm. Çempion olandan sonra zirvəyə gedən yolu yadıma saldım. Qələbə qazananda bütün yorğunluq çıxır. İndi çalışmaq lazımdır, qarşıdakı yarışlarda uğurla çıxış edək. Fikrimcə, millimizin çıxışı yaxşı alındı. 1 qızıl və 1 bürünc medal müsbət nəticədir.
- Dünya Çempionatı Elxan Məmmədovun həyatında nəyi dəyişdi?
- Dövlət Himnimiz səslənəndə qürur hissi yaşadım. Vətəni təmsil etmək şərəflidir. Qələbə qazananda daha şərəfli olur. Dünya Çempionatı məni daha məsuliyyətli edəcək. İndi artıq titullu idmançı kimi bütün rəqiblər mənə qarşı daha ciddi hazırlaşacaqlar.
- Bakıda belə qarşılanacağını gözləyirdin?
- Hava limanında özümü çempion kimi hiss etdim. İlk dəfə isə final görüşü başa çatandan sonra göz yaşlarımı saxlaya bilmədim. Qələbədən sonra ağlamaq tam başqa hisslərdir. Onda başa düşdüm ki, dünya çempionuyam. Sağ olsunlar, daim qalib gələn idmançılar yüksək səviyyədə qarşılanır. Böyük coşğu görmək sevindiricidir, həm də məsuliyyətdir. Çünki bu insanlar bundan sonra məndən medal gözləyəcək.
- 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak şanslarını necə qiymətləndirirsən?
- 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında iştirak edəndə medal şanslarım çox idi. Amma alınmadı. Onda bəziləri deyirdi ki, Elxan güləşə bilmir və sair. 2012-ci il London Olimpiadasında da ümumiyyətlə komandamız pis çıxış etdi. "Qara zolaq"a düşmüşdük. Bu qələbəylə nəyə qadir olduğumu göstərdim. Gələn il keçiriləcək Dünya Çempionatında da qızıl medal qazanmaq istərdim. Eyni zamanda, 2015-ci ildə Avropa Oyunlarında, sonra isə Braziliyadakı Yay Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm.
- Adətən, böyük uğurlar idmançını "ulduz xəstəli"yinə tutuzdurur. Bundan qorxmursan?
- Məni tanıyanlar bilir ki, Elxan heç vaxt dəyişməyəcək. İdmançının işi yarışlarda uğurlu çıxış edib nəticə qazanmaqdır. Allah mənə 31 yaşında dünya çempionluğunu bəxş etdi. İndi qələbə seriyasını davam etdirməliyəm. Gələn il növbəti dünya çempionu olacaq. İstərdim, mundialda yenidən uğur qazanım.
- Uğurunu yeni baş məşqçi Peter Zayzenbaherin məşq prosesiylə əlaqələndirmək olar?
- Əlbəttə, Peter Zayzenbaher mənə istiqamət verdi. Daha yaxşı işləməyi öyrətdi. Amma məni yığmaya dəvət edən Ağayar Axundzadəni də qeyd etmək lazımdır. Qələbəmdə onun da rolu olub. Üstəlik, məşqlərimiz üçün şərait yaradan federasiya rəhbərliyinin də adını çəkməliyəm. Çempiona qədər çoxlu sayda səfərlərimiz oldu. Güclü komandalarla təlim-məşq keçmək bəhrəsini verdi.
- Qələbəni kimə həsr edirsən?
- Qələbə bütün Azərbaycanındır. Yaxınlarım deyir, finalın gecə saatlarında keçirilməsinə baxmayaraq, hamı izləyirdi. Xalqım mənə dəstək olduğu üçün qələbə hamımıza məxsusdur.
MƏSLƏHƏT GÖR: