
BATIRILMIŞ TURNİR
Azərbaycan voleybolçuları Avropa Çempionatının hər üç görüşünü uduzaraq, sondan ikinci yeri tutdular
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Böyük ümidlərlə Avropa Çempionatında iştirak etmək üçün Almaniya - Drezdenə yola saldığımız qadın voleybolçulardan ibarət Azərbaycan millisi tarixinin ən böyük uğursuzluğuna düçar oldu. Ardıcıl 5-ci dəfə qitə birinciliyinə vəsiqə qazanan Faiq Qarayevin yetirmələri hər üç oyunu uduzmaqla yarışı xalsız tərk etdi. 16 komandanın iştirak etdiyi Avropa Çempionatında 15-ci yeri tutmağı yalnız fiasko adlandırmaq olar. Millimiz yalnız İspani-yanı arxada qoydu. Xorvatiya və Rusi-yaya 0-3, Belarusa isə 1-3 hesabıyla uduzan voleybolçularımız 3 oyunda cəmi 1 set qazanmaqla antirekorda imza atdı.
Startda Xorvatiyaya məğlubiyyət azarkeşləri və məşqçilər korpusunu əsəbləşdirdi. İlk oyunda 0-3 hesablı məğlubiyyətdən sonra Faiq Qarayev yetirmələrinə əsəbləşərək işini köməkçisi Aleksandr Çervyakova tapşırdı. Sonrakı oyunlarda komandanı idarə edən Çervyakov millinin acı taleyini dəyişə bilmədi. Voleybolçularımız Belarusa 1-3, Rusiyaya isə 0-3 hesabıyla təslim oldu. Yığmanın lideri sayılan Natalya Məmmədova səviyyəsindən aşağı çıxış etməklə "ulduz xəstəliyi"nə tutulduğunu göstərdi. Ümumiyyətlə, Rusiyanın "Omiçka" klubunda çıxış edən milliləşdirilmiş legioner son dövrlər yığmada özünə bənzəmir. Rusiya Çempionatı kimi güclü çempionatda ən yaxşılardan olan Natalya zəif oyunuyla Azərbaycan millisinin onun üçün vacib olmadığını göstərir. Görünür, Natalya Skazka-Məmmədova bu səviyyəyə necə çatdığını unudub. Voleybol həvəskarları 10 il əvvəl Faiq Qarayevin ölkəmizə dəvət etdiyi Natalyanı, yəqin ki, unutmayıb. "Azərreyl"in mətbuat konfranslarından birində jurnalistlərdən biri o vaxt hələ Skazka soyadını dəyişməyən voleybolçunu tənqid etmişdi. Faiq Qarayev isə onun zamana ehtiyacı olduğunu demişdi. O vaxt hələ gənc olan Ukrayna idmançısı Qarayevin rəhbərliyi altında tez bir zamanda Avropa səviyyəli voleybolçuya çevrildi. Bundan sonra Azərbaycan vətəndaşlığını qəbul edən Natalya Skazka soyadını dəyişdirərək oldu Məmmədova. Həmin dövrlər Avropanın aparıcı klublarından təklifləri rədd edən milliləşdirilmiş legioner Azərbaycan millisinin və "Azərreyl"in əsas "silah"ına çevrildi. İllər ötdükcə, o vaxt Azərbaycanda çempionatın keçirilmədiyini nəzərə alan Faiq Qarayev onun başqa kluba keçməsinə razılıq verdi. Natalya müxtəlif illərdə Rusiya, Türkiyə, İtaliya, İsveçrə və İspaniya klublarında karyerasının parlaq oyunlarını keçirdi. Dəfələrlə Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında "dördlər final"ının ən yaxşı voleybolçusu və ya hücumçusu seçildi. Amma indi Natalya gələn il 30 yaşının tamam olacağını əsas gətirərək yığmada oynamaq istəmədiyini deyir. Deməli, indi biz ona lazım deyilik. Artıq o, Avropanın sayılıb seçilən idmançılardandır. Rusiya mətbuatına müsahibəsində yığma karyerasını başa vuracağını de- yən Məmmədovanın Drezdendə Qara-yevlə ciddi mübahisə etdiyi bildirilir. Məhz bu qalmaqaldan sonra baş məşqçi qrup mərhələsinin qalan oyunlarında yığmanı çalışdırmayacağını bəyan edib.
Sözsüz ki, Azərbaycan millisinin acı fiaskosunda liderlərin ümidləri doğrultmaması və gənc voleybolçuların yarışa hazır olmaması əsas səbəblərdən biridir. Uğursuzluqda baş məşqçi Faiq Qarayevin də "əməyi"nin olduğu gizlədilməməlidir. Nə olursa olsun nəticəyə baş məşqçi cavabdehdir. Bu mənada sevimli məşqçimiz barədə ayrıca danışmağa məcburuq. İlk öncə söyləyək ki, Faiq Qarayev 40 ilə yaxındır ki, Azərbaycan voleyboluna layiqincə xidmət edir. Əvvəl voleybolçu, 1986-cı ildən isə məşqçi kimi. Böyük nüfuza malik, xarizmatik fiqur sayılan Qarayev ölkəmizə çoxlu sayda qələbə bəxş edib. Daim gənc voleybolçulara örnək olan Faiq Qarayev Türkiyədə idmanın bu növünün inkişafında böyük işlər görüb. Uzun müddət qardaş ölkədə işləyən məşqçi Azərbaycanda voleybolda eniş yarananda dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin dəvəti ilə Vətənə qayıtdı. İlk illərdə "Azərreyl"lə "Top komandalar" kubokunu qazanan Faiq Qarayev yığmayla ardıcıl qitə birinciliklərində iştirak etdi. İllər ötdükcə ondan daha böyük nəticə tələb olunmağa başlandı. Bir neçə il əvvəl yaşanan nəsildəyişmə prosesi - Şabovta, Həsənova, Qorxmaz kimi ulduzları əvəzləyənlər yeni uğurları gətirmədi.
Son illər Azərbaycan voleyboluna böyük pullar xərclənsə də, legioner limitiylə bağlı ciddi problem həllini tapmır. Klublarımız Avropada böyük qələbələr qazansa da, heyətində cəmi 1 və ya 2 yerli voleybolçu oynayır. Mart ayında Faiq Qarayev "R+"a müsahibəsində klublarda yerli idmançılara diqqət olmadığı ilə razılaşmışdı və bildirmişdi ki, tezliklə çempionatda legioner limitinin tətbiq olunacaq.
Fakt odur ki, çempionatında yerli voleybolçu oynamayan yığma Avropa Çempionatında bütün oyunlarda uduzdu. İstənilən halda ilk oyunda Xorvatiyaya məğlubiyyətdən sonra Faiq bəyin komandanı köməkçisinə tapşırması düzgün qərar deyil. Baş məşqçi fiaskodan yayınmaq üçün tədbirlər görməliydi. Voleybolçular günahkar olsa da, nəticəyə görə həmişə baş məşqçi cavabdehlik daşıyır. Əgər məşqçinin səhhətində ciddi problem var idisə, bu barədə rəsmi məlumat verilməliydi. Bu məlumat yarışdan sonra verildi. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə baş məşqçinin səhhətində ciddi problem yaranıb və buna görə işini davam etdirə bilməyib. Həkimlər ona təyyarəyə minməyə qadağan etdiyi üçün Qarayev komandayla birgə qayıtmayıb. İstisna olunmur ki, Almaniyada müalicəsini davam etdirən Faiq Qarayevin ürək damarına stend qoyulacaq. Bu halda, əksəriyyətin baş məşqçidən istefa tələb etməsi isə sadəcə düzgün deyil. Əlbəttə, istisna olunmur ki, Faiq Qarayev Bakıya qayıdandan sonra postundan gedəcək. Amma bu qərarı o qəbul etməlidir. Unutmayaq ki, Faiq Qarayev hər dəfə böyük hesablı darmadağınlardan sonra istefasını tələb etdiyimiz futbol məşqçilərindən deyil. O lazım olanda lazımi qərarı qəbul etməyi bacaran mütəxəssisdir.
Allahdan Almaniyada müalicəsini davam etdirən baş məşqçimizə şəfa diləyirik!
MƏSLƏHƏT GÖR: