
"BİZ KİMİNSƏ GÖSTƏRİŞİ İLƏ İŞLƏMİRİK"
Fransanın "Lans" klubunun prezidenti Jerve Martelin "R+"a müsahibəsi
Müəllif: Sənan ŞƏFİZADƏBakı
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun Fransanın II liqasında çıxış edən "Lans" futbol klubuna sahib olması, ilk növbədə, Parisdə yaşayan erməniləri narahat etməyə başladı. Uzun müddət maliyyə böhranı yaşayan "Lans" sərfəli təkliflərin sayının çox olmasına baxmayaraq, məhz Azərbaycan variantının üzərində dayandı. Onun sözlərinə görə, ilk görüşdə Azərbaycan tərəfi ölkə futbolunun inkişafına çalışdığını bildirib. Məhz bu məqam Jerve Martelin diqqətini cəlb edib. Fransada yaşayan ermənilər "Lans"la baş tutacaq əməkdaşlığın qarşısını almağa çalışsa da istəklərinə nail olmayıblar. Müqavilə imzalanandan sonra "Lans" futbolçuları meydana üzərində "Odlar Yurdu Azərbaycan" - "Land of fire Azerbaijan" yazılan formalarda çıxır. Razılaşmaya əsasən klubun gözəl stadionunda Azərbaycan bayrağı dalğalandırılır. Gələn ildən isə yeniyetmə futbolçularımız "Lans"ın Akademiyasında təlim keçərək daha yüksək səviyyəyə çatmağa çalışacaq.
Fransa çempionatında "Lans" 7 turdan sonra birinci yerdədir.
Azərbaycanla əməkdaşlıq, klubun məqsədləri barədə "Lans"ın prezidenti Jerve Martel "R+"un suallarını cavablandırıb.
- Azərbaycan tərəfiylə imzalanan müqavilə barədə danışmağınızı istərdik.....
- "Lans" maliyyə böhranı içində olanda bir sıra təkliflər aldıq. Azərbaycanla yanaşı, 2 başqa ölkənin şirkəti də klubumuza dəstək olmaq istəyirdi. Biz Azərbaycanla əməkdaşlığa üstünlük verdik. Səbəb sadədir - danışıqlar zamanı "Bakı" klubunun prezidenti Hafiz Məmmədov Azərbaycanda futbolun inkişafına kömək etmək istədiyini bildirdi. Onların İspaniyanın "Atletiko" klubuyla əməkdaşlıq müqaviləsi var. Yaxın günlərdə bəzi məsələləri müzakirə etmək üçün klubumuzun əməkdaşı Joselin Blanşarla Bakıya gedəcəm. Sevinirəm ki, "Lans" Liqa 2-yə kloun kimi başlamadı. Azərbaycanla müqavilə imzalanandan sonra bütün borclarımız ödəndi. Yeni tərəfdaşımızın gəlişi komandaya dinamika, insanlara isə sakitçilik gətirdi. Bundan sonra daha rahat işləyə bilərik. Hər şey zamanla daha da yaxşı olacaq.
- Mətbuatda erməni diasporunun bu əməkdaşlığa qarşı çıxdığı deyilirdi....
- Bizə bir neçə məktub daxil olmuşdu. Bəzi insanlar komandamızın Azərbaycanla əməkdaşlığını istəmirdi. Əvəzində başqa şirkətləri məsləhət görürdü. Bu məqamda açıq bəyan etdim ki, Azərbaycan tərəfiylə, konkret olaraq "Bakı" klubu və onun rəhbərliyi ilə işləməyə razıyam. Biz kiminsə göstərişi ilə işləmirik.
- Madridin "Atletiko" klubu Bakıda yoldaşlıq görüşü keçirdi. Sizin də planınızda belə oyunlar varmı?
- Yəqin, gələn il və ya başqa tarixdə "Lans"ın Azərbaycana gəlişi mümkündür. Bu barədə yaxın günlərdə müzakirə olacaq. Biz komandanın Bakıya gəlişinin dəqiq tarixini elan edəcəyik. Biz hər zaman ölkənizə səfər etməyə hazırıq. Sadəcə oyunlarımıza uyğun tarix seçməliyik.
- "Bakı" klubunun oyunlarını izləmisiniz?
- Azərbaycanda idmana böyük diqqət göstərilir. Bunun nəticəsində əksər futbol klubları yüksək səviyyəli bazaya malikdir. "Bakı" klubu həm yüksək səviyyədə bazaya, həm də futbolçulara malikdir. Bu barədə klubun prezidenti Hafiz Məmmədovla tez-tez söhbət edirik. Biz, hətta "Bakı"nın bir neçə futbolçularını "Lans"a gətirmək istəyirdik.
- Niyə istəyiniz alınmadı?
- Biz "Bakı"nın 1 və ya 2 üzvünü "Lans"a gətirmək istəyirdik. Sadəcə, baş məşqçi Milinko Pantiç nəticə qazanmaq üçün həmin oyunçuların "Bakı"da qalmasını məqsədəuyğun hesab etdi. Ancaq gələcəkdə bu, mütləq olacaq.
- Razılaşmaya əsasən azərbaycanlı yeniyetmələr "Lans"ın bazasında hazırlıq keçəcək...
- Artıq "Bakı" klubundan qonaqlarımız olub. "Bakı"nın yeniyetmələrdən ibarət futbolçuları bazamızda məşq edib. 1 həftəlik səfər zamanı onların yadında maraqlı təəssürat yaratdığımıza ümid edirəm. Yaxın aylarda da Azərbaycandan yeniyetmə futbolçuların səfərləri planlaşdırılır. 1-2 yeniyetmə futbolçu isə, ümumiyyətlə, "Lans"ın düşərgəsində qalacaq və uzunmüddətli hazırlıqda iştirak edəcək. Əsas məqsəd Azərbaycan futbolunun inkişafına dəstək olmaqdır.
- Gələcəkdə "Lans"ın heyətində Azərbaycan futbolçusunun oynaması realdırmı?
- Əlbəttə. Biz də bunu istəyirik. Çox istərdik, heyətimizdə bir neçə azərbaycanlı futbolçu olsun. Ola bilər ki, bizə gələn yeniyetmələr arasından seçim edək və o müəyyən inkişafdan sonra komandamızda oynasın. "Bakı"nın baş məşqçisi Milinko Pantiç bir neçə yeniyetməni aşağı yaş komandamıza götürmək istəyimizi bilir.
- Komandanın əsas hədəfləri nə olacaq?
- Bildiyiniz kimi, "Lans" aşağı dəstədə çalışır. Futbolda bütün klublar yüksək dəstədə oynamaq arzusundadır. Biz yaxşı heyətə malik komanda formalaşdırmışıq. Maliyyə sıxıntımız yoxdur. İndi yalnız nəticə lazımdır. Azərbaycanla əməkdaşlıq müqaviləsi müzakirə olunanda da qarşı tərəf yüksək hədəflər uğrunda yarışmağımızı istədi. Bu hədəf bizim də ürəyimizcədir.
- "Lans" hazırlığa gec başladı, amma yaxşı start götürdü.
- Açığı, bu bir az gözlənilməz oldu. Klubun səhmlərinin satışı ilə əlaqədar komanda bir qədər gec yığışdı. Yeni transferlərin keçidi də gecikdi. Bununla belə, baş məşqçi Antuan Kombuare 3 həftəyə komandanı hazır vəziyyətə gətirdi. Bu baxımdan, turnir cədvəlindəki mövqeyimiz gözlənilməz oldu. O, çox təcrübəli və yüksək səviyyəli məşqçidir. Onun ötən mövsüm PSJ-dəki fəaliyyəti buna sübutdur. Üstəlik, Kombouare çox intizamlı adamdır. Bu da insanı onun məsləhətlərinə qulaq asmağa vadar edir. Çünki o nə dediyini yaxşı bilir.
- Hər oyunda komandanızı 30 mindən artıq azarkeş izləyir. Sizcə, komanda ümidləri doğruldacaq?
- Burada qeyri-adi heç nə yoxdur. Azarkeşlərlə ötən illər ərzində də münasibətimiz korlanmamışdı. Amma yeni mərhələ başlayandan sonra inam daha da artıb. Artıq "Lans"da yeni təkan hiss edirəm. Lakin eyforiyaya qapılmamalıyıq. Biz gələn ilin may ayına - mövsümün sonuna qədər bundan min dəfə güclü səviyyədə qalmaq niyyətindəyik. Komandamız layiqli yerini tutmaqla yüksək dəstəyə qayıtmalıdır.
- Müsahibəyə görə təşəkkür edirik.
- Siz də çox sağ olun. Azərbaycana salamlarımı çatdırın.
MƏSLƏHƏT GÖR: