
YIĞMA ÜCÜN TUŞE
Azərbaycan güləşçiləri Macarıstandakı Dünya Çempionatından qızıl medalsız qayıdıb
Müəllif: Sənan ŞƏFİZADƏBakı
Macarıstanda keçirilən güləş üzrə Dünya Çempionatı pəhləvanlarımız üçün "qorxulu yuxu"ya çevrildi. Təsəvvür edin, ardıcıl bir neçə il Vətənə yeni çempionlarla qayıdan komanda indi qızıl medala həsrət qaldı. Sərbəst, yunan-Roma və qadın güləşi yığmalarımız, ümumilikdə, 4 medal - 2 gümüş və 2 bürünc medal qazandı.
Bunlardan iki medalı yunan-Roma güləşində Saman Təhmasibi (gümüş medal) və Şalva Qadabadze (bürünc medal) qazanıblar, bir gümüş medalı sərbəst güləşçimiz Xetaq Qazyumov, bir "bürüncü" isə - qadın güləşçimiz Yuliya Radkeviç qazanıblar.
2010 və 2011-ci illərdə dünya çempionatlarında Azərbaycan yığması bir qayda olaraq, 2 qızıl medal qazanmaqla müsbət nəticələr əldə etmişdi. Son Dünya Çempionatında güləşçilərimiz 7 medal əldə etsə də, indi yalnız 2 gümüş və 2 bürünclə kifayətləndi. London Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov və Şərif Şərifov müxtəlif səbəblərdən yarışa aparılmadı. Liderlər olmadan yığma uğurunu təkrarlamadı.
Yunan-Roma güləşində medal qazanan Saman Təhmasibi (84 kq çəkidə) və Şalva Qadabadzedən (96 kq) başqa, Həsən Əliyevlə (60 kq) Orxan Əhmədov (55 kq) əzmkar mübarizə sərgilədi. Ardıcıl 4 qələbədən sonra Həsən Əliyev Olimpiya çempionu İslambek Albiyevə uduzdu. Əslində, həmyerlimiz güclü Rusiya təmsilçisi üzərində qələbə qazana bilərdi. Sadəcə, buraxdığı səhvlər buna imkan vermədi. Bürünc medal uğrunda görüşdə də Həsən uğursuz çıxış edərək, çempionatı 5-ci pillədə başa vurdu.
Startda 2 qələbə qazanan Orxan Əhmədov (55 kq) Rusiya güləşçisinə hakimlərin qərəzli idarəçiliyinə görə uduzduruldu. Bununla belə, günahkar böyüklərin yarışında debüt edən Orxanın özüdür. Çünki pəhləvan rəqibindən hissediləcək qədər güclü olsaydı, hakimlər onun qarşısını kəsə bilməzdi. Digər güləşçilərə gəldikdə - Kamran Məmmədov (60 kq) ilk görüşdə məğlubiyyətlə üzləşdi. Rafiq Hüseynov (74 kq) 2 qələbədən sonra uğurun davamını gətirə bilmədi. Zaur Mehrəliyev (120 kq) isə sadəcə bu yarışa hazır olmadığını göstərdi.
Yunan-Roma güləşçilərindən fərqli olaraq sərbəst güləşçilərin hamısı təəssüfləndirdi. Yalnız Xetaq Qazyumovu istisna etmək olar. Təsəvvür edin, digər 4 güləşçi, ümumilikdə, 2 görüşdə qələbə qazanmaqla yarışı tərk etdi. Vaxtilə yığmanın liderlərindən sayılan Cəbrayıl Həsənov (74 kq) çəkisini dəyişəndən sonra mübarizə üslubunu itirib. Bürünc medalın bir addımlığında Həsənovun Hindistan güləşçisinə uduzması əsl şok effekti verdi.
Hacı Əliyevə (60 kq) İran idmançısıyla görüşdə əzmkarlıq çatmadı və o, görüşdə məğlub oldu. Yaşar Əliyev (55 kq) və Ağahüseyn Mustafayevə (66 kq) yığmada möhkəmlənmək şansı verilmişdi. Hər iki güləşçi isə fiaskoya uğradı. Əliyev Monqolustan, Mustafayev isə Kanada idmançısına uduzmaqla məşqçiləri əsəbiləşdirdi.
Xetaq Qazyumov bir-birinin ardınca Argentina, Polşa, Qırğızıstan və Rusiya güləşçilərini məğlub edərək finala çıxdı.
Azərbaycan güləşçisinin həlledici görüşdəki rəqibi idmansevərlərə yaxşı tanış olan - 2011-ci ildə İstanbulda dünya çempionu adını qazanan Reza Yazdani (İran) oldu. Həmvətənimiz 29 yaşlı rəqibi ilə mübarizədə ilk xalı qazansa da, üstünlüyü qoruya bilmədi: ardıcıl 4 xal qazanan Yazdani fəxri kürsünün qızıl pilləsinə qalxdı. X.Qazyumov isə ikinci dəfə mundialın gümüş medalına yiyələndi.
O, yığmaya cəlb olunmuş ən uğurlu əcnəbi idmançılardan hesab edilir. Xetaq bir dəfə dünya, üç dəfə Avropa çempionu olub. İki dəfə Dünya Çempionatının gümüş mükafatını qazanan təcrübəli idmançı Olimpiya Oyunlarında da ölkəmizin idman şərəfini layiqincə qoruyub: Pekin-2008 və London-2012-nin bürünc mükafatçısıdır.
Hazırda Xetaq 30 yaşındadır və o, 2016-cı il Yay Olimpiya Oyunlarında çıxış etməyi qarşısına məqsəd qoyub. Lakin 2016-cı ildə 33 yaşlı Qazyumovun Braziliyada hansı səviyyədə çıxış edəcəyini heç kim dəqiqliklə söyləyə bilməz. İstənilən halda, yaxın gələcəkdə Olimpiya çempionu Şərif Şərifov onu əvəz etsə təəccüblənməyin. Çünki London Olimpiadasının qalibi Şərif Şərifov bundan sonra 96 kq çəki dərəcəsində yarışacaq. Onun karyerasına nəzər yetirsək, Qazyumovdan geri qalmadığını görərik: Şərif 2009-cu il Dünya Çempionatının bürünc mükafatçısı, 2011-ci il turnirinin isə qalibidir, iki dəfə Avropa Çempionatında mükafatçılar arasında yer alıb. Bu isə məşqçilərin 96 kq.-da seçim zamanı hansı çətinliklərlə üzləşəcəyini deməyə əsas verir.
Şərifin Xetaqdan üstünlüyü cavan olmasıdır, 24 yaşı var, Xetaqın üstünlüyü isə təcrübəliliyidir. Bir də ki Ş.Şərifovun yeni çəkiyə uyğunlaşması da müəyyən qədər vaxt aparacaq. Bununla belə, istənilən halda bu amil milli komandada rəqabətin daha da artmasına gətirib çıxaracaq və idmançılar öz üzərlərində səylə işləməyə məcbur olacaqlar. Belə bir mübarizədə isə təbii ki, Azərbaycan güləşi qazanacaq.
Qadın güləşi Dünya Çempionatında 4 idmançıyla təmsil olundu. İdmançılarımızdan yalnız Yuliya Radkeviç (59 kq) bürünc medala sevindi. Digər xanımların Budapeştə turist kimi gəldiyi təsdiqləndi. Yığmaya yaradılan şərait fonunda Dünya Çempionatında qızıl medal qazana bilməmək sadəcə biabırçılıqdır. Axı indi Azərbaycan Güləş Federasiyası milli komandalarımız üçün ideal şərait yaradıb.
Dünya Çempionatında liderlərsiz iştirak etsək də, əksəriyyətin ümidləri doğrultmadığı etiraf olunmalıdır. Olimpiadadan sonra il həmişə sınaq mövsümü sayılır. Bu güləşçilər Budapeşt sınağından çıxa bilmədi. İndi onların taleyini məşqçilər həll edəcək. Son illər Azərbaycan güləşi dünya arenalarında böyük uğurlar qazanıb. Bu mənada uğurun qorunması və təkrarlanması asan deyil. Lakin Azərbaycan güləşində imicin qorumaq üçün heyətdə dəyişikliyə ehtiyac var. Federasiya düzgün qərarlar qəbul etməklə Yeni ilə daha güclü komanda formalaşdıra bilər. Növbəti Avropa və ya Dünya Çempionatına hazırlığa elə bu gündən başlamaq lazımdır.
MƏSLƏHƏT GÖR: