Müəllif: Vəfa ZEYNALOVABakı
Hamımızın İttifaqın dağılmasından sonra özəl kommersiya məntəqələrinin, çoxsaylı mağazaların yaranması yaxşı yadımızdadır.
Hətta metro və dayanacaqlarda da "görüntü" üçün aldadıcı üzlükləri olan və münasib qiymətə satılan audiokasetləri, kitab və nəşrlərin primitiv surətlərini, yəqin ki, unutmamışıq.
Bu cür məhsul aydın məsələdir ki, ixtisaslaşdırılmış mağazalarda satılan keyfiyyətli bağlamada çoxsaylı firma ottiskləri və holoqramları olanlarla müqayisədə dəfələrlə ucuz satılırdı. Odur ki, qanunsuz kitab, kaset, daha sonra isə disk istehlakçıları meydana çıxmışdı və təbii ki, hər zaman da onlar olacaq. İnformasiya texnologiyaları əsrinin gəlməsi və çoxsaylı saytlarda etibarsız yuzerlərin olması vəziyyəti daha da dərinləşdirdi. İndi, demək olar ki, sadəcə, internetə giriş əldə etməklə musiqiçi, yazıçı, alimin yaradıcılıq zəhmətinin, demək olar ki, istənilən məhsulunu əldə etmək olar. Söz yox, siravi istifadəçi üçün bu hətta çox rahatdır. Axı, bahalı kitab yenilikləri və ya sevimli ifaçıların kolleksiya disklərini almaq imkanına malik olmadıqda, onları sakitcə və asan şəkildə internetdən yükləmək olar ki, xoşbəxtlikdən bu cür serverlərin sayı da istənilən qədərdir.
Bəs, dəbli əsər, musiqi diski və yeni film müəllifi olmaq "nəsib olmuşlar" nə etməlidirlər? Hazırkı şərtlərdə əqli mülkiyyət hüquqlarının qorunma problemi getdikcə daha da aktuallaşır. Burada söhbət, ilk növbədə, yaradıcı mülkiyyət - musiqi, ədəbiyyat, kinodan gedir. Yəqin ki, əllə qadağan olunmuş ədəbiyyatı çap etmək və surətini çıxarmaq, xarici ifaçıların ifasında olan plastinkaları ancaq yerin dibindən son dərəcə yüksək qiymətə (konsertdə kaseti yenidən yazmaq adi iş idi) əldə etmək və ya filmlər üçün böyük növbələrə düzülmək artıq keçmişdə qaldı. Hər şeyi asanca əldə etməyə öyrəşdiyimizdən, həm də arzuolunan məhsul bizə qaçaq yolu ilə gəldiyi üçün, camaat bu cür əqli mülkiyyətin pis keyfiyyətdə olmasına da fikir vermir. Bu ənənə bugünkü günə qədər də saxlanılıb, bizdə isə yerindən duran hər bir kəs internetdən pulsuz olaraq, az qala, hər şeyi yükləyir.
Sovet dövründə bu cür "müəllif hüquqları" anlayışına riayət olunmurdu. Əqli və mədəni dəyərə malik məshulun yaradılması istehsalçılarla istehlakçılar arasında son dərəcə qeyri-bərabər münasibətlərə əsaslanırdı. Lakin bu gün bizdə müvafiq qanunların tətbiqi və strukturun yaradılması ilə özgə qeyri-maddi mülkə hörmət edilməsini tərbiyə etməyə çalışırlar. Məsələn, Azərbaycanda "Müəllif hüququ və qonşu hüququ haqda" qanun 1996-cı ilin 8 oktyabr tarixində qüvvəyə minib, Azərbaycan Müəllif Hüquqları Dövlət Agentliyi isə 2005-ci ildə yaradılıb.
Agentlikdə məlumat verildiyi kimi, tezliklə rəqəmsal mühitdə müəllif hüquqlarının qorunma sistemi tətbiq olunacaq. Onun rəhbəri Kamran İmanovun sözlərinə görə, yeni sistemin tətbiqi ilə əlaqədar olaraq bir sıra normativ-hüquqi aktların qəbul edilməsi planlaşdırılır. "Bu yaxınlarda əqli mülkiyyət hüququnun təmin olunması və piratçılıqla mübarizə haqda" qanun qəbul edildi. Bu qanun çərçivəsində Nazirlər Kabineti təsdiq olunması yaxın vaxtlarda baş verəcəyinə ümid etdiyimiz bir sıra normativ-hüquqi aktları nəzərdən keçirir", - deyə K. İmanov bildirib. O, qeyd edib ki, yeniliklərdən biri də Avropanın 9 ölkəsi ilə tvininq-layihənin reallaşdırılması, rəqəmsal hüquqların monitorinqi, rəqəmsal mühitdə müəllif hüquqlarını müdafiə sistemlərində onlayn-lisenziyaların verilməsi, vahid pəncərə vasitəsilə sistemin tənzimlənməsidir. "Virtual olmayan bazarda xüsusən əqli mülkiyyətə (holoqram) malik bütün məhsulların icbari markalanması da tətbiq olunacaq. Hər bir holoqram müvafiq smart-sistemə daxil olan unikal koda malik olacaq", - deyə K. İmanov məlumat verib.
Praktiki fayda
"Nərimanfilm" kinostudiyasının direktoru Nəriman Məmmədovun sözlərinə görə, yerli kinematoqraf müəllif hüquqlarının pozulmasından çox əziyyət çəkir. "Müəlliflər də, istehsalçılar da əziyyət çəkirlər. Bu isə ümumilikdə, kinematoqrafın vəziyyətinə, həmçinin istehsalçının əldə edə biləcəyi maliyyə gəlirinə təsirsiz ötüşmür", - deyə o, bildirib. Nəriman Məmmədov hesab edir ki, müəllif hüquqlarının gözlənilməsi istehsalçılara onların məhsullarının qorunmasına təminat verərdi, nəticə etibarilə onların əməklərinə layiqli qazanc gətirərək daha çox stimullaşdırardı. Onun fikrincə, kinematoqraf sahəsində müəllif hüquqlarının qorunması, xüsusilə də müəlliflərdən tutmuş, istehsalçılar və filmlərin distribüterinə qədər istehsalçı zəncirin bütün halqalarına müsbət təsir edərdi.
Bakının məşhur kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli kitab əldə etmək prosedurundan danışıb: "Əgər bu yerli müəllifdirsə, onunla razılaşma imzalayırıq ki, bunun vasitəsilə də kitabının nəşredilmə hüquqlarını alırıq - istənilən halda kopirayt onun sərəncamında qalır. Əgər müəllif əcnəbidirsə, biz onun ədəbiyyat agenti ilə əlaqə saxlayır və kitabın Azərbaycan dilinə tərcüməolunma hüququnu özümüzdə saxlayaraq, kitabın nəşri haqda razılığa gəlirik".
Kitab piratları haqda naşir son dərəcə mənfi rəy bildirib: "Biz müəllif qonorarlarına, kitabın çapına böyük pullar xərcləyirik, kənardan kimsə sadəcə olaraq kitabı alıb, surətini çıxararaq, hardasa aşağı qiymətə onu sata bilər".
Anar Rəhimov - yeni başlayan musiqiçidir. O, öz mahnılarından ibarət disk buraxmaq arzusundadır. "Amma bu, müəyyən çətinliklərlə bağlıdır. Disk çıxarmaq üçün onu peşəkar studiyada yazmaq, müəyyən maliyyə yatırmaq lazımdır. Qərbdə bir dəfə xərc çəkən müəllif disklərin satışından gəlir götürəcəyinə ümid edir. Mənimsə belə hüququm yoxdur, çünki diskimin surətinin çıxarılaraq internetdə sərbəst girişə qoyulmayacağına dair təminat yoxdur", - deyə o, fikirlərini bölüşüb.
Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, bizdə əqli mülkiyyətin qəbul edilməsi ilə bağlı problem yoxdur. "Dövlət Agentliyinin mövcud olmasına baxmayaraq, müəllif hüquqları yenə də mütəmadi olaraq pozulur. Məsələn, ayda iki-üç dəfə bizə əqli mülkiyyətin pozulması ilə bağlı şikayət zəngləri gəlir", - deyə o, qeyd edib.
E. Hüseynovun sözlərinə görə, bazarda (müəllif hüquqlarına nəzarət edilməməsi anlayışı tətbiq oluna bilər - daha doğrusu, musiqi diskləri, filmlərin pirat surətləri və s.) mövcud olan məhsulun 50%-i - "qanunsuzdur". "Lakin ümumilikdə camaat saxta məhsul almağa meyillidir, çünki o, daha ucuz başa gəlir", - deyə AİB-nin rəhbəri izah edib. - "Biz insanlar arasında aydınlaşdırıcı işlər aparırıq, izah edirik ki, harda və kim tərəfindən istehsalı məlum olmayan məhsul almaq olmaz". Yeri gəlmişkən, müvafiq dövlət strukturları tərəfindən müəllif hüquqlarının pozulmasına görə 1500 manat həcmində cərimə nəzərdə tutulub.
Qərb təcrübəsi
Rusiya 2013-cü ilin 1 avqust tarixindən hüquqa malik şəxsin tələbi əsasında lisenziyasız kontentə malik internet-saytların bloka salınmasına imkan verən "Pirat əleyhinə qanun" kimi də məşhur olan federal qanun qüvvəyə mindi. Baxmayaraq ki, lap başlanğıcda bu qanunun əqli mülkiyyətin bütün növlərinə tətbiq olunması planlaşdırılırdı, sonra ancaq videoməhsullarla kifayətlənmək qərarına gəldilər.
Halbuki Avropada da "tərəqqi etmiş" yuzerlər bütün mürəkkəb yollarla sevimli filmlərini yükləmək üçün texniki maneələri aşırlar. Lakin bu son dərəcə risklidir; belə ki, müəllif hüquqlarının qorunmasını qanunvericilik sayıq şəkildə izləyir. Hərçənd müvafiq qanunvericilik aktları daha da sərtləşdirilir. Ümumilikdə, əlbəttə ki, söhbət təkcə qanunvericilik aktları və cəza qarşısında qorxudan getmir, həm də vətəndaşların ağıllı davranmasından gedir. Məsələn, ABŞ-da internetdən qanunsuz yükləmə oğurluq hesab olunur. Pirat məhsullarının yayılması, eləcə də əldə olunması vətəndaşlar tərəfindən son dərəcə pis qarşılanır. Onların fikrincə, hər iki tərəf qanunu pozur.
Yəqin ki, bizə də təkcə qanunverici deyil, həm də başqa mülkə etimad və hörmət təcrübəsini öyrənmək yaxşı olardı. Hətta ona əllə belə toxunmağa icazə verilməsə belə...
MƏSLƏHƏT GÖR: