12 Mart 2025

Çərşənbə, 13:05

TERROR MİLLİ SİYASƏT KİMİ

Erməni terrorunun araşdırılması ilə məşğul olan Kristofer HANNIN "R+" jurnalına müsahibəsi

Müəllif:

16.07.2013

Elmi araşdırmalar göstərir ki, beynəlxalq terrorçuluğun tərkib hissəsi olan erməni terrorunun tarixi 100 ildən artıqdır. Hələ 1982-ci ilin avqustunda "erməni terroru" termini ABŞ Dövlət Departamentinin aylıq bülletenlərində rəsmən istifadə olunurdu. Erməni terrorunun tanınmasının üzərindən 3 onillikdən artıq vaxt keçsə də, bu təhlükə ilə mübarizəyə ciddi cəhdlər göstərilmir. Erməni terror təşkilatlarının mənbələri, onların Qarabağ müharibəsindəki rolu haqda "R+" jurnalına tarixçi, Florida Dövlət Universitetinin (ABŞ) elmi işçisi, erməni terroru mövzusunda araşdırmaçı Kristofer HANN danışıb.

 - Erməni terroru mövzusunda apardığınız araşdırmalardan, onun köklərindən danışın. Bu mövzuya diqqətinizi çəkən nə olub?

- 1970, 1980-ci illərin erməni terror təşkilatları ilə bağlı araşdırmalara başlamaq fikrinə təsadüfən düşmüşəm. Söhbət xüsusilə Ermənistanın azadlığı uğrunda erməni gizli ordusundan (ASALA), Erməni İnqilabi Federasiyasının (EİF) "Erməni soyqırımına ədalətli münasibət uğrunda döyüşçülər" (JCAG) və "Erməni inqilab ordusu" (EİO) kimi tanınmış terrorçu qanadından gedir. Mən 1974-cü ildə Kiprdə yaşanmış böhranla bağlı araşdırma aparırdım. Bu zaman təsadüfən "erməni terroru"na "ilişdim". Əvvəllər bu haqda heç vaxt heç nə eşitməmişdim. Mövzunun dərinliklərinə getdikcə, o, daha da maraqlı olmağa başladı. 1982-ci ildə Birləşmiş Ştatlar hökuməti bu erməni qruplarını ən ciddi beynəlxalq terror təhlükəsi kimi qəbul etdi. Amma, deyəsən, indi bunu heç kəs xatırlamır. İRA, ETA, RAF, "Qırmızı briqadalar", "Qara sentyabr", FXAC və Əbu Nidal - bütün bu qruplaşmalar haqda hələ də danışılır, erməni terroru isə sanki yaddaşlardan silinib. Bəxtim gətirib ki, ABŞ Dövlət Departamentindən, Federal Təhqiqatlar Bürosundan minlərlə, Mərkəzi Kəşfiyyat İdarəsindən isə bir qədər az sayda sənəd əldə edə bilmişəm. Bu sənədlər məndə həmin təşkilatlar, onların fəaliyyəti haqqında dəqiq təsəvvürün yaranmasına kömək edib.

 - Erməni terror təşkilatlarının Qarabağ müharibəsindəki rolu haqda nə deyə bilərsiniz?

 - Həmin dövrdə Qarabağ məsələsi erməni diasporunun diqqət mərkəzinə düşmüşdü. Erməni terroru isə öz yolu ilə gedirdi. Bundan əvvəl ASALA dağılmış, onun liderləri ya ölmüşdülər (Akop Akopyan 1988-ci ilin aprelində Afinada öldürülüb), ya da həbsxanalarda idilər (məsələn, Melkonyan Fransada həbsdə idi). Beləliklə, Qarabağ böhranı çox yerinə düşmüşdü. Çünki bu, onlara rəmzi qələbə qazanmaq üçün ilk imkanı yaratmışdı. Söhbət Ermənistan üçün ərazi əldə etməkdən gedir. Bu problem Qərbi Avropadan qovulmuş ASALA terrorçularının diqqətini cəlb etdi. Kommunizmin dağılması Şərqi Avropanın bundan sonra onlara sığınacaq verməyəcəyi anlamına gəlirdi. Beyrut da bir sıra səbəblərdən onlar üçün təhlükəsiz məkan deyildi. Belə olan təqdirdə Ermənistan nəinki onlara sığınacaq verməyə, hətta qəhrəman kimi qəbul etməyə hazır olan yeganə yer idi. Mən o zaman Qarabağdakı döyüşlərdə iştirak etmək üçün Ermənistana gəlmiş, təxminən, 8 ASALA veteranının adını çəkə bilərəm. Amma şübhəsiz ki, belələrinin sayı daha çox idi.

EİF terrorçularını müəyyənləşdirmək çox çətin idi. Çünki bu, olduqca böyük bir təşkilatdır. Müharibədə iştirak etmək üçün Ermənistana gəlmiş diaspor üzvlərindən hansıların JCAG və ya EİO veteranı olduğunu müəyyənləşdirmək də çətindir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, onların Qarabağ münaqişəsində böyük rolu olub. Bu, ilk növbədə, ASALA veteranlarına aiddir. Bu qrupun ən pis tanınan üzvü Monte Melkonyandır. Nəzərə alsaq ki, uzun illər boyu bütünlükdə Şimali Amerikada, Avropada, Yaxın Şərqdə və hətta Cənub-Şərqi Asiyada günahsız dinc insanları öldürməklə məşğul olmuş bu terrorçular Ermənistanda qəhrəman kimi qəbul olundular, deyərdim ki, Qarabağ müharibəsi terrorçulara gözlədiklərindən də çox şey verdi.

- Vaxtilə türk diplomatlarına və Azərbaycan vətəndaşlarına qarşı terror hücumları ilə məşhurlaşmış ASALA-nın hələ də "sağ olduğunu" düşünmək olarmı? Erməni terrorçularının əsas hədəfi bu gün nə ola bilər?

 - 1970 və 1980-ci illərdə fəaliyyət göstərmiş ASALA-nın 1988-ci ilin aprelində Akop Akopyanla (Arutyun Taşokyan) birlikdə öldüyünü düşünürdüm. Təşkilatın bütün ideoloqları və yaradıcıları da dünyalarını dəyişiblər: Simon Simonyan (1986), Gevork Açemyan (1997) və Ceyms Karnusyan (1998).

Bundan başqa, 11 sentyabr terrorundan sonra EİF kimi təşkilat həm leqal olaraq, həm də ictimaiyyətin ona münasibəti baxımından çox şey itirməli idi. Çünki dünyada terror hücumları bərpa olunmuşdu. Federal Təhqiqatlar Bürosu EİFD-nin JCAG və EİO-nun arxasında dayandığına əmin olsa da, bildiyimə görə, EİF heç zaman bu terrorçu təşkilatlarla əlaqəsini rəsmən etiraf etməyib. Bundan başqa, artıq onlara hücumların təşkilinə imkan verən şərait də yoxdur: "soyuq müharibə" dövründəki ikiqütblü sistemi, Livan dövlətinin iflası, Türkiyənin vətəndaş müharibəsinin bir addımlığında olması, Kipr məsələsi, silah tədarükünə embarqo, yunan və erməni lobbisinin uğurları və gücü və s. Qərbdə Türkiyəyə qarşı apatiya  paralel olaraq, "erməni məsələsinə" simpatiya yaradırdı. İndi bu şərait yoxdur.

Amma erməni terroru və zorakılıqlarının əsas mənbələri qüvvədə qalır. Söhbət fanatik antitürk (və müvafiq olaraq, antiazərbaycan) əhvalından, zorakılığın və fədainlər mədəniyyətinin (Teyliryan, Melkonyan və s.) təqdir olunmasından, həmçinin onların bütün əməllərinin haqlı olmasına, məqsədə çatmaq üçün əl atdıqları bütün vasitələrin düzgün olmasına birmənalı şəkildə inanmalarından gedir.

- Yeri gəlmişkən, ötən il Ramil Səfərovun işilə bağlı ASALA-nın Azərbaycanın Macarıstan və digər ölkələrdəki səfirliklərinə ciddi hədələr səsləndirməsi haqda nə düşünürsünüz?

- Yuxarıda qeyd etdiyim səbəblər üzündən hesab edirəm ki, erməni terrorunun yeni dalğasının baş qaldırması, məsələn, Bostonda baş vermiş hadisə şəklində hücumların təşkili üçün potensialı olsa da, artıq mütəşəkkil terror kampaniyalarının bərpası ehtimalı o qədər də yüksək deyil. Səhv etmirəmsə, ASALA-nın ötənilki məktubunda "1915-ci ildə qətlə yetirilmiş 600 min erməni" haqqında danışılırdı... Sənədin orijinal olduğuna şübhə etmək üçün bu, kifayətdir. Erməni təşkilatları 1915-ci ildə Şərqi Anadoludakı itki ilə bağlı heç zaman ənənəvi rəqəmdən aşağı rəqəm səsləndirməyiblər.

Amma yenə də, hər şey mümkündür. Bu qruplaşmalar dünyaya gəlmələrindən onilliklər əvvəl baş vermiş hadisələr üzündən günahsız insanları qətlə yetiriblər.

- Bütün bunlara rəğmən, söhbətimizin əvvəlində qeyd etdiyiniz kimi, beynəlxalq ictimaiyyət erməni terroruna ciddi yanaşmır, bu cür təşkilatları terrorçu təşkilatların siyahısına salmır. Bu təhlükəyə diqqətin artırılması üçün Azərbaycan və Türkiyə nə etməlidir?

- Çətin sualdır. Amma düşünürəm ki, Kanadadakı memorial kimi son hadisələr erməni terroruna daha çox diqqət çəkəcək. Ümid edirəm ki, mənim tədqiqatlarım da bu problemə daha çox diqqət göstərilməsinə yol açacaq. Bu terror aktlarının bir çoxu burada - ABŞ-da baş verib: iki dəfə Los-Ancelesdə, Bostonda və sair. Monte Melkonyan isə ən yaxşı universitetlərimizdən birini fərqlənmə ilə bitirib.

Amerikalılar hələ də hesab edirlər ki, terrorçuluq islamla və Yaxın Şərqlə bağlı yeni hadisədir. Halbuki, bunun əksinin sübutları var. Amma erməni terrorunun üzə çıxarılması - yalnız başlanğıcdır. Qafqazın XIX-XX əsrlərə aid tarixi daha diqqətlə, obyektiv və hərtərəfli öyrənilməlidir. Bu, yaxın keçmişdə baş vermiş Qarabağ müharibəsi kimi hadisələrə də lazımi qiymətin verilməsinə  imkan yaradacaq.


MƏSLƏHƏT GÖR:

770