
"MƏN DÜZÜNÜ ETMİŞƏM"
Moldova ombudsmanı Aureliya Qriqoriu İrəvandakı bəyanatı, Ermənistanın buna isterik reaksiyası və gələcək planları haqqında "R+"a danışıb
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan parlamentindəki çıxışı onun həyatını real təhlükə ilə üz-üzə qoyub. Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə Yerevanda keçirilən beynəlxalq mətbuatda Qriqoriu Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini, dinc insanlara qarşı soyqırım törətdiyini bəyan edib. Bundan qəzəblənən ev sahibi cəsarətli qonağı nəinki aeroporta ötürməkdən imtina edib, hətta üzr istəməyəcəyi təqdirdə onu ölkədən buraxmamağa çalışıb. Sonda vətəninə qayıda bilən Qriqoriu səlahiyyətlərini itirmək ehtimalı ilə qarşılaşıb. Moldovanın erməni icmasının israrı ilə məsələ ölkə parlamentində müzakirə də olunub. Lakin onun ombudsman səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilməyib.
Aureliya Qriqoriu hesab edir ki, Ermənistanın onun bəyanatına verdiyi isterik reaksiya deyilənlərin həqiqət olduğunun təsdiqidir. Erməni tərəfindən çoxsaylı qisas hədələri almasına baxmayaraq, moldovalı parlament hüquqşünası sözlərindən imtina etməyi düşünmür. Aureliya Qriqoriu jurnalımıza müsahibəsində vəziyyətə aydınlıq gətirib.
- Xanım Qriqoriu, irəvandakı məşhur çıxışınızdan bir neçə həftə keçsə də, onun ətrafında ajiotaj səngimir. İndi vəziyyəti necə qiymətləndirirsiniz? İmkanınız olsaydı, nəyisə dəyişmək istərdinizmi?
- Çıxışım Moldovada birmənalı qarşılanmayıb. Bir çox insanlar mənə prinsipial mövqeyimə, cəsarətliliyimə, açıq danışdığıma görə minnətdarlıq edir. Digərləri isə, hətta çıxışın nəyə həsr olunduğunu bilmədən, mənə tənqidi yanaşırlar. Mən Moldova hökumətinin rəsmi mövqeyini anlamıram. Amma evə qayıtdığım, doğmalarımın, yaxın dostlarımın arasında olduğum üçün çox şadam. Nəyisə dəyişmək istə-yib-istəmədiyimə gəlincə, xeyr. Bircə çıxışımın Moldovanın digər dövlətlərlə münasibətinə mənfi təsir göstərməsini istəməzdim.
- Ermənistan tərəfi sizi qərəzlilikdə günahlandırır. Guya Ermənistanın Azərbaycan ərazisinin beşdəbirini işğal etdiyini sizin dilinizlə rəsmi Bakı bəyan edib. Əslində, erməni tərəfini qane etməyən hər bir bəyanat səsləndirilərkən belə olur. Fikrinizcə, alternativ fikrin qətiyyən qəbul olunmaması nə ilə bağlıdır?
- Mən siyasətçi deyiləm və siyasi qiymət, rəy verməyəcəm. Hüquq müdafiəçisiyəm, bütün ömrümboyu insan hüquqlarını müdafiə etmişəm və edəcəyəm. İnsan haqlarının pozulması hallarının aradan qaldırılmasına çalışacağam. Qəti olaraq əminəm ki, insan haqlarının pozulması hallarının aradan qaldırılması üçün əvvəlcə bu pozuntuları eyniləşdirmək, onlar haqqında açıq danışmaq lazımdır. Diplomatiya və siyasətlə qoy diplomatlar və siyasətçilər məşğul olsunlar. Hüquq müdafiəçiləri isə insan haqlarının pozulması hallarının aradan qaldırılması ilə maraqlanmalıdırlar. Şadam ki, öz çıxışımla gec də olsa, sadə ermənilərlə azərbaycanlılar arasında Qarabağ məsələsinin müzakirəsinə yol açmışam.
Qərəzlilik məsələsinə gəlincə, düşünürəm ki, bu iddianı yalnız iş prinsipləri pul və şəxsi mənfəət olan şəxslər irəli sürə bilər. Prinsiplərim fərqlidir - ədalət, qanunilik, insan haqlarının müdafiəsi. Bu prinsipləri pozmamağa çalışıram. Qərəzlilikdə ittiham etmək üçün gərək məni heç tanımayasan. Öz prinsipiallığımı ilk dəfə deyil nümayiş etdirirəm. Qərəzli şəxslərə isə başqalarını öz arşınları ilə ölçməkdən, damğa vurmaqdan başqa heç nə qalmır.
- Moldova parlamentinin sədri İqor Korman isə sizin əməllərinizi "ciddi səhv" kimi qiymətləndirib. Vətəninizdə sizin əməlinizin belə qiymətləndirilməsinə münasibətinizi bilmək istərdik...
- Moldova parlamenti sədrinin çıxışını şərh etmək istəməzdim. Prinsipial şəxs olaraq, mənim üçün ikili standartlar anlaşılan deyil. 2013-cü il iyulun 11-də parlament komissiyası çıxışımı müzakirə edib. Komissiyanın çıxışıma hansı qiyməti verdiyini siz artıq bilirsiniz. Komissiyanın qərarı ilə hələ tanış olmamışam. Komissiya sədrinin çıxışından belə çıxır ki, istefam ümumiyyətlə gündəmdə deyil. Amma Qriqoriu guya konfransdakı çıxışı zamanı siyasi savadsızlığa yol verib, uzaqgörənlik nümayiş etdirməyib. Bu yanaşmanı qətiyyən anlamıram.
- Aureliya Qriqoriunun mövqeyi Moldovanın mövqeyi ilə üst-üstə düşmür. Bunu Moldova parlamentinin insan haqları komissiyasının sədri Vadim Mişin bildirib...
- Anlaya bilmirəm, belə bəyanatları necə səsləndirmək olar? Mənim də sualım var: bu, siyasətçi tərəfindən siyasi savadlılıq və uzaqgörənlik nümayişidirmi?
- Azərbaycanda sizin İrəvandakı çıxışınız alqışlanır, "cəsarətlilik aktı", "ədalətin zəfəri" kimi qiymətləndirilir. Azərbaycan tərəfinin dəstəyini necə qiymətləndirirsiniz?
- Həmkarım Elmira Süleymanovaya minnədaram. O, mənim Ermənistandan buraxılmadığımdan xəbər tutan kimi, dərhal Ermənistanın əməllərini qəti şəkildə pislədi, beynəlxalq qurumları mənə dəstək verməyə çağırdı. Bildiyiniz kimi, yalnız Rumıniya konsulunun məsələyə müdaxiləsi və Gürcüstan konsulunun bilavasitə fəaliyyəti nəticəsində Ermənistanı tərk edə bildim. Azərbaycan xalqına, dostlarıma, həmçinin məni tanımadan dəstəkləyən insanlara da minnətdaram. Onlar məni irəvanda olarkən də dəstəkləyiblər, indi də dəstəkləyirlər. Təəssüf ki, həmkarım - Moldova ombudsmanı Anatoli Muntyanın dəstəyini görmədim. Ermənistanda qalan zaman o, dəstək əvəzinə Ermənistan ombudsmanına çıxışımla əlaqədar təəssüfünü bildirib, mövqeyimi pisləyib. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə insana Facebook sosial şəbəkəsindəki səhifəmdə mənə verdikləri dəstəyə görə minnətdaram.
- Davam edən təzyiqlər mövqeyinizə, Cənubi Qafqazdakı reallıqlar, silahlı münaqişələr nəticəsində dinc insanların hüquqlarının pozulması sahəsindəki gələcək fəaliyyətinizə təsir göstərə bilərmi?
- Ermənistanda başıma gələnlərdən və hələ də yaşanmaqda olanlardan sonra düzgün etdiyimə bir daha əmin odum. Ümid edirəm, Cənubi Qafqazda və ondan kənarda kütləvi şəkildə insanların hüquqlarının pozulması halları haqda dünyanı məlumatlandırmağı davam etdirmək lazımdır. Bütün belə pozuntuları dərk etmək, gələcəkdə onların təkrarlanmasının önlənilməsi üçün hər şeyi etmək lazımdır.
- Bakı Avropa qurumlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, həmçinin ümumilikdə Cənubi Qafqazda mövcud olan qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət göstərməməsindən narazıdır. Siz bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz və bu problemə daha ciddi beynəlxalq diqqətin cəlb edilməsi üçün hansı addımlar atılmalıdır?
- Bütün beynəlxalq tədbirlərdə bu problemlər haqqında daha çox danışılmalıdır. Pozuntuya yol verənlər pislənilməli, insan haqlarına əməl edilməsinə çağırışlar səsləndirilməlidir. Amma əlbəttə ki, bu haqda yalnız Bakıda danışmamalıdırlar. Bütün mütərəqqi insanlıq bu prosesə cəlb olunmalıdır.
Mənim İrəvanda dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulmasına dair etdiyim çıxış ombudsmanın dünya ictimaiyyətinin diqqətini bu fakta çəkdiyi ilk akt olsa da, ümid edirəm, bu, son belə hadisə olmayacaq. Ümid edirəm, çıxışım insan haqlarının təmini sahəsində irəliləyişə, milyonlarla qaçqının hüquqlarının bərpasına kömək edəcək.
MƏSLƏHƏT GÖR: