
AVROPA İTTİFAQININ ŞƏRQ MOTİVLƏRİ
Litva Xarici İşlər Nazirliyinin “Şərq tərəfdaşlığı” üzrə xüsusi elçisi, səfir Vaidotas Verbanın "R+"a müsahibəsi
Müəllif: Almaz MAHMUD Bakı
Avropa İttifaqına üzv 28 ölkənin və "Şərq tərəfdaşlığı" proqramına qoşulmuş 6 ölkənin xarici işlər nazirlərinin ötən həftə Brüsseldə keçirilmiş görüşü noyabrda Vilnüsdə təşkil olunacaq sammitə hazırlıq məqsədi daşıyırdı. Görüş çərçivəsində Aİ ilə Moldova, Gürcüstan və Ermənistan arasında assosiasiya sazişi ilə bağlı danışıqlar başa çatıb və bu sazişlərin noyabrda imzalanması nəzərdə tutulur.
Görüşün detalları, eləcə də iyulun 1-dən Aİ-yə sədrlik edən Litvanın "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı planları barədə “R+”a Litva Xarici İşlər Nazirliyinin “Şərq tərəfdaşlığı” üzrə xüsusi elçisi, səfir Vaidotas Verba danışıb.
- İyulun 1-dən etibarən Litva Avropa İttifaqına sədrlik edir. Bu altı ay ərzində əvvəlki sədr ölkənin gördüyü işlərdən savayı Litva hansı layihələri həyata keçirməyi planlaşdırır?
- Aİ Şurasının rotasiya ilə dəyişən hər bir prezidentinin məqsədi Aİ-nin prioritetlərini davam etdirilməsini təmin etməkdir. Litvanın sədrliyi də bu baxımdan istisna deyil. Odur ki, növbəti altı ay ərzində Litva iqtisadi inkişafın və rəqabətliliyin təmin olunması, işsizliyin aradan qaldırılması və maliyyə sabitliyi və enerji təhlükəsizliyinin təminatına diqqət yönəldəcək.
Litvanın sədrliyi zamanı Aİ-nin əsas prioritetlərindən biri "Şərq tərəfdaşlığı" olacaq. Avropanın Şərqdəki qonşuları (Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan) ilə əməkdaşlığın genişləndirilməsi, onların apardığı islahatlara dəstək və onların Avropaya daha da yaxınlaşması bizim ümumi marağımızdır. "Şərq tərəfdaşlığı" bu hədəfə çatmaq üçün hazırda ən effektiv və demək olar ki, yeganə vasitədir. Sədrlik dönəmində Litvanın prioritetləri sırasında Aİ-nin xarici sərhədlərinin gücləndirilməsi və Aİ-nin Baltik dənizi regionu üçün strategiyasının effektiv həyata keçirilməsi də var.
- Bu ilin noyabrında Vilnüsdə keçiriləcək Aİ-nin sammitində "Şərq tərəfdaşlığı" prosesi müzakirə predmeti olacaq. "Şərq tərəfdaşlığı"na daxil olan ölkələr, o cümlədən Azərbaycan bu zirvə toplantısından nə gözləyə bilər? Hansı yeniliklər baş verə bilər?
- 2013-cü il noyabrın 28-29-da Vilnüsdə keçiriləcək 3-cü "Şərq tərəfdaşlığı" Sammitinə qədər, yaxud da sammitin gedişində əhəmiyyətli nəticələrin əldə olunması gözlənilir. Ümidvarıq ki, Aİ ilə Ukrayna arasında Assosiasiya Razılaşması, o cümlədən onun Dərin və Hərtərəfli Azad Ticarət Zonası hissəsi imzalanacaq. Moldova, Gürcüstan və Ermənistanla da müvafiq razılaşma imzalanmalıdır, Azərbaycanla Assosiativ Razılaşmaya dair danışıqlarda tərəqqi əldə olunmalıdır. Biz, həmçinin tərəfdaş ölkələrdən tələb olunan konkret tədbirlərin həyata keçirilməsi nəticəsində viza rejiminin liberallaşması və sadələşməsi prosesində tərəqqi gözləyirik.
Aİ ilə tərəfdaş ölkələr arasında "Şərq tərəfdaşlığı"nın çoxşaxəli istiqamətləri üzrə həm ekspertlər, həm də nazirlər səviyyəsində təmasların artırılmasına da ehtiyac var. Ona görə də biz istəyirik ki, sədrliyimiz dövründə "Şərq tərəfdaşlığı" nazirlərinin sektor görüşlərini həyata keçirək. Bu baxımdan, Nəqliyyat və Ədliyyə, Daxili İşlər Nazirliklərindən başlayacağıq.
- Bəzi ekspertlər təklif edir ki, Dağlıq Qarabağ məsələsində vasitəçilik ATƏT-in Minsk Qrupundan alınaraq Aİ-nin ixtiyarına verilsin. ATƏT-in 20 il ərzində həll edə bilmədiyi bir problemi Aİ nə dərəcədə çözə bilər?
- Biz inanırıq ki, Aİ-nin Cənubi Qafqaz ölkələri ilə artan əlaqələri regionda islahatlar və demokratikləşmə prosesinə müsbət təsir edir. Bununla yanaşı, Aİ-nin bu proseslərə cəlb olunması münaqişənin həlli üçün yeni meydanlar və imkanlar yaradır. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında, etimadın qurulması tədbirlərinin gücləndirilməsində Aİ-nin iştirakı icmalar səviyyəsində etimadın qurulmasına töhfə verə bilər.
Dağlıq Qarabağda status-kvo qeyri-davamlıdır və münaqişə Cənubi Qafqazın inkişafına mane olur. Regionda təhlükəsizlik və sabitlik ciddi məsələlərdir, çünki Aİ-nin Cənubi Qafqaz ölkələri ilə inkişaf etdirmək istədiyi digər əməkdaşlıq sahələri ilə kəsişir. Aİ ümid edir ki, münaqişənin həlli naminə birgə səylər müsbət nəticələr gətirəcək.
- Avropa Siyasi Mərkəzinin İcraçı Direktoru Hans Martens Bakıdakı çıxışında son illərdə Avropada işsizliyin, millətçiliyin, borcların artmasından danışıb. Yeri gəlmişkən, siz də həmin tədbirdə iştirak edirdiniz. Avropa İttifaqı bu problemləri həll etməyə qadirdirmi?
- Maliyyə və iqtisadi böhran məşğulluq və sosial siyasət sahələrinə mənfi təsir göstərdi.
Yüksək işsizlik və artan sosial çətinliklər, eləcə də bununla bağlı məsələlər İqtisadi və Valyuta İttifaqının sosial istiqamətinin vacibliyini və yersiz olmadığını göstərdi. Litva İrlandiyanın sədrliyi zamanı başlanan müzakirələri davam etdirir və artıq Şura çərçivəsində qeyri-rəsmi müzakirələr təşkil edib.
İşsizlik, xüsusilə də gənclər arasında işsizliklə mübarizə aparmaq və Avropanın iqtisadi və sosial modelini daha dayanıqlı etmək üçün Avropa gələcəkdə vahid bazarın gücləndirilməsi və inteqrasiyanın dərinləşdirilməsinə ehtiyac duyur.
- Avrozonanın gələcəyi ilə bağlı fikirlərinizi bilmək istəyərdim. Yaxın gələcəkdə Avrozonanın çökməsi mümkündürmü? Yaxud Avrozona Avropanı iqtisadi böhrandan xilas edə bilərmi?
- İqtisadi və maliyyə böhranı İqtisadi və Valyuta İttifaqının zəif tərəflərini üzə çıxardı. Uyğun olaraq da, gələcək təhlükələrdən yan keçmək və ya ən azı bu təhlükəni azaltmaq üçün İqtisadi və Valyuta İttifaqının gücləndirilməsi istiqamətində bir sıra qərarlar qəbul edildi. İqtisadi və Valyuta İttifaqının gələcəkdə də gücləndirilməsi Litvanın sədrliyi müddətində vacib prioritetlərdən olacaq. Aİ-nin bütün üzv dövlətləri avrozonanın maliyyə sabitliyində çox maraqlıdırlar.
MƏSLƏHƏT GÖR: