15 Mart 2025

Şənbə, 00:28

PANTİÇİN OYUN FƏLSƏFƏSİ

"Bakı" futbol klubunun yeni baş məşqçisi Milinko Pantiçin "R+"a müsahibəsi

Müəllif:

06.08.2013

"Bakı" futbol klubu ikiqat Azərbaycan çempionu, gümüş və bürünc medalların sahibi, ölkə kubokunun üçqat qalibi olmasına baxma-yaraq son illər yüksək nəticələr göstərə bilmir. Bunun üçün də klub yeni məşqçi seçirdi.

Nəhayət, gözlənilən təyinat baş tutdu. Rəhbərlik boş qalan baş məşqçi postuna serb mütəxəssis Milinko Pantiçi gətirdi. Paytaxtın eyniadlı komandası Madrid "Atletiko"sunun məsləhətiylə məşqçiylə 1 illik müqavilə imzaladı. Milinko Pantiç futbolçu kimi peşəkar karyerasına Yuqoslaviyanın "Yedinstvo" kollektivində başlayıb, daha sonra paytaxtın "Partizan" klubuna transfer olunub. Yunanıstanın "Panionis" klubunda mükəmməl çıxışı ilə tarixi iz qoyub. O, klubda keçirdiyi 4 mövsüm ərzində hər il ən sərrast futbolçu adına layiq görülüb. Pantiç tezliklə "Atletiko"ya transfer olunub. "Atletiko"nun 1995-1996-cı illər mövsümündə "qızıl dubl"la yadda qalmasında Pantiçin böyük rolu olub. Onun dəqiq ötürmələri, cərimə zərbələri və uzaq məsafədən qapıya endirdiyi zərbələr hələ də azarkeşlərin yadındadır. "Atletiko"nun sıralarında Pantiç 139 oyunda meydana çıxıb və 38 qola imza atıb.

2000-ci ildə isə o, ümumiyyətlə, karyerasını bitirmək qərarına gəlib. Lakin doğma komandasından ayrıla bilməyən artıq veteran futbolçu 2003-cü ildə yenidən kluba qayıdaraq, "Atletiko"nun tərkibində gənclər və yeniyetmələr üçün yaradılan məktəblərin texniki idarəetmə qrupuna başçılıq edib. O, bu vəzifədə 7 il çalışıb. 2011-ci ilin mayında Pantiç "Atletiko"nun "B" komandasının baş məşqçisi təyin edilib.

 "Bakı" komandasıyla müqaviləni imzalayandan sonra Milinko Pantiç "R+"un suallarını cavablandırıb.

- Sizinlə yanaşı "Bakı" klubunun baş məşqçi postuna daha bir neçə namizəd var idi. Bundan xəbəriniz var?

- Bilirdim ki, "Bakı"nın bir neçə namizədi var idi. Amma onlar mənim üzərimdə dayandılar. Bu da mənim məsuliyyətimi artırır. Mən özüm də istər oynayanda, istərsə də məşqçiliyə başlayanda çox məsuliyyətli olmağı sevirəm. Buna görə də bilirəm ki, mən nə işlər görə bilərəm. Özümə güvənirəm.

- Sizin namizədliyinizi Madridin "Atletiko" klubu təklif edib. "Bakı" ilə onlar tərəfdaş olduqları üçün ispanlardan məsləhət istəyiblər...

- "Atletiko"ya gəldikdən və Migel Anxellə (Madrid klubunun rəsmisini nəzərdə tutur) görüşdükdən sonra, "yox" deyə bilməzdim. Bu, qardaş klubla nəzərdə tutulan olduqca böyük və maraqlı layihədir. Həmin layihə gələcəkdə daha da inkişaf etdirilməlidir. Mən də ümumi işə kömək etmək üçün burdayam.

- Çox əminliklə danışırsınız. Bəlkə, işiniz uğurlu olmadı? Axı, futbolda heç kim nəticəyə zəmanət ola bilməz...

- Klubun prezidenti Hafiz Məmmədov mənimlə görüşdə bildirdi ki, hər cür şərait yaradılacaq. Mövsümün sonunda görəcəksiz ki, mən ümidləri doğruldacam, ya yox. Burda uğur qazanacağıma şübhə eləmirəm. Hər şey mənim işimdən asılıdır. Öz fəaliyyətimlə çalışacam ki, "Bakı" və "Atletiko" arasında əlaqələr daha da yaxınlaşsın, genişlənsin. Bunun üçün nə lazımdırsa, edəcəm.

-Medianın tənqidindən çəkinirsiniz? Adətən, ardıcıl uğursuzluq olanda mətbuat baş məşqçini hədəfə alır..

- Artıq əlimdə olan komandanın gücünü öyrənməyə başlamışam. Bu heyətlə də qarşıya qoyulan məqsədlərə nail olmaq olar. Sadəcə gərək hər kəs öz işində diqqətli olsun. Jurnalistlər heç vaxt klub rəsmilərinin üstünə getməsinlər, günahı məndə görsünlər. Mən də çalışacam ki. son dərəcə diqqətli olum. Xahiş eləyirəm, məni indi tənqid eləməyin. Mayı gözləyin. Onda həm tənqid edərsiz, həm də işimə qiymət verərsiz. İndidən üstümə çox düşməyin.

- Əfran İsmayılov, Yuri Fomenko, Rəşad Abdullayevin transferi sizin təyinata qədər rəsmiləşib. Onların hazırlığından razısınız?

- Bəzi futbolçuların hazırlığından narazıyam. Bəzilərinin özlərini həmişə əsas heyətdə görmək istədiklərini anlaya bilmirəm. Futbolçu əsas heyətdə də ola bilər, ehtiyatda da otura bilər. Burda qəbahət yoxdur.

- Hansı futbolçuları nəzərdə tutursunuz?

- Ad çəkməyəcəm. İlk olaraq bu barədə rəhbərliyə məlumat verməliyəm. Adını çəkdiyiniz futbolçular arasında da komandanı tərk edənlər olacaq. Hansı futbolçu məşqlərə dözmürsə və çıxıb gedirsə, bu, mənim problemim deyil. İstəyən gedə bilər. Mən bəzi futbolçuların fikrinə görə öz oyun fəlsəfəmi dəyişən deyiləm.

- Adətən, əcnəbilər gələndə onların köməkçilərindən biri azərbaycanlı mütəxəssis olur. Amma sizin bütün köməkçiləriniz əcnəbidir. Niyə bizim məşqçilərlə işləmək istəmirsiniz?

- Mən bura gələndə istədim ki, ilk addımlarımı öz məşqçi korpusumla atım. Görüm, nə var, nə yox. Amma mən demirəm ki, burda olduğum müddətdə "Bakı"da azərbaycanlı məşqçi olmayacaq. Bura 1 illik gəlməmişəm. Uzun müddət qalıb, uğur qazanmaq istəyirəm. Və gəlməmişəm ki, Bakını görüm, sonra gedib deyim ki, gözəl şəhərdir, siz də gedin gəzin. Hansı məşqçi mənim məşqlərimə gəlib baxmaq istəyirsə, buyursun. Məşqimiz həm onlara, həm də jurnalistlərə açıqdır.

- Azərbaycan yığmasının baş məşqçisi həmişə klublarda məşq saatlarının az olduğundan danışır. Siz neçə saat məşq keçirsiniz?

-           İndi mənim verdiyim məşqlərin 10 dəfə artığını o vaxt mənə veriblər. Bu futbolçular peşəkardır. Bunlara, hətta tətildə olarkən belə məşq proqramı verilməliydi. Formalarını qorumaq haqda düşünməliydilər. Amma heç birinə plan verilməyib. Çoxu hazır gəlməyib. Lakin bu, mənim üçün problem deyil. Son günlərdə komanda motor kimi çalışır. Artıq fiziki hazırlığı bərpa ediblər. Foqtsun sözünə gəldikdə mənim komandamda məşq saatı heç vaxt az olmur. Nə qədər lazımdırsa, o qədər də məşq edirlər.

- Adətən, əcnəbi məşqçilər çox vaxt legioner futbolçulara üstünlük verirlər. Sizin vaxt "Bakı" klubunda necə olacaq?

- "Bakı"da müxtəlif milli komandaların oyunçuları da var. Legionerlər, milliyə çağrılanlar, çağırılmayanlar da var. Amma mənim üçün bunun heç bir fərqi yoxdur. İstərdim ki, daha çox yerli futbolçular özlərini göstərsinlər. Çünki onlar Azərbaycan milli komandasının şərəfini qoruyurlar.

- "Bakı"nı yüksək səviyyəyə çatdırmaq üçün nə qədər vaxt lazımdır?

- Hər kəs inkişaf etmək istəyir və məqsədə nail olmaq üçün mübarizə aparmağa hazırdır. Mən çox pozitiv bir insanam və inanıram ki, biz buna nail olacağıq. Öncə səmərəli iş planı qurmalı və hər şeyi sıfırdan başlamalıyıq. Mən burada olan ən yaxşı oyunçuları seçmək üçün onları meydanda görməliyəm.

- Əgər konkret olsaq nə qədər vaxta komanda uğur qazana bilər. Yoxsa siz bu mövsümiü itirilmiş sayırsınız?

- Xeyr, əlbəttə mövsüm itirilməyib. Hələ çempionat başlamayıb. "Bakı" bu il yüksək hədəflər uğrunda yarışacaq. Maya qədər vaxt verin və sonda komandada dəyişikliyi özünüz görün. Özümü tərifləmək istəmirəm, amma təcrübəmə güvənməsəydim, Azərbaycana gəlməzdim.


MƏSLƏHƏT GÖR:

730