
BAKI SƏVİYYƏSİ
Avropa Gimnastika İttifaqının prezidenti Corc Qelzekin "R+"a müsahibəsi
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bu günlərdə Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek Bakıda səfərdə oldu. Ölkəmizə növbəti səfərdə məqsəd Avropa Oyunlarına hazırlığın gedişiylə tanışlıq, gələn il keçiriləcək qitə birinciliyinin təşkilatçılığıyla maraqlanmaq idi. 4 gün ərzində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsində vacib görüşlər keçirən qonaq inşası davam etdirilən gimnastika arenasıyla da tanış oldu. Bakını tərk etməzdən əvvəl Avropa Gimnastika İttifaqının prezidenti Jorj Qelzek səfərin yekunlarıyla bağlı "R+"a müsahibə verdi.
- Bakıda sizi görməkdən şad olduq. Səfərin nəticələri ilə bölüşərdiniz...
- Mənim burada olmağımın əsas səbəbi bədii gimnastika üzrə Avropa çempionatının, o cümlədən Avropa Oyunları çərçivəsində gimnastika, tambilinq və batut üzərində tullanma yarışlarının keçiriləcəyi arena ilə tanış olmaqdır. Oyunların Təşkilat Komitəsi, MOK və Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə görüşmüşəm. Sözsüz, ölkənizin təşkilatçılığından xəbərdaram. İndiyə qədər keçirdiyiniz bütün yarışları yüksək səviyyədə hə-yata keçirmisiniz. Bir sıra ölkələr üçün Azərbaycanın təşkilatçılığı nümunədir. Ən böyük maraq və diqqət Avropa Oyunlarıyla bağlıdı. Çünki bu ilk dəfə keçirilir. Ona görə inşa edilən arenayla tanış olmaq mənə çox maraqlı idi.
- Yeni gimnastika arenası bütün standartlara cavab verir?
- İlk olaraq Azərbaycan idmançıları sevinməlidir ki, belə gözəl kompleksləri olacaq. Arena istifadəyə veriləndən sonra böyük yarışları qəbul edə bilər. Belə gözəl kompleksin tikilməsinə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür düşür. Adətən, böyük yarışlar zamanı bəzi ölkələr ixtisaslaşdırılan arenaları icarəyə götürür və turniri orada təşkil edir. Amma sizin gimnastlar üçün inşa olunan arenanınızın olması çox yaxşı haldır.
- Deməli, gördüklərinizdən razı qaldınız?
- Kompleksdə hər şey gimnastların rahatlığı üçün hesablanıb. Eyni zamanda, Avropa oyunlarında olimpiya kəndinin də zala yaxın olmasını qeyd etməliyəm. Bu, vacib məqamdır. Çünki gərgin yarışlar zamanı idmançılar uzaq məsafəyə yollanmağı sevmirlər. Ən başlıcası, görülən işlərin sürəti və keyfiyyəti məni sevindirdi. İnşaat işləri sürətlə aparılmaqla yanaşı, zövqlə də seçilir.
- Avropa oyunlarında rəhbərlik etdiyiniz qurum yalnız gimnastikayla təmsil olunacaq. Bu, gimnastikanın olimpiya idman növü olmasıyla əlaqədardı?
- Səfərim zamanı 2 qeyri-olimpiya növünün - idman aerobikası və akrobatikanın da Avropa oyunlarının proqramına daxil edilməsini təklif etdim. Məncə, bunun üçün hər cür şərait var. Son qərarı Təşkilat Komitəsi və Avropa Olimpiya Komitəsi verəcək.
- Sizcə, Avropa oyunlarının təşkilatçılığı bizə nə verəcək?
- İlk olaraq Azərbaycanın tarixə düşməsi müsbət haldır. İlk Avropa Oyunları Bakıda keçiriləcək və bu heç zaman unudulmayacaq. Digər halda kütləvi yarışın təşkili Bakıya gələcəkdə istənilən böyük miqyaslı turnirə ev sahibliyi etmək imkanı verəcək. İdmansevərlər üçün əsl bayram yaşanacaq. 20-yə yaxın idman növü üzrə qaliblər məhz sizin şəhərdə sevinəcək. Avropa Oyunlarını keçirmək böyük məsuliyyət və böyük şərəfdir. Bu şərəfə nail olan Bakı ona olan ümidləri layiqincə doğruldacaq.
- Güləşlə yanaşı, digər idman növlərinin də Yay Olimpiya Oyunlarının proqramından çıxarılma təhlükəsi var. Gimnastikanı bu təhlükə gözləyirmi?
- Bu barədə eşitməmişəm. Beynəlxalq Olimpiya Komitəsi gimnastikanın dünyada nüfuzundan və marağından xəbərdardır. Təbii ki, güləşin də proqramdan çıxarılacağı gözlənilməz oldu. Amma düşünmürəm ki, gimnastika da bura aid olsun. Bizim idman növü olimpiadanı daha maraqlı və baxımlı edir.
- Gələn il keçiriləcək Avropa çempionatı həm də lisenziya xarakteri daşıyacaq. Bu mənada rəqabət də güclü olacaq...
- Qitə birinciliyi həmişə yaxşı mənada digər yarışlarda fərqlənib. Gimnastika Avropa ölkələrində çox inkişaf edib. Ona görə də rəqabətin çox olacağı şübhəsizdir. Avropa çempionatı 2015-ci ildə baş tutacaq Avropa Oyunlarına lisenziya xarakteri daşıyacaq. Ona görə hər bir idmançı üçün turnir ikiqat önəmlidir. Ölkənizin yarışı yüksək səviyyədə keçirəcəyinə əminəm. Mən artıq Avropa çempionatı zamanı Azərbaycanda olmuşam və təşkilatçılığı görmüşəm. Ona görə əminliklə deyirəm: Bakıdan sonra ölkənizin təşkilatçılığı hamı üçün nümunə olmalıdır. İndi də fikirləşirəm ki, Azərbaycandan sonra həm Avropa çempionatı, həm də Avropa oyunlarını keçirmək çətin olacaq. Bütün ölkələr başa düşür ki, bu təşkilatçılığı təkrarlamaq çətindir.
- Avropa çempionatından başqa Bakıda digər turnirlərin keçirilməsi gözlənilirmi?
- Bakı indiyə qədər bədii gimnastika üzrə bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Fikrimcə, Azərbaycan idman gimnastikası üzrə də istənilən yarışı qəbul edə bilər. Bunun üçün hər cür şərait var. İnanıram ki, gələcəkdə də belə yarışlar paytaxtınızda keçiriləcək.
MƏSLƏHƏT GÖR: