
BU, SİYASƏT DEYİL, ADİ KOMMERSİYADIR
Vudro Vilson Mərkəzinin Qlobal Avropa Proqramının məsləhətçisi Aleksandros Petersonun "R+"a müsahibəsi
Müəllif: Almaz MAHMUD Bakı
Azərbaycanın Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kimi irimiqyaslı layihələr həyata keçirməsi ölkənin dünya enerji təhlükəsizliyinin təminatındakı əhəmiyyətini artırıb. Bu boru kəmərləri Avropanın enerji siyasətində vacib rol oynayacaq yeni, daha qlobal layihələrin əsasını qo- yub. Azərbaycanın Türkiyə ilə birlikdə Transanadolu boru kəmərini tikməyə qərar verməsi və öz qazını Avropaya nəql etmək üçün TAP layihəsinin xeyrinə seçim etməsi "Cənub dəhlizi" Avroatlantik təşəbbüsünün reallaşmasına zəmin yaradıb.
Avropanın enerji si-yasətində Azərbaycanın rolu və bununla bağlı, digər suallarımızı Vudro Vilson Mərkəzinin eksperti Aleksandros PETERSON cavablandırıb.
- Həm Avropanın, həm də Azərbaycanın hazırkı enerji siyasətini necə xarakterizə edərdiniz?
- Bu ilin iyununda həyata keçən NABUCCO və TAP layihələrinin seçimlərindən sonra Avropa Komissi-yasının üzvü olan bəzi Avropa dövlətləri reallıqlara uyğun müəyyən addımlar atıblar, lakin indiyə qədər Avropanın “Cənub dəhlizi”nə bənzər heç bir yeni enerji siyasəti olmayıb. Enerji sahəsindəki ekspertlərin qənaətincə, “Cənub dəhliz”i gələcək üçün Xəzər hövzəsində genişləndirilmə baxımından böyük potensiala malikdir. Azərbaycana gəldikdə isə, indiyə qədər "Şahdəniz" konsorsiumu və SOCAR tərəfindən TAP və NABUCCO-nun seçimində verilmiş qərarların müsbət olduğu söylənilə bilər. Bu kommersiya xarakterli bir layihədir, geosiyasi deyil. Eyni zamanda SOCAR-ın Yunanıstanda və digər Avropa bazarlarına qoyduğu investisiyalar onun Avropa enerji sahəsindəkı nüfuzunun artdığını və yetkin, təcrübəli bir şirkətə çevrildiyini sübut edir. Və ən önəmlisi kommersiya xarakterli bir şirkət olduğunu vurğulamalıyıq. Məsələn, "Qazprom"un Avropanın enerji təhlükəsizliyində yeri siyasi xarakter daşıyır. Lakin SOCAR, doğrudan da, biznes fəaliyyətiylə məşğuldur və Avropa ölkələriylə münasibət baxımından Azərbaycan üçün müsbət imicdir.
- TANAP layihəsinin perspektivlərini necə görürsünüz?
-TANAP layihəsi diqqət mərkəzindədir və “Cənub dəhlizi”ndə həm Avropa, həm Türkiyə, həm də Azərbaycan üçün daha önəmli layihədir.
Bu Avropa ölkələri, ABŞ və digərləri arasında dostluq münasibətini daha da dərinləşdirəcək. Bu, Azərbaycana sadəcə regional deyil, həm də qlobal səviyyədə yer verir.
Məsələn, SOCAR sadəcə ölkəsində fəaliyyət göstərən kiçikölçülü şirkət deyil, həm regional, həm də qlobal miqyasda bir yerə sahibdir.
SOCAR Türkiyə ərazisində həm inşaat, həm də əməliyyatın həyata keçirilməsində layihəyə liderlik edəcək və bu cür irimiqyaslı layihə SOCAR üçün yenidir. Mən əminəm ki, SOCAR BOTAŞ-Türkiyə və eyni zamanda digərləriylə danışıqları, eləcə də prosedurları əlindən gələni qədər ən yaxşı şəkildə edəcəkdir.
- Sizcə, SOCAR-ın gələcəkdə fəaliyyəti necə olmalıdır?
- Azərbaycanın, konkret desəm, ARDNŞ-in hazırkı siyasətini davam etməsi yaxşı olar. Sadəcə ARDNŞ-in layihələrə çox həssas və diqqətli yanaşması var. Bu, əlbəttə, ölkənin əvvəlki illərdə ağır iqtisadi şəraitdə olmasıyla əlaqədardır. Gələcək illərdə Azərbaycan qlobal arenada daha önəmli yer tutacaq. SOCAR-ın buradakı rolu önəmlidir. Azərbaycan siyasətçiləri bunun fərqində olmalı, sahiblənməli, daha diqqətli hərəkət etməli və üstünlüklərini dəyərləndirməlidirlər.
- Bəzi ekspertlər Avropanın növbəti iqtisadi böhran ərəfəsində olduğunu söyləyirlər. Bu proqnoz nə dərəcədə inandırıcıdır?
- İkiqat bir böhranın olacağını söyləmək çox çətindir. Avropada 2-ci böhranın yaranacağı müzakirəli mövzudur, amma mən əminəm ki, ikinci böhran olmaycaq. Lakin bunun baş verməyəcəyinə əmin olmaq üçün nələr edilməlidir və ya bu prosesin baş verdiyi təqdirdə, alternativlərin düşünülməsi və mənfi təsirlərini azaltmaq üçün lazım olan məsələlərə diqqət edilməlidir. Burada önəmli nöqtə Azərbaycanın qoyduğu investisiyaların Yunanıstan kimi böhran keçirən ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyidir. Albaniya, Yunanıstan kimi ölkələrdə TAP layihəsinin məşğulluğunun artıracağı və iqtisadiyyatda bir canlanma olacağı şübhəsizdir. Azərbaycan öz payına düşəni edə bilər, lakin ikinci krizis ortaya çıxacağı təqdirdə, bu qlobal güc tələb edəcək və buna əngəl olmaq çətinləşəcək.
MƏSLƏHƏT GÖR: