14 Yanvar 2025

Çərşənbə axşamı, 19:13

ŞƏRQİN İSTEDADLI QADINI

Azərbaycana ağır itki üz verdi - əfsanəvi Şəfiqə Axundova dünyasını dəyişdi

Müəllif:

30.07.2013

Azərbaycanın məşhur bəstəkarı Şəfiqə Axundova uzun çəkən ağır xəstəlikdən sonra dünyasını də-yişdi. Milli bəstəkarlıq məktəbinin korifeylərindən olan Axundova 89 yaşında vəfat etdi. Şərqdə ilk qadın opera bəstəkarı, Azərbaycanın xalq artisti Şəfiqə Axundova son illər ürək xəstəliyindən əziyyət çəkirdi. Amma bu, onun son dövrlərədək ölkənin ictimai-mədəni həyatında fəal iştirakına mane olmurdu. Vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdirildiyi vaxtda da o, Şəkidə "İpək yolu" beynəlxalq festivalında iştirak edirdi. Səhhətində 5 il əvvəl başlamış ciddi problemlərə baxmayaraq, Şəfiqə xanım mahnı da bəstələyirdi.

 

Yaradıcılıq yolu

Azərbaycanın bəstəkarlıq məktəbinin korifeylərindən biri olan Şəfiqə Axundova lirik bəstəkar idi. O, 1924-cü il yanvarın 21-də Şəkidə, tanınmış mədəniyyət xadimi Qulam Axundovun ailəsində dünyaya gəlib. O, ilk mahnılarından olan "Röya" və "Bizim ürəyimiz"i hələ 7-ci sinifdə oxuyarkən bəstələyib. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı musiqi məktəbində ilk musiqi təhsilini alıb. Orada Şəfiqə xanıma şəxsən Üzeyir Hacıbəyov dərs deyib. 1951-1956-cı illərdə o, təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib və orada B.Zeydmanın sinfini bitirib. Konservatoriyada təhsil aldığı dövrdə Ş.Axundova bir neçə mahnı, xalq melodiyaları, instrumental əsər yazıb. Onun musiqiçi və bəstəkar kimi yetişməsində Ü.Hacıbəyovun böyük rolu olub. Məhz onun məsləhətilə ölkədə himnin bəstələnməsi üzrə müsabiqə keçirilib. Azərbaycanın ilk himninin Azərbaycan Dövlət Filarmoniyasının dövlət komissiyası qarşısında Şəfiqə xanım ifa edib.

1972-ci ildə Ş.Axundova "Gəlin qayası" operasını bəstələməklə Şərqdə opera yazan ilk qadın bəstəkar kimi tarixə düşüb. Bu əsər onun yaradıcılığında vacib nailiyyət sayılır. "Gəlin qayası" Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasının ənənələrini davam etdirir və ideya baxımından onunla oxşardır.

Şəfiqə Axundova "Ev bizim, sirr bizim" operettasının da müəllifidir. Bu operetta uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının repertuarını bəzəyib. Azərbaycan Dram Teatrında 60 tamaşa üçün partituranın yaradılmasında da ondan istifadə olunub. 600 mahnı və romansın müəllifi mahnılar üçün söz və mətnlərin seçiminə çox diqqətlə yanaşırdı. Bəstəkar yalnız ürəyə toxunan, ən yüksək insan hisslərini ifadə edən sözlərə musiqi bəstələyirdi. Bu səbəbdən də, Ş.Axundovanın mahnıları indi də bir çox ifaçı üçün arzulanan və ən yaxşı mahnılar sırasındadır. Onun Nizaminin, Füzulinin, həmçinin müasir şairlərin sözlərinə bəstələdiyi mahnıları vaxtilə Azərbaycanın ən yaxşı müğənniləri ifa ediblər. Onların arasında Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın, Sara Qədimovanın və digərlərinin adlarını çəkmək olar. Onlar bu mahnıları hədiyyə kimi ifa ediblər və onlara həmişəlik vurulublar.

2004-cü ildə Şəfiqə Axundova "Şöhrət" ordeni ilə təltif olunub. 2008-ci ildə isə ona “Azərbaycanın xalq artisti” adı verilib.

 

Şəfiqə xanım və Hacıbəyov

Şəfiqə Axundova yaradıcılıq yolunun hələ gənc yaşlarında dərs aldığı Hacıbəyovla sıx bağlı olduğunu dəfələrlə etiraf edib.

"Bizim hamımız bu parlaq şəxsiyyətə borcluyuq. Onu unutmağa mənəvi haqqımız yoxdur", - deyə "R+" jurnalına açıqlamasında "Muğam" teatrının direktoru, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli Arif Qazıyev bildirib: "Şəfiqə Axundova Üzeyir Hacıbəyovun yetirməsi idi. Bu unudulmaz klassik Şəfiqə xanımda gələcək musiqiçi kimi parlaq istedadı hiss etdikdə o, hələ şəkili yeniyetmə qızcığaz idi: o, maestro ilə ilk görüşündə özünün "Laylay" mahnısını ifa edib və bununla da Üzeyir bəyin diqqətini çəkib".

Rejissor danışır ki, Maestro özü şəxsən həftədə 3 dəfə Axundova ilə məşğul olub. Buna görə də Şəfiqə xanımın Azərbaycanın bəstəkarlıq məktəbinin korifeylərindən biri olması təəccüblü deyil.

Üzeyir Hacıbəyov tələbəsinin vokal göstəricilərini də yüksək qiymətləndirirdi və Axundovanın onun "Koroğlu" operasında Nigar, "Arşın mal alan" operettasında isə Gülçöhrə partiyasını yaratmasını istəyirdi. Amma təəssüf ki, bu ideyaları gerçəkləşdirmək mümkün olmayıb. Səbəb Şəfiqə xanımın valideynlərinin ona səhnəyə çıxmağa icazə verməməsidir. Bəlkə də, bu, Azərbaycan səhnəsinin gözəl bir vokalçısını itirməsinə səbəb olub. Təskinlik verən bizim möhtəşəm lirik bəstəkar qazanmağımızdır. Onun mahnıları bu gün də əksər ifaçılar üçün ən yaxşı peşəkarlıq testi olaraq qalır.

 

Ailə

Şəfiqənin anası Züleyxa xanım musiqi duyumu çox yüksək olan qadın idi. O, özü qarmonda ifa etməyi öyrənmişdi və ev işlərindən boşaldıqda Azərbaycan xalq mahnıları ifa edirdi. "Görünür, ona oxşadım", - deyə Şəfiqə xanım deyirdi: "Mahnı səslənən kimi yerimdən sıçrayır, rəqs edir, atılıb-düşürdüm. Anam deyirdi ki, "mənim qızım sanki çalıquşudur".

Sonradan gənc Şəfiqə özü də ifa etməyi öyrəndi: "Böyük bacım Zümrüd məşhur ədib Məmməd Araz Dadaşzadənin həyat yoldaşı idi. Onların evində müğənnilər, şairlər, yazıçılar xanımları ilə birlikdə toplaşırdılar. Onların arasında Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov da olurdu. Adətən, kişilər Məmməd Arazın kabinetinə, qadınlar isə pianonun olduğu otağa toplaşırdılar. Bir qayda olaraq, onlar bacımdan mənim pianoda nə isə ifa etməmi istəyirdilər".

Şəfiqə Axundovanın bacısı Rəfiqə xanım danışır ki, bəstəkar son anadək özündə gənclik ruhunu saxlayıb, işləyib, musiqi festivallarında, yaradıcılıq axşamlarında iştirak edib. O, hər gün musiqilə məşğul olur, yeni əsərlər üzərində işləyirdi. 1984-cü ildə Şəfiqə xanım Bəxtiyar Vahabzadənin sözlərinə "Sevgi ölmür" mahnısını bəstələyib xəstələnənədək onu ifaçılardan birinə verməyə macal tapıb. Müğənni Eldar Ələkbərov mahnının yazıldığı kaseti dinləməsi üçün Bəxtiyar Vahabzadəyə verib. "O, danışırdı ki, Bəxtiyar müəllim musiqini yüksək qiymətləndirib və deyib: "Təəssüf ki, Şəfiqə xanım yanımızda deyil. Onun əllərindən öpərdim"", - deyə Rəfiqə xanım danışır.

"Mənim əksər mahnılarımın taleyi yaxşı olub. Onları Şövkət Ələkbərova, Sara Qədimova, Səkinə İsmayılova, Zeynəb Xanlarova ifa ediblər", - deyə Ş.Axundova bildirirdi: "Romanslarım arasında mənə xüsusilə doğma olanı Səməd Vurğunun "Aygün" poemasına yazdığım silsilədir. Mənə elə gəlir ki, şair həmin poemada mənim həyatımı canlandırıb. Oradakı qəhrəmanın taleyi mənim taleyimə çox bənzəyir".

Allah sizə rəhmət eləsin, Şəfiqə xanım!



MƏSLƏHƏT GÖR:

511