14 Mart 2025

Cümə, 23:38

AZƏRBAYCANDA ÇƏKİLMİŞDİR

Avqustun 2-də Azərbaycan kinosunun 115 yaşı tamam oldu

Müəllif:

06.08.2013

Azərbaycan kinematoqrafiyasının yaradılması tarixinə dair ziddiyyətli informasiyalar var. Kinematoqraf tarixinin tədqiqatçıları iddia edirlər ki, bu tarix 1916-cı ildə ekranlara çıxmış "Neft və milyonlar səltənətində" filmilə və ya 1923-cü ildə Bakıda bolşeviklərin təbliğat vasitəsi olan ilk kinofabrikin açılması ilə deyil, bundan da qat-qat əvvəl başlayır. Tarixçilər müəyyən ediblər ki, Azərbaycanda ekranlarda "hərəkət edən şəkillər" ilk dəfə 1898-ci ildə peyda olub. O zaman, Lümyer qardaşlarının yeni incəsənət növü kəşf etməsindən cəmi 3 il sonra "kinematoqraf" Bakıya gəlib çıxıb. İlk kino nümayişini fotoqraf Aleksandr Mişon avqustun 2-də təşkil edib. O, doğma Bakının həyatından kinosüjetlər çəkirmiş. Bunların arasında "Bibi-Heybətdə yanğın", "Balaxanı-Sabunçu mədənində neft fontanı", "Qafqaz rəqsi" və "Yaxşı ələ keçdin" adlı yumoristik filmlər olub. Sonradan A.Mişon bu filmləri Fransada da nümayiş etdirdikdən sonra böyük uğur qazanıb.

Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli fərmanına əsasən, avqustun 2-də milli kinematoqrafiyanın ad günü - Milli Kino Günü qeyd olunur.

Beləliklə, Bakının həyatı haqda kinosüjetlərin ilk nümayiş olunduğu tarixi əsas götürsək, bu il Azərbaycan kinematoqrafiyasının 115 yaşı tamam olur!

 

Görüləsi işlər çoxdur

"İllər keçdikcə kino qocalmır, əksinə cavanlaşır. Bu, getdikcə çəkisini artıran və inkişaf edən nadir incəsənət növlərindəndir. Və bu gün biz dünya kinematoqrafının yaranması ilə Azərbaycan kinematoqrafının yaranması arasında çox qısa zaman kəsiyinin olması faktı ilə fəxr etməliyik". Bu sözləri "R+"a müsahibəsində C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib.

Müasir milli kinematoqrafımız hansı vəziyyətdədir? Hansı uğurları, planları və problemləri var?

"Bu gün bizim qarşımızda yaxın vaxtlarda həll etməli olduğumuz bir çox məqsəd və vəzifələr var. Məlum olduğu kimi, hələ 2008-ci ilin aprelində Azərbaycan Prezidenti   İlham Əliyev "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nı təsdiq edib. Bu proqramda kinonun bütün sahələrinin inkişafına dair tədbirlər öz əksini tapıb, amma ən əsası "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsilə bağlıdır. Artıq bu ilin sentyabr ayından kinostudiyanın rekonstruksiyasına başlanacaq, bu işlərlə Fransanın CTM şirkəti məşğul olacaq", - deyə M. Hətəmov qeyd edir.

Kino şəhərciyinin yaradılması ilə yanaşı, kinostudiya kadr potensialının artırılması üzərində də işlə- yir. İlkin mərhələdə "Azərbaycanfilm" kinostudiyasının ətrafında kino məhsulu istehsalı ilə məşğul olan aparıcı şirkətlər birləşərək, Prodüserlər Gildiyası yaradılıb.

M.Hətəmovun sözlərinə görə, yerli kinoşirkətlərin ən yaxşı mütəxəssisləri - montajçılar, operatorlar, səs rejissorları "Azərbaycanfilm"də işlərə  cəlb olunublar. Bu yolla qonşu Gürcüstan və İrandan bizim kinematoqrafa kadr axınının qarşısını almaq mümkün olub.

Filmin dünya kino bazarına çıxması üçün əsas şərtlərdən biri onun texniki səviyyəsidir. Odur ki, qarşıya qoyulmuş məqsədlərdən biri də bu istiqamətdə kadrların hazırlanmasıdır. Hazırda kinostudiyada 12 gənc mütəxəssis çalışır - 10 operator və 1 kinorejissor. Onların əksəriyyəti ən yaxşı rejissor və ya operator işlərinə görə müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüblər. "Göründüyü kimi, kinostudiyanın qapıları gənc istedadların üzünə açıqdır", - deyə M.Hətəmov vurğulayıb.

 

Müsabiqəli seçim

Gənc ekspertləri sıralarına cəlb etmək üçün Azərbaycanın Prodüserlər Gildiyası bu yaxınlarda "Geniş baxış"  adlı ssenari müsabiqəsi elan edib. Müsabiqənin qalibi adına "AdariFilm" kinoşirkətinin təqdim etdiyi "Motivlər" kinoalmanaxı layiq görülüb. "Azərbaycanfilm" kinostudiyası artıq Gənclər və İdman Nazirliyinin dəstəyilə bu kinoalmanaxın çəkilişinə başlayıb. Layihə çərçivəsində, həmçinin gənc rejissor Rüfət Həsənovun "Bazar günü" qısametrajlı filminin çəkilişləri başa çatıb. Digər filmlərin çəkilişinə isə daha 5 gənc yerli rejissor cəlb olunacaq. Onlar Avropa, ABŞ və Rusiyada təhsil alıblar və indi də fəaliyyətlərini orada davam etdirirlər. Gələcəkdə isə bu istedadlı mütəxəssisləri tammetrajlı filmlərin çəkilişinə cəlb etmək planlaşdırılır.

Hazırda "Azərbaycanfilm" kinostudiyası "Xəzər" filmi layihəsinə dair növbəti müsabiqə elan edib. Bu, Mədəniyyət Nazirliyi, kinostudiya və Azərbaycana dəvət edilmiş bir neçə müstəqil kinoprodüserlərin birgə layihəsidir.

Müsabiqə çərçivəsində gənc rejissorlar Xəzər dənizi mövzusuna aid tammetrajlı film layihələrini təqdim edə bilərlər. Filmin ssenarisini tərkibində 9 əcnəbi prodüserin olduğu jüri seçəcək. Filmin büdcəsi 250 min manatdır. Ssenarilər artıq təqdim olunub, düzdür, onların sayı hələlik o qədər də çox deyil. Filmin xarici şirkətlərlə birgə çəkiləcəyi gözlənilir ki, bu da kinematoqrafın inkişafına yönəlmiş addımdır. "Bizim artıq birgə film çəkilişinə dair uğurlu təcrübəmiz var. Bu yaxınlarda biz Türkiyə ilə birlikdə "Mahmud və Məryəm" filmini çəkmişik və bu bədii əsər ABŞ, Yaponiya, Türkiyə və Avropanın daha 8 ölkəsində tamaşaçıların ixtiyarına verilib", - deyə M.Hətəmov qeyd edib.

 

Özümüzü də göstərək

M.Hətəmovun sözlərinə görə, Azərbaycan kinosunun dünya kino bazarına çıxması asan məsələ deyil, amma bu istiqamətdə lazımi işlər görülür. Bu gün kinostudiya Türkiyə, İran və Avropanın kinematoqrafiya bazarına çıxmağa çalışır. Bununla belə, Azərbaycan kinosunun, ümumiyyətlə, beynəlxalq aləmdə təmsil olunmadığını iddia etmək də düzgün olmazdı. Azərbaycan kinematoqrafçılarının mütəmadi olaraq beynəlxalq müsabiqələrdə iştirakı da buna sübutdur. Yalnız bu il ərzində Azərbaycan filmləri 20-dən artıq xarici kinofestivallarda nümayiş etdirilib. Amma Avropa bazarına çıxmaq üçün Avropa Kinematoqrafının İnkişafı Fonduna üzv olmaq lazımdır.  Artıq Azərbaycan bu quruma üzvlük üçün müraciət edib və sentyabrın sonunda müraciətə baxılacaq.

Milli kino sənayesinin əsas problemlərindən biri kimi M.Hətəmov "Azərbaycanfilm"lə əməkdaşlıq edən xarici şirkətlərə həddindən artıq yüksək vergi tətbiqini göstərir. Onun fikrincə, dövlət büdcəsi vergilərin ləğvindən yalnız qazanardı: "Nəticədə milli kino sənayesinə sərmayə axını artardı, bu isə onun inkişafı və deməli, gəlir gətirən sahəyə çevrilməsi demək olardı".

Kinostudiyanın direktoru, həmçinin hazırda istehsalatda olan filmlər haqda da danışıb. Bu günlərdə rejissor Asif Rüstəmovun "Axınla aşağı" filminin çəkilişləri başa çatıb. İndi kinolentdə montaj işləri aparılacaq. Yaxın həftələrdə isə tanınmış rejissor Fikrət Əliyevin "Polkovnikin sərvəti və ya sonuncu dayanacaq" filminin çəkilişlərinə başlanacaq. Bundan başqa, Elməddin Xəyyamın "Sirr" bədii-sənədli filmi üzərində də iş davam edir.

Yeri gəlmişkən, avqustun 2-də Azərbaycanın 32 rayonunda rejissor Elxan Cəfərovun "Dolu" filminin təqdimatı keçirilib. Bu cür təqdimat Azərbaycanda ilk dəfədir keçirilir və bu, kinoteatrlarda genişekranlı monitorların quraşdırılması sayəsində mümkün olub. Film sentyabr ayından ekranlara çıxacaq. Bundan başqa, Milli Kino Günü "Nizami" kinoteatrında tanınmış rejissor Eldar Quliyevin "Dərvişin məktubları" filminin təqdimatı olacaq.

"İnşallah gün gələcək Azərbaycan kinematoqrafiyası özünün əvvəlki şöhrətini və avtoritetini qaytaracaq və biz yenidən kinomuzla fəxr etməyə başlayacağıq. Bizdə tamaşaçılarımızı sevindirmək üçün çoxlu sayda yaxşı filmlər var. Bizim kinomuz birgünlük əyləncəli rolik deyil, bizim kinomuz əvəzolunmaz incəsənətdir. Onun vasitəsilə biz bu qlobal dünyada öz mənəvi və mədəni dəyərlərimizi gələcək nəsillərə ötürürük", - deyən M. Hətəmov bütün kinematoqrafiya xadimlərini və kinosevərləri bu yubiley münasibətilə təbrik də edib.



MƏSLƏHƏT GÖR:

476