
MƏFTUNEDİCİ VƏ GÜLƏRÜZ
Azərbaycan estradası və kinosunun korifeyi Mirzə Babayevin anadan olmasının 100 illiyinə
Müəllif: Məhərrəm ZEYNALOV Bakı
Mirzə Babayevin aktyorluq fəaliyyəti, onun kino və estrada nömrələrindəki rolları qəribə şuxluğu ilə fərqlənirdi. Hətta bu qeyri-adi müğənninin 90 yaşında belə, onun ifaçılıq tərzində nadir nikbinlik, gümrahlıq var idi. Sanki o, hələ uzun illər bizimlə birlikdə olmaq niyyətində idi. Əslində, belə də var. Çünki dahi müğənni və aktyorun 100 yaşının tamam olduğu bu gündə o, mahnıları və filmləri ilə yenə də bizim aramızdadır.
Hərtərəfli istedad
Bu gün Mirzə Babayevin rəssamlıq, memarlıq və dizayn sahəsində də iz buraxdığını çox az adam bilir. 1939-cu ildə o, Azərbaycan Sənaye İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsini bitirib. Mirzə Babayevin nəvəsi Emin danışır ki, mərhum müğənninin bir neçə rəsm əsəri hələ də Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Eminin "R+" jurnalına dediyinə görə, onların arasında "Nizami mədrəsədə", "Nizami səhrada" kimi əsərlər var. Bundan başqa, Mirzə Babayev bu muzeyin daxili dizaynının da müəllifidir. "Babamın layihəsi əsasında Bakıda, Gəncədə, Ağdamda bir neçə bina tikilib. O, şəhərin mərkəzində də bina, həmçinin "Vətən" kinoteatrının layihəsini verib", - deyə Emin bildirir.
Bu yerdə Mirzə Babayevin müxtəlif sahələrdəki istedadına rəğmən, son dərəcə təvazökar və mehriban olduğu vurğulanmalıdır.
Mirzə Babayevin ilk çıxışı hələ 1939-cu ildə olub. O zaman Baba-yev tələbə idi. İkinci dəfə o, xeyli sonra, cəbhədən qayıtdıqdan sonra oxuyub. Bu, Tofiq Quliyevin yenicə yaratdığı orkestrdə baş tutub. Sonralar SSRİ-nin hər tərəfindən cazla mübarizə başladıqda orkestr bağlanıb. Mirzə Babayev səhnəyə bir də 1956-cı ildə qayıdıb.
1948-ci ildə Babayev peşə seçimində son qərarını qəbul edib və konservatoriyaya daxil olub. Orada ifaçı dahi Bülbülün sinfində oxuyub və 1953-cü ildə konservatoriyanı vokalçı ixtisası üzrə bitirib. Ümumilikdə, Mirzə Babayevin taleyi Tofiq Quliyevlə çox bağlıdır. İfaçının təkrarolunmaz üslubunu məhz Quliyev ortaya çıxarıb, tez-tez onun üçün mahnılar bəstələməyə başlayıb.
"Mirzənin ifası məni o qədər ruhlandırırdı ki, hərdən rejissorla söhbətlərimdə ssenariyə Mirzə üçün mahnı da daxil edirdim", - deyə Tofiq Quliyev xatırlayırdı. Mirzə Babayevə məşhurluq gətirən rollara mahnılar məhz bu cür yazılıb. Söhbət "Dərviş Parisi partladır" filmindən gedir. "Tofiq Quliyevlə Mirzə Babayev çox cəhətlərinə görə oxşayırdılar", - deyə ifaçının nəvəsi danışır: "Onların həm geyim tərzi, həm davranışları oxşar idi. Onlar bir çox aspektlərinə görə sovet hakimiyyətinin qoyduğu çərçivələrdən çıxırdılar. O zaman müğənnilər 2-3 pozada dayana bilərdilər, qeyri-parlaq geyinirdilər, jestlər etmirdilər. Yalnız Mirzə Babayev bu normalara qarşı gedirdi".
Mirzə Babayev üçün digər bəstəkarlar da mahnılar yazıb. Onların arasında Cahangir Cahangirov, Oqtay Kazımov, Emin Sabitoğlu da var. O, "Kəpənək", "Limanlar", "Ay qız", "Pəncərəmə qondu çiçək" kimi mahnıların ilk və təkrarolunmaz ifaçısıdır. Mirzə Babayevi yalnız hərtərəfli istedadı ilə yox, həm də mahnıları universal ifa etməsi ilə tez-tez İv Montan, Jilber Beko, Frenk Sinatra ilə müqayisə edirdilər. Həqiqətən də, Babayevin orijinalda - fransız, italyan, ingilis dillərində ifa etdiyi çoxsaylı mahnılar var.
"Əlbəttə ki, babam xalq sevgisini məzəli mahnıları ilə qazanıb. Lakin onun istənilən üslubda ifa etdiyi bütün mahnılar təkrarolunmazdır", - deyə müğənninin nəvəsi bildirir.
Mirzə Babayev o dərəcədə istedadlı idi ki, hətta əksər pərəstişkarları onun hamısından xəbərdar deyil. Yalnız 4 il əvvəl, ifaçı dünyasını dəyişdikdən sonra, onun fransız və italyan dillərində ifa etdiyi mahnılardan ibarət ilk solo-diski çıxıb. "Ötən əsrin 60-cı illərində babam dünyanın bir çox ölkələrində ifa edib. Onun repertuarında müxtəlif dillərdə olan mahnılar var idi", - deyə Emin Babayev qeyd edir: "Demək olar ki, bu mahnıların hamısının notları, sözləri evimizdə qalır. Amma musiqi kompozisiyalarının özləri Azərbaycan Dövlət Televiziyasının "Qızıl Fond"unda saxlanılır. Biz artistin ailəsi olaraq, Dövlət Televiziyasına müraciət etmişik və yaxın zamanlarda həmin mahnılar bizə təqdim olunacaq. Mirzə Babayevin həmin mahnıları bərpa olunaraq bir albom şəklində buraxılacaq".
Babayevin "mənfi" qəhrəmanları
Mirzə Babayev istedadının qəribə özəlliyi var idi. Onun çəkildiyi filmləri yada salsaq, onların süjeti və hadisələrin məntiqi Babayev qəhrəmanlarının mənfi qəhrəmanlar - fırıldaqçı, bandit olduğunu göstərir. Amma Mirzəni bu rollarda xatırladıqda, buna inanmaq çətindir.
Mirzə Babayev ilk rolunu "Onu bağışlamaq olarmı?" filmində oynayıb. Ən məşhur olanları isə onun "Qorxma, mən səninləyəm", "Gün keçdi", "Dəli Kür", "Telefonçu qız", "Dərviş Parisi partladır", "Onu bağışlamaq olarmı?", "Şir evdən getdi" və başqa rolları, eləcə də mahnılarıdır.
Ümumilikdə, Babayev bəy rollarını daha yaxşı yaradırdı. "Qaraca qız" və "Qorxma, mən səninləyəm" filmlərində o, bu cür rollar canlandırıb. Amma elə həmin filmlərdə də Mirzə Babayev yenə də mənfi rollar oynayıb. "O olmasın, bu olsun" filmində Rüstəm bəy, "Arşın mal alan"da isə Sultan bəy obrazlarını Mirzə Babayev yaradıb.
Əbədi gənc
Mirzə Babayev həyatının sonunadək özünü formada saxlayıb. Yaşının kifayət qədər çox olmasına baxmayaraq, onun hər ifasından inanılmaz enerji, həyat eşqi saçılırdı. 80 yaşında da Babayev səhnədə dinamik olmağa çalışırdı. 85 yaşında Heydər Əliyev Sarayında solo-konsert verdi və konsert tam anşlaqla keçdi. Babayev ömrünün sonunadək qastrollarda oldu. 2001-ci ildə o, Rusiyanın "Olimpiysk" konsert-zalında keçirilən Azərbaycan Mədəniyyəti Günlərində iştirak etdi. Orada Babayevin "Mən nə qədər qoca olsam da..." ifası çox inandırıcı və yerində idi. O zaman Babayev artıq 87 yaşında idi! Sonrakı 2 il ərzində Mirzə Babayev düz, 3 musiqi albomu buraxdı. O bizi 2003-cü il yanvarın 14-də - 89 yaşında tərk etdi.
MƏSLƏHƏT GÖR: