14 Mart 2025

Cümə, 22:35

RE-ANİMASİYA

Milli multiplikasiya kinosunda peşəkar kadr çatışmazlığı var

Müəllif:

27.08.2013

İstənilən ölkədə animasiya kinematoqrafın vacib bəndlərindən biri sayılır. Çünki böyük kino aləmi ilə tanışlıq, məhz, animasiyadan başlayır. Azərbaycanda bu kino məhsulunun (yeri gəlmişkən, o yalnız uşaqlar üçün yox, böyüklər üçün də çəkilir) istehsalı ilə artıq uzun illərdir "Azanfilm" studiyası məşğuldur. Bu studiya indiyədək Azərbaycan xalq nağılları və əfsanələri, həmçinin müasir müəlliflərin hekayələri əsasında yüzdən artıq film ərsəyə gətirib.

2013-cü ildə milli animasiyamız özünün 80 yaşını qeyd edir. Bu "ahıl yaşa" baxmayaraq, Azərbaycanda mədəniyyətin sözügedən sahəsi çətin dövrünü yaşayır. Bu haqda "R+"a  müsahibəsində "Azanfilm" studiyasının direktoru və bədii rəhbəri Fariz Əhmədov bildirib. "Bizdə yüksəkixtisaslı kadrlar çatışmır. Ona görə yox ki, belə kadrlar tapmaq olmur, ona görə ki, ölkədə onları hazırlamaq və təhsil vermək üçün yer yoxdur. Bu gün milli animasiya kinosu sahəsində çalışan ən "gənc" yüksəkixtisaslı kadrın 70 yaşı var", - deyə o vurğulayıb.

 

Öz-özünə öyrənən  mütəxəssislər 

Olduqca çoxtərəfli və çox zəhmət tələb edən bir proses olan multiplikasiya istehsalı ssenari və səs tərtibatının seçilməsindən başlayır. Axı, mimika və jestləri məhz səsin üzərində qurmaq lazım olacaq. Multfilm - rəvanlıqla bir-birini əvəz edən və təbii hərəkət təsiri bağışlayan kadrlardır. Buna görə də, F.Əhmədovun sözlərinə görə, sadəcə animator olmaq azdır, gərək həm rəssam, həm yazıçı, həm bəstəkar olasan. Çünki animasiya - müxtəlif yaradıcılıq növlərinin sintezidir. Rəsm çəkmək bacarığından başqa, animatorda həm də aktyorluq məharəti, rəssamlıq və dramaturq səriştəsi də olmalıdır.

Bu gün animasiya studiyalarında işləyən gənc mütəxəssislər, əsasən, bu sahəni öz-özünə öyrənmiş cavanlardır. Amma onları da işə cəlb etmək çətindir, çünki studiya işi, əsasən, dövlət sifarişlərindən asılıdır, bu cür sifariş isə çox az-az olur. Bir sözlə, bu, qeyri-sabit və epizodik işdir.  Amma bütün bu çətinliklərə baxmayaraq, studiya rəhbərliyi iki gənc animatorun iki aylıq təkmilləşdirmə kurslarında iştirakına nail olub: gənc mütəxəssislər sentyabrda Moskvaya yola düşəcəklər.

SSRİ-nin dağılması kinoya olduğu kimi, animasiya sənayesinə də mənfi təsir göstərib. Çünki animatorları, əsasən, Moskvada hazırlayırdılar. Azərbaycanın öz animatorlar məktəbi 1960-1970-ci illərdə - çoxsaylı mütəxəssislər pleyadasının peşəkar tədris və təlim keçməsindən sonra formalaşıb. Amma 90-cı illərdə ölkədə çox az sayda mütəxəssis qaldı. Onların əksəriyyəti xaricə getməyi üstün tutdu.

Animasiya kinosunun tarixi uzaq 1933-cü ilə gedib çıxır - o vaxt "Azərbaycanfilm" studiyasının əməkdaşları ilk dəfə olaraq animasiya istehsalı üçün Moskvadan lazımi avadanlıqlar aldılar.  Elə həmin il "Lökbatan" və "Neft simfoniyası" sənədli filmlərinin çəkilişi zamanı onlar ilk dəfə olaraq texniki animasiyadan da istifadə etdilər. "Çat" filmində (rəssam Basov) isə artıq tamamilə texniki animasiyadan istifadə olundu. Bu film 1938-ci ilədək SSRİ-nin müxtəlif şəhərlərində nümayiş etdirildi.

80-ci illərin sonlarından başlayaraq, ölkədə baş verən ictimai-siyasi proseslər, bütün sahələrə, o cümlədən yaradıcı təşkilatlara da təsirsiz ötüşmədi, "Azərbaycanfilm" də  yeni iş stilinə keçidi və s. kinostudiya nəzdində fəaliyyət göstərən  birliklər və şöbələrin müstəqil fəaliyyətə keçməsini zəruri etdi. 1990-cı ilin aprelində SSRİ-də ilk olaraq azərbaycanlı multiplikatorlar təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı dəyişdirildi və "Azanfilm" yaradıldı.

 

İlboyu iki və ya üç film... 

F.Əhmədovun sözlərinə görə, "Azanfilm" studiyası hər il multiplikasiya filmləri çəkir, düzdür, onların sayı çox deyil - dövlət sifarişindən asılı olaraq, ildə iki və ya uzaqbaşı, üç film. Amma onun fikrincə, burada söhbət kəmiyyətdən yox, keyfiyyətdən gedir: "Biz bu gün keyfiyyətə önəm verməliyik. Hər dəfə yeni multiplikasiya filminin çəkilişinə hazırlıq başlayanda mən özüm-özümə sual verirəm: bu animasiya filmi özündə hansı mənanı daşıyacaq? Mənim üçün əsas məsələ ideyadır. Film özündə insansevərlik və xeyirxahlıq daşımalıdır.  Axı, bu unikal yaradıcılıq növündə, incəsənətin, faktiki olaraq, bütün növləri birləşib - dramaturgiya, səhnə mədəniyyəti, musiqi. Ərsəyə gələn məhsul, bir növ, ölkənin, onun siyasətinin, ideologiyasının əksidir. Mən animasiyanın yalnız uşaqların boş vaxtını televizor qarşısında keçirməsi üçün lazım olan əyləncə kimi qəbul edilməsilə razılaşa bilmərəm.  Əksər hallarda, animasiya filmlərində olduqca dərin mənalar var. Odur ki, bu gün bizim əsas məqsədimiz yalnız şəkil, dinamika, baxımlılıq deyil, həm də süjetin ideyaya söykənməsidir".

Təbii ki, multiplikasiya filmləri uşaq dünyasının tərkib hissəsdir və onun gələcəkdə insan kimi formalaşmasında birbaşa iştirak edirlər. Belə deyək: uşaqların  böyüyəndən sonra dünya və özünün bu dünyadakı rolu haqda təsəvvürləri, onun hansı filmlərin təsiri altında böyüməsindən də asılıdır. Misal kimi, sovet multfilmlərini göstərmək olar. Onlarda nə qədər ideya, xeyirxahlıq, məna var idi! Nə qədər ibrətamiz filmlər çəkilirdi!

Multfilm istehsalı çox zəhmət tələb etməklə yanaşı, həm də, olduqca bahalı prosesdir. Düzdür, Azərbaycan kimi balaca ölkələrdə animasiya kommersiya çalarları daşıya bilməz. F.Əhmədovun sözlərinə görə, yalnız bir animasiya filminin çəkilməsi dövlətə 100-200 min dollara başa gəlir. Bizdə isə bu rəqəm xeyli azdır.

 

Ağıllı "reklam" 

Müsahibimiz deyir ki, bəzən filmin təqdimatı və populyarlaşdırılması, onun çəkilişindən də baha başa gəlir. Söhbət, bu filmlərin tez-tez televiziya ilə nümayişi, məktəbəqədər və məktəb idarələrində göstərilməsi, DVD-disklər şəklində satışı, oyuncaq personajların hazırlanması və s.-dən gedir. Yalnız bir misal gətirək: rusların məşhur "Maşa və ayı" multfilminin PR kampaniyasına xərclənən vəsait, onun istehsalına xərclənəndən ucuz başa gəlməyib. Bu film böyük ekranlara çıxmazdan əvvəl geniş reklam kampaniyası keçirildi, kinoteatrlarda prezentasiyalar təşkil edildi və s.

Milli məhsulu populyarlaşdırmağın ən effektli yolu onların telekanallarda nümayişidir.  Qeyd etmək lazımdır ki, uşaqlar üçün nəzərdə tutulmuş yerli efir vaxtı artıq multfilmlərlə "zəbt edilib". Amma bunların əksəriyyəti xarici filmlərdir, yerli məhsullar isə minimumdur.

Bəs, Azərbaycan animasiyasında nə baş verir? Yəni bizim artıq uşaqlarımıza təklif etməyə heç nəyimiz qalmayıb? F. Əhmədov deyir ki, təklif etməli şeylər çoxdur. Və o, yerli kanallarda nümayiş etdirilən milli məhsulların sayının az olması fikrilə razı deyil: "90-cı illərin əvvəllərindən bu günədək 35 multfilm çəkilib. Yerli məhsulların azlığı, bizim telekanalları xaricdə istehsal olunan multfilmlərə üz tutmağı vadar edir. Amma potensial imkan və keyfiyyət baxımından Azərbaycanın animasiya filmləri xaricilərə uduzmur. Digər tərəfdən məni daha çox multfilmlərin məzmunu və onların uşaqlara münasibəti narahat edir. Bu cür məhsullar hazırlanarkən, mütləq, ölkənin mentallığı, ideyaları əsas götürülməlidir.

Telekanallarda multfilm nümayişlərinin sıxlığına gəlincə, üç yerli kanalın - AzTV, İTV və ANS TV-nin monitorinqi göstərir ki, bu kanallar 180  gün ərzində 42 dəfə Azərbaycan multfilmləri nümayiş etdiriblər". 

Milli animasiya istehsalını dirçəltmək üçün nə tələb olunur? F.Əhmədovun fikrincə, bu problemin həlli üçün kompleks tədbirlər lazımdır - kadrların hazırlanması, texniki təchizat, struktur dəyişiklikləri və milli məhsulların elektron KİV-lər, kinoteatrlarda nümayişlər, DVD-disklərin buraxılması və s. yolla populyarlaşdırılması.

Ümid etmək istərdik ki, gələcədə Azərbaycanda istehsal olunan animasiya filmləri Qərb məhsullarından pis olmayacaqlar və milli animasiyanın problemləri aradan qalxacaq.

 

Bu, maraqlıdır 

Hazırda "Azanfilm" studiyasında 3D formatında "Ən güclü" qısametrajlı multiplikasiya filminin buraxılmasına hazırlıq gedir. Hazırlıq işləri aprel ayından başlayıb. F. Əhmədovun sözlərinə görə, bu işin çox zəhmət tələb edən proses olduğu nəzərə alınsa, film üzərində işlər bu ilin sonunda başa çatmalıdır. Personajlarının sayının çoxluğu, baxımlılığı və dramaturgiyası ilə fərqlənən "Ən güclü" filmi Azərbaycan animasiya tarixində bu formatda çəkilən ilk əsər olacaq. Filmin rejissoru Arif Məhərrəmov, multfilm qəhrəmanlarının obrazları üzərində işləyən rəssam isə Ramil Əliyevdir. Yazıçı Gülnar İbrahimovanın hekayəsi əsasında çəkilən 15 dəqiqəlik bu filmin üzərində üç gənc animator çalışır. Onun prezentasiyası isə gələn ilin fevralında multiplikasiya kinosu həftəsi çərçivəsində Bakının 20 orta məktəbində təşkil olunacaq.  Multiplikasiya kinosu həftəsi uşaq evləri və internat-məktəblər üçün həftəlik "Multfilm bayramı" ilə yekunlaşacaq. "Bu, ilk belə aksiya deyil. Ötən il fevralın 10-15-də də ölkədə multiplikasiya filmləri həftəsi təşkil edilmişdi.  Bu aksiya Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı Şəhər Təhsil İdarəsilə birgə keçirilir.  Aksiya çərçivəsində paytaxtın 20 orta məktəbində aşağı sinif şagirdlərinə son illər istehsal edilmiş multfilmlər nümayiş etdirilir", - deyə F.Əhmədov bildirib.



MƏSLƏHƏT GÖR:

516