9 Mart 2025

Bazar, 06:41

DAXİLİ VƏ XARİCİ DÜŞMƏN

Türklərin Cənubi Qafqazdakı təsirinə qarşı çıxan Çar Rusiyasının ən sadiq nökərləri ermənilər idi

Müəllif:

27.08.2013

Çar Rusiyası yüzilliklər boyu öz müsəlman vilayətlərində Türkiyənin nüfuzunun artmasına imkan verməmək üçün müxtəlif tədbirlər görüb. Bu baxımdan, Türkiyənin Bolqarıstan və onun müttəfiqləri ilə müharibə apardığı 1913-cü il də istisna olmayıb.  Məlum olduğu kimi, tarixdə Balkan müharibəsi adlanan bu müharibənin əvvəlində üstünlük müttəfiqlərin tərəfində idi. Onlar Türkiyə üçün yalnız strateji deyil, həm də simvolik əhəmiyyət daşıyan Andrianopol (indiki Ədirnə - müəl.) şəhərini ələ keçirməyi bacarmışdılar. Türklərin Cənubi Qafqazdakı təsirinə və təbliğatına qarşı çıxan Çar Rusiyasının ən sadiq nökərləri çoxsaylı icma və qəzetləri olan ermənilər idi. Bu zaman onlar yerli əhali olan azərbaycanlılarla münasibətləri korlamamaq üçün birbaşa deyil, dolayı vasitələrə əl atırdılar, hiylə işlədir, arxadan zərbə vururdular.

1913-cü ildə Bakıda erməni qəzeti olan "Bakı" (bu qəzet özünü "erməni nəşri" adlandırmasa da, bu, onun mahiyyətini dəyişmirdi - müəl.) nəşr edilirdi. Erməni Vermişevin redaktoru olduğu bu qəzetin 24 aprel tarixli 90№li buraxılışında "Türk təbliğatı ilə mübarizə" sərlövhəli məqalə dərc olunmuşdu. Məqalədə deyilirdi: "Daxili İşlər Nazirli-yinə daxil olan məlumata əsasən, son vaxtlar gənc türklərin "Birlik və İnkişaf" komitəsinin məxfi emissarları Rusiyaya ezam edilərək, burada müsəlman ideyalarının təbliği və müqəddəs müharibə üçün vəsait toplamaqla məşğuldurlar. V.A.Maklakov nazirliyin yüksəkrütbəli nümayəndələri ilə söhbətində bu xəbərlərin kifayət qədər etibarlı mənbələrdən əldə olunduğunu deyərək, komitənin Volqaətrafı ərazilər, Qafqaz və Orta Asiyada fəaliyyətinin araşdırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib. Yaxın vaxtlarda Rusiya müsəlmanları arasında dövlət əleyhinə təbliğatın qarşısını almaq məqsədilə xüsusi müşavirənin keçirilməsi nəzərdə tutulub. V.A.Maklakov ehtiyat edir ki, polis departamenti müsəlman məktəbləri, xeyriyyə və maarifçilik təşkilatlarına qarşı açıq şəkildə tədbirlər görsə, bu, real nəticə verməyəcək, əksinə, Rusiya müsəlmanları arasında hiddətə səbəb olacaq, onlar təbliğatçılara sığınacaq verəcəklər. Dini Məsələlər Departamenti bununla əlaqədar olaraq, müsəlmanların ali dini rəhbərlərinin iştirakı ilə müşavirə keçirməyi, hökuməti narahat edən məsələləri onların diqqətinə çatdırmağı, mollaların müsəlman məktəblərində türk emissarlarının düşmən təbliğatına qarşı mübarizəyə qoşulmasını təmin etməyi planlaşdırır". 

İlk baxışdan, qəzetçilik baxımından, bu məqalədə qərəzli heç nə yoxdur - qəzet sadəcə dövlətin aparıcı nazirliyini narahat edən məsələyə dair əldə etdiyi məlumatı yayır.  Odur ki, bu məqaləyə xüsusi önəm verməmək də olardı. Əgər bir gün sonra qəzetdə "Müsəlman dünyası" rubrikası altında daha 2 məqalə dərc edilməsəydi. "Ədəbiyyat xəbərləri" başlıqlı yazıda deyilirdi: "1905-ci ilə qədər Qafqaz müsəlmanlarının öz ədəbiyyatı yox idi və onlar fars ədəbiyyatı və dilinin təsiri altında idilər. Amma Qafqaz müsəlmanlarının doğma ədəbiyyatının bünövrəsi qoyulduğundan, indi artıq fars təsiri xeyli azalıb. 1905-ci ilədək rus-tatar məktəblərində yalnız fars kitab və dərsliklərindən istifadə edildiyi halda, hazırda yeni dərsliklər buraxılıb. Özəl nəşriyyatları nəzərə almasaq, bu gün Bakıda iki müstəqil nəşriyyat - Orucovlar qardaşlarının və İsabəy Aşurbəyovun nəşriyyatları fəaliyyət göstərir. Son illər ərzində Orucovlar qardaşlarının nəşriyyatında "Zavallı Cavad", məşhur novella ustası Lətifbəyovun "Şeyda bəyin məktubları", S.M.Qəniyevin "Hophopnamə"si, Sabirin satirik şeirlər toplusu,  Osmanlı imperiyasının tarixinə həsr olunmuş "Osmanlı İmperiyasının qüdrətli illəri" kitabları nəşr edilib.  Sonuncu kitab Qafqaz müsəlmanlarının ədəbiyyatı üçün dəyərli töhfədir".

"Şəlalə" jurnalı" sərlövhəli ikinci məqalədə isə müəllif yazırdı: "Məlum olduğu kimi, 1913-cü ilin əvvəlindən etibarən Bakıda İ.Aşurbəyovun redaktorluğu ilə "Şəlalə" ədəbi-elmi jurnalı nəşr olunur. Bu jurnal, heç şübhəsiz, elm sahəsində biliklərini artırmaq istəyən Zaqafqaziya müsəlmanları tərəfindən böyük maraqla qarşılanır. Bu jurnal yeni ədəbi biliklərə can atan müsəlman oxucular üçün yeganə bilik mənbəyidir.  Amma jurnal sadə Azərbaycan dilində danışan müsəlman oxucuların bütün təbəqələrinin estetik və mənəvi tələblərinə cavab vermir, çünki o təmiz türk dilində çıxır. Bundan başqa, jurnal türk məsələlərinə və Balkanlardakı hadisələrə lazım olandan daha çox diqqət ayırır. Jurnal yerli əhalinin problemləri və həyatı ilə maraqlanmır. Jurnalın başında gənc türk publisisti Səbribəy-zadə durur, jurnalın əməkdaşlarının əksəriyyəti isə türk jurnalistləridir".

Bax, beləcə, sözarası "yerli əhalinin problemləri və həyatı"nın "qayğısına qalan" erməni qəzeti hakimiyyətə türk təbliğatının "ziyanlı mənbəyi" haqda məlumat verirdi.

Qeyd edək ki, Türkiyə rəhbərliyi daim Rusiya müsəlmanlarına xüsusi diqqət yetirib. Hələ 1891-ci ildə Osmanlı dövlətinin Sankt-Peterburqdakı səfirliyinin birinci katibi Abdul-Baki Rusiya müsəlmanlarının yaşayışı haqda sultana yazdığı hesabatda bildirirdi ki, "İlk baxışdan, Rusiya dövləti müsəlman rəiyyətini sıxmır, amma əslində, müsəlmanlara qarşı diskriminasiya siyasəti aparılır və onların ruslaşdırılmasına çalışılır".



MƏSLƏHƏT GÖR:

432