13 Mart 2025

Cümə axşamı, 17:19

AZƏRBAYCAN ƏDƏBİYYATININ "DƏRVİŞ"i

Publisist, dramaturq, ictimai xadim və əsl insan Nəcəf bəy Vəzirovun yaradıcılığının 40 illiyi o zamannecə qeyd olunub?

Müəllif:

10.09.2013

"R+" jurnalının 100 il əvvəlki Bakıya dair məqalələrinin birində Azərbaycanın ilk aktyorlarından olmuş Mirzə Muxtar Məmmədovun səhnə fəaliyyətinin 40 illik dövrü haqda yazılmışdı. 1913-cü ilin noyabrında paytaxtın mədəni-maarifçi və teatr ictimaiyyəti daha bir əlamətdar hadisəni qeyd etmişdi. Söhbət publisist, dramaturq, ictimai və teatr xadimi, Azərbaycan teatrının banilərindən biri olmuş Nəcəf bəy Fətəlibəy oğlu Vəzirovun yaradıcılığının 40-cı il dönümündən gedir.

 

Teatr vurğunu

N.Vəzirov 1857-ci ildə Şuşada, yoxsul bir ailədə doğulub. Onun atası xəstə idi və bu üzdən işləyə bilmirdi. Nəticədə, ailənin bütün qayğıları ananın üzərinə düşmüşdü. N.Vəzirovu 12 yaşında dini məktəbə - mədrəsəyə verdilər. Gələcəyin dramaturqu orada Quran oxumağı öyrəndi. Bir il sonra Vəzirov Şuşa Şəhər Məktəbinə keçdi. "Burada tələbələrdən birinə mənə karton üzərində rus əlifbasını öyrətməyi tapşırdılar. Adı Mıkrtıç olan müəllimim tez-tez günahım olmadan, sanki vərdiş edibmiş kimi, məni ya karton ilə, ya da əlilə vururdu. Buna dözməyərək məktəbdən çıxdım", - deyə sonralar Nəcəf bəy xatırlayırdı.

Valideynləri oğlanda mirzəlik qabiliyyətini görürdülər. Bir müddət sonra onlar qohumlarının birindən ona qrammatikanı öyrətməsini istədilər. Amma gəncin gələcəyi  ilə bağlı öz planları var idi.

O, təhsilini davam etdirmək məqsədilə 1868-ci ildə Bakıya köçdü. Burada o, Real Gimnaziyanın ikinci sinfinə qəbul olundu. "Coğrafiya və təbiət tarixi haqda anlayışım yox idi. Deyirdilər ki, məni gimnaziyaya zirəkliyimə görə qəbul ediblər", - deyə Nəcəf bəy danışırdı. İlk dövrlərdə o, əmisi oğlu ilə yaşadı. Bir il sonra isə dövlət hesabına pansiona qəbul olundu. 6 il sonra Nəcəf bəy Vəzirov Real Gimnaziyanı gümüş medalla başa vurdu.

Nəcəf bəy Vəzirovun gələcək taleyinə böyük təsir göstərmiş hadisə məhz onun gimnaziyada oxuduğu müddətdə baş verib. 1873-cü il sen-tyabrın 12-də 6-cı sinif şagirdi olan Vəzirov ilk dəfə teatra gedib. Teatr onda son dərəcə dərin təəssürat yaradıb. "Mən onun əhəmiyyətini anladım", - deyə Nəcəf bəy 40 il sonra yazırdı. Teatra baş çəkdiyi günün səhəri N.Vəzirov gimnaziyanın müəllimi Həsən bəy Məlikova müraciət edib: "Bizdə tatar dilində hansısa dram varmı və biz onu səhnələşdirə bilərikmi?". Cavab müsbət oldu. Həsən bəy Məlikov M.F.Axundovun əsərlərinə müraciət etdi və səhnələşdirilməsi üçün "Hacı Qara" pyesini seçdi.

Hər gün nahardan sonra gimnaziyanın yeməkxanasında ilk Azərbaycan tamaşasının məşqləri olurdu. Rollar pansionda qalan tələbələr arasında bölüşdürülmüşdü. Nəcəf bəy həm kişi, həm də qadın rolu oynayırdı. Nəhayət, çoxdan gözlənilən gün gəlib çatdı. Gimnaziyaçıların oyununu izləməyə Bakı qubernatoru Staroselsk öz xanımı ilə gəlmişdi. Tamaşaçılar sevinc içərisində idilər. Amma tələbələrin uğuruna ən çox seçinən, əlbəttə ki, onların müəllimi Həsən bəy Məlikov idi. O, tamaşadan sonra "artistlər" üçün ziyafət də təşkil etdi.

Elə həmin axşam Həsən bəy Məlikov Tiflisə - M.F.Axundova teleqram vurdu və onu pyesinin səhnələşdirildiyindən xəbərdar etdi. Görkəmli dramaturq cavab məktubunda tələbələrə öz minnətdarlığını bildirərək, bununla ömrünün sanki 10 il uzandığını yazırdı.

Səhnələşdirilmiş pyesin təsiri altında olan gənc Nəcəf bəy Vəzirovun özündə yazmaq arzusu yarandı. Tələbə olduğu illərdə onun qələmə aldığı ilk əsər məktəb həyatından bəhs edən "Əti sənin, sümüyü mənim" dramı oldu. Orada mədrəsədəki təlim-tərdiyə üsulları lağa qoyulurdu. Sonradan N.Vəzirov "Qaragünlü" dramını və bizim dövrümüzə gəlib-çatmamış bir neçə pyes də yazıb.

 

Maarifçiliyə həvəs

Nəcəf bəy Vəzirov gimnaziyanın yuxarı siniflərində oxuyarkən, eyni vaxtda özəl dərs də deyir, bununla təhsilini davam etdirməsi üçün pul yığırdı. O, 2 il ərzində 600 rubl toplaya bilmişdi. 1874-cü ildə Vəzirov topladığı bu məbləğlə Peterburqa yollandı. Məqsəd orada yerli universitetə qəbul olunmaq idi. Amma o, arzusuna çata bilmədi. Peterburqda qızdırmaya düşən Vəzirov həkimlərin məsləhəti  ilə bu şəhəri tərk etməli oldu. Lakin hadisələrin bu cür gedişi onun ali təhsil almaq arzusuna təsir etmədi. Moskvaya yollanan Nəcəf bəy Petrovsk Meşə və Təbiətşünaslıq Akademiyasına qəbul olundu. Bundan başqa, o, təqaüd almaq üçün imtahanı uğurla verdi və bununla da qarşıdakı 4 ildə təhsilini təmin etmiş oldu. Yeri gəlmişkən, akademiyada onun yoldaşlıq etdiyi şəxs hakimiyyətin xoşu gəlməyən, sonradan məşhur rus nasiri olan V.Q.Korolenko idi.

1875-ci ildə Bakıda ilk azərbaycandilli qəzet olan "Əkinçi"nin çapına başlanıldı. Moskvadan qəzetə materiallar göndərən Nəcəf bəy onun daimi müəllifinə çevrildi. Onun məqalələri hər zaman maraqlı və sərt idi: "Mən tək qaldıqda gələcəyimizin necə olacağı haqda, acınacaqlı vəziyyətimiz haqda da nə zaman düşünəcəyimizi fikirləşirəm. Bizdə həmrəylik, mədəniyyət, məktəb yoxdur. Məgər Qafqaz müsəlmanları məktəb açmaq üçün 20 min rubl toplaya bilməz? Bizdə bir dəqiqədə 100 rubl uduzan bəylər, yaxud "İvan İvanoviç" üçün minlərlə rubl xərcləyən, ona xoş gəlmək üçün istədiyi bütün hədiyyələri alan xanlar var. Qafqazın hər bir şəhər və kəndində "apostollar"ın yas mərasimlərini təşkil edən, yoğunboyun mollaları, hündürpapaqlı tacirləri, enli kəməri olan hacıları, qızıl içərisində olan bəyləri və xanları dəvət edən, onları plova, çaya qonaq edən, yola salan şəxslər var. Məgər bu cür əməllər doğru, yoxsul uşaqlar üçün məktəb açmaq isə günahdır?".

Nəcəf bəy Vəzirov akademiyanı bitirdikdən sonra, Erivan quberniyasındakı Dilican meşəliyindəki Qazaxda meşəbəyi işləyib. Lakin o, bu işi davam etdirməyib. "Bütün ali məktəblərdən ən yaxşısı olan Petrovski akademiyası adı ilə bürokratları qorxudurdu. Bu akademiyanın məzunları azadfikirli şəxslər sayılırdılar. Meşəbəyilik edərkən mən də qurbanlardan biri oldum və Allah şahiddir ki, heç bir günahım yox idi", - deyə o, Firudin bəy Köçərlinin xahişi ilə yazdığı tərcümeyi-halında qeyd edir.

Meşəbəyilikdən imtina edən Nəcəf bəy Vəzirov 1895-ci ildə Bakıya qayıtdı, şəxsi vəkil kimi çalışmaq üçün imtahan verdi (vəkillik fəaliyyətinin bir növü - red.) və 1903-cü ilədək bu işlə məşğul oldu. 1903-cü ildə o, Bakı Şəhər Dumasının katibi postunu tutdu. Qeyd edək ki, bu vəzifənin sahibi seçki ilə müəyyənləşirdi: namizəd şəhər duması qlasnıları arasında səsə qoyulurdu və 4 il müddətinə seçilirdi. N.Vəzirov 10 il - 1913-cü ilədək bu postu tutdu. Həmin illər ərzində onun namizədliyi bir neçə dəfə səsverməyə çıxarıldı və hər dəfə Nəcəf bəyin əleyhinə cəmi 1 nəfər səs verdi... Həmin dövrün adamları Nəcəf bəy Vəzirovu son dərəcə təmiz, səmimi, maarifpərvər, xalqı oyatmağa çalışan şəxs kimi xarakterizə edirdilər.

 

Müftəlik

Vəzirovu bir vətəndaş kimi xarakterizə etmək üçün onun ədəbi əsərlərə, publisistik məqalələrə görə heç zaman qonorar götürməməsini vurğulamaq kifayətdir. Amma başqa nümunə də var. Şəhər Dumasının katibi postunu tutarkən o, ildə 3600 rubl əməkhaqqı alırdı. Lakin o, bu vəzifədən imtina edərək, Şəhər Dumasının məktəb komissiyası sədrinin müavini vəzifəsinə getməyə razılaşdı. Halbuki, burada illik əməkhaqqı 3000 rubl idi. Vəzirov yaxşı anlayırdı ki, yeni vəzifədə o, cəmiyyətə, xalqa daha çox fayda verə bilər. Bununla müqayisədə N.Vəzirov üçün əməkhaqqının bir hissəsini itirmək heç nə idi.

Vəzirov yaradıcılığının 40-cı ildönümü münasibətilə təşkil olunmuş mərasim zamanı da prinsipinə sadiq qaldı. Yazıçının yaradıcılıq gecəsinin keçirilməsi təşəbbüsü müsəlmanların "Səfa" maarif cəmiyyəti tərəfindən gəlmişdi. Bu məqsədlə yubiley komitəsi yaradılmışdı və onun fəxri sədri Hacı Zeynalabdin Tağıyev idi. Tədbirə Rusiyanın müsəlman xeyriyyə təşkilatları, həmçinin milliyyətindən və dinindən asılı olmayaraq, Bakıda fəaliyyət göstərən xeyriyyə qurumları da dəvət olunmuşdular. Tədbir noyabrın 15-də Tağıyevin teatrında baş tutdu. Orada Məmməd Əmin Rəsulzadə Nəcəf bəy Vəzirovun həyat və yaradıcılığı haqqında danışdı. Həştərxanın maarifçi-xeyriyyə cəmiyyətləri adından doktor N.Nərimanov çıxış etdi. "Səfa", "Nəşr-Maarif", "Nicat" cəmiyyətlərinin nümayəndələri Vəzirovu yubileyi vasitəsilə təbrik etdilər. Ona V.Q.Korolenko teleqram da göndərdi: "Köhnə tanışdan salamlar. Uğurlu işlər arzulayıram". Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov yubilyara təbrik ünvanlamışdı. Orenburq, Ufa, Povoljye və Rusiyanın digər mərkəzlərinin müsəlman təşkilatlarından da təbriklər gəlirdi.

Yubiley komitəsinə, təxminən, 7000 rubl toplanmışdı. Aldıqları biletə görə H.Z.Tağıyev 500 rubl, A.M.Nağıyev 300 rubl, Şəmsi Əsədullayevin kotoru 200 rubl xeyriyyə vəsati göndərdi. İanəçilər arasında Əlibala Zərbəliyev, Ağa Yusif Dadaşov, Balabəy və Əlibəy Aşurbəyov qardaşları, fars konsulu Mirzə Davud Xan da var idilər.

Amma Vəzirov onun üçün yığılmış puldan imtina etdi. O, həmin məbləğin "Səfa" cəmiyyətinin yaxın zamanlarda açmağa hazırlaşdığı peşə məktəbinə verilməsini istədi. Tədbirdə söz alan Nəcəf bəy Vəzirov "Səfa" cəmiyyətinə təntənəli yubiley mərasiminə görə minnətdarlıq etdi: "Mən "dərvişəm" və qəbrədək belə də qalacağam".



MƏSLƏHƏT GÖR:

536