14 Mart 2025

Cümə, 10:34

AZƏRBAYCAN MUSİQİSİNİN "MEMAR"I

Sentyabrın 18-də Azərbaycan ölkənin peşəkar musiqi sənətinin banisi, əfsanəvi bəstəkar Üzeyir Hacıbəyovun 128 illiyini qeyd edir

Müəllif:

17.09.2013

Amerikalı musiqişünas Nil Edmunds onu Qlinka ilə bərabər tutur. "Azərbaycan musiqisinin banisi rolunda isə onu Rubinşteyn qardaşları ilə müqa-yisə etmək olar...", - deyə E.Edmunds dahi Azərbaycan bəstəkarı, dirijoru və müəllimi Üzeyir Hacıbə-yov haqqında yazır.

Bu il dahi bəstəkarın anadan olmasının 128-ci ildönümü tamam olur. Hər il bu hadisə ilə bağlı Milli musiqi günü və onun ad gününə həsr olunmuş mərasimlər də daxil olmaqla, bir çox tədbirlər keçirilir. Bu il opera mövsümü də həmişə olduğu kimi, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası ilə açılacaq.

 

Novator

XX əsrin ilk yarısında Azərbaycanda bir neçə bəstəkar kifayət qədər məhsuldar işləyib. Lakin xüsusi şöhrət qazanan, inanılmaz uğurlar əldə edən məhz Üzeyir Hacıbə-yov olub.

Sənətşünaslıq doktoru, Bakı Dövlət Musiqi Akademiyasının professoru Fərəh Əliyeva "R+" jurnalına açıqlamasında bildirib ki, Hacıbəyovun uğurlarının əsas səbəbi onun yalnız Şərqdə və ümumilikdə müsəlman dünyasında operanın banisi olmasında deyil, həm də milli operanı yaratmasında idi: "Hacıbəyov "muğam operası"nı yaratdı, Qərb və Rusiya ənənələrini milli musiqi ilə, muğam ilə birləşdirdi. O, bütün əsas ariyaları bu üslubda ifa edirdi və nəticədə, Hacıbəyov xalqın layiq olduğu sevgisini qazandı".

F. Əliyeva "Leyli və Məcnun"un təqdimatının Bakıda böyük ruh yüksəkliyilə gözlənildiyini xatırladır. Üstəlik, bir çoxları tamaşanın təşkilinə yardım göstərməyə də çalışırdılar. Əsrin əvvəllərinin məşhur filosofu, həkim və rəssamı Əli bəy Hüseynzadə Hacıbəyova məsləhətlər verir, hətta onun operası üçün dekorasiyalar da çəkirdi. Mühəndis İmran Qasımov isə  məşqlər üçün öz mənzilini təqdim etmişdi. Leylinin atası rolunu da ilk dəfə onun özü oynayıb. Demək olar ki, hər kəs Hacıbəyovun hansı istedada sahib olduğunu, onun hansı şedevri yaratdığını, milli musiqidə necə üfüqlər açdığını anlayırdı. Bu səbəbdən də, hər kəs var qüvvəsilə ona köməklik göstərməyə çalışırdı", - deyə F.Əliyeva qeyd edir.

F. Əliyevanın sözlərinə görə, o zaman tez-tez texniki problemlər meydana çıxırdı. Bu, iki musiqi ənənəsinin birləşməsilə bağlı idi: "Üzeyir ilk dəfə tarzənləri orkestrlə birgə əyləşdirmək qərarına gəldikdə işlər çətinləşdi. Onların ifa və templə bağlı fərqli təsəvvürləri var idi. Nəticədə, tarzənlər dalaşaraq çıxıb getdilər. Hacıbəyov dərhal tarı skripka ilə əvəzləməli və onun üçün yeni partiya yazmalı oldu. Üstəlik, o, dirijorluq etmək əvəzinə özü də skripkanı götürərək orkestrin sıralarında dayandı. Həmin gün dirijorluğu Əbdürrəhim bəy Haqverdiyev etməli oldu".

"Leyli və Məcnun"un 1908-ci ildə ilk dəfə təqdim olunduğu həmin gün ölkənin mədəni həyatında nəsə qeyri-adi hadisənin baş verdiyini hər kəs anladı. Və artıq yüz ildən çoxdur ki, hər il Azərbaycanda teatr mövsümü bu opera ilə açılır. Hacıbəyov istedadının daha bir ciddi göstəricisi onun hələ də populyar qalması, yalnız klassik "kamera" bəstəkarı kimi xatırlanmamasıdır. Onun "O olmasın, bu olsun", "Arşın mal alan" operettaları bütün yaş qrupuna aid insanlar, müxtəlif musiqi janrlarına üstünlük verən şəxslər tərəfindən də sevilir. "O, əsl azərbaycanlı idi. Xalq musiqisindən, xalq ənənələrindən qaçmır, öz sənətini qəlizləşdirməyə çalışmırdı", - deyə Fərəh Əliyeva bildirir: "Məlum olduğu kimi, o, uşaqlıqdan tarda və digər milli alətlərdə ifa etməyi bacarırdı. Üzeyirin yaşadığı Şuşada hər zaman güclü musiqi ənənələri olub".

 

Müəllim

Hacıbəyovun istedadından danışarkən onun Azərbaycan mədəniyyəti sahəsindəki müəllimliyindən və islahatların aparılmasındakı böyük rolundan söz açmamaq mümkün deyil. Hacıbəyov bir çox lüğətin, elmi məqalələrin və topluların müəllifidir. Azərbaycan Demokratik Respublikası dövründə Ü. Hacıbəyov gündəlik nəşr olunan "Azərbaycan" qəzetinin baş redaktoru olub. 29 oktyabr 1918-ci ildə bu qəzetdə onun ilk məqaləsi dərc olunub. 1945-ci ildə Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" adlı nəzəri əsəri çapdan çıxıb.

Hacıbəyov hər zaman sərt müəllim kimi tanınıb, "falş" olarkən onu dərhal hiss edib. Məsələn, gənc azərbaycanlı bəstəkarlara dərs deyərkən, o, daha çox yayılmış nöqsanları xüsusi qabardırdı: "Səthi üslub musiqi əsərinə qətiyyən əsl milli intonasiyanı vermir, üstəlik, onu doğruluqdan, səmimilikdən, ümumiyyətlə, estetik və bədii dəyərlərdən məhrum edir. Mənim fikrimcə, məsələ tamamilə başqa cür həll olunmalıdır. Hər bir xalq öz bəstəkarlarından nə qədər çətin olsa belə, öz əsərlərini ona yaxın, doğma musiqi dilində yazmasını tələb edir. Bunun üçün isə bəstəkar bu dili mükəmməl bilməlidir". Bununla yanaşı, Hacıbəyov hər zaman tələbələrinə əlindən gələn köməkliyi göstərməyə çalışıb. "O, hər zaman istedadlı insanlara hörmətlə yanaşıldığı bir şəraitdə böyüyüb", - deyə Fərəh Əliyeva bildirir: "Hacıbəyov yaradıcılıq yoluna yeni başladıqda dövlət xadimi, maarifçi Əhməd bəy Ağaoğlu ona çox kömək edib, Azərbaycan ziyalıları onu dəstəkləyib. Bu səbəbdən də, Üzeyir artıq tanınmış ustad olan zaman istedadlı tələbələrə əlindən gələn köməyi edib. Ağır, aclığın hökm sürdüyü müharibə illərində o, hər zaman tələbələri öz evinə buraxardı".

Məlum olduğu kimi, Hacıbəyov Azərbaycanda öz partiyasını qadın ifaçıya etibar etmiş ilk mədəniyyət xadimi olub. Söhbət Şövkət Məmmədovadan gedir. Onun istedadını hiss edən Hacıbəyov ifaçının İtaliyada təhsil almasının maliyyələşdirilməsi məqsədilə xeyriyyə konserti təşkil edib.

Maestronun tələbələri arasında Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova kimi şəxslər var. "Güclü bəstəkarlıq istedadı ilə qeyri-adi dramaturqluq bacarığının bir şəxsdə cəmləşməsi nadir haldır. Məhz bu bacarığı Üzeyir Hacıbəyova fikir və ideyalarını parlaq bədii formada ifadə etmək imkanı verirdi. O dövrün qabaqcıl ideyalarının ən inandırıcı, ən coşqun təbliğatçısı olan bu ecazkar musiqi dinləyicilərin ruhunu oxşayır, onlarda ən yaxşı və uca hisslər oyadırdı ", - deyə Hacıbəyovun tələbəsi Qara Qarayev müəllimi haqda xatirələrində yazırdı.


MƏSLƏHƏT GÖR:

700