14 Mart 2025

Cümə, 11:02

TEATR, ASILQAN VƏ ƏTRAFI

Azərbaycanda yeni teatr mövsümü başladı

Müəllif:

24.09.2013

Azərbaycanda yeni teatr mövsümü açıldı. Bu incəsənət növünün həvəskarları sevinc içərisindədir. İndiki dövrdə onların sayı elə də çox olmasa da, hələ də həyatını teatrsız təsəvvür edə bilməyənlər var. Teatr. O, müxtəlif və rəngarəngdir, özündə istənilən digər incəsənət növü ilə müqayisədə daha çox element cəmləşdirir. Teatr opera və ya dram teatrı, kukla və ya pantomima teatrı ola bilər. Bu müxtəlifliyi birləşdirənsə insan - aktyor məharətidir. Teatr sənəti kollektiv xarakterlidir. O, aktyorların, dramaturqların, kostyumçuların və müxtəlif səhnə işçilərinin işini özündə cəmləşdirir. XX əsrdən teatrları rejissor teatrı adlandırmağa başlayıblar. Çünki rejissorların teatrlarda peyda olmaları tamaşanı bir tam kimi təşkil etməyə imkan verib. Ümumilikdə Bakıda 17 böyük və daim fəaliyyətdə olan teatr mövcuddur. Bəs, bu gün Azərbaycan teatrlarının hansı problemləri var? "R+" jurnalı 3 teatrın rəhbərinin bu haqda fikirlərini öyrənib.

  

Tamaşaçını gördükdə

Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev əməkdaşların ixtisasının artırılması üçün istənilən imkandan istifadənin nə qədər vacib olması haqda danışır: "Biz xaricdən olan həmkarlarla əməkdaşlıq etmək imkanlarını əldən buraxmamağa çalışırıq. Məsələn, bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi beynəlxalq forumda teatrımız ABŞ-dan olan kostyumlar üzrə rejissor İrina Krujilina ilə tanış oldu və onu müqavilə əsasında işə dəvət etdik".
Krujilina artıq Karlo Qoldoninin pyesi əsasında "Mirandalin" tamaşasının səhnələşdirilməsində iştirak edib. "İndi yay fasiləsindən sonra biz onunla Mixail Yuriyeviç Lermontovun 200 illiyinə həsr olunmuş "Maskarad" tamaşasında əməkdaşlıq edirik. Yeni yaddaqalan, keyfiyyətli kostyumlar yaradılıb və bütün bunlar məhsuldar əməkdaşlığın nəticəsidir", - deyə Ə.Hacıyev qeyd edib.
Bununla yanaşı, teatr Britaniya konsulluğu ilə də əməkdaşlıq edir: "Oktyabrda bizdə onların "Heyvanlar və uşaqlar küçələrə çıxdılar" tamaşasının premyerası olacaq. Bundan başqa, britaniyalı mütəxəssislər treninqlər keçirəcəklər, tamaşanın iştirakçıları öz təcrübələrini bizim əməkdaşlarla bölüşəcəklər. Teatrın gənc aktrisası Xəzər Ağayeva isə bu yaxınlarda Aleksandr Kalyagin yay məktəbindən kifayət qədər yeni "biliklər yükü" ilə qayıdıb.
Ədalət Hacıyevin sözlərinə görə, bütün bunlara rəğmən, teatrda mütəxəssis çatışmazlığı qalmaqdadır: "Bizim keyfiyyətli rejissor və aktyor problemimiz yoxdur. Lakin yaxşı işıqçı rəssam, kostyumçu, dekorator çatışmazlığı var. Məsələ ondadır ki, daimi tamaşaçılarımız köhnə kostyumlardan və dekorasiyalardan bezir. Yeniləri lazımdır. Şübhəsiz ki, bizim yaxşı rəssamlarımız çoxdur. Lakin onların hər birinin öz üslubu, öz dəst-xətti var. Tamaşaçı isə dördüncü, beşinci tamaşadan sonra yeni nəsə istəyir".
Hacıyev bu gün Rus Dram Teatrının yaxşı səs rejissoruna da ehtiyac duyduğunu söyləyib: "Rejissor və aktyorlara gəlincə, onların sayı kifayət qədərdir. Qastrol səfərlərimizin xaricdə necə qarşılanması bunun göstəricisidir".


Yeni quruluşlar

""Yuğ" teatrı kifayət qədər spesifikdir və biz şablonlardan kənar fəaliyyətə çalışırıq", - deyə "Yuğ" teatrının bədii rəhbəri və direktoru Tərlan Rəsulov bizimlə söhbətində bildirib: "Bizi başa düşməyən tamaşaçılar var. Onların ən dürüst danışanları teatrı "Bəyənmədik!" deyərək tərk edirlər. Amma bizim hər kəsin xoşuna gəlmək kimi hədəfimiz yoxdur. Bizim öz tamaşaçılarımız var. Onlar bir dəfə tamaşaya gəliblər və gördükləri onlara toxunub".
Məlum olduğu kimi, "Yuğ" 25 il əvvəl Vaqif İbrahimoğlu və Həsənağa Turabovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yanında geniş yaradıcılıq eksperimenti, aktyorların improvizasiyası üçün yaradılıb. "Aktyorlarımızın çoxu əcnəbi mütəxəssislərin yanında təcrübə keçib. Amma teatrımızın ilk tələbi öz işinə səmimi, əsl sevginin olması və əlbəttə ki, özünü yaradıcı şəxsiyyət kimi qəbul etməkdir", - deyə T. Rəsulov bildirir: "Xüsusi effektlərə, işıqla kompyuter işinə böyük teatrlarda tez-tez böyük diqqət ayırırlar. Elə olur ki, əvvəldən yazılmış dəqiqələr ərzində aktyor mütləq səhnənin müəyyən olunmuş hissəsində dayanmalıdır. Çünki lazımi anda işıq məhz oraya salınacaq. Belə aktyor oyunlarında şəxsi yaradıcılıq azadlığı az olur, çox şey saatın necə işləməsindən asılıdır".
Tərlan Rəsulov bildirir ki, teatrın əksər aktyorları nəinki bu sahədə təhsil alıblar, həm də Türkiyədə, Polşada, Rusiyada aktyor kursları keçiblər: "Aktyorlarla bağlı problem daha çox onların təhsili ilə yox, "Yuğ" teatrının poetikasını, düşüncə tərzini qəbul edə bilməmələri ilə bağlıdır. Burada nəzəriyyəyə əməl etməkdən daha çox yeniliklərə, qeyri-adiliklərə hazır olmalısan".
"Yuğ" teatrı yeni mövsümdə "Sərhəddə" tamaşasını təqdim edəcək. O, polşalı rejissor Tomaş Leşşinski tərəfindən Slavomir Mrojekin pyesi əsasında səhnələşdirilib. Layihə Polşanın Azərbaycandakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, "Yuğ" teatrı, AR Production Beynəlxalq prodüser şirkəti, A. Miskeviç İnstitutu və prodüser Səbuhi Məmmədovun təşəbbüsü ilə beynəlxalq prodüser layihəsi çərçivəsində reallaşacaq.
"Biz bu tamaşanı iyunun əvvəlində qoyduq. Elə alındı ki, bu, dahi dramaturq və yazıçının pyesinin onun sağlığında son nümayişi oldu", - deyə teatrın bədii rəhbəri bildirir.


İnteqrasiya

Gənc Tamaşaçılar Teatrı bu günlərdə özünün 86-cı mövsümünü açır. Teatrın direktoru Mübariz Həmidov "R+" jurnalına açıqlamasında yeni mövsümün bir çox tamaşalarının məhsuldar beynəlxalq əməkdaşlığın nəticəsi olduğunu bildirir.
Tezliklə teatrın səhnəsində A. Tolstoyun eyniadlı nağılı əsasında "Qızıl açar və ya Buratinonun macəraları" tamaşası nümayiş olunacaq. Bu nağıl, güman ki, bütün balaca tamaşaçıların xoşuna gələcək. Tamaşanın quruluşçu rejissoru İvisa Simiç, quruluşçu rəssamı Dinka Jeriçeviç, bəstəkarı İqor Karliçdir. Onların hamısı Xorvatiya təmsilçiləridirlər.
"Oktyabrın ikinci yarısında Britaniyanın teatr rejissorlarından birinin Bakıya gəlişi gözlənilir. O, burada aktyorlarımıza treninq keçəcək, yeni tamaşa üzərində işləyəcək", - deyə teatrın direktoru bildirir: "Bununla əlaqədar olaraq, həmin tamaşa ilə Britaniyada illik teatr festivalında iştirak etməyi planlaşdırırıq. Bu, britaniyalı müəllifin britaniyalı rejissor və azərbaycanlı aktyorlarla birgə tamaşası olacaq".
Amma bu, heç də teatrın özünün güclü rejissorlarının olmaması anlamına gəlməməlidir: "Bizim məşhur rejissorumuz, Milli Akademik Dram Teatrının sabiq rejissoru Bəhram Osmanov təcrübəli və məşhur ustaddır".
Bir müddət əvvəl o, isveçli yazıçı və dramaturq Lars Nurenin pyesi əsasında "Müharibə" tamaşasını səhnələşdirib. Direktorun sözlərinə görə, bu, teatr dünyasında əsl hadisəyə çevrilib. Tamaşa bir müddət əvvəl Bakıda olmuş Kalmıkiya Dövlət Teatrının əməkdaşlarının da ürəyincə olub.
GTT-nin yaxın planlarına "Müharibə" ilə Azərbaycan diasporunun olduğu Həştərxana, daha sonra isə Kalmıkiyaya səfər etmək daxildir.
"Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-2019-cu illər üçün teatrlara dəstək üzrə dövlət proqramı hazırlanıb. Proqram yalnız teatrların yenidən qurulmasını yox, həm də repertuarların yenilənməsini, gənc mütəxəssislərə təlimlərin keçirilməsini, dünya təcrübəsinin öyrənilməsini nəzərdə tutur", - deyə teatrın direktoru qeyd edir: "Bu proqram çərçivəsində biz hər zaman yeni dramaturqlar, aktyorlar və digər mütəxəssislər axtarır, beynəlxalq treninqlərdə fəal iştirak edirik. Ümumi vəzifəmiz Azərbaycan teatrının dünyanın teatr həyatına sıx inteqrasiyasıdır".



MƏSLƏHƏT GÖR:

711