
HƏR ZAMAN TƏRƏFDAŞ İDARƏ EDİR
Əziz Əzizov: "Rəqs qruplarına daha çox azərbaycanlı oğlanlar gəlir"
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Bu yaxınlarda Bakıda Azərbaycan Müasir və Sosial Rəqs Assosiasiyasının (ASSTA) təşkil etdiyi "Belly Dance" (ori-yental) üzrə Avropa Çempionatı keçirildi. Keçən rəqs müsabiqəsinin təfsilatları, rəqs etməyi öyrənmək istəyən insana lazım olanlar, o cümlədən ölkəmizdə rəqs incəsənətinin perspektivləri və problemləri haqda AMSRA-nın rəhbəri Əziz Əliyev "R+"la fikirlərini bölüşüb.
- "Belly Dance" üzrə Avropa Çempionatı bizimlə Azərbaycan Gənclər Birliyi və Ümumdünya Rəqs Təşkilatı (IDO) ilə birgə təşkil olunmuşdu. Qeyd edim ki, bu, bizim təşkil etdiyimiz ilk beynəlxalq çempionatdır ki, hər il keçiriləcək və Ümumdünya Rəqs Təşkilatı (IDO) tərəfindən qeydiyyata alınacaq. Bakı çempionatında dünyanın müxtəlif yerindən minlərlə rəqqas iştirak edirdi. "Belly Dance" üzrə müsabiqə üç fənn üzrə keçirilib - mini-kidsdən (6 yaşa qədər uşaqlar) tutmuş böyük rəqqaslara qədər hər biri xalq, şou və klassik nominasiyalara bölünüb. Müsabiqənin hakimlər kollegiyasına Ümumdünya Rəqs Təşkilatının vitse-prezidenti Andrey Kokoulin (Rusiya), Rəqs Assosiasiyası və Federasiyalarının prezidentləri, o cümlədən Rusiya, Belarus, Ukrayna, İtaliya və əlbəttə ki, Azərbaycandan olan beynəlxalq dərəcəli hakimlər daxil idilər.
- Hesab edirik ki, hakim komandasına asan olmayıb. Çünki turnir iştirakçıları arasında istedadlı rəqqaslar az deyildilər...
- Həqiqətən, bizə Avropadan ən yaxşı rəqqaslar gəlmişdilər. Şəxsən mən hesab edirəm ki, çempionatın bütün iştirakçıları çox gözəl rəqs texnikasına malik idilər. Münsiflər heyəti uzun müddət müzakirələr apardı və nəticədə "xalq" fənnində yuniorlar arasında birinci yeri rusi- yalı iştirakçı qazandı. İkinci və üçüncü yerlər də ruslara verildi. Böyüklər arasında bu kateqoriyada ən yaxşıları Yelena Perova (Rusiya), Veronika Maas (Azərbaycan) və Eleonora Karina (Rusiya) oldular. "Şou" və "klassik" kateqoriyasında yuniorlar və böyüklər arasında qaliblər yenə də Rusiya, Azərbaycan və Ukraynadan oldular.
- "Oriyental" - Qədim Misirdən olan ən qədim rəqsdir. Lakin bizdə Azərbaycanda göbək rəqsinə qarşı "restoran", ədəbsiz kimi müəyyən stereotip formalaşıb. Sizcə, bu niyə baş verir?
- Düşünürəm ki, bu problem, təkcə, Azərbaycanda deyil. Son vaxtlar "belli dans" Qafqazda məhz restoran rəqsi hesab olunur, rəqqasələrə isə müəyyən dərəcədə, hətta etinasızcasına yanaşırlar. Hərçənd "Belly Dance" - öyrənilməsi olduqca böyük zaman tələb edən çətin idman rəqsidir. Sadəcə təsəvvür edin, pressin əzələləri ilə qəpiyi 9 dəfə döndərmək üçün rəqqasə necə ustalığa malik olmalıdır! Göbək rəqsini ifa etmək hazırda hərəkətdə olmayan əzələləri boşaltmaq bacarığı tələb edir. Ancaq bu halda rəqqasə yarım saat, bəzənsə daha çox rəqs edə bilər. Burada lazımi effektə xüsusi texnika sayəsində nail olunur. Məsələn, bədənin yuxarı hissəsi bir ritmə, aşağı hissəsi isə digərinə tabedir. Xəyalən ayrılan cizgi - rəqqasənin belidir. Gövdə hərəkətsizdir, əllər havada süzərək naxışlar cızır... Ancaq ilk baxışdan elə görünür ki, hər şey sadədir. Hazırda bu rəqs növündə ölkəmizi Azərbaycanda yaşamayan iki qız təmsil edir. Veronika Maas BƏƏ, Mila Saynse isə İspaniyadadır. Buradakı rəqqasələr isə nə "Belly Dance", nə də onun istiqamətləri haqda heç bir anlayışa malik deyillər. Məsələn, xalq "oriyentalı"nda bədənin açıq hissələri yolverilməzdir. Bizdə isə restoranlarda qızlar təki artıq pul qazanmaq üçün olduqca açıq kostyumlarda rəqs edirlər.
- Son dərəcə geniş yayılmış tezis: bal rəqsləri "kişilər" üçün deyil. Bu cür fikir nə dərəcədə düzgündür və məşq prosesində qızlar və oğlanlar üçün fərq varmı?
- Mən bununla razı deyiləm. Ən azından oğlanlardan heç birinə gözəl qamət pis olmaz. İdman-bal rəqsləri - idmanın cüt növüdür və oğlanlar artıq uşaqlıqdan qızlarla davranmağı və nəzakətli olmağı öyrənirlər. İdman-bal rəqslərində lider rolların "düzgün" bölünməsi gedir, axı, bütün rəqslərdə tərəfdaş "idarə edir", meydançada yeri o seçir, digər cütlüklərlə toqquşmaqdan yenə də tərəfdaş yayındırır. Məşqlərdə də fərq bundadır. Qrupumuza gələnlər arasında "Qadın ətri" filmindəki qəhrəman Al Paçino kimi rəqs etməyi öyrənənlər çoxdur. İnanılmaz dərəcədə hissiyyatlı tanqodur! Və əgər kor yaşlı podpolkovnik bu cür gözəl hərəkət etməyi öyrənibsə, onda gənc qafqazlı oğlanlar da bunun öhdəsindən gələrlər. Riçard Gir və Cennifer Lopezin "Gəlin, rəqs edək" populyar filmindən sonra Latın Amerika rəqsləri qrupuna daha çox qızlar gəlməyə başladı. "Bal" rəqslərində qızlar oğlanlardan çoxdur. Bizim kişilər, əsasən, milli rəqslərə üstünlük verirlər. Belə qruplarda oğlanlar çoxdur, nəinki qızlar. Rəqslə, sevdikləri rəqslə məşğul olanların gözəl qamətləri və xüsusi duruşları yaranır. Rəqqasların fiziki hazırlıqları da, məsələn, futbolçulardan geri qalmır. Hesab edirəm ki, rəqslə məşğul olmaq sadəcə prestijli deyil, həm də kübarlıqdır. Axı, əvvəllər necə idi? XVIII əsrdə, məsələn, hər bir nəcib ailədən olan gənc oğlan sadəcə yaxşı tərbiyəli, təhsilli deyil və mükəmməl qılınc oynatmaqla yanaşı, həm də yaxşı rəqs etməyi bacarmalı idi.
Milli rəqslərdən savayı, Azərbaycanda bu gün breyk-dans kimi müasir rəqs növü də yüksək səviyyədə inkişaf edib. Keçən il bizim komandamız Almaniyada breyk-dans üzrə dünya çempionu oldu. Təsəvvür edin ki, bizim uşaqlar hər üç priz yerlərini tutdular. Hələ bu komandamızda cəmi 6 rəqqas hesabına başa gəlib, lakin, məsələn, Rusiyadan çempionata 172 nəfər gəlmişdi. Çempionatda ən yaxşıları Emil Mehdizadə (1-ci yer), Fərman Lazımov (2-ci) və Cavid Aslanov (3-cü) olublar. Azərbaycan, həmçinin keçən il Sankt-Peterburqda keçirilən arabalarda idman rəqsləri üzrə Qitə Kubokunda da böyük uğurla çıxış edib. Ümumkomanda hesabında Azərbaycan komandası Latın Amerika rəqslərində ikinci kateqoriyada üçüncü yeri tutub. Yeri gəlmişkən, bizim ölkəmiz Kubokda ilk dəfə idi ki, təmsil olunurdu. Müsabiqədə 18 ölkədən 80 cütlük iştirak edirdi. Bizim cütlüklər - Kamal Məmmədov (birinci qrup əlil) və Diana Batakova, Vüsal Kərimov (birinci qrup əlil) və Tamerlan Qədirov "kombi"də çıxış ediblər - bu, rəqqas-əlil və əlil olmayan rəqqas cütlük deməkdir. Qeyd edim ki, arabalarda idman rəqsləri - müxtəlif ağırlıq dərəcəsində dayaq-hərəkət aparatı pozulmuş idmançıların iştirak etdikləri paralimpiya idman növüdür.
- Yeni başlayanlara məsləhət verin, övladını idman-bal rəqsləri klubuna gətirmək qərarına gələn valideynlər nəyə hazır olmalıdırlar?
- İlk növbədə, rəqsə gəlməyin məqsədini müəyyən etmək lazımdır: sadəcə olaraq "özün üçün" hərəkət etməyi öyrənmək, yoxsa bu idman və nəticələrdir. Əgər bu idmandırsa, ilk növbədə, intizam, stabil məşqlər, mütəmadi individual dərslər və sıx-sıx müsabiqələrə istiqamətlənmək lazımdır. Ancaq bu komponentlər olduğu halda nəticə əldə etmək olar.
- Gözəl rəqs etmək üçün nə qədər zaman lazımdır?
-Hər şey insanın özündən asılıdır. Musiqini nə dərəcədə hiss edir və nə dərəcədə plastikdir. Əlbəttə ki, rəqs zamanı insanın rəqsə nə qədər - 8 dərs və ya yarım il zaman ayırması dərhal bilinir. Birinci halda o, sadəcə olaraq musiqi taktında hərəkət edir, ikincidə isə ürəklə rəqs edir, musiqini hiss edir. Ona görə də evlənmək istəyən bütün cütlüklərə toydan yarım il əvvəl rəqs qruplarına yazılmağı məsləhət görürəm. Hesab edirəm ki, sevgililər üçün parklarda mənasızcasına gəzmək və ya kafedə oturmaqdansa, birgə rəqslərə gəlmək daha xoş və faydalıdır. Yaxşı ki, stereotiplər müntəzəm olaraq dağılır. Daha çox azərbaycanlı oğlanlar rəqs qruplarına gəlirlər. Belə ki, bizim qrupumuzda bir neçə əcnəbi var. Qalanları azərbacyanlılardır. Yeri gəlmişkən, rəqs çoxsaylı komplekslərdən xilas olmağa da yardım edir. Bəyəndiyin qızı rəqsə dəvət edəndə özünə əmin olursan və özünü itirmirsən.
- Dünya rəqqaslarından, sizcə, ən yaxşıları kimlərdir? Məsələn, bu ilin əvvəlində Bakıda çıxış edən Xoakin Kortes...
- Şübhəsiz, Xoakin Kortes - gözəl rəqqasdır, lakin o, daha çox mətbuat adamıdır. O, birinci ad qazandı, indi isə adı ona işləyir. Və hələ məlum deyil, rəqs üzrə hər hansı bir dünya çempionatında iştirak edərək hansı yeri tutardı.
- Rəqslərə qarşı əvvəlki yanlış münasibətin Azərbaycanda dəyişməsi üçün nə etmək lazımdır?
-Bu ilin may ayında Azərbaycandan olan cütlük Ümumdünya Rəqs Olimpiadasının X yubileyində iştriak edib. Əslində, bu, dünya rəqs arenasında ən maraqlı və böyük hadisələrdən biridir. Seçmə turları və yarımfinallarda gərgin mübarizə nəticəsində Azərbaycan təmsilçiləri Aleksandr və Svetlana Barkovalar latin-şou rəqsi üzrə fəxri beşinci yeri tutublar. Birinci və ikinci yerlər isə İtaliyadan olan cütlüklərə nəsib olub. Mükafatlandırmadan sonra italiyalılar bizim uşaqlara yaxınlaşıb və Azərbaycan təmsilçilərinin çıxışını bəyəndiklərini qeyd ediblər. Və kiçik bir əngəl olmasa idi, bizim cütlük daha yüksək yer tuta bilərdi. Əminəm ki, onlar hələ böyük uğura nail olacaqlar. Saşa və Sveta noyabrın sonunda Almaniyada keçiriləcək rəqs şousu üzrə Dünya Çempionatına dəvətnamə alıblar. Azərbaycan tez-tez bu cür tədbirlərdə iştirak etməlidir. Bundan başqa, gənc kadrlar hazırlamaq lazımdır. Çox inanıram ki, ölkəmizdə rəqslə vəziyyət yaxşılığa doğru dəyişəcək. Bunun üçün onları təbliğ etmək lazımdır. Niyə də televiziyamızda rəqslərə həsr olunmuş veriliş açılmasın? Beləcə gənclərin də rəqsə həvəsi yaranacaq. Televizorda şou - istər şagirdlər, istərsə də pedaqoqlar üçün bal rəqslərinin yaxşı təbliğidir.
MƏSLƏHƏT GÖR: