14 Mart 2025

Cümə, 11:07

BUNDAN KƏDƏRLİ POVEST YOXDUR

Azərbaycan vəTürkiyənin birgə istehsal etdiyi "Mahmud və Məryəm" Bakıda təqdim olundu

Müəllif:

01.10.2013

Sevgi dağları aşırmağa, çayları geri axıtmağa qadirdir. Sevginin sənin hansı Allaha ibadət etməyinə heç bir aidiyyəti yoxdur. Sevgi insanın ruhunu təmizləyir. Mahmud və Məryəmdə olduğu kimi. Türk rejissoru Mehmet Ada Öztəkin Azərbaycan xanının oğlu ilə xristian keşişin qızı arasındakı sevgini ekranlaşdırıb. Elçinin eyniadlı romanı əsasında çəkilmiş "Mahmud və Məryəm" filmi "Nizami" kino mərkəzində təqdim olunub. Bu premyeranı ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırmaq olar.

 

Külə döndərən sevgi

Film XVI əsrin tarixi hadisələrindən bəhs edir. Hadisələr Gəncə xanlığında baş verir. Ziyad xanın (Fəxrəddin Manafov) ana olmaq ümidlərini itirmiş xanımı Qəmər Banu (Məlahət Abbasova) yardım üçün mistik şər qüvvələrə üz tutur. Bir müddət sonra xanın sarayında dünyaya oğlan uşağı gəlir və onu Mahmud adlandırırlar. Həmin vaxt sadə bir xristian ailəsində də qız uşağı dünyaya gəlir və valideynləri ona Məryəm adı verirlər. Qızcığazın anası doğuş zamanı dünyasını dəyişir və uşağı göz bəbəyi kimi qorumaq onun atası Keşişin (Mehmet Çevik) üzərinə düşür. Tale təsadüfən gəncləri yaxınlıqdakı meşədən axan çay qırağında bir araya gətirir. Onlar ilk baxışdan bir - birlərinə vurulurlar və sevgiləri haqda bütün dünyaya danışmaq istəyirlər. Mahmudun ailəsi uzun - uzadı düşündükdən sonra oğullarının sevgisini qəbul edir. Məryəmın atası isə var qüvvəsi  ilə qızının hisslərinə qarşı gedir. O, hətta cütlüyü bir-birindən ayırmaq üçün Məryəmi də götürərək "xoşbəxt olacaqları" uzaq, müəmmalı xristian məbədinə yollanır. Mahmud köməkçisi və dostu Səfi ilə sevgilisini axtarmağa yollanır. O, öz Məryəmini tapacaq və cütlük hətta ailə də quracaq. Amma... Böyük sevgi haqqında olan bütün tarixlər kimi, Mahmudla Məryəmin tarixçəsi də faciə ilə sonuclanır. Mahmud gənc xanımına toxunan kimi onu od tutur, oğlan qadınının gözləri qarşısında yanmağa başlayır. Məryəm də həyat yoldaşını qucaqlayır və onlar birlikdə alov içərisində ölürlər. Son dərəcə rəmzi deyilmi?

Filmdə baş rolun ifaçısı, premyerada iştirak edən türk aktyor Aras Bulut İynəmli real həyatda hələ ki, bu cür güclü hiss yaşamadığını etiraf edir. "Bizm Mahmudla ümumi cəhətlərimiz çoxdur. O da mənim kimi, romantik, qərarsız və risklidir", - deyə aktyor bildirir. Yeri gəlmişkən, hazırda Bulut İynəmli Türkiyənin ən perspetkivli gənc aktyorlarından sayılır. O, televiziyada canlandırdığı bir neçə rolu ilə artıq məşhurdur. Məsələn, "Qiymətsiz zaman"" filmində Mete Akarsu, "Möhtəşəm yüzyıl" filmində Sultan Süleymanın oğlu Bəyazid kimi rolları məhz Bulut İynəmli oynayır. Məryəm rolunu canlandıracaq aktrisanı isə çox axtarmaq lazım gəlib. O, romantik xarici görünüşə, təsirli baxışa malik olmalı idi. Məryəmi də Türkiyədən tapdılar. Bu rolu Qazaxıstan doğumlu gənc aktrisa Eva Dedova canlandırdı.

Filmdə Ziyad xan rolunu oynayan Xalq artisti Fəxrəddin Manafov "Mahmud yaşda olarkən şahın oğlunu oynamağı arzuladığını" etiraf edib. "Kim düşünərdi ki, illər keçəcək, mən əsas qəhrəmanın atasını oynayacağam?! Bununla gəncliyimin sevimli ədəbi süjetlərindən birinə yenidən toxuna bidiyim üçün çox sevincliyəm", - deyə aktyor qeyd edib.

Filmin rejissoru Mehmet Ada Oztekin isə Elçin Əfəndiyevin romanı əsasında film çəkməyin əla təcrübə olduğunu deyir. Üstəlik, filmə müxtəlif ölkələrdən də aktyorlar cəlb olunub: "Mən Azərbaycan aktyorlarının ifasına heyranam. Xüsusilə Fəxrəddin Manafovu və Vəzir rolunu oynayan Şamil Süleymanovu qeyd etmək istərdim".

 

Aktyor qoşunu

"Mahmud və Məryəm" filminin Bakı premyerasında Mehmet Ada Öztekin, yazıçı Elçin və kinolayihənin prodüseri Sevda Kayğısız başda olmaqla, bütün çəkiliş qruppu iştirak edib. Aktyorlar Məlahət Abbasova, Fəxrəddin manafov, Şamil Süleymanov, Ramiz Məlikov, Aras Bulut İynəmli, Yeva Dedova, Murad Abdullayev, Mehmet Çevik, Ufuk Şan, Kristina Krapela və digərləri qırmızı xalı üzərinə çıxıblar. Hazırlıq işləri və filmin çəkilişlərində 150 nəfərdən və 25 dublyordan ibarət Azərbaycan-Türkiyə birgə qruppu iştirak edib. Çəkilişlər, təxminən, 10 həftə davam edib. 3 ay ərzində aktyorlar döyüş səhnələri, at çapmaq, qılıncbazlıq üzrə təlimlər keçiblər. Azərbaycan və Türkiyədə aparılmış natural çəkilişlərlə yanaşı, bəzi kadrlar ərazisi 8 min kvadratmetr olan düzəngahda çəkilib. Həmin səhnələr dekorasiya ilə bəzədilib. Qəhrəmanlar üçün koloritli kostyumların tikilməsinə 13 min metrdən artıq parça və zərxana istifadə olunub. Filmin musiqisi Aygün Səmədzadəyə məxsusdur.

Azərbaycanı kinolayihədə "Salnamə", Türkiyəni isə "24 kare" kinostudiyası təmsil edib. Layihə hər iki ölkənin mədəniyyət nazirlikləri tərəfindən dəstəklənib. Bu, Azərbaycanla Türkiyənin birgə çəkdiyi ilk filmdir. Türkiyəli prodüser Sevda Kayğısızın sözlərinə görə, filmin süjeti heç də yalnız sevgi axtarışını yox, insanın özünə və Yaradana aparan yolun axtarışını əks etdirir. Elçinin "Mahmud və Məryəm" romanı əsasında filmin çəkilməsi ideyasını Sevda Kayğısıza artıq 20 ildən çoxdur Türkiyədə yaşayan və işləyən azərbaycanlı aktrisa Məlahət Abbasova verib. O, türkiyəli rəfiqəsinə gənc yaşlarında oxuduğu bu roman haqda danışıb.  "Mən əmin idim ki, dini və siyasi zehniyyətə görə bir-birindən ayrı olan, lakin bir-birlərini sevən iki nəfərin istəklərinə nail olmaq uğrunda var qüvvələrilə çalışdıqları bu əsər Türkiyə tamaşaçısının xoşuna gələcək", - deyə Məlahət Abbasova bildirir. O, filmdə  Qəmər Banu rolunu canlandırıb.

Elçinin "Mahmud və Məryəm" romanı 1981-ci ildə işıq üzü görüb və dərhal populyarlıq qazanıb. O, hələ də gənclər tərəfindən oxunur. Yaşlı nəslin nümayəndələri isə bu romanı dəfələrlə oxuyub. "30 ildə romanım aktuallığını itirməyibsə, incəsənət adamlarının marağını çəkirsə, bu, bir müəllif kimi məni sevindirməyə bilməz. Məni filmin qardaş Türkiyə ilə birlikdə çəkilməsi də sevindirir. Türkiyədə bu roman ayrı-ayrı tərcümələrlə 5 dəfə çap olunub", - deyə yazıçı bildirib. Filmin çəkilişləri Şəkidə, Qaxda, Qəbələdə, Bakıda, həmçinin Türkiyənin Safranbolu, Düzce, Bolu, Sakarya və İstanbul şəhərlərində aparılıb. Öyrədilmiş qartal və canavarla çəkilmiş kadrlar isə Macarıstanda lentə alınıb. Filmdə nağıl, fantaziya motivləri  də var. Sevgi isə onun əsas süjet xəttini təşkil edir. Tamaşaçılar üçün ən emosional məqamlardan biri Ziyad xanla saray musiqiçisi arasındakı dialoqdur.

"Əslən hardansan?" - deyə Xan gənc xanəndədən soruşur. "Qarabağdanam", -  xanəndə cavab verir. Xanın növbəti sualı belə olur: "Vətənində nələri qoyub gəlmisən?". Xanəndə qəmgin səslə cavab verir: "Anamı və bacımı". Xan "Yalnız onları deyil. Sən orada öz ruhunu qoyub gəlmisən". Premyerada zalı dolduran tamaşaçılar bu məqamı alqışlarla qarşılayır və bu, Qarabağ mövzusunun yalnız azərbaycanlılar üçün deyil, türklər üçün də ağrılı olduğunu göstərir.

Film əla qrafikası, xüsusi effektləri, əla səhnəsi və mənzərələri, başgicəlləndirici trükləri ilə tamaşaçıları valeh edir. Hər şey o qədər təbii, keyfiyyətli çəkilib ki, insan bir anlığa özünü keçmişə qayıtmış hiss edir.

"Mahmud və Məryəm" filmi əvvəlcə Azərbaycan, Türkiyə və Avropanın 9 ölkəsinin kinoteatrlarında göstəriləcək. Sonradan o, televiziya vasitəsilə də nümayiş olunacaq. Filmin ümumilikdə 30-dan artıq ərəb və Avropa ölkəsində nümayişi planlaşdırılır.



MƏSLƏHƏT GÖR:

853