14 Mart 2025

Cümə, 11:02

RƏQABƏTDƏN KƏNAR

Avropanın aparıcı mərkəzləri Azərbaycanda keçiriləcək prezident seçkisində İlham Əliyevin inamlı qələbə qazanacağını proqnozlaşdırır

Müəllif:

01.10.2013

Azərbaycanda seçkiqabağı mübarizə özünün ən qızğın dövrünü yaşayır. Prezidentlik uğrunda 10 namizəd yarışır. Onların arasında həm müxtəlif partiyaların təmsilçiləri, həm də müstəqil şəkildə namizədliyini irəli sürmüş şəxslər var. Bəs ölkədə seçkiqabağı vəziyyət, əhalinin seçimi və qüvvələr nisbət necədir? Seçkiqabağı dövrdə fəallıqları xeyli artmış sosioloji xidmətlər bu suallara cavab tapmağa çalışır.


Sorğular nə göstərir?


İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzi (the European Centre for Survey Research-ECSR) 11-16 sentyabr 2013-cü ildə Azərbaycanda ümumrespublika ictimai rəy sorğusu keçirib. Tədqiqat "Demokratik dəyərlər, Azərbaycan əhalisinin siyasi və elektoral davranışı: sosioloji təhlil" layihəsi çərçivəsində aparılıb. 
Yaşayış yeri üzrə üzbəüz (face-to-face) müsahibə yolu ilə keçirilən sorğuda 42 yaşayış məntəqəsinin yaşı 18-dən yuxarı 1550 sakini iştirak edib. Tədqiqatın əsaslandığı çoxpilləli təsadüfi seçim əhalinin sosial və demoqrafik strukturunu adekvat olaraq əks etdirib. Nisbi xəta 3 faiz ətrafındadır. 
Məlumat üçün qeyd edək ki, İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzi (Böyük Britaniya) ictimai rəy sorğuları və araşdırılmalarla çoxdan məşğul olan nüfuzlu beynəlxalq təşkilatdır (http://www.abdn.ac.uk/ecsr). Mərkəz Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Siyasi Elmlər Assosiasiyası (İPSA), Avropa Elm Fondu (ESF) və digər beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edir. Təkcə 1991-2002-ci illərdə Mərkəzin rəhbəri, professor Kristian Herpfer (Christian Haerpfer) 57 irimiqyaslı sosioloji tədqiqatın təşkilatçısı və əlaqələndiricisi olub.
Mərkəzin aktivində "Yeni demokratik barometr" (New Democracies Barometer, 1992-1998) və "Avrasiya barometri" (Eurasia Barometer) kimi layihələr yer alır. 
Layihənin rəhbəri Kristian Herpfer eyni zamanda Beynəlxalq İctimai Rəyin Öyrənilməsi Assosiasiyasının (WVSA) prezidenti, Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (IPSA) vitse-prezidenti, Millətlərin Öyrənilməsi Assosiasiyası (ABŞ-ın Kolumbiya universiteti), Avropa Elm Fondu (Strasburq, Fransa), Amerika Siyasi Elmlər Assosiasiyası (APSA) kimi bir çox Avropa və beynəlxalq qurumların rəhbəri, məsləhətçisi və ya üzvüdür. 
İndi isə qayıdaq tədqiqatın nəticələrinə.
Mərkəzdən bildiriblər ki, bu araşdırma "Demokratik dəyərlər, Azərbaycan əhalisinin siyasi və elektoral davranışı: sosioloji təhlil" layihəsinin birinci mərhələsidir. İkinci mərhələ isə ilin sonuna qədər həyata keçiriləcək. Bu, seçki kampaniyasından "əvvəl" və "sonra" seçici rəylərini müqayisə etməyə, həmçinin onların seçki ilə bağlı gözləntilərinin reallıqda nə dərəcədə doğrulduğunu öyrənməyə imkan verəcək. 
Sorğu göstərib ki, bütövlükdə Azərbaycanda demokratiyanın vəziyyəti pozitiv qiymətləndirilir. Əhalinin üçdəikiyə yaxın hissəsi ölkədə demokratiyanın vəziyyətindən razıdır. Onlar anketin müvafiq sualını "bəli, qane edir" və ya "əsasən qane edir" deyə cavablandırıblar. Respondentlər hesab edirlər ki, son 10 ildə demokratiya sahəsində vəziyyət yaxşılaşıb. KİV azadlığının səviyyəsi də yetərincə yüksək qiymətləndirilib. 
Maraqlıdır ki, respondentlərin xeyli hissəsi (63,4%) ictimai-siyasi həyatda iştirakı dostlarla və yaxınlarla siyasi mövzularda söhbət etmək, həmçinin televiziyada xəbərlərə baxmaq kimi başa düşür. Yənu bu, həmin insanların ictimai-siyasi həyatda iştirakından deyil, daha çox boş vaxtlarını keçirməsindən xəbər verir. Hərçənd, görünür, siyasətə belə yanaşma partiyalara qarşı olan skeptik münasibətlərdən irəli gəlir. Rəyi soruşulanların 65,6%-i ümumiyyətlə özlərini hər hansı bir partiyanın tərəfdarı hesab etmir. 
O da məlum olub ki, bu seçkilərdə respondentlərin potensial elektoral fəallığı (onların seçkilərdə iştirak edəcəklərini deməsi) yetərincə yüksəkdir (82%-dən çox). Lakin təcrübə göstərir ki, adətən, səsverməyə qatılacaqlarını bəyan edənlərlə real olaraq seçki məntəqələrinə üz tutanların sayı fərqlənir (MSK-nın məlumatına görə, ötən seçkilərdə səsvermədə iştirak 70% səviyyəsində olub). 
Bəs səsvermədə iştirak faizi nəzərə alınmaqla namizədlərin elektoral reytinqi necədir? Sorğu göstərib ki, seçkiyə qatılanların 88,7%-i öz səsini hazırkı prezident İlham Əliyevə verəcək. Demokratik Qüvvələrin Milli Şurası adlanan qurumun təmsilçisi Cəmil Həsənlinin 0,6%, müstəqil namizəd Zahid Oruc və "Ümid" partiyasının sədri İqbal Ağazadənin - hər birinin 0,3%, Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) və İlyas İsmayılovun ("Ədalət" partiyası) - hər birinin 0,2%, Fərəc Quliyev (Milli Dirçəliş Partiyası) və Araz Əlizadənin (Sosial-Demokrat Partiyası) - hər birinin 0,1% səs yığacağı gözlənilir. Başqa sözlə, seçki marafonunda Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin qələbə şansları digər namizədlərdən xeyli yuxarıdır. 
Nüfuzlu Avropa təşkilatının apardığı sorğu faktik olaraq bundan əvvəl Azərbaycanın "Rəy" Monitorinq Mərkəzi, Amerikanın "Arthur J. Finkelstein & Associates" (AJF) təşkilatı, bir sıra yerli və xarici KİV tərəfindən həyata keçirilmiş sorğuların nəticələrinin təsdiqidir.
Məsələn, "Eurasianet" yazır ki, məqalə müəllifinin Bakıda prezidentliyə namizədlərin adlarını soruşduğu hər 12 nəfərdən yalnız biri İlham Əliyevdən başqa hər hansı namizədin adını çəkə bilib. "Qolos Rossii" radiosu tərəfindən rəyi soruşulan ekspertlər də İlham Əliyevin seçkidə inamlı qələbə qazanacağına əminliklərini ifadə ediblər. Lenta.ru portalının ekspertləri isə hesab edirlər ki, Azərbaycan müxalifəti bu dəfə də aralarında razılığa gələrək, İlham Əliyevə layiqli rəqib ortaya çıxara bilməyib. Seçkidə İlham Əliyevin inamlı qələbə qazanacağını proqnozlaşdıran daha bir mətbuat orqanı - Rusiyada nəşr olunan "Nezavisimaya qazeta"dır: "Yerli və xarici ekspertlərin fikrincə, seçkinin sonunda hansısa sürprizin meydana çıxacağını gözləməyə dəyməz. İlham Əliyevin bütün rəqibləri təbliğat kampaniyasının gedişində səylərini birləşdirmək qərarına gəlsələr belə, hazırkı dövlət başçısına yenə də ciddi rəqib ola bilməyəcəklər".
Türkiyənin "Türkiye" qəzeti isə diqqəti qarşıdan gələn seçkidə Azərbaycanın din xadimlərinin İlham Əliyevi dəstəkləməsinə yönəldib. Qəzet yazır ki, Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı, rus pravoslav kilsəsi və Azərbaycanın Yəhudi İcması da hazırkı dövlət başçısının namizədliyini dəstəkləyən bəyanatla çıxış ediblər. Qəzet İlham Əliyevin din xadimlərinin böyük hörmətini qazandığını qeyd edir.


Güclü bənd


Azərbaycandakı seçkiqabağı vəziyyət və qüvvələr nisbəti ilə bağlı aparılan, demək olar ki, bütün təhlillərdə əsas diqqət hazırkı prezidentin yüksək reytinqinin sosial-iqtisadi səbəblərinə yönəldilir. Bu zaman ekspertlər beynəlxalq təşkilatların, reytinq agentliklərinin Azərbaycanla bağlı qiymətləndirmələrinə istinad edirlər. Həmin reytinqlərdə isə Azərbaycan bir qayda olaraq, bir çox parametrlər üzrə lider mövqeyindədir.
İtaliyanın "beyin mərkəzi" olan Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) "10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabat açıqlayıb. Analitik Matteo Verda hesabatda bildirir ki, ötən on ildə Azərbaycan sürətli inkişafa və ikirəqəmli iqtisadi artım tempinə nail olubsa, Gürcüstan və Ermənistanda irəliləyiş bundan daha zəifdir.
Ekspertin fikrincə, "İlham Əliyevin Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkisində gözlənilən qələbəsi siyasi sistemdə sabitliyin qorunub-saxlanılmasına imkan verəcək. Nəticədə, hazırkı vəziyyət qarşıdakı 10 ildə də qorunub-saxlanılacaq və bu, ölkə iqtisadiyyatına yeni investisiyaların cəlbi baxımından əlverişli şərait yaradacaq".
Britaniyanın nüfuzlu "Total Politics" jurnalında dərc olunmuş məqalədə isə bildirilir ki, son 10 il Azərbaycanda görünməmiş infrastruktur genişlənməsi, ümumilikdə, ölkədə rifah halının yüksəlməsi müşahidə olunub.
"Xarici müşahidəçilərin, ekspert və siyasətçilərin dünya KİV-də nəşr olunan rəyi ondan ibarətdir ki, Azərbaycanda siyasi hakimiyyət güclü prezidentin etibarlı əllərindədir. O, çoxşaxəli xarici siyasət yürüdür, Azərbaycanla digər dövlətlər arasında qüvvələr balansını qoruyub-saxlayır. İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkədə ictimai rəy aparan istər yerli, istərsə də xarici təşkilatlar onun reytinqinin 80%-dən aşağı olmadığını müəyyənləşdiriblər", - deyə məqalədə qeyd olunur.
Amma əhalinin elektoral seçiminə sosial rifah halı qədər heç bir amil təsir göstərə bilməz. Son 10 ildə Azərbaycanda əməkhaqları və pensiyalar 5-6 dəfə artıb. Bu dövrdə ölkədə 17 milyon kvadratmetrdən artıq mənzil (150 min mənzildən çox) istismara verilib. 2004-cü ildə hər 100 ailəyə 24 şəxsi avtomobil düşürdüsə, ötən il bu rəqəm 46 olub. Hər 100 vətəndaşa düşən internet istifadəçilərinin sayı isə 2003-cü ildə 5 idisə, 2012-ci ildə 70-ə çatıb. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə analoji dövrdə bu say 42-dən 76,8-ə çatıb. 2012-ci ildə, təxminən, 2,8 milyon azərbaycanlı turist xarici dövlətlərdə 2 milyard dollar xərcləyib. Halbuki, 2003-cü ildə ölkədən kənara cəmi 1,4 milyon ətrafında turist çıxırdı.
Azərbaycanın hazırkı prezidentinin aktivində iqtisadiyyat və xarici siyasət sahəsində bir sıra digər uğurlar da var.

 


Zəif bənd


İlham Əliyevin seçkiqabağı yarışdakı rəqibləri ilə bağlı vəziyyət isə tamamilə fərqlidir. Onların arasında tarixçi Cəmil Həsənlini prezidentliyə namizəd elan etmiş Demokratik Qüvvələrin Milli Şurası xüsusi radikallığı ilə seçilir.
Milli Şura müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olmuş, lakin həmin dövrdə ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış və vəzifələrini atıb-getmiş qisasçı qüvvələrdən formalaşıb. Son 20 ildə sabitliyə vərdiş etmiş sıravi seçicini qorxudan da məhz onlardakı bu qisasçılıq hissidir.
Bundan başqa, Milli Şurasının, hətta müxalif dairələrdə "cizgi filmi", yaxud "yeralaş" adlandırılan formalaşdırılması prosesinin özü əhaliyə inam aşılamır. Hazırkı hakimiyyətdən narazı olan kiçik bir elektorat belə, faktiki olaraq bu müxalifətin ardınca getməkdən imtina edir. Buna səbəb həmin qüvvələrin 1990-cı illərin əvvəllərindəki uğursuz hakimiyyəti, birlik üzvləri arasında indi də gərginliyin davam etməsi, onların vahid mövqeyə malik olmamalarıdır. Əhali siyasi və şəxsi mübahisələrin hökumət kabinetlərinə daşınacağından narahatdır.
Xalqın radikal müxalifəti dəstəkləməməsinin bir sıra digər obyektiv səbəbləri də var. Seçkiqabağı təbliğatda populizmin üstünlük təşkil etməsi, yerinə yetirilməsi real olmayan vədlərin verilməsi belə amillər arasındadır.
Bugünkü hakimiyyətin opponentlərinin çox aşağı reytinqə malik olduğunu yalnız sosioloji sorğular göstərmir. Müxalifətin son mitinqlərinin təhlili, Cəmil Həsənlinin bank hesablarına əhali tərəfindən köçürülən ianələrin həcmi də real mənzərəni kifayət qədər aydın ortaya qoyur.
Milli Şuranın Bakının mərkəzində keçirdiyi mitinqlərə bir neçə min insan toplaşır. Həsənlinin bank hesablarına isə 20 min manatdan bir qədər artıq vəsait toplanılıb. Bu məbləğin 3 minini Milli Şura ideyasının ilhamçısı və qurumun uğursuz vahid namizədi Rüstəm İbrahimbəyov ödəyib. Halbuki, əhalini C.Həsənliyə dəstək olaraq, bank hesabına adama 1 manat keçirməyə çağıran İbrahimbəyov 1 milyon manat toplamağa ümidli idi. O, hesab edirdi ki, bu, maliyyə baxımından çox, xalqın narazılığının ifadəsi nöqteyi-nəzərindən daha vacib olardı. "Əgər heç olmasa 1 milyon insan Milli Şuranın hesabına adama 1 manat keçirərsə, bu, əhalinin 25%-nin (səsvermə hüququna malik - N.M.) bu hakimiyyətə "yox" deməsi olacaq", - deyə R.İbrahimbəyov o zaman bildirirdi. Onun məntiqi ilə Milli Şuranın hesabına yığılmış məbləğ seçicilərin hakimiyyətə "yox" deyəcək hissəsinin heç 0,5% də olmadığını göstərir. Və bu "narazılar" faizini hakimiyyətə rəqib olan namizədlər arasında bölsək, sosioloji tədqiqatların nəticəsi bir daha təsdiqlənir - İlham Əliyevin hər opponentinə 0,1-0,6% səs düşür.
Reytinq öz yerində, Milli Şuranın onsuz da zəif olan mövqeyini daha da zəiflədən finişə bir addım qalmış qurumun prezidentliyə namizədini dəyişməsi oldu. Rusiya vətəndaşı olmasının ona Azərbaycan prezidentliyi uğrunda yarışmaq imkanı vermədiyini "unudan" Rüstəm İbrahimbəyovu namizəd kimi Cəmil Həsənli əvəzlədi. Obrazlı şəkildə ifadə etsək, "atları yarı yolda dəyişməzlər" və müxalifətin bu səhvi onlar üçün seçkinin nəticəsinə təsirsiz ötüşə bilməz. Bunu anlayan Milli Şura liderləri artıq indidən seçkinin saxtalaşdırılacağını, onların səslərinin "oğurlanacağını" iddia etməyə başlayıblar. Lakin seçkiqabağı dövrdəki qüvvələr nisbətinin təhlili, beynəlxalq təşkilatların gəldiyi nəticələr bunun əksini göstərir. Hakimiyyət səsvermənin nəticəsinin saxtalaşdırılmasında maraqlı deyil.
Seçkiqabağı vəziyyətə gəlincə, AŞPA-nın monitorinq missiyasının seçkiqabağı yaydığı bəyanatda bildirilir ki, Azərbaycan hökuməti beynəlxalq müşahidəçilərə səsverməni müşahidə olunması üçün şərait yaratmağa hazırdır. Bəyanatda MSK-nın fəaliyyətindəki informasiya-maarifçilik işi, seçki komissiyası üzvlərinə təlimlərin keçirildiyi, seçici siyahılarında daim dəqiqləşdirilmələrin aparıldığı da vurğulanır. Bununla yanaşı, sənəddə bildirilir ki, aparılan bu işlərin effektivliyi və keyfiyyəti seçki günü üzə çıxacaq. AŞPA-da hesab edirlər ki, qarşıdan gələn seçkinin rəqabət şəraitində keçmə ehtimalı yüksəkdir.
İstənilən halda, seçimi seçicilər edəcək. Onun səsini kimə verdiyi, proqnozların doğrulub-doğrulmadığı, Azərbaycanın bundan sonra hansı istiqamətdə irəliləyəcəyi oktyabrın 9-da aydın olacaq. 



MƏSLƏHƏT GÖR:

493