
AZƏRBAYCAN DİLİNDƏN RUS DİLİNƏ…
Əsrin əvvəlində Bakı quberniyasının ictimai və mədəni həyatında baş vermiş vacib hadisə haqqında
Müəllif: Mirabbas MƏMMƏDOV Bakı
İstənilən azərbaycanlıya "Üzeyir Hacıbəyov kimdir?" sualını versələr, cavab birmənalı olacaq: "Bəstəkar. Azərbaycan klassik musiqisinin banisi". Bu, əlbəttə ki, doğru cavabdır. Lakin çox az adam bilir ki, görkəmli bəstəkar Üzeyir Hacıbə- yov ölməz "Leyli və Məcnun" operasını yazmazdan bir il əvvəl Azərbaycan-rus və rus-Azərbaycan lüğətlərini də hazırlayıb. Bu, 1907-ci ildə, 21 yaşlı Hacıbəyovun "İrşad" qəzetində jurnalist kimi çalışdığı zaman baş verib. Onun yazdığı əsərin tam adı "Siyasi, hüquq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri" idi. Bu yerdə bir dəqiqləşdirməyə ehtiyac var. Bu, lüğətin tam adının rus dilindən tərcüməsidir. Buradan belə görünür ki, müəllif doğma dili "tatar" dili kimi təqdim edib. Rusi-yada bu, belə idi - bizim dilimiz "tatar dili", özümüz isə "Qafqaz tatarları" adlandırılırdıq. Lüğətin cildində Azərbaycan dilində yazılmış adda isə "tatar" sözü "türk" sözü ilə əvəzlənmişdi.
Lüğəti "İrşad" qəzetinin digər jurnalisti Məmməd Əmin Rəsulzadə çap etdirmişdi. Ü.Hacıbəyovun, təxminən, 100 il əvvəl işıq üzü görmüş bu əsəri haqda son zamanlaradək bir sıra mütəxəssislər belə, xəbərsiz idilər. Yalnız bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin əməkdaşı fəlsəfə və filologiya elmləri doktoru, gənc şərqşünas Şəhla Abdullayevanın bu missiyanı könüllü şəkildə öz üzərinə götürməsi Ü.Hacıbəyovun "Lüğət"inə ikinci həyat verib.
Şübhəsiz ki, Üzeyir Hacıbəyovun "Lüğət"inin ortaya çıxması ötən əsrin əvvəllərində Bakı quberniyasının ictimai və mədəni həyatı üçün vacib hadisə idi. 1905-ci ildə imperator II Nikolayın oktyabr manifestindən sonra Rusiyada azadlıq havası əsməyə başlamışdı. Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin bağlanmasından da xeyli vaxt keçirdi. Amma manifestdən sonra Bakıda yenidən Azərbaycan dilində qəzetlər çap olunmağa başlamışdı. Onlar rəsmi informasiyaları yalnız yerli deyil, həm də xarici xəbərlərin dərc olunduğu Sankt-Peterburq agentlikləri və mətbuatından alırdılar. Bu zaman əldə edilmiş mətnlərin Azərbaycan dilinə tərcüməsində problemlər yaranırdı. Çünki mətnlərdə çoxlu sayda tanış olmayan sözlərə rast gəlinirdi.
Hacıbəyovun "Lüğət"i Bakı gimnaziyaları real məktəbləri və texnikumlarında təhsil alan azsaylı azərbaycanlı tələbələr tərəfindən də müsbət qarşılanmışdı. Yeri gəlmişkən, ötən əsrin əvvəllərində Üzeyir bəylə yanaşı, müəllim S.M.Qənizadə və doktor K.Qarabəyov da rus-Azərbaycan və Azərbaycan-rus lüğəti buraxmışdılar.
Həmin lüğətlər aktuallıqlarını bu gün də itirməyib. Azərbaycanın müstəqillik əldə etməsindən sonra ölkənin və xalqın yaxın keçmişinə böyük maraq yarandı. İndi uzun illər arxivlərdə "həsrət çəkmiş" sənədlərin üzərindəki toz təmizlənir. Onlarla iş zamanı Hacıbəyovun və digər müəlliflərin lüğətləri əvəz- olunmaz informasiya mənbəyi rolunu oynayır.
Hacıbəyov öz "Lüğət"ində sadəcə sözlərin tərcüməsilə kifayətlənməyib. "Lüğət"i heç bir şişirtməyə yol vermədən izahlı lüğət də adlandırmaq olar. Kitabın ikinci hissəsində Azərbaycan sözlərinin rus dilinə tərcüməsi verilir. Onların əksəriyyəti azərbaycanlı oxucu üçün yeni sözlərdir. Bu amili nəzərə alan Hacıbəyov bir çox yeni sözün izahını da verib. Bu zaman onun bu və ya digər sözü oxucuya nə qədər özünəməxsus, ən başlıcası isə sadə dildə izah etməsi son dərəcə maraqlıdır.
Məsələn, müəllif "mühafizəkar" sözünün mənasını belə izah edir: "Heç bir yeniliyi qəbul etmədən mövcud düzəni qoruyub saxlamağa çalışan insan". Ardınca isə bu fikir yer alır: "Dövlət idarəçiliyində köhnə üsulların qorunub saxlanılmasına tərəfdar olan şəxs".
"Lüğət"də "boykot" sözünə də böyük bir məqalə həsr olunub: "Bu, İrlandiya dövlətində məşhur partiyanın öz sıralarından xaric etdiyi şəxsin adıdır. O vaxtdan "boykot" xalq arasında kiminsə tənqid edilməsi üçün əla bir silaha çevrilib. "Boykot" ümumilikdə cəmiyyətə və ya hər hansı təşkilata zərər vurmuş şəxslə bütün əlaqələrin kəsilməsi, onun heç yerdə qəbul olunmaması anlamını verir. Günahkar şəxs tacirdirsə, bu haqda hamıya xəbər verilir, o, müştərilərdən uzaqlaşdırılır".
Üzeyir Hacıbəyovun "Lüğət"ində ötən əsrin əvvəllərində geniş istifadə olunan bir çox sözün tərcüməsi də var (əlahəzrət, asessor, canişin, qorodovoy, şəhər duması, şəhər upravası). Bundan başqa, kitabda müasir Azərbaycan dilinə daxil olmuş hərbi terminlərə də rast gəlinir (batalyon, batareya, briqada, vzvod, hauptvaxt, qvardiya). "Lüğət"də bizim üçün bir sıra tamamilə yeni terminlərin (könüllü, bələdiyyə) tərcüməsi və mənasını da tapmaq olar. Müəllif başa düşünülməsi çətin hesab olunan Azərbaycan sözlərini də lüğətə əlavə edib.
MƏSLƏHƏT GÖR: