Müəllif: Emil İSMAYILOV Bakı
Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun perspektivli və son dərəcə gəlirli sahələrdən biri kimi artıq uzun illərdir istər hökumətin, istərsə də potensiallı sərmayədarların diqqət mərkəzindədir. Bu gün bu sahənin tammiqyaslı inkişafı üçün bütün ilkin şərtlər - bütün ölkə boyu təkmilləşdirilmiş yol-nəqliyyat infrastrukturu, kommunal xidmətlərin qaydaya salınmış işi, müasir otellər, mehmanxanalar və s. mövcuddur.
Bununla belə, Azərbaycanın kifayət qədər uğurlu coğrafi mövqedə yerləşməsi ölkədə məşhur və sevimli yerlərin böyük hissəsini turizm istirahəti üçün təşkil etməyə imkan verir.
Xüsusən respublikanın iqtisadi rifahı artdıqca iri turizm mərkəzlərinin yaradılması və bu sahədə yeni istiqamətlərin hazırlanması üzrə bahalı, lakin xərci çıxılan və gəlirli layihələr həyata keçirmək getdikcə daha asan olur. Buna parlaq misal olaraq, Şahdağ dağ-xizək turizm kompleksini göstərmək olar.
Bu arada son vaxtlar turizm istirahətinin daha bir son dərəcə populyar və seçmə növü - kruizin (dəniz səyahəti) olması aktual məsələyə çevrilib.
Xəzər kruizi
Bu gün Xəzər akvatoriyasında sahilboyu istirahətin ən yaxşı Azərbaycanda inkişaf etdiyini demək, yəqin ki, mübaliğə olmaz. Lakin dənizin turizm potenisalı bununla bitmir. Axı, Xəzər dənizi - dünyada ən böyük göldür, turistləri sə-yahətə cəlb etmək üçün bu coğrafi faktı niyə də istifadə etməyək? Və niyə də Azərbaycan bu işdə pioner olmasın?
Prinsipcə, bizim ölkədə kruiz və su turizminin inkişafı tamamilə realdır. Turizmin bu növü sahil ekskursiyaları, liman şəhərlərinin görməli yerlərinə baxmaq, eləcə də dəniz və çay laynerlərinin göyərtələrində müxtəlif əyləncələr də daxil olmaqla, nəqliyyatın su növlərində səyahəti nəzərdə tutur.
Kruiz turizminin inkişafı böyük həcmdə səy və vəsaitlər tələb edir. Məhz bu nöqteyi-nəzərdən kruizlərin təşkil edilməsi prosesi ilə məş-ğul olacaq xüsusi şirkət və ya bir neçə şirkətlərin yaradılması məqsədəuyğundur. Xüsusən turizmin bu növünün inkişafı üçün xüsusi gəmilərin olması, kruizlər çərçivəsində cəlb olunacaq limanların hazırlanmasının təşkili, turist infrastrukturunun (otellər, qonaq evləri, çimərliklər və s.) hazırlanması zəruridir.
Bundan başqa, kruiz turizmi üzrə layihələr Xəzər dənizinin statusunun müəyyənləşdirilməməsi problemi və ondan doğan məsələlərlə üzləşə bilər. Bununla bərabər, dəniz və çay kruizinin birləşməsi yolu ilə uyğunlaşdırılmış kruiz turizminin inkişafı üçün imkanlar mövcuddur. Belə ki, kruiz gəmiləri Aralıq və Qara dənizdən kanal sistemi ilə Xəzərə keçə, naviqasiya mövsümü vaxtı Xəzəryanı ölkələrə baş çəkə bilər. Bu, uzun olsa da, lakin çox sayda ölkələri əhatə etməklə maraqlı səyahət təşkil etməyə imkan verər. Turistlərə Xəzərlə xoş iqlim, təbiət müxtəlifliyi və Xəzəryanı ölkələrin landşaftı kimi kruizmin üstünlüklərini təklif etmək olar. Həm də sahilboyu zonada Xəzər sahilinin qumlu çimərliklər, mineral sular və müalicəvi palçıqlarla təbii mühiti istirahət və müalicə üçün yaxşı şərtlər yaradır.
Sərnişindaşımaları inkişaf etdirmək lazımdır
Bu gün hər bir Xəzəryanı ölkə iri nəqliyyat layihələri həyata keçirir, yükdaşımaların, xüsusən dəniz nəqliyyatı ilə səviyyəsinin artmasına dair fəal işlər aparır, lakin buna baxmayaraq, yenə də ən az inkişaf edən sahə sərnişin daşınması olaraq qalır. Bu istiqamətin inkişafında mühüm addım Xəzər ölkələrinin səylərinin birləşdirilməsi, eləcə də özəl sektorun fəaliyyətinin aktivləşdirilməsi ola bilər. Və əlbəttə ki, ilk növbədə, liman infrastrukturunun yenilənməsinə və sərnişin donanmasının yeni müasir gəmilərlə artırılmasına xüsusi diqqət ayırmaq lazımdır. Məsələn, son vaxtlar dünyada bərə kruizləri böyük populyarlıq qazanıb ki, bu da onların qısamüddətli və qənaətcil olması ilə bağlıdır. Kruiz məqsədilə istifadə olunan müasir bərələr çoxgöyərtəli gəmilərdən ibarətdir. Turizmin bu növü Baltik dənizində geniş yayılıb. Bərə turizminin inkişafı üçün Xəzərdə böyük imkanlar var, lakin hazırda bərələrlə beynəlxalq birləşdirilmiş sərnişin daşımaları ancaq Bakı-Aktau (Qazaxıstan) və Bakı- Türkmənbaşı (Türkmənistan) marşrutları üzrə həyata keçir. Sərnişin donanmasına cəmi 13 gəmi cəlb olunub, mükəmməl turist xidmətləri göstərmək üçünsə, onların sayını bir neçə dəfə artırmaq lazımdır. Həm də bərələr təkcə uyğunlaşdırılmış daşınmalar üçün yox, eləcə də səfər zamanı sərnişinlərin rahat istirahəti üçün zəruri olan bütün şərtlərlə təchiz olunmuş təmiz sərnişin gəmiləri olmalıdır. Bir sözlə, yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat ilə cəmi 9,8 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 11,4 min çox, dəniz nəqliyyatı ilə sərnişin dövriyyəsi isə 2012-ci ilin yanvar-avqust ayına nisbətən 4,4 sərnişin-km artaraq, 3,6 sərnişin-km təşkil edib.
Yəni etiraf etmək lazımdır ki, bu gün Xəzərdə sərnişin nəqliyyatı zəif inkişaf edib, lakin bu seqmentin istifadə olunması üçün böyük potensial var. Xəzərin Azərbaycan sahilində "Aypara" ticarət-mehmanxana kompleksi və "Khazar Islands" yaşayış kompleksi kimi bu cür möhtəşəm layihələrin reallaşdırılması, su nəqliyyatı, xüsusən də dəniz taksisi kimi nəqliyyat növlərinin inkişafına zəmin yaradaraq, Xəzərdə turist biznesini canlandıra bilər. Bu halda, təbii ki, dəniz sərnişin daşımalarının həcmi nəzərəçarpacaq dərəcədə artacaq və biznesin bu növünün maliyyə cəlbediciliyini real şəkildə hiss etmək mümkün olacaq.
Mərkəzin xaricində
Mövcud olan bütün problemlərə baxmayaraq, Azərbaycanda dəniz nəqliyyat infrastrukturu sahəsində tamam fəaliyyətsizlikdən danışmaq da ədalətsizlik olardı. Belə ki, hamıya məlumdur ki, Bakıdan cənubda 65 km aralıda Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının tikinti işləri aparılır. Layihənin ilk mərhələsi konteynerlərin qəbul üçün iki bərə və üç yük körpüsü, "ro-ro" tipli gəmilər və adi (universal) quru mal daşıyan gəmilərin inşasını nəzərdə tutur. İkinci mərhələ daha üç yük körpüsünün tikintisini, üçüncü mərhələ ilə yanaşı, iki körpünün tikintisini də nəzərdə tutur. Liman ildə 11,6 mln. ton yük qəbul edə biləcək. Nəqliyyat nazirinin müavini Musa Pənahovun sözlərinə görə, artıq 2014-cü ilin sonuna qədər Bakının mərkəzindən bərə terminalının tikilən yeni limana köçürülməsi planlaşdırılır. Daha sonra quru mal gəmilərinin boşaldılması terminalının Ələtə köçürülməsi nəzərdə tutulur. Öz növbəsində köhnə liman infrastrukturunun demontajı Dənizkənarı parkın bu hissəsinin abadlaşmasına imkan verəcək ki, bu da paytaxt mərkəzinin xarici görünüşünə müsbət təsir göstərəcək. Bundan başqa, dəniz limanının mərkəzdən kənara aparılması, həmçinin yükdaşımaları artıracaq və asanlaşdırcaq, ölkənin tranzit potensialını genişləndirəcək.
Köhnə liman infrastrukturunun demontajından sonra (beynəlxalq liman yerləşən zonada) Bakı Dəniz vağzalının və sərnişin gəmilərinin qəbulu üçün bərələrin hazırkı yerində saxlanılması məqsədəuyğun hesab olunur. Bu, Dənizkənarı parkın ümumi görünüşünün estetikasını heç də pozmayacaq və gələn sərnişin, eləcə də turistlərin mərkəzə birbaşa daxil olmalarını təmin edəcək.
Bununla da, dəniz sərnişin nəqliyyatı, Xəzər ölkələri arasında birbaşa dəniz sərnişin rabitəsinin inkişafı, kruiz turizminin təşkili nəqliyyat sektorunun inkişafının bütün zəncirini tamamilə birləşdirəcək. Əlavə gəlirlə yanaşı, bu, Xəzəryanı ölkələr üçün əməkdaşlığın yeni istiqamət mənbəyi də ola bilər, xarici qonaqların Xəzərə gəlməsi, onun akvatoriyasının turizm mərkəzinə çevrilməsi üçün şərtlər yaradardı.
MƏSLƏHƏT GÖR: