14 Mart 2025

Cümə, 21:43

FƏSAD VERƏ BİLƏCƏK SUSQUNLUQ

AŞPA-nın Ermənistan rəhbərliyinin bu qurumun toplantısında səsləndirdiyi təcavüzkar bəyanata reaksiya verməməsi hansı neqativ hallara yol aça bilər?

Müəllif:

10.10.2013

"Biz demişik və deyirik ki, sülh və sabitliyə dair ümumavropa dəyərləri və ideyalarına hər zaman sadiqik". Bu bə- yanatın müəllifi heç də demokratiyanın inkişaf etdiyi hansısa öncül ölkə liderinə məxsus deyil. Bunu hakimiyyətə öz vətəndaşlarının qanı üzərindən gəlmiş, hər addımda insan haqlarının pozulduğu, beynəlxalq öhdəliklərə məhəl qoymayan, düşmənçilik və nifrət toxumu səpən, öz qonşusunun ərazisinin bir hissəsini işğal etmiş, digər qonşusuna isə ərazi iddiaları irəli sürən bir ölkənin prezidenti Serj Sarqsyan bəyan edib. Üstəlik, o, hazırda əsas vəzifəsi demokratiya, sülh və mehriban qonşuluq ideyalarının müdafiəsi olan Avropa Şurasına sədrlik edən ölkənin prezidentidir.

Erməni lider Ermənistanın sivilliyi, sülhsevərliyilə bağlı nağılı hər hansı başqa yerdə yox, AŞPA-nın tribunasından səsləndirib. Bu, Sarqsyanın ötən həftə qurumun plenar iclasının iştirakçıları qarşısındakı çıxışı zamanı baş verib. Lakin Sarqsyan bundan dərhal sonra göstərib ki, cəmi bir neçə dəqiqə əvvəl Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini istədiklərinə dair fikirləri ağ yalandır. Reqlamentə əsasən, Sarqsyan çıxışını tamamladıqdan sonra sessiya iştirakçılarının suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Azərbaycan torpaqlarının 20%-nin işğalı və İrəvanın qonşu Türki- yəyə, Gürcüstana ərazi iddiaları ilə çıxış etməsinə dair sualına cavabında Sarqsyan sessiya iştirakçılarından utanmayaraq tam yalan və hədə ilə cavab verib. Ermənistan prezidenti sessiya iştirakçılarını ilk olaraq ölkəsinin Türkiyəyə qarşı ərazi iddialarının olmadığını deməsilə təəccübləndirib. Sarqsyan bildirib ki, Səməd Seyidov bunun əksini sübut edərsə, o, azərbaycanlı deputatdan üzr istəməyə hazırdır. Daha sonra Ermənistan prezidenti bir qədər də irəli gedərək, açıq olaraq şantaj və hədə dilində danışmağa başlayıb: "Azərbaycanın Qarabağı geri almaq arzusu bu dəfə ölkə ərazisinin 20 deyil, 25 və daha çox faizinin itirilməsilə nəticələnə bilər".

Nə qədər acınacaqlı olsa da, toplantıda iştirak edən demokratiya tərəfdarı olan ölkələrin nümayəndələrindən heç biri Sarqsyanın bu dərəcədə aşkar hədəsini pisləməyib. Amma əslində AŞPA nümayəndələri Ermənistan rəhbərliyinin dilindən bu cür ritorikanı ilk dəfə eşitmir. Avropa Ermənistanın sabiq prezidenti Robert Koçaryanın "azərbaycanlılarla ermənilərin etnik baxımdan bir arada olmasının mümkünsüzlüyü", eyni zamanda Azərbaycana qarşı müharibədə, ölkə ərazisinin beşdə bir hissəsinin işğalında şəxsən iştirak etdiyinə dair bəyanatlarını yaxşı xatırlayır. O zaman Koçaryanın bu bəyanatı Avropa Şurasının baş katibi Valter Şvimmer tərəfindən kəskin tənqid olunmuşdu. Ermənistan isteblişmentinin nümayəndələri yaranmış ajiotajı yatırmaq üçün əllərindən gələni etsələr də, bir çoxları bunu unutmadı. Və Koçaryanın varisinin son çıxışı göstərdi ki, bu, təsadüfi deyilmiş. 
Sarqsyanın açıqlamalarını ardıcıllıqla qiymətləndirsək, o, Ermənistanın Türkiyə torpaqlarında gözünün olmadığını deyərkən ağ yalan danışır. İrəvanın Türkiyəyə qarşı ərazi iddiaları, hətta onun dövlət rəmzlərində də əksini tapıb. Bu haqda Ermənistan Konstitusiyasında deyilir. Bundan başqa, suveren dövlət olan Türkiyənin ərazisindəki Ağrıdağ/ Ararat isə Ermənistan herbində əks olunub. Bundan başqa, cəmi bir neçə il əvvəl Sarqsyan erməni gənclərlə görüşündə demişdi: "Bizim nəsil Qarabağı qaytardı. Sizin vəzifəniz Ermənistanın şərq ərazilərini geri almaqdır". Söhbət əlbəttə ki, Türkiyənin qərb regionlarından gedirdi.

Ermənistan prezidentinin ritorikasının istənilən halda mənfurluğu şübhə doğurmur. O, Azərbaycana qarşı aqressiv bəyanatlar səsləndirməklə Ermənistan əhalisinin diqqətini ölkədəki iqtisadi və siyasi böhrandan yayındırmağa çalışır. Amma görünən odur ki, bu cür üsullarla artıq erməni ictimaiyyətini sakitləşdirmək mümkün deyil.
Maraqlıdır ki, Sarqsyan AŞPA-dakı çıxışı zamanı daha bir "çətin" sualı elə öz ölkəsinin təmsilçisindən aldı. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Zauri Postancyan prezidentinə Avropanın kazinolarından birində uduzduğu 70 milyon avro haqda birbaşa sual ünvanlayıb. Bu sualın Ermənistan prezidentini bütün Avropadan olan deputatlar qarşısında pis durumda qoyduğu aydındır. Sonradan Postancyanın tələm-tələsik AŞPA-dakı erməni nümayəndə heyətinin tərkibindən çıxarılmasına dair bəyanat isə, çətin ki, Ermənistanın başında duran terrorçunun onsuz da pis olan imicini yaxşılaşdırmağa imkan yaratsın.
Amma narahatlıq yaradan məqam başqadır. Ermənistan rəhbərliyinin Qarabağ problemi haqda danışıqlarında açıq yalanın əsas tezis olması bir tərəfə qalsın, onların Azərbaycana qarşı açıq hədələr səsləndirmələri münaqişə tərəflərinin Avropa Şurasına qəbulu zamanı üzərilərinə götürdükləri əsas öhdəliklərdən birinə tam ziddir. Söhbət hər iki ölkənin münaqişəni yalnız dinc yolla həll edəcəklərinə dair öhdəliklərindən gedir.

Avropa Şurasına üzv dövlətin rəhbəri, üstəlik, hazırda qurumun Nazirlər Komitəsinin sədri olan şəxs təşkilatın digər tamhüquqlu üzvünə qarşı aqressiyasını gizlətmir və onu açıq-aşkar hədələyir. Və bütün bunlar sivil Avropa ölkələrindən olan parlamentarilərin gözü qarşısında baş verir. Sanki Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsini pisləyən qətnamələrə imzanı onlar atmayıb, sonradan erməni tərəfinin bu sənədlərdəki formulun "yanlışlığına" dair "əks-arqumentlərini" onlar dinləməyib...

Ümid edək ki, Avropa nümayəndələri, heç olmasa, indi münaqişənin əsl səbəbkarının kim olması, onun həllinin kim tərəfindən uzadılması haqda doğru qənaətə gəldilər. İndi Azərbaycana torpaqlarının işğaldan azad olunmasında yalnız öz gücünə arxalanmaq qalır. AŞPA-da baş verənlər bunun daha bir təsdiqidir. Ermənistan rəhbərliyinin bu siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycanın öz məqsədinə nail olacağına şübhə etməyinə dəyməz. Bu zaman çıxışları ilə lovğalanan Sarqsyan və onun ətrafındakılar üzr istəməli, artıq ayrı-ayrı deputatlar qarşısında yox, ədalət mühakiməsi və ya müharibə dövrünün qanunları önündə cavab verməli olacaqlar.



MƏSLƏHƏT GÖR:

461