
FUTBOL BAYRAMINA DOĞRU
Bakının "Avro-2020"nin oyunlarını keçirməyə şansları necədir?
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan idman tarixinin ən böyük futbol yarışına ev sahibliyi etməyə yaxındır. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2020-ci il futbol üzrə Avropa Çempionatın oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib. Bildiyiniz kimi, UEFA 2020-ci ildə təşkil olunacaq futbol üzrə qitə birinciliyini bir deyil, Avropanın 13 şəhərində keçirməyə qərar verib. Avropanın 32 milli federasiyası artıq ərizələrini rəsmən UEFA-ya təqdim edib.
32 namizəd ölkədən bəziləri bir neçə şəhərin adını irəli sürsə də, yalnız bunların birində oyunları qəbul edə biləcək. 32 namizəd ölkənin hər biri gələn il aprelin 25-dək fikrini dəyişib, başqa şəhərin adını UEFA-ya təqdim edə bilər. Avro-2020-ni qəbul edəcək şəhərlər təxminən 1 il sonra gələn il sentyabrın 25-də müəyyənləşəcək.
“Avro-2020”yə ev sahibliyi edəcək 12 şəhər 4 oyunu qəbul edəcək. Bu şəhərlərdə qrup mərhələsinin 4 oyunu və pley-offun (1/8 və 1/4) 1 qarşılaşması baş tutacaq. 13-cü şəhər isə cəmi 3 görüşü - yarımfinal və finalı qəbul edəcək.
Bakının “AÇ-2020”yə ev sahibliyi etmək yolundakı ilkin rəqibləri isə aşağıdakı şəhərlərdir:
Sankt-Peterburq. "Qazprom Arena" qitə birinciliyinin dörd oyununa (üçü qrup, biri 1/4 final oyunu) iddialıdı. Rusiyanın Krasnodarı da namizəd göstərəcəyi bildirilsə də, görünür şimal qonşularımız bütün diqqəti Sankt-Peterburqa yönəltməklə daha uğurlu nəticəyə nail olmaq istəyirlər.
Kiyev və ya Donetsk. Ukrayna isə Rusiyadan fərqli olaraq, iki şəhərinin namizədliyini irəli sürüb. Kiyevdəki 70 000 nəfərlik "Olimpiysk" stadionu AÇ-nin yarımfinal və final oyunlarını keçirməyə iddialıdı. 52 minlik "Donbass Arena"da isə qrup, 1/8 və 1/4 final mərhələsinin oyunları keçirilə bilər.
Minsk. Minskdəki arena hazırda UEFA-nın bütün tələblərinə cavab vermir. Stadionun cəmi 33 min azarkeş tutumuna malik olması da bu şəhərin qaliblər sırasında olmaq şansını aşağı salır.
İstanbul. Türkiyənin yeganə namizədi AÇ-nin oyunlarına ev sahibliyi etmək yolunda əsas favoritlərdəndir. Qitə birinciliyinin yarımfinal və final oyunlarının 76 min nəfərlik azarkeş tutumuna malik "Atatürk" stadionunda keçirilməsi ehtimalı yüksəkdi.
London. İngiltərə paytaxtı da yarımfinal və final oyunlarını keçirməyə iddialı idi. Amma ingilislər İstanbulun da bu oyunlara iddiaçı olduğunu öyrəndikdən sonra planlarını dəyişməyə qərar veriblər. "Uembli" stadionu böyük ehtimalla qrup və pley-off mərhələsənin oyunlarına ev sahibliyi edəcək.
Bilbao. İspaniya hələlik məhz Bilbaodakı 53 min nəfərlik "San Mames" stadionunu namizəd göstərib. Amma mümkündür ki, ispanlar Madrid, Barselona və ya Valensiyanın qələbəsi üçün Bilbaonun namizədliyini geri götürsünlər.
Lion. Fransa bu şəhərdəki 58 min azarkeş tutumuna malik arenanın namizədliyini irəli sürüb. Bu arenada qrup, 1/8 və 1/4 final matçlarının keçirilməsi nəzərdə tutulub.
Amsterdam. Hollandlar hazırda "Ajax"ın "Amsterdam-Arena"sına güvənirlər. Stadion hazırda 53 min azarkeş tutsa da, səsvermədə qalib gəlsə, bu göstəricinin 60 minə çatdırılması gözlənilir. "Amsterdam-Arena" pley-off mərhələsinin oyunlarına ev sahibliyi etməkdə iddialıdır.
Bazel. İsveçrə 38 min azarkeş tutumuna malik olan "Sent-Yakob Park" stadionuna güvənir. Amma onların hansı oyunların keçirilməsində maraqlı olduqları bəlli deyil.
Brüssel. Belçika "Anderlext"in ev oyunlarını keçirdiyi 60 min nəfərlik stadionu sifariş edib. Bu ölkənin də planları tam müəyyənləşməyib və səsvermədə qalib çıxma ehtimalı yüksək qiymətləndirilmir.
Praqa. Çexiya Futbol Federasiyası AÇ-nin oyunlarını keçirməkdə maraqlı olsa da, "Sparta" və "Slaviya"nın ev oyunlarını keçirdiyi arena yüksək standartlara tam cavab vermir. Bu üzdən paytaxtda yeni arenanın tikintisi nəzərdə tutulub. Qitə birinciliyinə qədər bu işin yekunlaşıb -yekunlaşmayacağı bəlli deyil.
Budapeşt. Macarıstan Ferents Puşkaş adına stadionda yarımfinal və final oyunlarını keçirməkdə maraqlıdırlar. Qalib gələcəkləri halda, hazırda 65 min azarkeş tutumuna malik bu arenanın daha da genişləndirilməsi nəzərdə tutulur.
Belqrad. Serbiya da qitə birinciliyinə iddialıdır. Amma onların planları tam bəlli deyil. Serblər ya hazırda Belqraddakı mövcud arenalardan birini seçəcəklər, ya da yeni stadion inşa etdirəcəklər.
Sofiya. Bolqarıstan da Sofiyada yeni stadion tikintisinə başlayır. Lakin bolqarların da qalib gəlmək şansları yüksək qiymətləndirilmir.
Qlazqo. Şotlandiya bu şəhərdəki yüksək standartlara cavab verən "Hemden Park", "Seltik Park" və "Aybroks" arenalarına güvənir. Bu şəhərdə AÇ-nin bəzi oyunlarına ev sahibliyi etmək şansları yüksəkdir.
Kardiff. Uels də yaxşı şanslara malikdir. Paytaxtdakı "Millenium" stadionu istənilən oyunu keçirməyə hazırdır.
Dublin. Dublinin şansları Kardiffdən də yüksək qiymətləndirilir. Bu şəhər də ən ciddi namizədlərdən biridir.
Lissabon və ya Portu. Portuqaliya da iki şəhərin namizədliyini irəli sürüb. Amma stadion seçimi hələlik edilməyib.
İrəvan. Ermənistan paytaxtının şansları aşağı qiymətləndirilir. İlk növbədə, onların mötəbər yarış keçirməyə təcrübələri yoxdur. Digər tərəfdən, Ermənistan tərəfi "Avro-2020"nin oyunlarını keçirəcəkləri halda stadionu təmir etdirmək fikrindədir. Böhran içində olan Ermənistan əks halda, arenaya pul xərcləməyəcək. Bu mənada UEFA-nın İrəvanın namizədliyini dəstəkləməyəcəyi gözlənilir.
Bakının oyunları qəbul etmək şansları eləcə də hazırlıqla bağlı planlar barədə AFFA tərəfindən yaradılan İşçi Qrupun rəhbəri, federasiyanın baş katibi Elxan Məmmədov öz fikirlərini "R+"a bölüşüb.
- İlk olaraq Bakının UEFA-ya neçə oyun keçirmək üçün müraciət etdiyini öyrənmək istərdik...
- Biz qrup mərhələsinin 3, 1/8 final və 1/4 final mərhələsinin isə hərəyə 1 oyununa ev sahibliyi etmək istəyindəyik. Görək, belə bir istəklə daha hansı şəhərlər çıxış edəcək. Yarımfinal və final oyunlarına isə özümüz iddia etmədik. Çünki bu zaman azarkeşlər 3 matça şahidlik edəcəkdilər. Biz isə daha çox - 5 oyunu qəbul etmək niyyətindəyik.
- Bakı indiyə qədər futbol üzrə böyüklər arasında Avropa Çempionatının oyunlarını qəbul etməyib. Bu mənada şanslarımız necədir?
- Azərbaycan son illər bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Yaxınlarda 17 yaşlı qızlar arasında dünya çempionatının final mərhələsinin oyunlarını yüksək səviyyədə keçirdik. 2016-cı ildə 16 yaşlı oğlanlar arasında qitə birinciliyi paytaxtımızda təşkil olunacaq. UEFA ölkəmizdə idmana göstərilən diqqəti yüksək qiymətləndirir. Onlar Bakının Avro-2020-nin oyunlarını yüksək səviyyədə keçirə biləcəyini başa düşür.
- UEFA prezidenti Mişel Platini Bakının namizədliyi barədə nə düşünür?
- Bakıya son səfəri zamanı Mişel Platini gördüklərindən razı qaldı. Ölkəmizdə olan infrastrukur yüksək səviyyədədi. UEFA rəhbəri bu mənada şanslarımızı yüksək qiymətləndirir. Amma biz tələsməməliyik. 2014-cü ilin aprelində namizəd şəhərlərin siyahısı qısaldılacaq. Yəni daha yaxşı şəraiti olanlar növbəti mərhələrə keçəcək. Burada bəzi şəhərlər namizədliyini geri də götürə bilər. Ən əsası isə maddi məsələdə zəmanət təqdim olunmalıdı.
- Bakının digər namizədlərdən üstünlüyü nədir?
- İlk olaraq dövlət başçısı İlham Əliyevin "Avro-2020"ni keçirməyə namizəd kimi Bakını dəstəkləməsi böyük üstünlükdür. Bu mənada Bakı dövlət tərəfindən dəstək olan ilk namizəd şəhərdir. İkincisi, biz Olimpiya stadionunun inşasına başlamışıq. 2011-ci ildə təməli qoyulan arena "Avro-2020" üçün tikilmir. Ölkəmiz bu stadionu istənilən halda inşa etdirməyi planlaşdırır. Bu stadionda ilk sınaq isə 2015-ci ildə olacaq. UEFA stadionun "Avro-2020" üçün deyil, ölkədə infrastrukturun yaxşılaşdırılması üçün tikildiyini yüksək qiymətləndirir.
- "Avro-2020"ni keçirmək üçün əsas tələb nədən ibarətdir?
- Oyunları keçirmək üçün 1 stadion və 5 məşq meydançası lazımdır. Əsas arena kimi biz inşası davam etdirilən Olimpiya stadionunu nəzərdə tuturuq. Digər tərəfdən nəqliyyatla da bağlı heç bir problem yoxdur. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı artıq hazırdır. Beynəlxalq standartlara cavab verən möhtəşəm hava limanının olması üstünlüyümüzdür. Yəni, aeroportumuz istənilən şəhərdən təyyarələri qəbul edə biləcək.
- "Avro-2020"yə qədər Bakı 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə şahmat Olimpiadası və 2017-ci ildə İslam Oyunlarını qəbul edəcək. Bu mənada artıq futbol üzrə qitə birinciliyinə hazır olacağıq?
- Ölkəmiz nə qədər çox beynəlxalq yarışlara ev sahibliyi etsə, nüfuzumuz bir o qədər artacaq. UEFA Azərbaycanın idman ölkəsi olduğunu bilir. Son illər dünya və Avropa çempionatlarının Bakıda təşkili ənənə halını alıb. Bu mənada böyük təcrübəmiz var.
- Siz Bakıya əsas rəqib kimi hansı şəhəri görürsünüz?
- İndidən bu barədə danışmaq tezdir. Çünki gələn il namizəd şəhərlərin bəziləli ikinci mərhələyə vəsiqə qazanacaq. Bu halda keçmiş namizədlərlə tərəfdaş olmağımız istisna deyil. İspaniya və Ukrayna bir neçə şəhərini namizəd kimi təqdim edib. UEFA hər ölkədən yalnız 1 şəhərə oyunları keçiməyə icazə verəcək. Bəzi şəhərlər sonradan başqa namizədin xeyrinə ərizəsini geri də götürə bilər. Biz bütün namizədlərə hörmətlə yanaşırıq. Bakının da layiqli namizəd olduğunu düşünürük.
- "Avro-2020" Bakıya nə verəcək?
- Futbol adi idman deyil. Futbol idmanın şahıdır. "Avro-2020" oyunları zamanı azarkeşlər məşhur komandaların oyunlarını stadiondan canlı izləyə biləcək. Çoxlu sayda turist və jurnalist oyunu izləmək üçün Azərbaycana gələcək. Avropanın, eləcə də dünyanın bir sıra televiziya kanalları Bakıdan canlı yayımlar təşkil edəcək. Paytaxtımızda əsl futbol bayramı yaşanacaq.
MƏSLƏHƏT GÖR: