
HƏMAHƏNG MUSİQİ
Tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədov öz uğurlarının sirlərini "R+"un oxucuları ilə bölüşüblər
Müəllif: Turan ŞAKİR Bakı
Səhnədə onlar həmişə bir yerdədir, onların həm- ahəng ifası müasir Azərbaycan muğamının ən parlaq təmsilçilərini müşayiət edir. Elə həyatda da əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı yaxın dostdurlar. Məhz buna görə bu gənc, lakin sənətdə öz sözlərini demiş sənətkarlarla birlikdə söhbət etmək qərarına gəldik.
- Elçin müəllim, ilk olaraq sənətə gəlişinizlə bağlı danışaq. Necə oldu ki, məhz tarı seçdiniz?
- Gözümü açandan evimizdə tar olub. Atam həvəskar olaraq tar ifa edərdi. Mən bu alətin sədaları altında böyümüşəm. Babam da kənd klublarında, şənliklərdə ifa edərdi. Düzdür, onların heç biri professional musiqiçi olmasalar da, az-çox milli musiqilərimizi ifa edirdilər. Və mənim də ifaçılığa başlamağım adi hal kimi qarşılandı. Çünki artıq evdə bu alətin ifaçısı var idi. Daha sonra mən Qara Qarayev adına 8 saylı musiqi məktəbinə getdim.Tar aləti çox çətin alətdir. Üstəlik, uşaq vaxtı insana lap qəliz gəlir. Adam istəyir əlinə alan kimi nəsə ifa etsin. Amma ilk üç ayı aləti yalnız əlində saxlamaq, mizrabı tutmaq kimi məqamlar öyrədilir. Onda 10 yaşım olduğuna görə çox çətin gəlirdi, istəyirdim daha ifa etməyəm. Daha doğrusu, bu aləti ifa etməyi öyrənmək fikrimdən daşınmaq istəyirdim. Amma daha sonra öyrənib konsertlərə çıxandan və bir neçə tərif alandan sonra daha da həvəsləndim və daha coşqu ilə ifa etməyə, öyrənməyə başladım. İlk müəllimim isə Fikrət Manafov olub.
- Bəs sizin kamançaya olan marağınız haradan yarandı, Elnur müəllim?
- Eyni ilə Elçin müəllimin ailəsində olduğu kimi bizim də ailəmizdə musiqiyə maraq hədindən çox idi. Babam da aşıq olub. Bir sirri açım ki, altı yaşımdan musiqi alətində ifa etməyə başlamışam. Amma bu kamança olmayıb. Bibim oğlunun evdə qarmonu var idi. Qarmonu əlimə aldım və müəllim olmadan yavaş-yavaş ifa etməyə başladım. Elə musiqi məktəbinə də ilk dəfə qarmon sinifinə getdim. Uşaq vaxtından isə qrammofon vallarında Əlibaba Məmmədovun, Əbülfət Əliyevin, Habil Əliyevin ifalarına qulaq asırdım. Hər musiqidə də kamançanın sehri artıq məni özünə çəkmişdi. Elə musiqi məktəbinə getdiyim dönəmdə məktəbin direktoru Rəna xanım bütün uşaqlar kimi məni də yoxladı və əllərimə baxıb dedi ki, sənin əsil kamançalıq əllərin var. Beləliklə də məsləhət olundu ki, bundan sonra kamança dərslərinə gedim. Bununla da kamança ilə tanışlıq başladı.
- Bəs ikiniz arasındakı tanışlıq necə baş tutdu? Tar və kaman ifaçıları çoxdur. Amma belə ikili şəkildə tanınanları azdır?
Elçin Həşimov:
- Maraqlı tərəfi odur ki, biz uşaqlıqdan Elnurla bir məhəllədə böyümüşük. Düzdür, Elnurun özünü tanımasam da, qardaşı ilə tanış idim, birgə tar dərslərinə gedirdik. Elə oldu ki, sonradan o, başqa məktəbə getdi, təhsilini davam etdirmək üçün. Mən də Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum və dördüncü kursu bitirəndə yenidən Elnurun qardaşı ilə qarşılaşdım. O da məni Elnurla tanış etdi. Həmin vaxtlarda birgə ifa üçün kamança ifaçısı axtarırdım ki, bərabər xanəndələri müşayiət edək. Elnurla ilk dəfə sınaq üçün bərabər ifa edəndə o, kamançanı məktəbə təzə daxil olan tələbə kimi yox, artıq məzun kimi ifa etdi. Onu da qeyd edim ki, Elnur çox az insanın nail ola bildiyi nailiyyəti əldə edib. O, Asəf Zeynallı adına Musiqi Məktəbini iki ildə bitirdi. Onunla birgə bir neçə uşaq var idi ki, umummilli lider Heydər Əliyevin sərəncamı ilə xüsusi istedadlı uşaq kimi Bakı Musiqi Akademiyasına qəbul olub. Ondan sonra bərabər işlədik.
Elnur Əhmədov:
- Həmin dövrdən indiyə kimi bərabər işləyirik. İlk dövrlər konsertlərdə, tədbirlərdə bərabər rənglər, rəqslər ifa edirdik. Elə həmin tədbirlərdə də xanəndələr bizi gördülər və bərabər işləməyi təklif etdilər.
- Elə olubmu ki, tamaşaçı auditoriyasında, səhnədə bir-birinizi başa düşməmisiniz? Bu halda nə etmisiniz?
Elnur Əhmədov:
- Təbii ki, belə hallar olub. Amma həmişə çalışmışıq ki, bir-birimizi anlayaq. Elə bir münasibət yoxdur ki, istər ailə, istər dost, istərsə də sənət baxımından, arada narazılıq, söz-söhbət olmasın. Əgər bu gün desək ki, bu olmayıb, onda qeyri-səmimilik yaranar. Çalışmışıq ki, hər kəs öz fikrini desin və qarşılıqlı anlaşıqlı şəkildə həll edək.
Elçin Həşimov:
- Məsələn, məşqimiz olur ki, beş-altı dəfə fikir dəyişirik. Amma sonda ən ağıllı, sənət baxımından ən yaxşı olan məqamın üstündə dayanaq. Bizim hər çıxışımız həm də məşqdir. Hər ifamızdan sonra mütləq müzakirə edirik. Hərdən elə qərara gəlirik ki, məsələn, hansısa məqamı gələn dəfə etməyək. Biz ifa etdikcə, məşq etdikcə püxtələşirik. Həmişə deyirəm ki, biz xalqın gözü qarşısında böyüdük. Həm də bu sənətdə diktatorluq ola bilməz. Hər kəsi ümumi bir amal, yaradıcılıq, musiqi üçün birləşməlidir.
Elnur Əhmədov:
- Bəzən isə sözü udmağı bacarmaq lazımdır. Dəfələrlə olub ki, ikimizdən birimizin əsəbi vaxtına düşüb, çalışmışıq ki, bir-birimizi sakitləşdirək.
Elçin Həşimov:
- Bir də iddialı olan insanla onsuz da yola getmək mümkün deyil. Bu iddialılıq bizim heç birimizdə yoxdur. Həm də tam səmimi etiraf edim ki, bizim maddiyyat üçün heç vaxt narazılığımız olmayıb. Hərdən insanlar tamah ucbatından yola getmirlər. Tamah olan yerdə dostluq da, sənət də ikinci planda qalır. Amma şükürlər olsun, bizdə heç vaxt belə məqam olmayıb. İnsanlar tanıyırıq ki, bərabər səfərlərə gedirlər, qayıdanda isə artıq hərəsi bir istiqamətə yollanır. Amma biz nə vaxt səfərə getmişiksə, gülə-gülə gedib, eləcə də qayıtmışıq.
- Öz aranızda yaxşı anlaşdığınız kimi müşayiət etdiyiniz xanəndələrlə də anlaşa bilirsinizmi? Hansı xanəndə ilə işləmək asandır, hansı ilə çətin?
Elnur Əhmədov:
- Hal-hazırda Mənsum İbrahimovla birgə işləyirik. Bizim bütün işlərimiz, yaradıcılığımız həmin insanla bağlıdır. Onu da qeyd edim ki, Mənsum müəllimlə işləmək çox rahatdır. Çünki o insan kimi insan, xanəndə kimi xanəndədir. Böyük-kiçik yeri bilən insandır. Mənsum müəllimin məndən yaşca çox böyük olmasına baxmayaraq, elə bir şərait yaradıb ki, onun yanında öz düşündüklərimi sərbəst deyə bilirəm. Təbii ki, balansı qorumaq şərti ilə. Mənsum müəllim müşayiətçi kimi həmişə bizim fikirlərimizi də öyrənir və sonda sənət üçün, işin yaxşı alınması üçün hansı fikir daha uyğundursa, onu da tətbiq edirik.
Elçin Həşimov:
- Biz çətin olan adamlarla çox işləməmişik. Niyə özümüzü incitməliyik ki? İnsan həyatda çox şeyi özünə məcbur edə bilər. Amma bu çox uzun çəkməz.
Elnur Əhmədov:
- Bəzən elə xanəndə olur ki, çox yaxşı sənətkardır, amma xasiyyəti bizimlə düz gəlmir.
- Respublikamızda xanəndə seçmək üçün müsabiqələr keçirilir. Milli musiqi alətlərinin ifaçıları üçün isə müsabiqələr azdır. Sizcə, buna səbəb nədir?
Elçin Həşimov:
- Düzü, belə müsabiqələr az da olsa keçirilir. Özümüz də uşaq vaxtı belə müsabiqələrdə iştirak etmişik. Söhbət əgər televiziya müsabiqələrindən gedirsə, bəli, bu həqiqətdir ki, indi bu çatışmazlıq var. Amma bu il Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalında təklif etdik ki, instrumental musiqiçilərin də yarışı keçirilsin və bu, baş tutdu. Daha sonra Respublika müsabiqəsində xanəndələrlə yanaşı, milli musiqi alətləri ifaçılarının da müsabiqəsi keçirildi və elə həmin müsabiqədə Elnurun tələbəsi üçüncü yeri qazandı. Biz bunun carçısıyıq və bunu tələb edən insanlardan biriləriyik. Əgər xanəndə seçilirsə, bəs onu müşayiət edən kim olmalıdır?
Elnur Əhmədov:
- Belə müsabiqələrin olması ifaçların gələcəkdə daha da perspektivli inkişaf etməsinə köməkdir. Ona görə də Elçin müəllimin sözünə qüvvət olaraq deyim ki, bunu da təşkil etmək lazımdır.
- Milli musiqimizdə elə ifaçılara rast gəlirik ki, peşəsini dəyişir. Məsələn, tarçalan gitara, kamançaçalan isə skripka çalır. Buna münasibətiniz necədir?
Elçin Həşimov:
- Əvvəldə dediyim kimi, bu sənət bir az ağır sənətdir. Tarla maddi baxımdan yaxşı qazanmaq üçün uzun və çətin bir yol keçməlisən. Buna isə hər adam dözə bilmir. Amma gitarada bu baxımdan asanlıq var. Məsələn, mənimlə birgə musiqi məktəbində oxuyan elə professional tar ifaçıları var idi ki, indi hansısa bir qəsəbədə, şadlıq sarayında gitara çalıb pul qazanır.
- Tar ifaçılığı ilə dolanmaq çətindir ki?
Elçin Həşimov:
- Əvvəlki dövrlərlə hə, amma indi yox. Bu gün respublikamızda muğama, sənətə, sənətçiyə olan qayğı böyükdür.
Elnur Əhmədov:
- Musiqi məktəblərinin əksəriyyətində tanışlarımız var. Onlarla söhbətdən bəlli olur ki, Elçin müəllimin dediyi kimi qayğını, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqələri görən valideyin istəyir ki, onun da uşağı yaxşı kamança, yaxud tar ifaçısı olsun və qabağa getsin. Çünki bilir ki, sənətə dövlət qayğısı var, istedadı olanlar önə çəkilir. Bundan başqa hər kəs istər ki, işi ona qazanc gətirsin ki, başı ailəsi yanında aşağı olmasın.
- Niyə kamançaya və tara sahib çıxmaq istəyənlər çoxdur?
Elnur Əhmədov:
- Sahib çıxmaq deyəndə, kamança bütün Şərq ölkələrində olan bir alətdir. İfaçı da yaxşı olub-olmadığını öz ifası ilə sübüt edə bilər. Əgər mən xaricdə bu aləti yaxşı ifa etməyi və avropalı tamaşaçının diqqətini cəlb edə bilirəmsə, tamaşaçı ifaçı ilə maraqlanacaq. Hansı ölkənin təmsilçisi olduğunu biləcək və hər dəfə qarşısına həmin alət çıxan kimi, yadına ilk Azərbaycan düşəcək. Ona görə də çalışmalıyıq ki, yaxşı ifaçılarımızı tez-tez təbliğ üçün xaricə göndərək. Ancaq bu cür sübut edə bilərik ki, kamança bizimdir.
Elçin Həşimov:
- Bir misal çəkmək istəyirəm. Futbolun vətəni İngiltərədir, amma ən yaxşı futbolçular Braziliyadadır. Artıq zaman keçdikcə hamı elə bilir ki, futbol Braziliyada yaranıb. Mən demirəm ki, bu alətlər bizdə yaranıb, amma bu gün bu alətlərin yaxşı ifaçısı olmasa, təbii ki, ən yaxşı olanına keçəcək. Bu alətləri yaşatmaq üçün də gərək həmin ifaçıların hər şeyi yerli-yerində ola. Onların heç bir problemi olmamalıdır ki, yalnız bir istiqamətdə, bir amal uğrunda getsinlər. Daha ucuz qazanc dalınca qaçmasınlar. 2007-ci ildə ən gənc yaşda əməkdar artist fəxri adını almağımız bizə stimul verdi. Bundan başqa, bizdən sonra gələn ifaçılara da göstərici oldu ki, əgər yaxşı təbliğat olarsa, onlar da o qayğı ilə əhatələnəcəklər. Xaricdə festivalların birində erməni tar ifaçısı mənə belə bir söz dedi ki, nə qədər Azərbaycanda sizin kimi ifaçılar və bu ifaçılara belə qayğı olacaqsa, bu alət sizindir. Biz tez-gec çalışıb onu sizin əlinizdən alacağıq. Mənimsə ona cavabım o oldu ki, 100 il də bundan sonra bu arzunuza çatmayacaqsınız. Biz bu gün dövlətin köməyi ilə bütün qayğılarımızdan azad olunmuşuq. İndi bizə qalan bu sənəti daha dərindən öyrənib, təbliğ etməkdir. Şiraz tarını Sadıqcan sinəsinə qaldırdıqdan sonra o, dünyaya Azərbaycan tarı kimi tanındı.
- Sonda sizi Qurban Bayramı münasibətilə təbrik edirik...
- Biz də bütün xalqımızı bu müqəddəs bayram münasibətilə təbrik edirik. Allah bütün qurbanlarınızı qəbul etsin.
MƏSLƏHƏT GÖR: