14 Mart 2025

Cümə, 13:10

ŞAİR VƏ VƏTƏNDAŞ

Oktyabrın 24-də görkəmli Azərbaycan şair və filosofu Hüseyn Cavidin anadan olmasının 131 illiyi qeyd olunacaq

Müəllif:

23.10.2013

37-ci ilin payızında azərbaycanlı şair Hüseyn Cavidin dindirilmə prosesi bu cür gedirdi. Bu, yalnız başlanğıc idi. İstintaq və dindirmə 2 il davam etdi və 39-cu ildə şair "xalq düşməni" kimi (məşhur 58-ci maddə) Maqadana sürgün olundu. O, guya əks-inqilabçı millətçi təşkilata üzvlükdə, yazıçılar arasında antisovet təbliğatı aparmaqda, hətta xarici dövlətlərin xeyrinə casusluqda ittiham olunurdu. Amma bu ittihamların heç birinin sübutu yox idi. İstintaqın əlində yalnız di-gər müttəhimlərdən vəkilin iştirakı olmadan alınmış ifadələr var idi. Amma iki il çox ağır şəraitdə həbsdə saxlanılmasına baxmayaraq, başqalarından fərqli olaraq, Hüseyn Cavid ittihamları qəbul etməmişdi. Məhkəmə də olmadı. Onun taleyi vəkillərin iştirakı olmadan 20 dəqiqə ərzində məşhur "üçlük" tərəfindən həll olundu.

Nəticədə, səhhətində ciddi problemlər yaranmış Hüseyn Cavid, tədricən, əzabla ölməsi üçün Sibirə sürgün edildi. O, 1941-ci il dekabrın 5-də vəfat edərkən hələ barəsində çıxarılmış hökm sona çatmamışdı.

Yalnız 56-cı ildə Azərbaycanın məşhur şairlərinin xahişilə Hüseyn Cavidə bəraət verildi. 1958-ci ildə onun seçilmiş əsərləri Bakıda Azərbaycan dilində nəşr olundu, pyeslərindən ibarət toplu isə 1963-cü ildə işıq üzü gördü. İllər sonra - 1982-ci ildə Azərbaycanda şairin yüz illik yubileyi qeyd olundu. Elə həmin il Cavidin məzarının vətənə gətirilməsi haqda qərar da qəbul edildi. Şairin qəbrinin qalıqları Naxçıvana gətirilərək ata evinin yaxınlığındakı tut ağacının altında dəfn edildi.

"Əlbəttə ki, şairə qarşı irəli sürülən ittihamlar qondarma idi. Onu yalnız əsl azərbaycanlı olmaqda günahlandırmaq olardı", - deyə şair və sənətşünas Laçın Səmədzadə "R+" jurnalına açıqlamasında bildirib: "Şübhəsiz ki, Cavidin yaradıcılıq üslubunda Türkiyənin izləri var idi. Amma bunda qəbahət yoxdur. Axı, Cavid bir neçə il Türkiyədə oxumuşdu, türk şairlərlə tanış idi".

1905-ci ildə H.Cavid, həqiqətən də, Türkiyədə yaşayıb, İstanbul Universitetinin ədəbiyyat bölməsində təhsil alıb. O, Türkiyənin məşhur yazıçıları və şairlərilə tanış idi. Amma 1909-cu ildən Cavid vətənində yaşayıb və Bakıya köçənədək uzun müddət Tiflis, Gəncə, Naxçıvanın Azərbaycan məktəblərində Azərbaycan dili və ədəbiyyat tarixini tədris edib.

Onun ilk şeirləri Bakıda dərc olunan "Füyuzat" jurnalında 1906-cı ildə işıq üzü görüb. Cavid Bakıya köçdükdən sonra daha tez-tez çap olunmağa başlayıb və artıq 1913-cü ildə onun şeirlərindən ibarət ilk məcmuəsi işıq üzü görüb. "Keçmiş günlər" adlanan kitab Tiflisdəki Azərbaycan tipoqrafiyasında çap olunub. 1917-ci ildə Bakıda şairin daha bir məcmuəsi - "Bahar şehi" nəşr olunub.

"Cavidin şeirlərində, həqiqətən də, vətəndaş mövqeyi, humanizm çox idi. Amma orada aşiqanə lirika da var idi. Onun bir çox məşhur lirik şerini xatırlamaq olar. Onların içərisində rus dilinə tərcümə olunmuşları da var", - deyə Səmədzadə qeyd edir.

Hüseyn Cavidin dramları da məşhurluq qazanıb. "Knyaz" (1929), "Siyavuş" (1933), "Xəyyam" (1935), "Şeyx Sənan" (1914), "İblis" (1917-1918)  buna misaldır.

1926-cı ildə o 2 ay müddətinə Almaniyada müalicə olunub, Berlində yaşayıb. Vətənə qayıtdıqdan sonra böyük və sonuncu poeması olan "Azər" üzərində işləməyə başlayıb. Cavid bu poemanı yalnız 1937-ci ildə bitirə bilib. Əsərdə şairin Avropa təəssüratları, bir çox müqayisəli,  populyarlıq qazanmış məqamlar yer alıb.

Şair deyirdi ki, "mənim Allahım gözəllik və sevgidir". Lakin acı reallıq illər keçdikcə onun poeziyasında daha dərinə işləyib. Zaman keçdikcə onun tarixi, vətəndaş, fəlsəfi işlərinin sayı artıb: "Şəhla", "İblisin ilhamı", "Atilla", "Çingiz". Hüseyn Cavidin ev muzeyində hələ də məşhur eksponat - məxfi qutusu olan nahar masası qalmaqdadır. Xoşbəxtlikdən şairin evində aparılan axtarışlar zamanı onu görməmişdilər. Halbuki qutuda o zaman dərc olunmamış bir sıra əsərlər var idi. "Həmin əsərləri mənə qaytardıqda, sanki mənə bütün dünyanı hədiyyə etdilər!" - deyə o zaman dramaturqun qızı Turan xanım bildirirdi. Düz 35 il sonra - 1970-ci ildə rejissor Mehdi Məmmədov "Xəyyam"ı Dövlət Akademik Teatrının səhnəsində nümayiş etdirib.

"Onun bir çox əsəri sosial-humanist olsa da, buna rəğmən, Cavidin özünəməxsus stili hiss edilirdi", - deyə Səmədzadə bildirir: "Bu üslubun 3 əsası var: birincisi, Türkiyə məktəbinin ciddi təsiri; ikincisi, tarixi Şərq və yenə də Türkiyə motivləri; üçüncüsü mistika. Abstrakt poeziya mistikasız mümkün deyil. Şərq mədəniyyətinin təmsilçisi üçün isə mistik motivlərin yaradıcılıqda həmahəng şəkildə əks olunması daha asandır. Beləliklə, Hüseyn öz dövrünün kifayət qədər ciddi, bənzərsiz müəllifinə çevrilə bilib. Bununla da, o, milli mədəniyyətə çox ciddi töhfə verib".


MƏSLƏHƏT GÖR:

622