
SƏHNƏLƏŞDİRİLMİŞ MÜLKİYYƏT DAVASI
Biryulevoda baş vermiş məişət cinayətinə etnik çalarlar vermək kimə və nə üçün lazım idi?
Müəllif: İrina XALTURİNA Bakı
Moskvanın Qərbi Biryulevo rayonuna qorxunc "getto" adını verənlər, görünür, xoşbəxtlikdən heç vaxt əsl gettonu görməyiblər. Ora kifayət qədər güllü-çiçəkli, yaşıl xiyabanları, mağazaları, parlaq uşaq meydançaları olan bir rayondur. Bundan başqa, son zamanlar Mos- kvanın hər tərəfində olduğu kimi, Biryulevoda da sevindirici dəyişikliklər baş verib - müxtəlif siqaretlər, ucuz pivə və spirtli kokteyllər satan köşkləri gül-çiçək, mətbuat satılan dükanlar əvəzləyib. Əlbəttə ki, Moskvanın digər rayonları ilə müqayisədə burada hər şeyin qaydada olmadığı da etiraf edilməlidir. Bu rayondan ən yaxın metro stansiyasına avtobusla 15-20 dəqiqəlik yol var. Moskva dairəvi avtomobil yolu ora yaxındır. Hər tərəfdə bir-birinə bənzər çoxmərtəbəli, pis qoxu verən eyvanlara və "rezin" mənzillərə malik binalar yerləşir. Qonşuluqda isə böyük bir qəbiristanlıq var. İstilik elektrik stansiyalarının beton "səhəngləri", tullantıların yandırıldığı zavod, yerli sakinlərin qeyri-leqal miqrantların məskəni saydıqları "Pokrov" bazarı (artıq keçmiş) və sair...
Rayonun etnik tərkibinin gəlmələrin xeyrinə olduğunu söyləmək də mümkün deyil. Düzdür, burada onlar əlbəttə ki, daha çox nəzərə çarpırlar. Amma bunun da öz səbəbləri var. Yaxınlıqdakı "Prajskaya" metro stansiyasının ətrafında Türkiyə şirkəti böyük ticarət mərkəzi tikir. Kommunal təsərrüfat birliyinin, yaxınlıqdakı ticarət mərkəzlərinin işçiləri, əsasən, Mərkəzi Asiya vətəndaşlarıdırlar. Yerli sərnişin marşrutlarının əksər sürücüləri Şimali Qafqazdan gələnlər, "Biryulevo Tovarnaya" dəmir yolu stansiyasının ətrafında toplaşmış taksi sürücülərisə əsasən azərbaycanlılardır. Və əlbəttə ki, "Pokrov" meyvə-tərəvəz bazasının çoxsaylı işçiləri də...
Oktyabrın 13-ü axşam saatlarında Qərbi Biryulevoda baş verənlər bütün Rusiya KİV-nin əsas xəbərinə çevrildi. "Vulkan" planı ilə ayağa qaldırılan polis "xalq yığıncağı"nın banal talanlara çevrilməsini önləmək üçün əlindən gələni edirdi. Vəziyyəti yalnız rayonun güc strukturları tərəfindən tam mühasirəyə alınması və kütləvi həbslərə başlanılmasından sonra nəzarətə götürmək mümkün oldu.
Millətçi hərəkatların da qızışdırdığı "xalq yığıncağı" 25 yaşlı mos- kvalı Yeqor Şerbakovun faciəli ölümündən 3 gün sonra toplaşdı. Şahidlərin sözlərinə görə, axşam saatlarında nişanlısı ilə evə qayıdan Şerbakovun xanımına naməlum kişi sataşıb. O, nişanlısını müdafiə etdikdə qarşıdakı kişi bıçağa əl atıb - Yeqor aldığı bir neçə bıçaq zərbəsindən nişanlısının qucağındaca dünyasını dəyişib. Qatilin rus olmadığı üzə çıxan kimi "bütün rayonun miqrantlardan təmizlənməsi" tələbi irəli sürülməyə başladı. Ehtimal olunan qatilin xarici görünüşü isə hərəkətdə olan (hətta, lazım olan an rakursu belə dəyişən) nəzarət kamerasına düşüb...
Şübhəli şəxs kifayət qədər tez bir zamanda üzə çıxdı və artıq növbəti gün həbs olundu. O, 31 yaşlı Azərbaycan vətəndaşı Orxan Zeynalovdur. Operativ çəkilişin kadrlarından da göründüyü kimi, Zeynalov həbs olunduğu zaman özünü qətiyyən aqressiv aparmayıb. Halbuki hüquq mühafizə orqanlarının əməkdaşları Zeynalovun saxlanılan zaman onlara "müqavimət göstərdiyini" də iddia edirdilər.
Şübhəli şəxsin saxlanılması isə "nümunəvi" şəkildə baş tutdu: Xüsusi təyinatlı çevik polis dəstəsinin ucaboylu döyüşçüləri, eyni vaxtda iki (!) vertolyot, saxlanılan şəxsin əlinin qandallanması, üzüüstə uzadılması və Zeynalovun vertolyotda yerə uzadılaraq başına torba keçirilməsi, eləcə də ayaq altına salınaraq döyülməsi... Bütün bunlar adi məişət qətli törətmiş şəxsin yox, dünya xüsusi xidmət orqanlarının ən azı 20 ildir axtardığı təhlükəli terrorçunun və ya böyük beynəlxalq narkokartelin həbsini xatırladırdı.
Nəhayət, kamera qarşısında yenidən üst-başı yoxlanılıb, başı aşağı vəziyyətdə otaqdan çıxarılıb və ən qeyri-adi hadisə baş verib - Zeynalovu şəxsən daxili işlər naziri Vladimir Kolokolsev qarşılamaq qərarına gəlib. Nazir Zeynalovun gözlərinin içinə baxmaq üçün onun başının yuxarı qaldırılmasını əmr edib. Təsirli pauza verən nazir sonradan jurnalistlərə bildirib ki, "polis əməkdaşları ictimaiyyət tərəfindən qarşılarına qoyulan istənilən vəzifənin öhdəsindən gəlməyə qadir olduğunu bir daha təsdiqləyib". Amma nazir nədənsə bunun üçün "ictimaiyyət"in əvvəlcədən ticarət mərkəzində talanlar törətməsi, aləmi bir-birinə vurması haqda susub. DİN rəhbərinin bu tamaşasına nə ehtiyac var idi? Kimin başını aldadırlar? Yoxsa Kolokolsevin kinematoqraf keçmişi yadına düşüb? Axı, o, vaxtilə detektiv filmlərdən birində epizodik polis roluna çəkilmişdi.
Sosial şəbəkələrdəki şərhlərdən görünür ki, Zeynalovun saxlanılması ilə bağlı nümayiş etdirilən şou əksər insanlar tərəfindən anlaşılmazlıqla qarşılanıb. Amma söhbət faktın özündən yox, konkret saxlanılma prosesindən gedir. Çünki Zeynalov, həqiqətən də, qətli törədibsə, o, buna görə ədalətli cəzasını almalıdır. Amma bundan belə bir şounun düzəldilməsinin nə qədər məqsədəuyğun olub-olmadığı başqa məsələdir... İstər-istəməz yada Podolsk yaxınlığında bir müddət əvvəl baş vermiş faciəvi yol qəzası düşür. O zaman da Ermənistan vətəndaşı Qraç Arutyunyan nədənsə Rusiya femidasının taleyinin həll olunduğu binaya... qadın xalatında və ayağında "şəp-şəp" ilə gətirilmişdi. Müttəhimlə belə aşağılayıcı davranış bir çox milli və beynəlxalq hüquq normalarının pozulmasıdır.
"Rusiya hüquq mühafizə orqanları əməkdaşlarının Azərbaycan vətəndaşı Orxan Zeynalovla sərt davranışı, onun məhkəmə qərarı olmadan cinayətkar kimi təqdim olunması, həmçinin Rusiya KİV-də bu cinayətin əhəmiyyətinin şişirdilməsi təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirilir", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev bildirib. Bu fikirlər Azərbaycan XİN-nin Rusiya tərəfinə təqdim etdiyi etiraz notasında da yer alıb.
Görəsən, həqiqətənmi, hər şey müttəhimin milliyyətilə bağlıdır? Oktyabrın 10-na olan bütün polis məlumatlarını qaldırsaq, həmin gün Moskvada baş vermiş bütün qətlləri nəzərdən keçirsək, görəsən, paytaxt polisi bu cinayətlərdə şübhəli bilinən şəxslərdən neçəsini Zeynalovu saxladığı şəkildə həbs edib? Onlardan neçəsi şəxsən daxili işlər nazirinin qarşısına gətirilib və üstəlik, bu, mətbuat nümayəndələrinin iştirakı ilə baş verib?
Yeqor Şerbakovun qətlindən bir neçə gün sonra Şərqi Biryulevo rayonunda polis öldürülmüş Özbəkistan vətəndaşının cəsədini tapıb. Oktyabrın 16-da günorta saatlarında İzmaylov rayonundakı ticarət mərkəzinin yaxınlığında isə 27 yaşlı Azərbaycan vətəndaşı Ruslan Qaraxanlının me-yiti aşkarlanıb. O, küt alətlə vurulub, daha sonra deşici-kəsici alətlə qətlə yetirilib. Bu cinayətlərin istintaqı necə aparılır?
Nəhayət, daha bir məqam: Biryulevodakı iğtişaşlardan bir gün sonra hüquq mühafizə orqanları millətçilərin "Prajskaya" metro stansiyası qarşısında "Bizim Qurban bayramına cavabımız" şüarı ilə keçirdikləri aksiyanın qarşısını alıb. Skinhedlərin sosial şəbəkələr vasitəsilə "görüş təyin etdiyi" məlumdur. Bəzi mətbuat orqanlarının yazdığına görə, aksiyanın təşkilatçıları bu ilin aprelində "Rus qəzəbi günü" aksiyasının təşkilatçıları ilə eyni adamlardır. "Qrani.ru" xəbər verir ki, o zaman etiraz aksiyasına çıxanların orta yaş həddi 16 idi. Onların arasında, hətta 12 yaşlı "fəal" da var idi. Bəs, xüsusi təyinatlılar öz məqsədləri üçün uşaqlardan bu qədər açıq və həyasızcasına istifadə edənləri nədən kamera qarşısında həbs edərək Kolokolsevin qəbuluna aparmır?
Amma bu yaşananların daha bir əsas "qəhrəmanı" da var - adıçəkilən "Pokrov" bazası. İndi bir şey dəqiq məlum deyil: "Pokrov" bazarının bağlanmasına Zeynalovun ittiham olunduğu qətl səbəb olub, yoxsa meyvə-tərəvəz bir ölkənin bütün ictimaiyyətinin diqqəti Rusiya paytaxtında, təəssüf ki, nadir olmayan bir faciəvi qətlə bu dərəcədə cəlb edəcək qədər nüfuzludur?
Müxtəlif mənbələr iddia edir ki, "Pokrov" meyvə-tərəvəz bazası və orada fəaliyyət göstərən topdansatış göyərti bazarı Moskvanın bu məhsullara olan tələbatının 70%-ni ödəyirdi. Bazada yalnız bir gündə 20-40 milyon dollar, yaxud ildə 9 milyard dollarlıq tərəvəz satılırdı. Bu, bir sıra ölkələrin dövlət büdcəsinə bərabərdir. Beləliklə, baş verənlərdən dərhal sonra əslində "Pokrov" ətrafındakı səs-küyün banal mülkiyyət bölüşdürülməsinin üstünü örtmək məqsədi güdür. Bu fikri bazarda çalışanlar da "R+" jurnalına açıqlamalarında təsdiqləyiblər. Onların sözlərinə görə, yeni baza Moskva dairəvi avtomobil yolunun yaxınlığında çoxdan tikilib və Biryulevodakı "miqrant ocağı"nın bağlanılmasına dair söz-söhbətlər yeni deyil - ola bilsin ki, kiminsə tikinti aparmaq üçün əraziyə ehtiyacı yaranıb.
Rusiya KİV-i bir-birinin sözünü kəsərək "onun adı Qoşa, başqa adı Qoqa, başqa adı Jora" üslubunda bazanın əsl və yalançı sahiblərinin adlarını, ləqəblərini sadalamağa başlayıb. Mətbuat baza uğrunda rəqabət aparan kriminal dairələrin arasındakı qanlı savaşlardan da bəhs edir. Populyarlığına görə ikinci versiya Moskva meriyasına aidiyyəti olan müxtəlif bizneslər arasında toqquşmadır. Baza ilə bağlı hansısa araşdırma zamanı xüsusi xidmət orqanlarından birinin digərinin yoluna çıxdığı da bildirilir. Sobyanin isə bazanın bağlanılması üçün hər hansı ciddi səbəbin olmadığını deyir. O, "Kommersant-Vlast" jurnalına müsahibəsində "Pokrov"un sahibini sadəcə tamahkarlığın məhv etdiyini bildirib.
Rusiya İstintaq Komitəsi Biryulevodakı bazanın fəaliyyətinin dayandırılması haqda qərar qəbul edib. Lakin bir sıra cavabsız suallar hələ də qalmaqdadır. Hüquq mühafizə orqanları nədən "bazada miqrasiya, əmək və inzibati qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu" qənaətinə yalnız Şerbakovun qətlindən sonra gəlib? Bunadək obyekt nədən faktiki olaraq kənar şəxslərin və mətbuatın üzünə bağlı idi? Necə olur ki, bazanın qida tullantılarının daşınması və utilizasiyası üçün müqaviləsinin, eyni zamanda tullantıların yığılması üçün meydançasının olmadığı hələ indi üzə çıxır? Uzun illərdir ki, KİV-in "miqrantların ocağı" adlandırdığı bu bazadan moskvalıların, hətta ola bilsin ki, Rusiyanın baş sanitar həkimi Gennadi Onişşenkonun masası üzərinə meyvə, tərəvəz, göyərti gedir. Bəs, o, bir dəfə də olsun həmin pomidorların, cəfərilərin harada yetişdirilməsi, hansı əllərlə seçilməsi, çəkilib bükülməsilə maraqlanmayıb?
Baza ətrafında yaşanan qalmaqal bir çox siyasətçi və politoloqa da məsələyə dair fikirlərini açıqlamaq üçün yaxşı imkan verib. Məsələn, tanınmış müxalifətçi, "Rus marşı"nın təşkilatçılarından biri, Moskva meri postu uğrunda yarışda Sobyaninin əsas rəqibi olmuş Aleksey Navalnı Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrilə viza rejiminə keçməsinin vacibliyini bəyan edib. O, bloqu vasitəsilə hər kəsi bu müraciətini dəstəkləməyə çağırıb. Müraciət 100 min imza yığarsa, qanun layihəsinə çevriləcək və bu zaman hakimiyyət orqanları onu nəzərdən keçirməli olacaqlar.
Qəribə təsadüfdür - məlum olduğu kimi, Biryulevoda baş verənlərdən bir neçə gün əvvəl Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitinin toplantısının yekunlarına dair mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinə viza rejiminin tətbiqi ideyasını dəstəkləmədiyini söyləmişdi. Onun fikrincə, bu, keçmiş sovet respublikalarının Rusiyadan uzaqlaşmasına səbəb olacaq. Yeri gəlmişkən, "Pokrov" hadisələri zamanı Kreml rəhbərinin Avrasiya ideyasının əleyhdarlarının da səsləri eşidilməyə başlayıb. Onlar hesab edirlər ki, Rusiyanın özünə boyunduruq yaratmasına, üzərinə "miqrant ölkələrilə" bağlı öhdəliklər götürməsinə ehtiyac yoxdur.
Daha bir maraqlı məqam Rusiya Dövlət Dumasının oktyabrın 15-də qəbul etdiyi qanundur. Yeni qanun regional hakimiyyətlərin və bələdiyyələrin üzərinə milli zəmində baş verən münaqişələrə görə məsuliyyət qoyur. RİA "Novosti" xəbər verir ki, indi hər hansı ərazidə milli zəmində ciddi qarşıdurma baş verərsə, buna görə məmurların vəzifədən uzaqlaşdırılması mümkün olacaq. Qanun layihəsi hələ 2013-cü ilin fevralında hazırlanıb. Amma o, məhz Biryulevo hadisələrinin baş verdiyi günlərdə qəbul olunub. Onun haqqında danışanların sayı o qədər də çox deyil. Lakin belə çıxır ki, yeni qaydalar "yerlərdəki öz insanlarına" nəzarət baxımından yaxşı alət ola bilər. Hər halda, Rusiyanın, demək olar ki, bütün yaşayış məntəqələrində miqrantlara rast gəlinir və demək olar ki, bütün ölkə ərazisində Biryulevo ssenarisini oynamaq mümkündür.
Beləliklə, "Pokrov" bazası ətrafında baş verənlərin fəsadları, təkrarı və yeni hadisələr hələ uzun müddət həm ictimaiyyətdə, həm də ölkənin siyasi həyatında əks-səda doğurmaqda davam edəcək. Şişirtməyə yol vermədən, demək olar ki, bu ölkə üçün miqrasiya siyasəti məsələsi milli təhlükəsizlik məsələsidir. "Titullu xalqın millətçiliyi çoxmillətli dövlətin məhvidir" fikri çoxlarına məlumdur. Amma göründüyü kimi, bunu reallıqda sınamaq istəyənlərin sayı hələ də çoxdur.
Miqrant axınının tənzimlənə bilməməsi və nəticədə, meydana çıxan ksenofobiya əhvalı Rusiyanın beynəlxalq imicinə, onun xarici əlaqələrinə zərbə vurur. Təəssüf ki, baş verənlər Azərbaycan-Rusiya münasibətlərinə də müəyyən dərəcədə təsir göstərib. Baş verənlərlə bağlı antiazərbaycan isteriyasını, xüsusilə bəzi KİV-də yer alan məqalələrdən, sosial şəbəkələrdəki və bloqlardakı şərhlərdən də görmək mümkündür. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu baş verənlərlə bağlı yaydığı bəyanatda məişət hadisələrinin isteriya səviyyəsinə qaldırılmasının bumeranq effekti verə biləcəyini vurğulayıb. O, bunun xüsusilə Rusiya kimi çoxmillətli və çoxdinli bir ölkədə sözügedən effekti yarada biləcəyini söyləyib. "Proses yalnız hüquqi meydanda getməlidir", - deyə diplomat bildirib.
Rusiya rəhbərliyi isə yüksək səviyyədə verilən açıqlamalarda hər zaman Moskva ilə Bakı arasında münasibətlərin kifayət qədər möhkəm olduğunu bildirir. Demək, bu münasibətlər şovinist əməllərin, millətçi stereotiplərin əsirinə çevrilməməlidir. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Bakıya etdiyi səfəri zamanı Azərbaycanla Rusiyanın çox yaxın, strateji vacib tərəfdaşlar olduqlarını göstərib. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə ölkəsinin baş verənlərin iki ölkə münasibətlərinə xələl gətirməsini istəmədiyini söyləyib.
"Biz Azərbaycanla münasibətlərə çox yüksək dəyər veririk və bu münasibətlərin məntiqi inkişafına və qanuna görə ehtiyatlı hərəkət edəcəyik. Rusiya çoxmillətli dövlətdir və müxtəlif millətlərin nümayəndələri arasında maraqlar balansını yüksək qiymətləndirir", - deyə Karasin qeyd edib.
Ümid edək ki, Rusiyada neofaşist əhvalı kökündən yox ediləcək və bundan sonra məişət cinayətlərinə etnik çalarlar verilməyəcək...
RUSİYANIN İCTİMAİ-SİYASİ XADİMLƏRİ BİRYULEVO ƏTRAFINDA BAŞ VERƏNLƏR HAQQINDA
"Artıq qolları qandallanaraq yerə uzadılmış şəxsi təpikləməyin nə mənası var idi? Bunun heç bir mənası yoxdur. Bu kadrları kamera ilə lentə almaq və bütün dünyaya nümayiş etdirmək DİN üçün səfehlikdir".
Vladimir TOR, rus millətçilərinin liderlərindən biri,"Rus marşları"nın təşkilatçısı
"Rusiyada baş qaldırmış "antiazərbaycan isteriyası", əlbəttə ki, yolverilməzdir. Saxlanılmış Zeynalovun vertolyotla daxili işlər naziri Vladimir Kolokolsevin qəbuluna gətirilməsi isə bir tamaşadır. Bu, biabırçılıqdır. Nazir məişət davasının iştirakçısı ilə, qatillə yaradılmış şounun iştirakçısına çevrilməyi özünə rəva bilib".
Maksim ŞEVÇENKO, rusiyalı jurnalist,Birinci kanalın aparıcısı
"Sanki Zeynalovun həbsinin prodüseri Rodnyanskidir, çəkilişisə Fyodr Bondarçuk aparıb. Qısası, deyəsən, bizim ben Ladenimiz tutuldu. Ölkə xilas oldu".
Kseniya SOBÇAK, məşhur teleaparıcı
"Videogörüntülər polis əməkdaşlarının bütün xidmətlərini yox edir. Bu cür həbsə görə hökumət qanun qarşısında cavab verməlidir. Gördüklərimiz İstintaq Komitəsində yoxlamaların aparılması, cinayət məsuliyyətinə cəlb etmələr üçün əsasdır".
Sergey BADAMŞİN, vəkil
FAKTLAR DANIŞIR
Biryulevo hadisələrinin qurama xarakteri haqqında
"Pokrov" meyvə-tərəvəz bazası və orada fəaliyyət göstərən topdansatış gö- yərti bazarı Moskvanın bu məhsullara olan tələbatının 70%-ni ödəyirdi. Bazada yalnız bir gündə 20-40 milyon dollar, yaxud ildə 9 milyard dollarlıq tərəvəz satılırdı. Bu, bir sıra ölkələrin dövlət büdcəsinə bərabərdir. Beləliklə, baş verənlərdən dərhal sonra, əslində, "Pokrov" ətrafındakı səs-küyün banal mülkiyyət bölüşdürülməsinin üstünü örtmək məqsədi güddüyünə dair fikirlər meydana çıxıb. Bu fikri bazarda çalışanlar da "R+" jurnalına açıqlamalarında təsdiqləyiblər. Onların sözlərinə görə, yeni baza Moskva dairəvi avtomobil yolunun yaxınlığında çoxdan tikilib və Biryulevodakı "miqrant ocağı"nın bağlanılmasına dair söz-söhbətlər yeni deyil - ola bilsin ki, kiminsə tikinti aparmaq üçün əraziyə ehtiyacı yaranıb.
Məşhur rusiyalı bloger Rövşən Əsgərov Biryulevodakı talanlarda iştirak edən "rus millətçi"ləri arasında hökumətpərəst "Bizimkilər" hərəkatının fəal üzvü, MDU-nun sosiologiya fakültəsinin tələbəsi Levon Arzumanyanı tanıyıb. "Onun meydandakı fəallığı rəsmi mətbuatın və ona qoşulmuş liberal mətbuatın rus faşizminin eskalasiyası haqda danışmasına səbəb olub", - deyə müxtəlif blogerlər yazırlar.
Hüquq mühafizə orqanları "bazada miqrasiya, əmək və inzibati qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu" qənaətinə, nədənsə, yalnız Şerbakovun qətlindən sonra gəlib
MƏSLƏHƏT GÖR: