13 Mart 2025

Cümə axşamı, 17:16

KUBOK UĞRUNDA REVANŞ

Azərbaycan Superkubokunda "Xəzər-Lənkəran" "Neftçi"ni məğlub etdi

Müəllif:

30.10.2013

Futbol azarkeşləri Bakı-Lənkəran qarşıdurmasının yeni mərhələsinin şahidi oldu. Bu dəfə prinsipial rəqiblər "Neftçi" və "Xəzər-Lənkəran" 1995-ci ildən oynanılmayan ölkənin Superkuboku uğrunda matçda  qarşılaşıblar.

Ardıcıl 3 dəfə ölkə çempionluğunu bayram edən, ötən mövsüm əzəli rəqibini kubokun finalında yenməklə "qızıl dubl"u rəsmiləşdirən "Neftçi" bu dəfə Superkuboka sahib çıxmaq arzusunda idi. Titulun dadını çoxdan unudan "Xəzər Lənkəran" isə ağ-qaralar üzərində qələbəylə həm mükafat qazanmaq, həm də azarkeşləriylə barışmaq niyyətindəydi. Naxçıvanda keçirilən Superkubok görüşündə baxım futbol izləmək mümkün olmadı. Əvəzində azarkeşlər hakim səhvləri və futbolçuların qeyri-etik davranışına şahidlik etdi.

İlk hissə hər iki tərəfin kəşfiyyat xarakterli oyunuyla yadda qaldı. Fasiləyə qədər ehtiyatlı oyuna üstünlük verən tərəflərin ifasında qarşılıqlı top itkiləri və əsasən meydanın mərkəzində gedən sərt müdaxilələr izlədik. Ənənəvi taktiki düzülüşlərə və oyun tərzinə sadiq qalan bakılıların cənubluların qapısına doğru yaxınlaşmaqda çətinlik çəkməsi dərhal sezilirdi. Hərçənd, "Neftçi"dən Rəşad Sadiqov, Flavinyo və Araz Abdullayev nəsə etməyə çalışırdı. Amma bu hücumlar nəticəsiz qalırdı. İlk hissənin ən maraqlı məqamı Denislə gənc Ağabala Ramazanovun "Neftçi"nin cərimə meydançasında mübarizəsi oldu. Öncə Ramazanova qarşı qayda pozulmasını qeyd edən baş hakim "ağ-qaralar"ın qapısına penalti təyin etdi.

Amma sonradan köməkçisi Əliyar Ağayevlə məsləhətləşəndən sonra qərarını dəyişdi. Bu halda qeyd etmək lazımdır ki, həmin epizodda penaltinin olması şübhə doğurur. Yəni, baş hakim qərarını dəyişməklə səhvini düzəldib. Amma qərarı dəyişmək heç bir hakimə baş ucalığı gətirmir. Referi Rəhim Həsənov məsləhətləşdikdən sonra qərar qəbul etməliydi.

Hakimin penaltini ləğv etməsini unudan "Xəzər-Lənləran" tezliklə hesabı açdı. Ağabala Ramazanovun ötürməsindən sonra Mbilla topu qapıya göndərdi.

İkinci yarıda "Neftçi" fərqli oyun sərgilədi. Bu məqamda bəxt "ağ-qara”ların" üzünə güldü - "XL" azlıqda qaldı. Tounkara üstünə yeriyən Ramosa kəllə atdığına görə meydandan qovuldu. "Xəzər-Lənkəran"ın azlıqda qalması "Neftçi"nin işinə yaradı. Kardoso dəqiq zərbəylə hesabda tarazlığı bərpa etdi. Matçı izləyənlər əzəli rəqiblərin daha yarım saat mübarizə aparacağını düşündüyü vaxtda xarakter nümayiş etdirən "cənublular" qələbə qolunu vurdu. Skarlatakenin standart vəziyyətdən ötürdüyü topu Rasim Ramaldanov başla tora göndərməklə matçında taleyini həll etdi. Bununla, Superkubokun Lənkərana getməsi təsdiqləndi.

  İlk öncə "Xəzər-Lənkəran"ın Superkubokda layiqli olaraq qələbə qazandığı qeyd olunmalıdı. Tərlan Əhmədov komandanı oyuna yetərincə hazırlaya bilməmişdi. Cinahlarda yaxşı təsir bağışlayan "Neftçi" futbolçuları yetərincə təhlükəli vəziyyət yarada bilmirdi. Eyni zamanda Con Toşakın rəqibi yaxşı analiz etdiyi yaddan çıxmamalıdı. "Neftçi"ni bütün cəhətlərdə üstələyən Lənkəran komandası haqlı olaraq Superkuboka sahib çıxdı.

Naxçıvandakı oyun "Neftçi"nin məşqçilər heyəti üçün son görüş oldu. Nəticədən narazı olan "Neftçi"nin prezidenti Sadıq Sadıqov məşqçilər heyəti - Tərlan Əhmədov, Kamal Quliyev və Bəxtiyar Musayevi istefaya göndərdi.

Artıq "Neftçi"nin yeni baş məşqçisinin adı məlumdur. Azərbaycan futbolunun flaqmanına ötən illərin ən məşhur futbolçusu olan Nazim Süleymanov rəhbərlik edəcək. Uğurlu legioner həyatı yaşayan, Rusiyada Azərbaycan futbolunu layiqincə təmsil edən Süleymanov hazırda millidə baş məşqçi Berti Foqtsun köməkçisidir.

Superkubokda qələbə qazanan "Xəzər-Lənkəran" isə indi çempionatdakı problemlərini həll etməlidir. Mövsümə uğursuz başlayan cənublular Superkuboku qazanmaqla yaxşı motivasiya əldə etdi. Bu həm də baş məşqçi Con Toşakın Azərbaycanda ilk mükafatı oldu. Unutmayaq ki, cəmi 2 həftə sonra "Xəzər-Lənkəran"ı "Neftçi" ilə növbəti duel gözləyir. Əzəli rəqiblər bu dəfə milli çempionatda üz-üzə gələcək.



MƏSLƏHƏT GÖR:

621