
YEGANƏ və ƏBƏDİ
Dahi Azərbaycan müğənnisi Müslüm Maqomayevin əziz xatirəsinə
Müəllif: Məhərrəm ZEYNALOV Bakı
Müslüm Maqomayev deyirdi: "Opera partiyası ən çoxu 40 dəqiqə davam edir. Mənsə dayanmadan oxumaq istəyirəm". Operanın çərçivələri hələ sağlığında əfsanəyə çevrilmiş bu ifaçını sıxırdı. O, həm ariyalar, həm estrada mahnıları, həm də neopalitan, rus romansları ifa edirdi.
Artıq beş ildir ki, Müslüm Maqomayev aramızda yoxdur.
Maqomayevin estrada sahəsindəki fəaliyyəti haqda çox şey məlumdur: 250 milyonadək insan onun mahnılarını bilir. Bu yaxınlarda isə Rusiya telekanallarının birində nümayişinə başlanılmış serialın əvvəlində "Koroleva krasotı", "Luçşiy qorod Zemli", "Svadğba", "Çertovo koleso" mahnılarını oxuyan ifaçının möhtəşəm səsi eşidilir - bu mahnılar hər kəsə tanışdır.
Bundan başqa, Maqomayevin şəxsi həyatı da mətbuatda geniş işıqlandırılıb. Onun şəxsi həyatında xanımı, məşhur opera ifaçısı Tamara Sinyavskaya böyük yer tutur. Təəssüf ki, estrada müğənnisi kimi qazandığı şöhrət, xalqın onun şəxsi həyatına olan marağı, Maqomayevin əsas istedadı olan opera müğənnisi istedadını köl-gədə qoyub.
Maqomayev İttifaq səviyyəsində məşhurluğu 1962-ci ildə Kremlin Sarayında Azərbaycan incəsənəti festivalının yekun konsertindəki çıxışından sonra qazanıb.
M. Maqomayevin ilk solo-konserti 1963-cü il noyabrın 10-da Pyotr Çaykovski adına Konsert zalında keçirilib. Elə həmin il Maqomayev Axundov adına Azərbaycan Opera və Balet Teatrının solisti olub. O, estrada səhnəsindəki çıxışını da davam etdirib. 1964-cü ildə dövlət gənc, istedadlı Maqomayevə Milanın "La Skala" teatrında təcrübə qazanmaq imkanı yaradıb. İfaçı iki ilini orada keçirərək geri döndükdən sonra, Sovet İttifaqının böyük şəhərlərində "Qüssə" və "Sevilya bərbəri" tamaşalarında çıxış etməyə başlayıb. Onun tərəfdaşları arasında moldovalı sovet opera ifaçısı kimi, artıq o zaman məşhur olan Mariya Bieşu da var idi.
Maqomayev Moskvanın Böyük Teatrının truppasına üzv olmaq təklifini qəbul etməyib. Buna səbəb ifaçının özünü opera tamaşaları çərçivəsinə salmaq istəməməsi idi. Çünki o, artıq vaxtının çoxunu estradaya həsr edirdi.
Müslüm Maqomayevin o dövrdə əldə etdiyi beynəlxalq uğurlar arasında 1966 və 1969-cu illərdəki qastrollarını göstərmək olar. Həmin illərdə onun Parisin məşhur "Olimpiya" teatrına qastrolları ifaçıya böyük uğur qazandırıb. "Olimpiya"nın direktoru Bryuno Kokatriks Maqomayevə birillik müqavilə təklif edərək, onu beynəlxalq miqyaslı ulduza çevirəcəyinə söz vermişdi. İfaçı da təklifə kifayət qədər ciddi yanaşırdı. Lakin SSRİ Mədəniyyət Nazirliyi Maqomayevin bu təklifi qəbul etməsinə imkan vermədi. Qurum bu qərarını Maqomayevin dövlət konsertlərində iştirak etməli olması ilə əsaslandırmışdı.
1969-cu ildə Kannda Maqomayevə nüfuzlu "Qızıl disk" mükafatı təqdim olunub. O, bu mükafata qrammafon plastinkalarının milyonlarla tirajla yayılmasına görə layiq görülüb. Bir il sonra ifaçı Kannda növbəti dəfə rekord sayda satışla təkrarən eyni mükafatı qazanıb.
"Müslümlə heç kimi müqayisə etmək olmaz"
Azərbaycanın Xalq artisti, məşhur opera ifaçısı Xuraman Qasımova "R+" jurnalına açıqlamasında Müslüm Maqomayev haqqında çox xoş, səmimi danışıb, onun dünyasını də- yişməsindən son dərəcə təəssüf hissi keçirdiyini bildirib: "O, əsl opera səsinə malik idi. Onun imkanları həqiqətən çox geniş idi; Maqomayev heç bir qüsura yol vermədən həm opera, həm də estrada mahnısı ifa edə bilirdi. Onun estradaya getməsi ilə opera səhnəsi çox şey itirdi. Seçim onun özünə məxsus idi. Amma bu, bir opera ifaçısı kimi məni çox məyus edən məqamdır".
"Maqomayevin səhnədə ifa edə biləcəyi çox gözəl obrazlar var. Onun gözəl bariton səsinə uyğun çox partiyalar yazılıb. Maqomayev Skarpianı (Czeppe Verdinin "Qüssə" əsəri) Fiqaronu əla oynayırdı", - deyə Xuraman Qasımova xatırlayır. - "Təəssüf ki, opera səhnəsində onunla tərəfdaş ola bilmədim. Çünki o zaman mən çox gənc idim. Amma sonradan "Qüssə" partiyasını ifa etmişəm. Biz birlikdə çox qastrollara getmiş, estrada tərəfdaşı olmuşuq".
Müslüm Maqomayevi tanıyan bir çoxları kimi, Xuraman Qasımova da onu mehriban, qoraqpərvər insan kimi xatırlayır: "Biz çox tez-tez ünsiyyətdə olurduq. Onun çoxlu dostları var idi. Müslüm Maqomayev çox qayğıkeş, xeyirxah insan, eyni zamanda, prinsipial vətəndaş idi. Dəfələrlə gənc ifaçılar Maqomayevə üz tutaraq onları dinləməsini istəyiblər, bunun üçün hətta Moskvaya da yollanıblar. Amma Maqomayev hər dəfə onları Bakıya göndərərək deyib: "Xuraman və Fidan Qasımovaların yanına gedin. Sizin səsinizi onlar düzgün qiymətləndirə bilərlər".
Müslüm bir çox şeyə asanlıqla nail olurdu və bəlkə də, onun sirri bunda idi. Xuraman Qasımova deyir ki, Müslümdə zəngin səslə yanaşı, təkrarolunmaz aktyorluq bacarığı da olub. Bu yerdə onun populyar, hər zaman aktuallığını qoruyub-saxlayan "Sevilya bərbəri" ariyasının ifasını, Maqomayevin səhnədə Polad Bülbüloğlunu və Rəşid Behbudovu necə mükəmməl parodiya etməsini xatırlamaq olar.
"O, qısa sürən həyatında səhnədə çox iş görə bildi. Bu gün insan üçün 36 il səhnə fəaliyyəti elə də uzun tarix deyil. Belə ifaçılar mütləq səhnədə olmalıdırlar. Çünki onlar publikanı tərbiyə edir, onların zövqünü müəyyənləşdirirlər. Axı biz səhnədən mənəviyyat paylaşırıq", - deyə X.Qasımova bildirir.
Xuraman xanım Müslüm Maqomayevin bənzərinin olmadığına əmindir: "Doğrudur, indi yaxşı səsə malik çox sayda gənc ifaçılar var. Onlar oxuyurlar, populyarlaşırlar, lakin heç kəsi Müslümlə müqayisə etmək olmaz. İndi xaricə səfərlər etmək imkanı genişdir. Amma o zaman bunu yalnız Müslüm Maqomayev edə bilirdi. Çünki heç kəs onun kimi oxumağı bacarmırdı. Sovet illərində xaricdə oxuyan ifaçımız yalnız o idi".
Biz onu hər zaman xatırlayır və qısa da olsa, onunla eyni dövrdə yaşadığımız üçün fəxr edirik. Bu yerdə müğənni və bəstəkarın öz sözləri yada düşür: "Bəlkə də sevgi və yaddaş elə zaman maşınıdır. Bəlkə keçmiş, indiki dövr və gələcək arasındakı məsafəni məhz o yox edir?".
Allah sizə rəhmət eləsin!
MƏSLƏHƏT GÖR: