
"QULAQ FALI"
Telefon danışıqlarının total şəkildə dinlənilməsi və kibercasusluq beynəlxalq münasibətlər üçün təhlükəli miqyas alır
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə şəxsi informasiyaların təhlükəsizliyinin təmini məsələsinin aktuallığı daha da artıb. ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq əməkdaşı Edvard Snoudenin açıqlamaları Amerikanın dünya miqyasında "dinləmələr" apardığını üzə çıxarıb. Məlum olub ki, indiki dövrdə nəinki adi vətəndaşlar, hətta yüksək rütbəli məmurlar, dövlət başçıları da izlənilir.
ABŞ xüsusi xidmət orqanlarının Almaniya kansleri Angela Merkel və bir sıra digər dövlət başçılarının danışıqlarını dinləməsinə dair məlumatların üzə çıxması o dərəcədə səs-küy yaradıb ki, kansler onu Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin əsas mövzusuna çevirib.
Merkel Aİ sammiti ərəfəsində Fransa prezidenti Fransua Ollandla görüşüb və hər iki lider birgə təşəbbüslə çıxış ediblər. Onların fikrincə, telefon danışıqlarının dinlənilməsinə dair məsələyə aydınlıq gətirilməsi və problemin həlli üçün ABŞ tərəfi ilə ikitərəfli danışıqlara başlanılmalıdır.
"The Gardian" MKİ-nin sabiq əməkdaşı Snoudenin təqdim etdiyi sənədlərə istinadən yazır ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ümumilikdə 35 dövlət başçısının telefon danışıqlarını dinləyib.
Bundan başqa, MTA hər ay Almaniyanın sıravi vətəndaşlarının 500 milyonadək telefon və internet danışıqlarını "tutur". Fransa ilə bağlı bu rəqəm 70 milyona çatır.
Şəxsi məlumatlarımızı nə dərəcədə məxfi saxlaya bilərik? İnternetə yerləşdirdiyimiz bütün məlumatlar hakerlər tərəfindən istifadə oluna bilərmi? Dövlət başçılarının dinlənildiyi bir şəraitdə adi vətəndaşlar öz məlumatlarını necə gizli saxlaya bilər?
Bu suallara cavab tapmaq üçün informasiya təhlükəsizliyi sahəsində ekspert Mixail Yemelyannikovla söhbətləşdik.
- Rəqəmsal texnologiyalar, kommunikasiyalar, həqiqətənmi, hətta Avropa dövlətlərinin başçılarının ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən dinlənilməsinə imkan verəcək dərəcədə zəifdir?
- Problem ayrı-ayrı şəxslərin, dövlət orqanlarının, şirkətlərin məxfi məlumatlarının çoxlu sayda digər insanın əlinə keçməsində yox, bu informasiyaların digərləri ilə paylaşılmasındadır. Daha bir problem isə son dərəcə etibarlı müdafiə sistemlərinin tətbiqi üçün kompyuter texnologiyaları sahəsində dərin biliklərə ehtiyacın olmasındadır. Antiviruslar düzgün qurulmalı, şifr vasitələri tətbiq edilməli, "açar" mübadiləsi düzgün aparılmalıdır və s. Bütün bunlar İnternetdən istifadənin hazırkı xarakterinə uyğun gəlmir. Məsələn, Facebook sosial şəbəkəsinə şifr aparatı qoymaq mümkün deyil. Amma insan istənilən digər məkanlarla müqayisədə, özü haqda ən çox informasiyanı məhz orada yerləşdirir.
- Yaxın keçmişdə detektiv film və romanlarda casuslar məxfi məlumatları əldə etmək üçün seyfləri açır, sənədlərin şəklini çəkirdilər. Müasir rəqəmsal texnologiyalar casusluq üçün daha geniş imkanlar açmırmı?
- Almaniya və Braziliya rəhbərlərinin dinlənməsindən danışırıqsa, əlbəttə ki, dövlət başçılarının danışıqlarını dinləmək üçün mümkün olan bütün texniki imkanlardan istifadə olunacaq. Bu dövlət başçıları aktual məsələlərlə bağlı müzakirələri açıq telefon xətti ilə aparmamalıdılar. Mobil rabitənin 3G və 4G kimi şifrli kanallarını əsl şifrli kanal saymaq olmaz. Hökumətlərarası telefon danışıqları üçün informasiyaların etibarlı müdafiə olunduğu xüsusi sistemlər var. Xarici kəşfiyyatlar onları izləyə bilmir.
İstənilən halda, artıq danışıqların məxfiliyinə ümid edə bilmərik. Çünki texniki imkanlar bütün trafiki nəzarətdə saxlamağa imkan verir.
- Tam mükəmməl müdafiə üçün informasiya mühafizəsi sistemi mövcuddurmu? Yoxsa istənilən elektron "qıfıl"ın öz "açarı" var?
- Nəzəri baxımdan açılması mümkün olmayan şifrələr var. Amma adi istifadəçi, çətin ki, onlardan yararlana bilsin. Bu sistemlərin tətbiqində ciddi məhdudiyyətlər var.
1990-cı illərdə məşhur kriptoqraf Filipp Simmerman əfsanəvi müdafiə sistemi yaratmışdı. Bu, Amerika xüsusi xidmət orqanlarının ciddi narazılığına səbəb olmuşdu. Sistem "Pretty Good Privacy" adlanırdı. Təəssüf ki, bu sistemdən istifadə etmək çətindir. Bu üzdən hər adi istifadəçinin ondan yararlanması mümkün deyil.
- Nəzərə alsaq ki, kompyuter texnologiyalarının əsas istehsalçıları və tənzimləyiciləri ABŞ-dadır, Amerikanın informasiyaya nəzarət uğrunda aparılan mübarizədə hər hansı bir üstünlüyü varmı?
- Bəli, belə üstünlük var. Birincisi, amerikalılar rəqəmsal kommunikasiya sistemlərinə nəzarətin gücləndirilməsinə külli miqdarda vəsait xərcləyirlər. Təxminən, 10 xüsusi xidmət orqanı bununla məşğuldur. Digər yandan, "Google", "Microsoft" kimi qurumları təmsil edən yüksək texnologiyalı şirkətlər, İnternet xidmətləri və s. ABŞ-ın tabeliyindədir və Amerikanın dövlət orqanları onlara təsir göstərə bilir. İnformasiya təhlükəsizliyi üçün məşhur mütəxəssis, amerikalı kriptoqraf Bryus Şnayerin dediyi kimi, "Amerikanın xüsusi xidmət orqanları yumşaq müdaxilələrdən tutmuş, təhlükəsizlik haqqında qanuna dəyişikliklər edilməsinədək ən müxtəlif yollarla kommunikasiya şirkətlərini özləri ilə əməkdaşlığa məcbur edirlər".
- Deyilənlərə görə, İnternetdə aparılan istənilən əməliyyata nəzarət var. Axtarış sistemində aparılan bütün axtarışlar, silinən fayllar, şəkillər okeanın o tayındakı xüsusi anbara gedir. Kağızda yazılmış məktubu cıraraq atmaq mümkündür. Bəs elektron məktublar və mesajlar hara yox olur?
- Tamamilə haqlısınız. İnternetə yerləşdirdiyiniz hər bir informasiya əbədi olaraq orada qalır və ondan sizə qarşı istifadə oluna bilər. Bir tələbənin sosial şəbəkədə özü haqda olan məlumatları əldə etmək istəyi ilə Facebook-a müraciəti bunu təsdiqləyir. Ona təqdim olunan çoxlu sayda məlumatların bəzilərində "silinib" işarəsi var. Tələbə hesab edirdi ki, həmin sənədləri silib. Amma şirkət onların hamısını saxlayıb və görünür, hələ çox saxlayacaq. Bu, hər yerdə belədir. Siz saytdan hər hansı məlumatı silə bilərsiniz, amma həmin anadək bu informasiya "Google" kimi axtarış sisteminə düşübsə, həmin informasiyanı istənilən vaxt İnternetdən tapmaq olar. Halbuki, siz artıq həmin informasiyanın fiziki baxımdan mövcud olmadığını düşünürsünüz. Odur ki, insanlar və şirkətlər İnternetə yerləşdirdikləri informasiyalara məhdudiyyəti özləri qoymalıdırlar. Bizim XX əsrdə vərdiş etdiyimiz özəllik anlayışı artıq mövcud deyil.
- KİV-in məlumatına görə, ABŞ xüsusi xidmət orqanları Fransada, Almaniyada və digər ölkələrdə milyonlarla GSM mobil rabitə istifadəçisinin də danışıqlarını dinləyib. Texniki baxımdan bu dərəcədə total casusluq mümkündürmü?
- Mobil rabitədə danışıqlara nəzarət etmək üçün xüsusi proqram var. ABŞ hər il şifrlərin açılmasını təmin edən proqramlar üçün 250 milyon dollar xərcləyir. Bu, 3G və 4G formatında mobil danışıqları dinləməyə imkan verir. Yeri gəlmişkən, Amerika xüsusi xidmət orqanlarının Almaniya və Fransa da daxil olmaqla, Avropa dövlətlərinin rəhbərləri haqda ciddi informasiyalar əldə etməsi yerli xüsusi xidmət orqanlarının da köməkliyi ilə mümkün olub. Telefon danışıqlarının dinlənilməsi üçün Amerikanın İnternet və elektron kommunikasiyalarının geniş monitorinqini həyata keçirən PRISM sistemindən istifadə olunub. Bunu Edvard Snouden də açıqlayıb. Bu sistem bütün dünyada gedən telefon danışıqlarını dinləməyə imkan verir.
- Bu sistem beynəlxalq terrorçuluqla mübarizə üçün yaxşıdır. Bəs özəl siyasi və ya iqtisadi informasiyaları necə qorumaq olar?
- Birincisi, İnternetə yerləşdirilən, ilk növbədə, elektron poçt vasitəsilə göndərilən informasiyaları hissələrə bölmək lazımdır. İkincisi, personal kompyuterlərin müdafiəsi sistemindən geniş istifadə olunmalıdır. Üçüncüsü, vətəndaş cəmiyyəti vasitəsilə İnternet şirkətlərinin, dövlətin konstitusion hüquq olan özəllik haqqına əməl etməsinə nail olmaq lazımdır. Amma bu üç yolun heç biri asan yol deyil.
- Bəzi dövlətlər, məsələn, İran dünya kiberməkanından kənarda dayanır və daxili İnternetə məhdudiyyətlər qoyur...
- Belə tədbirlərə Çində, Şimali Koreyada və digər dövlətlərdə də əl atırlar. Bu, insanların informasiya almaq hüququnun birmənalı şəkildə pozulmasıdır. Üstəlik, indi Avropa insanların İnternetə çıxış hüquqlarının Konstitusiyada təsbit olunmasına doğru gedir. Yəni, bu, artıq özəl həyat, yazışma məxfiliyi və sair kimi fundamental hüquqlar sırasına daxil olmaqdadır. Dövlətin insanların informasiya almaq imkanlarına məhdudiyyət qoymaq haqqı yoxdur. Bu məsələləri insanların özləri müəyyənləşdirməlidirlər.
- Kağız üzərində yazışmalar birdəfəlik yox olacaqmı? Onu tam şəkildə elektron yazışmaların əvəzləməsi ehtimalı nə qədərdir?
- Artıq bu gün dünya məhsullarının 75%-i informasiya sistemlərində yer alır. Kağızsız, rəqəmsal kommunikasiyanın xeyrinə olan bu tendensiya getdikcə güclənəcək.
MƏSLƏHƏT GÖR: