
İKİQAT ZƏRBƏ
Azərbaycan tarixində ilk dəfə boks üzrə Dünya Çempionatında iki qızıl medal qazanıb
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə XVII Dünya Çempionatı Azərbaycan boks tarixinə qızıl hərflərlə yazıldı. İlk dəfə Azərbaycan yığmasının iki təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxdı, biri isə bürünc medalla kifayətləndi. Mötəbər yarışda Məhəmmədrəsul Məcidov (+91 kq) və Cavid Çələbiyev (56 kq) dünya çempionu adını qazanıb, Teymur Məmmədov (91 kq) üçüncü olub. Nəzərinizə çatdıraq ki, Azərbaycan boksçuları hələ heç vaxt mundialda belə yüksək nəticə göstərməyib. Bunun məntiqi yekunu olaraq, boksçularımız 2 qızıl, 1 bürünclə komanda hesabında yalnız ev sahibi Qazaxıstan (4 qızıl, 2 gümüş, 2 bürünc) və Kuba (2-2-1) atletlərindən geri qalmaqla üçüncü yeri tutub.
Boks üzrə dünya çempionatları hər zaman gərgin mübarizəylə yadda qalır. Ona görə əksər ölkələr mundialda medal sevinci yaşaya bilmir. Bu mənada Azərbaycan boksçularının uğuru tarixi qələbə sayıla bilər.
56 kq-da yarışan Cavid Çələbiyev finalda Vladimir Nikitini (Rusiya), Məhəmmədrəsul Məcidov isə yerli boksçu İvan Diçkonu üstələyərək çempionluq sevinci yaşadı. Cavidin final döyüşündə rəqibini aşkar üstələməsi xüsusi qeyd olunmalıdır: rəqibinə aman verməyən Çələbiyev hər üç raundda qalib gələrək, karyerasının ən böyük uğuruna imza atdı. Ancaq Məhəmmədrəsulun işi asan olmadı. Yerli boksçu İ.Diçko ilə qarşılaşmanın ilk iki hissəsində vəziyyət rəqibin xeyrinə idi. Ancaq üçüncü raundda Məcidov öldürücü zərbələrlə rəqibini nokauta saldı (özünə gələ bilməyən Diçko ən azı bir il müalicə olunacaq) və ikinci dəfə dünya çempionu oldu.
Dünya Çempionatı ilə bağlı təəssüratlarını "R+"a boks üzrə ikiqat dünya çempionu, London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul MƏCIDOV bölüşdü.
- Hələ yarışdan əvvəl çoxları Sizi favorit hesab edirdi...
- Adətən, favorit yalnız kağız üzərində olur. Dünya Çempionatında gərgin görüşlər keçirdim. Bir qədər yorğunluq var. Amma fəxri kürsüyə qalxanda hər şeyi unutdum. Çox xoşbəxtəm və sevinc içindəyəm. Qazaxıstana gedəndə arzulayırdım ki, titulumu qoruya bilim. İstəyimə nail oldum. Çox əziyyət çəkmişdim, sevinirəm ki, bəhrəsini gördüm.
- Yəqin xəbəriniz var, Azərbaycan boksunda ikiqat dünya çempionu yox idi.
- Bunu yarışdan əvvəl bilirdim. İndi ikiqat dünya çempionuyam və özümü çox yaxşı hiss edirəm. Bilirəm ki, hər qələbənin sonu var. Müəyyən vaxtdan sonra yenidən titulumu qorumağa çalışacam. Daim zirvədə qalmaq istəyirəm.
- Dünya Çempionatı dəbilqəsiz keçirildi. Bu, sizə problem yaratmadı?
- Əslində, dəbilqəsiz daha rahat idi. Bəlkə, peşəkar boksa olan həvəsdən irəli gəlir. Həm də "Baku Fires" də çıxışımla yaxşı təcrübə qazanmışdım. Özümü rinqdə çox rahat hiss edirdim. Rəqiblərim barədə bunu deyə bilmərəm. Dəbilqəsiz boksda zərbələr daha güclü təsir edir. Rəqibin zərbəsi dəqiq olanda özünü toplamağa bir qədər vaxt lazım olur. Ona görə rəqiblərimin bəxti gətirməyib.
- Ən çətin görüşünüz hansı oldu?
- Həmişə son görüş yadda qalır. Finalda hesabda geri olduğumu bilmirdim. Nokaut barədə də düşünmürdüm. Sadəcə, zərbəm onu yaxşı tutdu və o noqdauna düşdü. Ona rəhm etmək fikrim yox idi. İstəyirdim çempion olum. İkinci zərbədən sonra nokauta düşdü.
- Növbəti hədəfləriniz nə olacaq?
- Sağlamlığımda problem olmasa, daim qızıl medal uğrunda çalışacam. Çox istəyirəm ki, 2014-cü ildə də əsas yarışlarda qələbə qazanım. 2015-ci ildə Bakıda Avropa Oyunları olacaq. Orada da qızıl medal qazanmaq istəyirəm. Ən böyük arzum, əlbəttə, Yay Olimpiya Oyunlarıyla bağlıdır. Sadəcə indi bu barədə danışmaq tezdir.
- Növbəti Dünya Çempionatında sizə daha çox diqqət olacaq.
- Qismət olsa, üçüncü dəfə dünya çempionu olmaq pis olmazdı. Həyatda insan qələbələrin sayının çox olmasını arzulayır. Çox istəyirəm qalib gəlim. Hər qələbənin öz yeri var.
- Azərbaycan komandasının çıxışını necə qiymətləndirirsiniz?
- Bütün xalqı təbrik edirəm. Komandamızın çıxışı çox yaxşı alındı. 2 qızıl və 1 bürünc medal bizi komanda hesabında 3-cü yerə yüksəltdi. Bütün dünyada boks dayanmadan inkişaf edir. O mənada bu nəticə böyük uğur kimi qiymətləndirilməlidir. Cavid finalda rus idmançısı üzərində parlaq qələbə qazandı. Digər boksçularımız da mübarizəsiz təslim olmadılar. Nəticələrimiz sübut etdi ki, boks Azərbaycanda inkişaf edir.
MƏSLƏHƏT GÖR: