
FANTASTİK MİQYAS VƏ İNNOVATİV YANAŞMA
"Bu olimpiada yeniliyi ilə fərqlənməlidir", - AOK-un Prezidenti Patrik Hikki
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
2015-ci ildə Bakıda keçiriləcək oyunlara hazırlıq işləri ilə tanış olmaq məqsədi ilə Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası ölkəmizə səfər edib. İnşa olunan obyektlərlə tanış olan qonaqlar sonra yekun toplantıya qatılıb.
Qurumun toplantısında çıxış edən Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, "Bakı-2015" İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bildirib ki, birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır. Onun sözlərinə görə, Azərbaycan xalqı və hökuməti 2015-ci ildə Avropanın 49 Olimpiya dövlətini bir araya gətirəcək Avropa Oyunlarının dəstəklənməsinə tam sadiq qalır.
Mehriban Əliyeva Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci iclasından sonra keçən dövrdə bir çox nailiyyətlərin əldə edildiyini vurğulayaraq bildirmişdir ki, artıq idman yarışlarının cədvəl layihəsi tərtib olunmuş, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və yarışların baş tutacağı günlər nəzərdən keçirilmişdir. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı tamamlanmış, maliyyə məsələləri təhlil olunmuşdur.
Mehriban Əliyeva çıxışında Olimpiya şəhərciyində aparılan işlər haqqında da danışmışdır. Qeyd etmişdir ki, media şəhərciyinin inşa ediləcəyi yer müəyyən olunmuş, Avropa Oyunlarının rəsmi internet saytının ilkin versiyası yaradılmış, kommunikasiya strategiyası işlənilmiş, oyunların yayımı məsələsi ilə bağlı razılıq əldə edilmişdir.
"Mən bir daha qeyd etmək istərdim ki, Oyunlara Azərbaycan xalqı dəstək verir və biz ölkəmizin Avropa idmanının tarixində olduqca mühüm rol oynayacağından çox şadıq və fərəhlənirik", - deyə M.Əliyeva bildirib.
Görülən işlərdən razı qalan Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki ölkəmizin təşkilatçılığını yüksək qiymətləndirib: "İlk Avropa oyunları möhtəşəm tədbirdir. Bu olimpiada yeniliyi ilə fərqlənir. Əminəm ki, sonu da uğurla bitəcək. Altı ay əvvəl burada ilk görüşümüz oldu. Bizə bildirdilər ki, tədbir yüksək səviyyədə keçiriləcək. Görürəm, ötən vaxt ərzində xeyli iş görülüb. Avropa oyunlarının hazırlığında irəliləyiş açıq-aydın nəzərə çarpır. Gedişatdan razıyam" Hikki Bakı Oyunlarını fantastik və innovativ kimi təsvir edərək, AOK-un Bakı təşkilatçılarının Oyunlar vasitəsilə cəmiyyəti savadlandırmağa kömək etmək üçün katalizator kimi istifadə etməsindən məmnun olduğunu söyləyib.
Qeyd edək ki, məkanların yerləşməsi möhtəşəm Alov Qüllələrinin və fəvvarələrin yarış yerlərində görünməsi nəzərə alınıb.
Səfər zamanı Avropa Olimpiya Komitəsinin rəhbərliyinə məlumat verilmişdir ki, Azərbaycan hökuməti Avropa Oyunlarını beynəlxalq idman təqvimində mühüm tədbir kimi göstərmək, eləcə də yeni hava limanı terminalını, nəqliyyat layihələrini, o cümlədən metro və avtobus sistemlərinə edilən təkmilləşdirməni və bir çox digər infrastruktur və şəhərin abadlaşdırılması layihələrini nümayiş etdirmək üçün Bakının hər yerində genişmiqyaslı hazırlıq işlərinə sərmayə qoyur.
Bakı - 2015 Oyunlarına hazırlıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Spiros Kapralos ilə görüşündə müzakirə edilib. Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı və Bakıda İlk Avropa Oyunlarına hazırlıqlarda irəliləyişlər qeyd edilib. AOK-un Koordinasiya Komitəsinin sədri Spiros Kapralos Bakı - 2015 Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işlərinə valeh olduğunu söyləyib.
AOK-u razı salmayan yeganə məqam mehmanxanalarla bağlı olub. Ali qurumun koordinasiya komitəsinin sədri Spiros Kapralosa KİV nümayəndələri ilə görüşdə bildirib ki, qonaq evləri sarıdan sıxıntı var: "Otel mövzusunda çatışmazlıq var. Say yetərincə deyil. Amma biz təklif edə bilmərik ki, təşkilatçılar yeni mehmanxanalar tiksinlər və Avropa oyunlarından sonra onlar boş qalsınlar. İş gedir. İnanıram ki, Bakı-2015-ə gələn qonaqlar, buradan razı gedəcəklər".
Belə bir problemin mövcudluğunu hökumət də etiraf edir və onun həlli ücün addımlar atır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, dövlət bu sahəyə müəyyən güzəştlər tətbiq edir: "2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar üçulduzlu otellərin sayının artırılması istiqamətində bir sıra planlar mövcuddur. Ehtiyac yaranarsa, otellərlə yanaşı, Bakıda bir neçə müvəqqəti yerləşmə məkanlarından da istifadə olunacaq".
Ə. Qarayevin sözlərinə görə, Bakıdakı otellərdə yataq yerlərinin sayı 15 minə qədərdir. Bunun 6 minə yaxını 4-5 ulduzlu, qalan yerlər isə daha kiçik ulduzlu otellərin payına düşür.
Bu ilin noyabr ayının 23-də 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının loqotip və maskotunun rəsmi təqdimatı baş tutacaq. Təqdimat mərasimi, eyni zamanda Bakı və Romada keçiriləcək. Çox güman ki, loqotip iki futbol klubunun formasında da əks olunacaq. Bu klubların İspaniyanın "Atletiko" və Fransanın "Lens" komandaları olacağı təxmin edilir.
MƏSLƏHƏT GÖR: