Müəllif: Məhərrəm ZEYNALOV Bakı
Azərbaycanda gözəllik məhsulları və xidmətlərinə tələbat artır. Butələbat kosmetik və parfümeriya vasitələrinə, bədənə qulluq, gigiyena vasitələrinə və sairə xərcləri də artırdığı məlumdur. Burada söhbət heç də yalnız orta qiymət seqmentindən getmir. Lyuks sinfinə daxil olan kosmetikaya da tələbatda artım müşahidə olunmaqdadır. Bundan başqa, ən müasir avadanlıqlarla təchiz olunmuş gözəllik salonlarının, SPA-mərkəzlərin və estetik tibb mərkəzlərinin xidmətlərinə də tələbat artır.
Azərbaycanın perspektivli satış bazarı olduğunu anlayan bir çox kosmetika şirkəti və səhiyyə təşkilatı onu biznesin inkişafı üzrə prioritet istiqamətlər sırasına daxil edib. Bu müsbət tendensiyanı bu günlərdə BakuExpoCentre beynəlxalq sərgi mərkəzində start götürmüş Beynəlxalq Səhiyyə Sərgisi (BIHE) də təsdiqləyib. Sərgi Britaniyanın ITE şirkəti və onun Azərbaycandakı tərəfdaşı olan ITECACaspian tərəfindən təşkil olunub.
Regionda yeganə tibb və səhiyyə sərgisi olan BIHE dövlət qurumları nümayəndələrinin, tibbi təyinatlı məhsul və avadanlıqlar istehsalçılarının, terapevtlərin və tibb sənayesi mütəxəssislərinin görüş yerinə çevrilib. ITECACaspian ilə yanaşı, sərginin təşkilatçıları arasında Azərbaycanın Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisi-yaların Təşkili Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da var. BIHE ilə yanaşı, VIII Azərbaycan Beynəlxalq Stomatologiya və VII Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibbi (“BeautyAzerbaijan 2013”) sərgiləri də açılıb.
Ənənəvi olaraq, sərgidə çoxlu sayda tibbi məhsul və xidmətlər nümayiş olunub. Bu il tədbirdə Azərbaycan, ABŞ, Almaniya, Belarus, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak edib. Çexiya ölkənin Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə ilk dəfə olaraq sərgidə ekspozisiyasını nümayiş etdirib. Sərginin meneceri Elmira Ağayevanın sözlərinə görə, sərginin bir neçə məqsədi var: "Gözəllik sənayesində son məhsullar nümayiş olunur. Maraqlananlar isə bu meydandan gələcək əməkdaşlıq məqsədilə istifadə edirlər".
"BeautyAzerbaijan-2013" sərgisində gözəllik salonlarında, fitnes klublarda SPA-mərkəzlərdə və bərbərxanalarda geniş istifadə olunan məhsullar və texnologiyalar nüma- yiş etdirilib. Orada peşəkar kosmetika, bədənə qulluq vasitələri, gözəllik salonları və SPA-mərkəzlər üçün avadanlıqlar, müalicəvi kosmetika və s. ilə tanış olmaq mümkün idi.
Ümumilikdə tədbirdə dünyanın 17 ölkəsindən (Avstriya, Azərbaycan, Belarus, Macarıstan, İran, İtaliya, İordaniya, Qazaxıstan və digər) 100 şirkət iştirak edib. İştirakçıların 60%-i Azərbaycanın aparıcı şirkətləri, 40%-i isə xarici şirkətlər idi. Ziyarətçilərin marağını ən çox cəlb edənlər arasında Çexiya şirkətləri də olub. Onların milli stendində 8 şirkət yer alırdı.
"Biz "BIHE-2013" sərgisində Çexiya şirkətlərinin rəsmi iştirakını təşkil etmişdik. Bu, Çexiyanın Sənaye və Ticarət Nazirliyinin dəstəyilə mümkün olmuşdu. Təqdim olunan şirkətlər tibbi texnikanın istehsalı və səhiyyə sahəsində xidmətlərin göstərilməsilə məşğul olur", - deyə Çexiyanın Sənaye və Ticarət Nazirliyinin ixraca dəstək şöbəsinin layihə meneceri Lenka Kouska bildirib.
Sərgidə ilk dəfə olaraq bu il tibbi turizm sektoru da iştirak edib. Bu sektorda bütün dünyadan olan klinikalar və müalicə-profilaktika qurumları təmsil olunublar.
Xarici tibbi mərkəzlərin Bakıda geniş ekspozisiya ilə təmsil olunmaları sərgi iştirakçılarına xaricdə təqdim olunan tibbi xidmətləri müqayisə etmək və qiymətləndirmək imkanı verib. BIHE çərçivəsində tibbi turizm ekspozisiyası Ümumdünya Tibbi Turizm Assosiasiyası və Türkiyə Tibbi Turizm Assosiasiyasının dəstəyilə təşkil olunub. Ümumilikdə tibbi turizmlə bağlı tədbirdə 14 şirkət iştirak edib. Yeri gəlmişkən, BIHE sərgisinin açıldığı gün Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli Azərbaycanın tibbi turizmin inkişafı yolu ilə getmək niyyətində olduğunu bildirib və bunu bu sahənin son dərəcə gəlirli olması ilə izah edib: "Məhz bu səbəbdən, Azərbaycanın bütün tibb idarələrinin müasir avadanlıqlarla təchiz olunması vacibdir. Bunun üçün Azərbaycanda bir neçə ildir tibbi avadanlıqların tədarükü sahəsində dünyanın aparıcı şirkətləri arasında tenderlər keçirilir".
Bu məsələdə səhiyyənin yüksək səviyyəsi də mühüm faktor sayılır, odur ki, hələ çox şeyə nail olmaq lazımdır.
MƏSLƏHƏT GÖR: