Müəllif: Emil İSMAYILOV Bakı
XIX əsrin ortalarında türk sultanı Abdul Məcidin arzusu var idi - İstanbulun Qərb və Şərq hissələrini birləşdirəcək tunelin inşası. O, məsələ ilə bağlı yerlivə xaricimühəndislərə müraciətetmişdi. Amma o zaman, təəssüf ki, bu düşüncəni gerçəkləşdirmək texniki baxımdan real deyildi. Bu, hətta sultanların belə, ödəmək iqtidarında olmadığı maliyyə də tələb edirdi. Yalnız 1,5 əsr sonra Abdul Məcidin həmvətənləri onun arzusunu reallaşdırmağa müvəffəq oldular. Bosfor boğazının altı ilə dəmir yolu tuneli inşa edildi!..
Layihənin həddindən artıq lokal əhəmiyyətilə yanaşı, o, həm də daha nəhəng layihə olan Böyük İpək Yolunun bərpasında vacib bənddir.
2013-cü il oktyabrın 29-da - Türkiyənin Cümhuriyyət bayramı günü ölkə rəhbərliyi, Azərbaycan, Yaponiya, Əfqanıstan, Gürcüstan, Bolqarıstan və Rumıniya hökumətinin nümayəndələri də daxil olmaqla, minlərlə insan Avropanı Asiya ilə birləşdirən "Marmaray" tunelinin istismara verilməsi mərasimində iştirak ediblər. "Əcdadlarımızın əsr yarım əvvəlki arzusu gerçəkləşdi", - deyə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib: "Biz bunu reallaşdıra bildik".
Qeyd edək ki, tuneldə sınaq kimi avqustda hərəkət edən ilk qatarın sükanı arxasına məhz Ərdoğan keçmişdi.
Hələ 2004-cü ildə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı və Avropa İnvestisiya Bankı layihəni maliyyələşdirməyə razılıq verdikdən sonra işlərə başlanılmışdı. Tikintini, əsasən, Türkiyə və Yaponiya şirkətlərinin yer aldığı beynəlxalq konsorsium həyata keçirirdi.
"Marmaray" layihəsinə 76 kilometrdən artıq dəmir yolu, 37 yerüstü stansiya, 3 yerüstü, 4 qatar dəyişmə və 8 şəhərətrafı vağzal daxildir. Tikintisinə 5 milyard dollardan artıq vəsaitin xərcləndiyi dəmir yolunun uzunluğu 13,6 kilometrdir (Bosfor altında 1,4 kilometr). Bu yolla elektrik və sərnişin qatarları, eləcə də yük vaqonları hərəkət edəcək. Dəmir yolu ilə hər iki dəqiqədən bir qatar yola düşəcək. Qatarların bir neçə dəqiqə ərzində Bosfor boğazını keçəcəyi, 103 dəqiqəyə sərnişinlərin Halqalıdan Qəbzəyə çatacaqları gözlənilir. Qeyd edək ki, bu məntəqələr İstanbulun Avropadakı və Asiyadakı ən uc nöqtələridir.
Təbii ki, tunel, ilk növbədə, bu çoxmilyonlu şəhərdəki nəqliyyat tıxacı problemini həll edəcək. İndiyədək hər gün, təxminən, 2 milyon insan Bosfor boğazından iki yerüstü körpü vasitəsilə keçir. Bu körpülər sürətlə artmaqda olan nəqliyyat vasitəsi axınının öhdəsindən gəlmək iqtidarında deyil. Tunelin fəaliyyətə başladığı ilk gündə onun vasitəsilə boğazı keçən insanların sayı 300 mini ötüb. Halbuki onların sayının 200 min civarında olacağı gözlənilirdi. Yeri gəlmişkən, tuneli keçən insanların bəzilərinin başına gözlənilməz hadisə gəlib. Səhər saatlarında tuneldə elektrik enerjisi kəsilib və insanlar qatarlardan düşərək dəmir yolu boyunca piyada irəliləməli olublar. Lakin bir neçə dəqiqə sonra problem aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub. Günorta saatlarında isə tuneldə qatarın qapıları "ilişib" və onların açılması üçün mütəxəssislər bir qədər çalışmalı olublar. Hər halda, yeni nəqliyyat layihəsinin ilk iş günlərində bu cür kiçik qüsurlar anlaşılandır.
Bununla yanaşı, həyata keçirilən layihə nə qədər nəhəng olsa da, ən vacibi insanların təhlükəsizliyidir. Layihəçilər və inşaatçılar iddia edirlər ki, tunelin tikintisi zamanı bu məsələ dəqiqliklə nəzərə alınıb. Tunel Bosforun dibində 60 metr dərinlikdən keçən, ikili boru formasındadır. O, Rixter şkalası üzrə 9 bal gücündə zəlzələyə davam gətirmək iqtidarındadır. Qeyd edək ki, bu, son dərəcə vacib məqamdır. Məsələ ondadır ki, cəmi 20 km uzaqlıqda Şimali-Anadolu xətti keçir ki, seysmoloqlar yaxın 30 ildə burada güclü zəlzələlərin baş verə biləcəyini söyləyirlər.
Daha bir maraqlı məqam bu layihənin reallaşdırılması ilə dünyanın tarixi eksponatları sırasına daha birinin əlavə olunmasındadır. Layihənin reallaşdırılmasındakı ləngimə də məhz bununla bağlı olub. Tunelin tikintisi zamanı qazmaçılar Bizans dövrünə aid Feodosiya limanını aşkarlayıblar. Oradan orta əsrlərə aid 30-dan artıq gəminin qalıqları ilə yanaşı, arxeoloqların eramızdan əvvəl VII əsrə aid etdikləri xarabalıqlar da tapılıb. Ümumilikdə qazıntı zamanı 40 min qədim əşya aşkarlanıb. YUNESKO tapıntıların çox qiymətli olduğunu, onların Dünya İrsi siyahısına daxil edilə biləcəyini bildirib.
Tunelin açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Marmaray" layihəsi Türkiyədə iqtisadiyyatın və demokratiyanın inkişafının göstəricisidir. "Marmaray" kimi qlobal layihənin gerçəkləşdirilməsi bir daha göstərir ki, ölkədə sabitlik sayəsində ciddi iqtisadi nailiyyətlər əldə etmək mümkündür.
Tunelin istismara verilməsindən sonra İstanbulda dəmir yolu daşımalarının həcmi ümumi yük daşımalarının içərisində 20%-dən 28%-ə qalxıb ki, İstanbul bu göstəriciylə Tokio (60%) və Nyu-Yorkdan (31%) sonra üçüncü yerə yüksəlmək imkanı əldə edib. Bosforun bir sahilindən digərinə getmək üçün biletin qiyməti 2013-cü ildə cəmi 1 dollar civarındadır.
Layihənin qlobal əhəmiyyətindən danışarkən "Marmaray"ın Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək minlərlə kilometrlik nəqliyyat sisteminin yaradılmasında son və təməl daşı olacağı qeyd edilməlidir. Artıq ona bir qədər də poetik olan ad da fikirləşiblər - Dəmir İpək Yolu. Bu dəmir yolu Londonla Pekini birləşdirəcək və zaman keçdikcə Transsibir magistralına alternativ olacaq. Bu, 2014-cü ildə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istismara verilməsindən sonra gerçəkləşəcək.
Bu dəhlizin maksimal ötürücülük qabiliyyəti ildə 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük olacaq. Bakı-Tiflis-Qars layihəsinin vacibliyini nəzərə alan Azərbaycan layihənin Gürcüstan hissəsinin reallaşdırılmasına 775 milyon dollar kredit ayırıb.
BTQ layihəsinə Mərkəzi Asiya ölkələri, Əfqanıstan və Çin də maraq göstərir. Onlar Qara dənizədək uzanacaq bu nəqliyyat dəhlizinə dəniz limanlarına qədər alternativ yol kimi baxırlar. Ötən ilin noyabrında Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə arasında TRACECA proqramı çərçivəsində təşəbbüs olan SilkWind nəqliyyat layihəsilə bağlı memorandum imzalanıb. SilkWind dəhlizin Azərbaycan seqmentinə əlavə yüklərin cəlbinə imkan verəcək, regionda xarici ticarət dövriyyəsinin həcmini artıracaq. Bu, Çindən, Cənub-Şərqi Asiyadan, Sakit Okean regionundan gətirilən və əksinə daşınan beynəlxalq tranzit yüklərinin böyük bir hissəsinin cəlbi sayəsində mümkün olacaq. Layihəyə uyğun olaraq, requlyar multimodal qatar 12 gün ərzində 4192 kilometr məsafə qət edəcək. "SilkWind layihəsinin reallaşdırılmasında vacib rolu Bakıda yeni beynəlxalq dəniz limanı, Bakı-Tiflis-Qars dəmir yolu, Jezkazqan-Beyneu, "Marmaray" sualtı dəmir yolu tuneli kimi nəhəng infrastruktur layihələrinin gerçəkləşdirilməsi, həmçinin memorandumu imzalamış ölkələr arasındakı hökumətlərarası razılaşmalar oynayır", - deyə layihə rəsmiləri bildirir.
Müvafiq olaraq Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiyada reallaşdırılan dəmir yolu layihələri daha böyük həcmdə yüklərin daşınmasına imkan verəcək, Azərbaycanın və ümumilikdə regionun tranzit potensialını artıracaq. İstehsal həcmini sürətlə artıran Çindən konteyner yüklərinin qəbulu imkanları da böyük perspektivlər vəd edir.
Böyük İpək Yolunun özünəməxsus davamı olan "Marmaray" həm də Bakı-Tiflis-Qars dəmir yolu magistralı üçün transavropa əhəmiyyəti daşıyacaq. Beləliklə, bu iki nəhəng layihə sayəsində Böyük İpək Yolunun bərpası üçün bütün lazımi şərait yaranmış olacaq.
MƏSLƏHƏT GÖR: