
OYUNÇUNUN DƏYƏRİ
Azərbaycanın ən bahalı futbolçusu kimdir?
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
İllər ötdükcə idman da dəyişir. Müxtəlif idman növlərində qələbə qazanan insanların qazancı nailiyyətlərindən daha çox müzakirə olunur. Əvvəllər futbolçu və onun göstərdiyi oyun diqqət mərkəzində olurdusa, indi futbolçunun qazancı gündəmi zəbt edir. Bütün dünyada futbol klubları şirkət, futbolçu isə onun məhsulu kimi təqdim olunur. Futboldan danışanda, heç şübhəsiz ki, top ustalarına verilən pullar və onların qiyməti hər bir azarkeşin marağındadır.
Dünya bazarında futbolçuların qiymətini "Transfermarkt" saytı araşdırır. Bu sayt oyunçunun dəqiq qiymətini müəyyənləşdirmir. Sadəcə, "Transfermarkt" futbolçunun çıxış etdiyi çempionat, oynadığı oyunların sayına görə ona qiymət qoyur.
Saytın hesablamalarına görə, Azərbaycan Premyer Liqasının yerliləri arasında ən bahalı futbolçusu Rəşad Sadıqovdur. Millimizin və "Qarabağ" klubunun kapitanının dəyəri 650 min avrodur. Ötən illə müqayisədə Rəşadın qiyməti 350 min avro aşağı düşüb. Millinin əsas qapıçısı Kamran Ağayevin qiyməti isə 500 min avrodur. Millimizin müdafiəçisi Mahir Şükürov və Ruslan Abışov da heç ucuz sayıla bilməz - hər biri 400 min avro dəyərindədir. Müdafiə xəttində nisbətən aşağı qiymətə Maksim Medvedev (300 min avro) və Elnur Allahverdiyev (250 min avro) transfer oluna bilər.
Yarımmüdafiə xəttinə gəlincə, ən bahalı futbolçular Elvin Məmmədov və Əfran İsmayılov sayılırlar - hər biri 400 min avro. Rahid Əmirquliyev və Cavid Hüseynovun qiyməti 350 min avrodur, Vaqif Cavadovla Vüqar Nadirovu isə sayt 300 min dəyərində qiymətləndirib. Yenidən milliyə çağırılan Rəşad Sadiqovu heyətində görmək istəyən klub 250 min avrodan keçməlidir, millimizin türkiyəli legioneri Əli Gökdəmirə isə sayt 100 min avro qiymət qoyub.
Hücum xəttinə gəlincə, bu mövqedə ən bahalı futbolçu Cihan Özkaradır - 400 min avro. Branimir Subaşiç və Cavid İmamverdiyevin qiyməti 350 min avro, Rauf Əliyevin isə 200 min avrodur.
Ümumilikdə isə Azərbaycan milli komandasının qiyməti adını çəkmədiyimiz digər oyunçularla birlikdə 8 milyon 950 min avrodur. Azərbaycan Premyer Liqasınının qiyməti isə millidən xeyli bahadır - 50 milyon 775 min avro.
Azərbaycan futbolunda ən böyük sirr futbolçuların qazancıyla bağlıdı. Klublar heç vaxt transferə görə ödədikləri pulu ictimaiyyətə açıqlamır. Səbəb futbolçuya xərclənən pulun miqdarını digər komandalardan gizli saxlamaqdır. Avropada, eləcə də dünyanın digər ölkələrində transferlərin qiyməti mətbuatda dərc olunur və bəzən tənqidlərdən sonra oyunçunun qiyməti hətta aşağı endirilir. Çünki qiymətin sirr saxlanılmasının bir sıra mənfi nəticələri olur. Azərbaycanlı futbolçu bir neçə klubla eyni zamanda danışıq aparır və sonda ona daha çox pul verən tərəflə müqavilə imzalayır. Ən vacib məqam legioner limitiylə bağlıdır. Reqlamentə əsasən milli çempionatda hər komanda meydana 7 əcnəbi ilə yanaşı, 4 yerli futbolçu çıxara bilər. Start heyətdə meydana çıxan yerli futbolçulardan birinin yaşı 21-i keçməməlidir. Ölkədə səviyyəli yerli futbolçuların sayı azdır. Məhz bu amil yerli futbolçuların qiymətini süni şəkildə qaldırır. Məsələn, yığmanın qapıçısı Kamran Ağayev. "Xəzər-Lənkəran" klubunun rəhbərliyi ilə yola getməyən Şabranlı qolkiper karyerasını "Bakı" klubunda davam etdirməyə qərar verdi. Nəticədə, Ağayev heç nə itirmədi. Lənkəranda aldığı pulu indi paytaxtda qazanır. Kamran yaxşı bilir ki, Azərbaycanda onun alternativi azdır. Yerli futbolçular bilir ki, onsuz da ona ehtiyac var. Hər komanda meydana 4 yerli futbolçu çıxarmalıdır. Hər oyunçunun da heç olmasa, 1 əvəzedicisi olmalıdır ki, futbolçu zədələndiyi halda onu əvəzləmək imkanı olsun. Yüksək məvacib yerli futbolçuları xarici ölkələrə getməyə qoymur. Başqa ölkədə oynadığı zaman ondan daha çox məşq və hazırlıq tələb olunur. Üstəlik, orada rəqabət daha güclüdür. Belədə sıravi azərbaycanlı futbolçu həmin pulu öz ölkəsində qazanmağı daha məqsədəuyğun hesab edir. Buna görə də xaricdə oynayan futbolçularımız barmaqla sayılır. Bu mənada Ruslan Abışovu fərqləndirmək olar. "Xəzər-Lənkəran"da yaxşı məvacib alan millinin oyunçusu daha az məvacibə Rusiyanın "Rubin" klubunda oynamağa razılıq verdi. Gənc futbolçu perspektiv baxımından daha güclü Rusiya premyer-liqasını seçdi.
Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov transfer qiymətləri haqda bunları dedi: "Azərbaycanda futbolçuların qiyməti müzakirə zamanı dəqiqləşir. Təbii ki, hər oyun qol vuran futbolçunun qiyməti daha baha olur. Əksər hallarda futbolçuların meneceri olmur. Transferlə bağlı danışıqları özümüz birbaşa klub rəhbərliyi ilə aparırıq."
İdmanda vacib məqamlardan biri idmançının maliyyə işinə qarışmamasıdır. Futbolda, adətən, bu işi menecerlər görür. Onlar klub rəhbərliyi ilə bütün maliyyə məsələlərini dəqiqləşdirir və futbolçuya yalnız müqaviləyə imza atmaq qalır. Uzun müddətdir menecer kimi çalışan Səbuhi Səfiyarlı bildirib ki, indi əksər futbolçular menecerlə işləyirlər. "Başa düşürlər ki, onların işi oynamaqdır. Maliyyə məsələsini menecerlər həll etsə, daha yaxşı olar. Bu halda onların hüquqlarını da menecerlər qoru- yur", - deyə S.Səfiyarlı bildirib.
O, futbolçuların qiymət qaldırmasını belə izah etdi: "İlk olaraq qeyd edim ki, Rəşad Sadiqovu hazırda Azərbaycanın ən yaxşı futbolçusu sayıram. Bu mənada onun ən bahalı futbolçu olması normaldır. Digər tərəfdən, Azərbaycanda transferə görə futbolçuya pul ödənmir. Adətən, bu məbləğ futbolçunun başqa klubla müqaviləsi olduğu halda verilir. Bizdə bütün razılaşmalar qısamüddətli olur. Futbolçular 1, maksimum 2 illik müqavilənin tərəfdarıdır. Belə olanda yeni müqavilədə qiyməti qaldırmaq olur. Və ya başqa kluba baha qiymətə keçmək mümkündür. Amma müqavilən varsa heç yerə gedə bilmirsən. Azərbaycan klubları da müqaviləsi olmayan futbolçuyla maraqlanır. Çünki, az xərcə düşmək istəyir. Bəzən başqa klubla olan müqaviləni həll etməyi futbolçunun öz öhdəsinə buraxırlar".
Beləliklə, hazırda Azərbaycan futbolçuları arasında ən çox məvacib alanlar məlum oldu. Unutmayaq ki, yeni müqavilədəki illik qazanc futbolçuların oyunundan asılıdır. Yaxşı oyunla qiymət qalxan kimi, pis oyunla da aşağı düşə bilər. Futbolda stabil qazanc göstərdiyin oyunun keyfiyyətindən asılıdır.
MƏSLƏHƏT GÖR: