
ƏBƏDİ GƏNC
Bəstəkar Emin Sabitoğlu adi insan üçün son dərəcə vaxtsız - 63 yaşında vəfat edib. Təəssüf ki, dahi insanlar əksər hallarda həyatı tez tərk edirlər
Müəllif: Məhərrəm ZEYNAL Bakı
Məşhur rusiyalı yazıçı Boris Akunin bir neçə gün əvvəl bloqunda insanlarda iki tip istedadın olduğunu yazıb. Elə olur ki, dahi insan hələ qanının qaynadığı vaxt - gənclik illərində intuitiv olaraq şedevrlər yaradır. Amma sonradan illər keçdikcə bu alov sönür, yazıçı, bəstəkar, rejissor ya özünü təkrarlamağa başlayır, ya da sadəcə fəaliyyətini dayandırır. Amma elə hallar da olur ki, illər keçdikcə onun fəaliyyətində keyfiyyət daha da artır, gəncliyi ustalıq və təcrübə əvəzləyir, öz işinin mexanizmlərini yaxşı öyrənən insan yaradıcılığının zirvəzinə qalxır.
Emin Sabitoğlunu, heç şübhəsiz, ikinci tip dahilərə aid etmək olar. O, istedadını son dərəcə erkən nümayiş etdirib, karyerasını çox tez qurub. Gənc Sabitoğlunun mahnıları lirikası, xüsusi musiqi ehtirası ilə seçilir. Amma bəstəkar gənclik dövrünü arxada qoyduqdan sonra da onun mahnıları əvvəlki keyfiyyətini itirməyib.
O, yaradıcı sovet ziyalılarının ailəsindən idi. Atası Sabit Rəhman yazıçı, ssenarist və dramaturq idi. Emin uşaqlıqdan musiqiyə və ədəbiyyata böyük maraq göstərib. O, bəzi qohumları kimi kifayət qədər uğurlu ədib də ola bilərdi. Lakin fərqli yol seçib. 1954-cü ildə Bakı Konservatoriyasında Qara Qarayevin sinfinə daxil olub. 2 il sonra təhsilini Çaykovski adına Moskva Dövlət Konservatoriyasında - Yuri Şaporinin sinfində davam etdirib.
Sabitoğlu Moskvada haqqında müsbət rəy yaradıb və yaxşı nəticələr göstərib. 24 yaşında Bakıya qayıdan Emin nə az, nə çox - "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru işləməyə başlayıb. Sonrakı illərdə o, Dövlət Filarmoniyasında bədii rəhbər postunu tutub, həmçinin Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında müəllimlik edib.
Kino menestreli
"Azərbaycan kinosunu Sabitoğlunun mahnıları olmadan təsəvvür etmək çətindir", - deyə Bakı Musiqi Akademiyasının professoru Fərəh Əliyeva "R+" jurnalına açıqlamasında bildirib: "70-80-ci illərin nəsilləri onun bir çox məşhur filmə yazdığı mahnıları yaxşı xatırlayır və sevir".
Həqiqətən də, E.Sabitoğlu 20-dən artıq bədii və sənədli filmdə səsləndirilən mahnıların müəllifidir. Bu mahnıların əksəriyyətini müasir dildə desək, "kult" adlandırmaq olar. Onların arasında "İstintaq", "Ad günü", "Gün keçdi", "Cəlil Məmmədquluzadə", "Səməd Vurğun", "Dədə Qorqud", "Bizim Cəbiş müəllim" və digər filmlər var.
Onun iki film üçün yazdığı mahnılar hələ də xalq tərəfindən xüsusi sevilir. Bunlar Flora Kərimovanın ifa etdiyi "Taksi" ("Gün keçdi") və əlbəttə ki, Rafiq Babayevin ifa etdiyi "Əlvida" ("Təhminə") mahnılarıdır.
"Sabitoğlu həmin illərdə Azərbaycan musiqisi və filmlərinin simasını formalaşdıran şəxslərdən olub. Şübhəsiz ki, onun musiqiləri dövrün musiqi istiqamətinin, dəbinin nümunəsidir. Sabitoğlu özünəməxsus unudulmaz üslub yarada bilib. Bu üslubun əsasını dərin lirik səsləndirilmə təşkil edir", - deyə musiqişünas bildirir: "Emin Sabitoğlunun musiqisi hazırda məşhur olan bir çox estrada ifaçının meydana çıxmasına yol açıb". Hazırda məşhur olan bir sıra müğənnilər məhz onun estrada mahnılarını ifa etməklə populyarlaşıblar. Bəstəkarın "Dərələr", "Ağ çiçək", "Balıqçı mahnısı", "Giləvar", "Çay", "Bakı, sabahın xeyir", "Axtar sən məni", "Ayrılma məndən" və digər mahnıları Şövkət Ələkbərova, Mirzə Babayev, Yalçın Rzazadə, Flora Kərimova, İlhamə Quliyeva kimi ifaçılar tərəfindən səsləndirilib.
"Emin Sabitoğlunun adı incəsənətdə Tofiq Quliyev, Səid Rüstəmov, Rauf Hacıyev kimi şəxslərlə bir sırada dayanır", - deyə Fərəh Əliyeva bildirir: "O, əsərlərində nəsillər yetişən milli estrada musiqisinin ən yaxşı müəlliflərindən biridir. Qeyd etmək lazımdır ki, onun mahnılarını yeni müğənnilər də ifa edir. Həmin musiqilər hələ də populyar və aktualdır".
Sabitoğlunun istedadı yalnız estrada musiqisi ilə məhdudlaşmır. O, bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poemaların da müəllifidir. Bundan başqa, E.Sabitoğlu teatr tamaşaları üçün də çoxlu sayda musiqi əsəri yaradıb.
Bəstəkarın irsinə 2007-ci ildə ciddi töhfə verilib. O zaman Sabitoğlunun 70 illiyi münasibətilə onun "Qeyri-adi ov" musiqisinin səsləndirildiyi qısametrajlı sənədli film bərpa edilib. Filmin rejissoru Abdul Mahmudovdur. O, xüsusi olaraq Rusiya Dövlət Film Fondunda bərpa edilib.
Bəstəkar haqqında bir neçə sənədli film də çəkilib. Onların sonuncusu 2012-ci ildə işıq üzü görüb. Filmin senarisinin həmmüllifi bəstəkarın qızı, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Ceyran Mahmudovadır. Rejissorlar Tariyel Vəliyev və Elnur Kazımovun filmində məşhur müğənnilərin Sabitoğlunun mahnılarından ibarət nadir ifaları toplanıb.
E.Sabitoğlu kifayət qədər məhsuldar olan yaradıcılıq həyatında 600-dən çox mahnı bəstələyib. Onun nəsillərin yaddaşında musiqi lirikasının yaradıcısı, həmişəcavan Emin Sabitoğlu kimi qalacağına heç bir şübhə yoxdur. Həyatda olsaydı, noyabrın 2-də dahi bəstəkarın 76 yaşı tamam olacaqdı. Hamının sevimlisi olan Sabitoğlu 2000-ci il noyabrın 18-də vəfat edib.
MƏSLƏHƏT GÖR: